Xəbər lenti

 
Azərbaycan ordusu bu gün geniş miqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb. Müdafiə Nazirliyindən məlumatına görə, 10 000 nəfərədək şəxsi heyətin qatılacağı təlimlərdə 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları öz döyüş qabiliyyətini sınayacaq. Təlimlər dağ-meşə və çətin relyefli ərazilərdə keçiriləcək. Dağlıq Qarabağ və Ermənistanla sərhədlərimizin də bu coğrafi xüsusiyyətlərə uyğun gəldiyini nəzərə alsaq, təlimlərin əsas məqsədinin qərb sərhədlərindən gələ biləcək hər cür təhdidə qarşı ordunu hazır vəziyyətə gətirmək olduğu anlaşılar.
 
Prinsipcə, Ermənistan ordusu da boş dayanmır, onlar da eynilə bizim kimi hərbi təlimlərə hazırlaşırlar. Ermənilərin sabah keçirməyi planlaşdırdıqları əməliyyat-taktiki təlimlərdə 7500-ə yaxın əsgərin, 200-ə yaxın artilleriya qurğularının, 150 tank əleyhinə silahın, 100 ədəd zirehli texnikanın, 90-dan çox hava hücumundan müdafiə vasitəsinin iştirakı gözlənilir. Bir sözlə, düşmənlərimiz də təxminən eyni sayda hərbi texnikalarını nümayiş etdirməyə çalışacaqlar.
 
Bir neçə gün əvvəl Rusiya XİN-nin sözçüsü Mariya Saxarova Azərbaycanın keçirdiyi hərbi təlimləri hər il təkrarlanan adi hadisələrdən biri kimi qiymətləndirsə də, regionda yaşanan bir sıra hadisələr bu hərəkətliliyin heç də ənənəvi xarakter daşımadığından xəbər verir. Xüsusilə Ukrayna-Rusiya arasında son zamanlar hərbi gərginliyin artması, 44 günlük müharibə zamanı bizi açıq şəkildə dəstəkləyən Böyük Britaniyanın bu prosesdə maraqlı tərəf kimi yer alması da hər şeyin eyni mərkəzdən və planlı şəkildə yürüdüldüyünü göstərir.


 
Ovqat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə yaxın dairələr bu gün Azov dənizində Rusiya Hərbi Dəniz Donanmasına aid 8 sualtı qayıq  aşkarladıqlarını bəyan ediblər. İddia Luqansk administrasiyası rəhbərinin müavini Yuri Klimentov tərəfindən irəli sürülüb.
 
Maraqlıdır ki, Azov dənizinin orta dərinliyi 13.5 metrdir və dayaz olduğundan ora adətən sualtı qayıqlar getmir. Məhz bu səbəbdən də bir çox ekspertlər Rusiyanın Azov dənizinə sualtılarını göndərməsini hərbi səbəbdən çox Ukraynada xof yaratmaq məqsədi güddüyünə inanırlar. 
 
Ukraynalı hərbi ekspertlərin fikrincə, Rusiya ordusu bu cür psixoloji savaş metodlarından davamlı istifadə edir. Bildirildiyinə görə, Rusiya hazırda Ukrayna ilə sərhəddə 900 tank, 1,5 minə yaxın artilleriya, raket kompleksi və 80 min əsgər yerləşib. Məqsəd Ukrayna xalqını qorxu altında saxlamaq və onu anti-Rusiya mövqeyindən çəkindirməkdir. 
 
Məlum olduğu kimi, Ukrayna Rusiyanın enerji siyasətinə ən çox qarşı çıxan və bu məsələdə ABŞ-ı canü-könüldən dəstəkləyən Şərqi Avropa dövlətidir. Bu yaxınlarda Ukrayna və Polşa Xarici İşlər nazirlərinin Vaşinqtona ünvanladıqları məktubda Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqi xahiş olunmuş və sözügedən müraciət Kreml tərəfindən sərt qarşılanmışdı. Belə bir şəraitdə Moskvanın Ukraynanı sıxışdırmağa çalışması gözlənilməz deyil.
 
Üstəlik, ABŞ rəhbərliyi altında NATO qüvvələrinin son zamanlar Baltikdən Qara dənizə və Xəzərə qədər ərazilərRusiyanı mərkəzə sıxışdırma strategiyasının aktiv fazaya keçməsi də aydın şəkildə görsənir. Bu qövsvari cəbhə xəttinin şimal cinahı Polşa, orta cihanı Ukrayna, cənub cinahı isə Azərbaycan üzərindən yürüdülür. Ötən ilin payızında Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük mübarizədə göstərdikləri şücaət və hərbi taktikalar Qarabağın azadlığı uğrunda verilmiş mübarizədən daha böyük anlam ifadə edirdi. 44 günlük müharibə həm də Rusiyaya qonşularının ərazi bütövlüyünə qəsd yolu ilə öz imperialist siyasətini həyata keçirməsinə davam edərsə hansı silahlarla qarşılaşacağını əyani şəkildə göstərmək məqsədi güdürdü. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan ordusu 44 günlük savaşda bir saat belə geri çəkilməməklə və Rusiyanın ən müasir silahlarını kibrit qutusu kimi darmadağın etməklə lazımi mesajları Moskvaya çatdırdı.


 
Rusiyanı mərkəzə sıxışdırma qövsünün orta cinahında isə Ukrayna və Gürcüstan var. Hər iki ölkənin qarşısında dayanan ən böyük problem isə ərazilərinin birbaşa Rusiya tərəfindən işğal olunmasıdır. Cənub cinahında bu “missiya”nı zahirən ermənilər həyata keçirdiyindən Kremlin məğlubiyyəti həzm etməsi daha rahat idi. Uzaq başı, “uduzan biz yox, Ermənistan oldu” deyib acizliyini ört-basdır edə bilərdi və bu cür etdi də. Ukrayna və Gürcüstandakı mümkün məğlubiyyət isə Moskvanın super güc iddialarından birdəfəlik geri çəkilməsi anlamına gəlir. Moskva bu acı reallıqla razılaşmaq istəməyəcəyindən, onun ciddi müqavimət göstərəcəyi təxmin olunur. İki qonşu dövlət arasında son zamanlar hərbi gərginliyin artması yəqin ki, bu müqavimət istəyindən qaynaqlanır və NATO qüvvələrini ciddi narahat edir. 
 
Ötən həftə NATO rəsmilərinin Ukraynaya açıq dəstək verən hərəkətləri Moskvanın dirənişini sındırmağa hesablanmış kimidir. Məlumata görə, martın 2-də Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Ruslan Xomçak NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin komandanı, Hərbi Hava Qüvvələri rəisi marşal Stüart Piç (Chief Marshal Sir Stuart Peach) ilə telefon əlaqəsi saxlayıb və Donbasdakı vəziyyət barədə məlumat verib. İki generalın telefon danışığından cəmi bir neçə gün sonra NATO yetkililəri Ukraynaya gəlib. Nümayəndə heyətinin tərkibində Böyük Britaniyadan olan generallar ağırlıq təşkil edib. 
 
Martın 7-də "Orbital" təlim-məşq missiyasının tərkibindəki ingilis generallar ölkənin cənub-şərqinə səfər ediblər. Gərginliyin ən qaynar nöqtəsi olan bu ərazidəki vəziyyətlə yaxından tanış olan NATO rəsmiləri əsgərlərə öz məsləhətlərini və təlimatlarını verib geri qayıdıblar.
 
Britaniya nümayəndə heyətinin Donbass səfərindən cəmi dörd gün sonra London Krımdakı vəziyyəti araşdırmaq üçün bölgəyə RC-135 radioelektron kəşfiyyat təyyarəsini göndərib. Təyyarənin Ukrayna üzərindən keçərək təkcə Krımda yox, həm də ölkədəki vəziyyətlə bağlı önəmli məlumatlar topladığı bildirilir.
 
Böyük Britaniya Ukraynaya hərbi qüvvələr də göndərib. 1-7 mart tarixlərində İngiltərə Silahlı Qüvvələrinin 3-cü mexanikləşdirilmiş diviziyasının 12-ci mexanikləşdirilmiş briqadasının bir qrup hərbçisi Ukraynanın Dnepropetrovsk bölgəsinin Çerkasskoye kəndindəki 93-cü briqadasını ziyarət edib. İngilis təlimatçılar finiş xəttində, ölkənin cənub-şərqinə xidmətə göndərilməyə hazırlaşan Ukrayna bölməsinin çavuşlarına xüsusi dərslər keçiblər.
 
İngilis generallarından sonra Ukrayna, NATO-nun Ortaq Silahlı Qüvvələrinin Hərbi Komandanlığının nümayəndə heyətini qarşılayıb. Ordu generalı Roger Klotyenin (Roger Cloutier) rəhbərlik etdiyi qrupun Ukrayna yetkililəri ilə Donbass məsələsini müzakirə etdikləri xəbər verilir. Bu səfər başa çatmamış NATO Müttəfiq Dəniz Qüvvələrinin daimi bir qrupu Odessa limanını ziyarət edib və həftənin sonuna - 14 Marta qədər burda lövbər salıb.


 
Yeri gəlmişkən Böyük Britaniyanın Baş naziri Boris Consonun sabah Rusiyanı ölkəsinin “ən böyük təhdidi” elan edəcəyi gözlənilir. Sunday Times” qəzeti etibarlı mənbələrə istinadən yaydığı məlumata  görə, Boris Consonun əsaslanacağı əsas arqument Rusiyanın tez-tez Böyük Britaniyanın hava və su məkanlarını “təcavüzkar şəkildə işğal etməsi” olacaq. Hesabatda həmçinin Moskvanın “Böyük Britaniya ərazisindəki müxaliflərin öldürülməsi” faktları da öz əksini tapacaq. Londonun Rusiyanı açıq şəkildə düşmən elan etməsinin fonunda Ukraynaya verdiyi dəstək heç də təsadüfi görünmür.
 
Rəsmi Kiyev ötən həftə NATO generallarını və yüksək rütbəli zabitlərini, həmçinin elit döyüş qüvvələrini qəbul etməklə qalmayıb. NATO-dan aldığı dəstəkdən həvəslənən Zelenski hakimiyyəti çox mühüm siyasi qərarlara da imza atıb. Ukrayna prezidenti oliqarxlara qarşı mübarizəyə başlayacağını bəyan edib. 
 
Xatırladaq ki, Ukrayna oliqarxları da Azərbaycanın iri məmurları kimi Rusiyaya bağlı qüvvələrdir. Zelenski isə bizimkilər kimi oliqarxları işdən çıxarıb Elmlər Akademiyasına prezident göndərmir. Onlardan bir çoxlarının barəsində Ukrayna Ali Məhkəməsi artıq cinayət işi qaldırıb. İttihamlarının əsas motivi isə çox ibrətamizdir: 2010-cu ildə Kremlə ilə bağlanan Xorkov müqaviləsinə əsasən, Krımdakı limanları 2035-ci ilə qədər Rusiya donanmasının ixtiyarına vermək. Ukrayna hüquq-məhkəmə sistemi bu müqaviləni vətənə xəyanət kimi tövsif edib və nəinki sənədə imza atanları, hətta onun parlamentdə ratifikasiyası zamanı lehinə səs verənləri də ən ağır şəkildə cəzalandırmaq niyyətindədir. 


 
Müasir terminlərlə desək, “5-ci kolon”-a qarşı atılan ikinci addım oliqarxların əlindəki media qurumlarını ləğv etməkdir. Artıq bu istiqamətdə də önəmli məsafələr qət olunub. Məlumata görə, sabah - 16 mart tarixində Ukrayna Təhlükəsizlik Şurasının himayəsi altında, Prezident Aparatının rəhbəri Andrey Yermak tərəfindən nəzarət ediləcək Dezinformasiya ilə Mübarizə Mərkəzi açılacaq və bu ölkədə Rusiya lehinə təbliğat aparan bütün media orqanları ağır şəkildə cəzalandırılacaq. 
 
Bizdə isə Əli Həsənovun xeyir-duası ilə ərsəyə gələn media qurumları hələ də hakimiyyətin sağ qolu kimi təqdir görür, ən mötəbər tədbirlərə dəvət olunurlar. Əli Həsənovun süzgəcindən keçə bilməyənlər isə xoş gələcəyin ümidi ilə günü günə satırlar. 
 
İstər Ukraynada, istərsə də Azərbaycanda yaxın tarixlərdə baş verən hərbi hadisələrin analizi göstərir ki, fərqli cinahlarda yer alsa da, hər iki ölkə eyni cəbhədə döyüşür...
 
Heydər Oğuz,
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 674          Tarix: 15-03-2021, 18:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma