Xəbər lenti


Eurasia Review, ABŞ
18.03.2021


Müəllif: Vasif Hüseynov
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla İkinci Qarabağ müharibəsinə son qoyulub. Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş müharibə minlərlə insanın həyatına son qoyub.

Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu üzündən uzun illər davam etmiş münaqişə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanat əsasında nizama salınır. Beləliklə, bu sənəd Ermənistanla Azərbaycan arasında uzun zamandır gözlənilən sülh və sabitliyə yol açır. Bu bəyanatın sülh və barışığa xidmət edəcək maddələrindən biri Azərbaycanın Qarabağ regionu ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə sabit əlaqənin təmini haqdadır. Bu dəhlizin təhlükəsizliyini rusiyalı sülhməramlılar təmin edir. Razılaşmaya əsasən, Laçın dəhlizi yalnız qeyri-hərbi məqsədlər üçün istifadə olunmalıdır.

Üçtərəfli bəyanatın daha bir maddəsinə əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrini çıxarmalıdır. Üstəlik, bu proses Rusiya sülhməramlı kontingentinin regiona yerləşməsi ilə paralel həyata keçirilməli idi. Lakin üçtərəfli bəyanatın imzalanmasından və atəşkəsin təmin edilməsindən keçən dövrdə cərəyan edən bəzi hadisələr narahatlıq yaradır. Bu, Ermənistanla Azərbaycan arasında sülhün yaradılması ilə bağlı regional və beynəlxalq təşəbbüslərə zərbə vurur. Söhbət nədən gedir? Müxtəlif mənbələrin məlumatına görə, Ermənistan Laçın dəhlizi vasətiəsilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinə hərbçilər göndərir. Demək, Yerevan nə üçtərəfli bəyanata, nə də beynəlxalq hüquq normalarına məhəl qoyur. Odur ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı BMT baş katibinə məktub ünvanlamaq məcburiyyətində qalıb.

“Azərbaycan tərəfinin etibarlı mənbələrdən əldə etdiyi və müstəqil KİV-in təsdiqlədiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti Laçın dəhlizi vasitəsilə, buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində, həmçinin tikinti materialları daşıyan yük maşınlarında Azərbaycan ərazilərinə göndərilir”, - deyə məktubda qeyd olunur.

Yeri gəlmişkən, Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə göndərilməsi faktı erməni əsgərlərinin valideynlərinin və qohumlarının etiraz aksiyaları ilə təsdiqlənir. Onlar erməni əsgərlərinin digər dövlətin ərazilərinə göndərilməsinə qarşı çıxır və Ermənistan hökumətinin bu qeyri-qanuni əməllərinə açıq şəkildə etiraz edirlər.

“Ermənistan hərbi qulluqçuları və onların qohumları Azərbaycan ərazilərinə göndərilən hərbçilərin hüquqlarının pozulduğu, işgəncələrə məruz qaldığı və onlara qarşı qeyri-insani davranışlarla bağlı ciddi ittihamlar irəli sürürlər”, - deyə Azərbaycanın xarici işlər nazirinin məktubunda vurğulanır.

Beləliklə, Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə göndərilməsi üçtərəfli bəyanatla təmin edilmiş tarazlığı ciddi şəkildə pozur. Bu, gələcəkdə hərbi toqquşmalara belə, səbəb ola bilər. Ermənistan hökuməti daxilində mübahisələrin artması, bu ölkədə ordunun hökuməti devirmək cəhdləri belə təhlükəni daha da artırır.

Bir sözlə, Ermənistan silahlı qüvvələrinin təxribatları və diversiya əməliyyatları ciddi narahatlıq yaradır. Əgər buna qarşı lazımi addımlar atılmasa, vəziyyət nəzarətdən çıxa bilər.

“Xatırladaq ki, ötən il noyabrın sonlarında məhz Ermənistandan olan hərbi çağırışçıların Azərbaycan ərazilərinə göndərilməsi ciddi hərbi gərginliyə səbəb olmuşdu. O zaman Ermənistanın 62 hərbi qulluqçusundan ibarət diversiya qrupu Azərbaycan hərbçilərinə və mülki əhaliyə qarşı silsilə hücumlar həyata keçirmiş, sonda antiterror əməliyyatı nəticəsində qrup üzvləri saxlanmışdı. Lakin buna qədər azərbaycanlı hərbçilər və mülki əhali arasında itki, həmçinin yaralananlar olmuşdu”, - deyə azərbaycanlı nazirin məktubunda bildirilir.

Ceyhun Bayramov gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün Yerevanı Azərbaycan ərazilərinə hərbçi göndərməyi dayandırmağa çağırıb. Məktubda hərbi qulluqçuların iradələrinə zidd olaraq başqa dövlətin ərazisinə göndərilməsi ilə bağlı hüquqi məsələlərə də toxunulur: “Ermənistan hərbi qulluqçularını digər dövlətin ərazisində hərbi xidmətə məcbur edərək, onların təhlükəsizliyinə təhdid yaradır. Bu, Yerevanın Avropa Şurası və ATƏT kimi üzv olduğu regional təşkilatlarda üzərinə götürdüyü öhdəlikləri pozmasıdır”.

Belə vəziyyət şübhəsiz ki, regionda, o cümlədən Laçın dəhlizində xidmət aparan Rusiya sülhməramlı kontingentinin öhdəliklərini daha da artırır. Dəhliz boyu hərəkətə məhz rusiyalı sülhməramlılar nəzarət edir. Odur ki, Azərbaycan hökuməti rusiyalı sülhməramlılara da müraciət edib, onları Laçın dəhlizindən yanlış istifadəyə qarşı diqqətli olmağa çağırıb. Bakı hesab edir ki, üçtərəfli bəyanatla təmin edilmiş atəşkəs rejiminə zəmanət verən Rusiya və beynəlxalq birlik Ermənistanı vəziyyəti gərginləşdirən hərəkət və bəyanatlardan çəkinməyə çağırmalı, noyabr bəyanatını yerinə yetirməyə məcbur etməli, bu istiqamətdə müvafiq addımlar atmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 3 399          Tarix: 18-03-2021, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma