Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
Kamal Adıgözəlov
Newtimes.az
Azərbaycan müstəqil dövlət olaraq ardıcıllıqla həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı dəyişməklə əhatəli bir prosesə təkan verdi. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayındakı nitqində bu məqam üzərində geniş dayanan İlham Əliyev Azərbaycan dövlətinin gələcək hədəfləri haqqında konkret fikir bildirdi. Prezident bəyan etdi ki, bütövlükdə region və o cümlədən Azərbaycan yeni dövrə qədəm qoyur. Bu mərhələnin öz tələbləri, problemləri və vəzifələri vardır. Dövlət başçısı onların öhdəsindən gəlmək üçün ölkə rəhbərliyinin tam hazır olduğunu da ifadə etdi. Həmin fikirlərin fonunda əhəmiyyətli tezislər irəli sürdü. Biz həmin tezislərin üzərində geniş təhlili dayanmağa ciddi ehtiyac görürük. Onlar faktiki olaraq bu mövzuya həsr edilmiş və birinci yazımızda ifadə edilən tezislərlə sıx bağlıdır.
Pandemiya dönəmi: Azərbaycan nümunəsi
Prezident İlham Əliyev qurultaydakı nitqində təsadüfən müharibə dövründə Azərbaycanın apardığı siyasət üzərində dayanmayıb. Əksinə, burada çox düzgün və səmərəli yanaşma özünü göstərir.
Birincisi, əsl müstəqil dövlətin siyasəti situasiyadan asılı olaraq xarakterini, prioritetlərini, strateji hədəfini və məqsədini dəyişməməlidir. Siyasi kurs ardıcıl, aydın məntiqli, sistemli və davamlı aparılmalıdır.
İkincisi, Azərbaycanın müharibə dövründə tutduğu mövqenin postmüharibə dövründəki kursu ilə ziddiyyət təşkil etməməsi geosiyasi aspektdə vacib bir faktordur. Çünki bu o deməkdir ki, Azərbaycan müstəqil dövlət kimi tam formalaşıb və eyni zamanda, regionun lideri olmağa hazırdır.
Üçüncüsü, Azərbaycan müharibə və postmüharibə mərhələlərində siyasi kursunda davamlı, qərarlı və strateji hədəflərə yönəlmiş dövlət kimi özünü təsdiq etməklə bütövlükdə bölgədə yeni geosiyasi, geoiqtisadi və humanitar mühitin yaradılmasında aparıcı rola iddiasını ortaya qoymuş olur.
Vurğulanan faktorlar səbəbindən Prezident İlham Əliyevin müharibə dövründə Azərbaycanın yeritdiyi siyasəti xatırlamasının qlobal miqyasda başqa bir əhəmiyyəti vardır. Bu, dördüncü məqamdır. Biz pandemiya şəraitində müstəqil dövlətin hansı mövqe tutması məsələsini vurğulayırıq.
Öncə Henri Kissincerin bu məsələyə münasibətini xatırlamaq yerinə düşərdi. H.Kissincer əmindir ki, pandemiyalar uzunmüddətli olacaq. Bu isə o deməkdir ki, indiki pandemiya ümumi prosesin sadə bir fraqmentidir. Odur ki, dünya dövlətləri pandemiya fenomeninə qarşı birgə fəaliyyət göstərməlidirlər. Bu, dövlətin fərdi məsələsi statusunu aşaraq, beynəlxalq münasibətlər müstəvisində aktual problemlərdən birinə çevrilir. Və həmin məsələnin praktiki ilə yanaşı nəzəri aspekti də mövcuddur. Yəni praktikada uğur əldə etmək üçün səmərəli nəzəri kurs hazırlamaq lazımdır. Bu məqamda H.Kissincer pandemiya anlayışını genişləndirir və ona daha çox geosiyasi anlam verir. O yazır ki, kimyəvi və bioloji silahların hazırlanması imkanı həmişə dünya nizamı üçün ehtiyatlılıq məqamı olaraq qalacaq. Yəni burada güclü dövlətlərin davamlı olaraq silahlanmaq istəyi ilə yanaşı, radikal dairələrin həmin silahlara malik olması ehtimalını da nəzərə almağın lazımlığı vurğulanır.
Nəticədə dünyada xaos yarana bilər. Daha konkret desək, zəif dövlətlər dünya nizamına qeyri-müəyyənlik və risklər gətirərlər. Bunun qarşısını almaq üçün güclü dövlətlər inkişaf etməkdə olanlara yardım etməlidirlər.
H.Kissincerin mövqeyinin özəlliyi ondan ibarətdir ki, o, xarici dəstəyin olmadığı halda inkişaf etməkdə olan ölkələrin öz daxili imkanları ilə xaosu dəf etmək imkanına malik olmadığını iddia edir (bax: Kissinger H.A. The Coronavirus Pandemic Will Forever Alter the World Order / "The Wall Street Journal", 3 aprel, 2020, s. 5).
Buradan H.Kissincer iki nəticə çıxarır. Birincisi, yalnız Çini günahlandırmaqla məsələ həll edilə bilməz – bütün beynəlxalq ictimaiyyət pandemiyaya qarşı birləşməlidir; ikincisi, yalnız bu halda dayanıqlı beynəlxalq təhlükəsizlik sistemi yaratmaq mümkündür.
Bu tezislərin işığında Azərbaycan Prezidentinin müharibə dövründə və pandemiya şəraitində həyata keçirdiyi siyasəti ayrıca vurğulaması olduqca maraqlıdır. Azərbaycan üçün bu məsələnin daha da mürəkkəbləşməsi dövlətin həm hərb meydanında, həm də pandemiyaya qarşı mübarizədə uğur qazanmaq kimi iki mühüm vəzifənin öhdəsindən eyni zamanda gəlməyə məcbur olması ilə bağlıdır.
Təbii ki, gənc müstəqil dövlət üçün bu, kifayət qədər çətin vəzifədir. Ancaq Azərbaycan Prezidentinin siyasi kursu və liderlik keyfiyyətləri hər iki istiqamətdə Azərbaycanı uğura apardı. Xatırladaq ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub. Pandemiya başlayan andan rəsmi Bakı bu bəşəri bəla ilə mübarizədə səyləri birləşdirməyi təklif edib. Bunu Türk Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və BMT çərçivəsində fəaliyyəti ilə nümayiş etdirib. Bu təşkilatların hər birindəki fəaliyyəti zamanı Azərbaycanın dövlət başçısı konkret əməkdaşlıq təklifləri ilə çıxış edib. Hətta BMT-nin, Türk Şurasının, MDB-nin və Qoşulmama Hərəkatının xüsusi toplantıları təşkil edilib. Əgər məsələyə H.Kissincerin yuxarıda vurğulanan tezisləri prizmasından baxsaq, onda Azərbaycan qlobal miqyasda ekstremal situasiyalarda məntiqli, ardıcıl, əməkdaşlığa və dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına yönəlmiş siyasət aparan dövlət kimi qəbul edilməlidir. İlham Əliyev məhz bu məqama vurğu edir.
Dövlət başçısı H.Kissincerin böyük önəm verdiyi "pandemiya qarşısında hamı birləşməlidir" məntiqinə tam uyğun olaraq konkret və səmərəli fəaliyyət modeli təklif edib. Bizim üçün ən əhəmiyyətli məqam ondan ibarətdir ki, İlham Əliyev pandemiya mərhələsində və müharibə dövründə həm də kütləvi qırğın silahlarının bəşəriyyətə zərər verməməsi prinsipinə tam sadiq mövqe tutdu.
Beynəlxalq hüquq və humanizm: Azərbaycan tam əməl etdi
Faktlara nəzər salaq. Dövlət başçısı müharibə dövründə Azərbaycanın məqsədinin kiminləsə savaşmaq olmadığını, ancaq BMT-nin dörd qətnaməsində qəbul edilən şərtlər çərçivəsində ərazi bütövlüyünü təmin etməyi vəzifə bildiyini dəfələrlə ifadə edib. Bu zaman İlham Əliyev Ermənistanın qadağan olunmuş silahlardan (məsələn, tərkibində ağ fosfor olan mərmilərdən) istifadə etməsini qətiyyətlə pisləyib. Azərbaycanın bu məsələdə beynəlxalq səviyyədə mövcud olan və beynəlxalq təşkilatların sənədlərində təsbit edilən şərtlər daxilində hərəkət etdiyini bəyan edib. Konkret olaraq Azərbaycan Ermənistanın təxribatlarına uyub nə böyük dağıdıcı gücü olan silahlardan istifadə etdi, nə də dinc əhaliyə qarşı qətliam törətdi. Ermənistan isə məhz dinc əhaliyə qarşı kütləvi qətliamlara əl atmaqdan çəkinmədi. Əgər onun əlində kimyəvi və ya bakterioloji silah olsaydı, indi region humanitar fəlakət içində çapalayardı.
Deməli, İlham Əliyev iki məqamı önə çəkib. Birincisi, Azərbaycan kütləvi qırğın silahlarına malik olsa belə, onlardan istifadə etməz. Hazırda Azərbaycan üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq bu tip silahlara malik deyil və onları əldə etmək fikrində də deyil. Hətta Ermənistan Azərbaycanın müharibə bölgəsindən uzaq şəhərlərində kütləvi qətliamlar törətdikdə belə, analoji addım atmadı.
İkincisi, Azərbaycan rəhbəri beynəlxalq ictimaiyyəti daim xəbərdar edir ki, Ermənistanı həmin növ silahlarla kimsə silahlandırmağa cəsarət etməsin. Çünki bu terrorçu kvazidövlət istənilən təxribata əl ata bilər. Digər tərəfdən, Azərbaycan Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində terror təşkilatlarının üzvlərinə təlim keçdiyi haqqında konkret faktlara malikdir. Həmin təşkilatların kütləvi qırğın silahı əldə etməyin izində olduğu bütün dünyaya məlumdur. Deməli, həmin aspektdə də Ermənistan təhlükə mənbəyidir.
Müharibə dövründə Ermənistan tərəfdən çoxlu sayda terrorçuların savaşdığını təsdiq edən faktları Azərbaycan dünyaya nümayiş etdirdi. Hətta terrorçuların özləri bunu etiraf etdilər. Onlar Ermənistan hərbi rəhbərliyi ilə görüş keçirdiklərini açıq dedilər. Bu isə o deməkdir ki Ermənistan dövlət olaraq regionda kütləvi qırğın silahlarından istifadə edə biləcək risk mənbəyi olaraq qalır.
Beləliklə, Azərbaycan Ermənistan tərəfdən olan davamlı təxribatlara baxmayaraq, müharibə dövründə də siyasi kursuna və strateji hədəflərinə sadiqlik nümayiş etdirdi. Onun başlıca məzmunu Azərbaycanın daim əməkdaşlıq və inkişaf paradiqmasına əməl etməsindən ibarətdir. Hətta müharibə dövründə belə Azərbaycan müharibə paradiqmasına uymadı. Prezident İlham Əliyev ərazi bütövlüyünün BMT qətnamələri əsasında bərpası zəruriliyi ilə yanaşı, həmişə regional əməkdaşlıq zərurətini də önə çəkdi. Bu baxımdan Azərbaycanın müharibə dövründəki siyasəti ilə postmüharibə dövründəki siyasəti tam uyğunluq təşkil edir və məhz bu kontekstdə Prezidentin ifadə etdiyi kimi, "Azərbaycanın xarici siyasəti dəyişməz olaraq qalır".
Qarabağın azadlığı və iqtisadiyyat: üfüqdə yeni imkanlar görünür
Bu siyasət əməkdaşlığa, sülhə, barışa, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənib. Buna nail olmaq üçün İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində də vurğuladığı kimi, dialoq xəttinə üstünlük verməkdədir. Azərbaycan istənilən məsələni hər bir tərəfdaşla dialoq yolu ilə həll etməyə hazırdır. Məhz həmin faktora görə başqa bir tezis çox önəmlidir – "Qarabağın azadlığı yeni iqtisadi imkanlar yaradıb".
Postmüharibə dövründə bu tezis nəyi ifadə edir? Həmin tezisin iki aspekti mövcuddur. Onlardan biri ondan ibarətdir ki, sovetlərin dağılmasından sonra Qarabağ bölgə olaraq Azərbaycanın sosial-iqtisadi, mədəni və təhlükəsizlik sistemindən kənarda qaldı. Keçən müddətdə Azərbaycan sürətli inkişaf etdi, lakin Qarabağ bu prosesdə iştirak edə bilmədi və bu mənada Azərbaycanın iqtisadi və sosial sisteminə inteqrasiya oluna bilmədi. Üstəlik, erməni faşistləri Qarabağdakı sovetlərdən qalma infrastrukturu tamamilə dağıtdılar. Özlərinin yaşadıqları ərazilərin bəzi yerlərində cüzi işlər görməkdən başqa bir şey etmədilər. Bunlar Azərbaycanın iqtisadi infrastrukturunun bütövlüyünü pozur və həmin səbəbdən ölkənin iqtisadi potensialının tam açılmasına əngəllər törədirdi. Qələbədən sonra Qarabağın həm inzibati bölgə, həm də iqtisadi struktur kimi Azərbaycana inteqrasiyası təbii ki, yeni imkanlar meydana gətirir. Azərbaycan bütöv bir sistem kimi daha dinamik inkişaf mərhələsinə keçə bilər.
Digər aspekt regional və qlobal miqyasda əməkdaşlıq üçün yeni imkanların meydana gəlməsi ilə bağlıdır. İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə nəticələnməsi Azərbaycan Prezidentinin yeritdiyi siyasət nəticəsində həm region dövlətləri, həm də uzaq Çindən tutmuş, Avropa və hətta uzaq Amerikaya qədər geniş məkanda qarşılıqlı faydalı əməkdaşlığa yaşıl işıq yandırdı.
Eyni zamanda, bu iki aspektin bir-biri ilə uzlaşması Azərbaycanın uzun illər həyata keçirdiyi iqtisadi siyasət kursunun yaratdığı real mənzərəyə əsaslanır. Bu kontekstdə Prezidentin YAP-ın qurultayında ifadə etdiyi fikirlər böyük maraq doğurur. Dövlət başçısı vurğulayıb: "Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq".
Nəticədə Azərbaycan postmüharibə mərhələsinə kimsədən asılı olmayan və iqtisadiyyatı dinamik inkişaf edən müstəqil dövlət kimi qədəm qoyub. Ölkə istənilən meyar və istənilən parametr üzrə heç kimdən asılı deyil. Azərbaycan xarici borcun azlığı, iqtisadi artım və adambaşına düşən valyuta ehtiyatları baxımından ən qabaqcıl yerlərdədir. Azərbaycanın Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə dünyanın 60-dan artıq suveren fondları sırasında beşinci yerdədir.
Prezident İlham Əliyev vurğulanan aspektdə nitqində ifadə edib: "Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik".
Onu da ayrıca vurğulamaq lazımdır ki, Azərbaycan bütün bunlara əraziləri işğal altında olan və bütövlükdə çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi nail olub. "Bu, Vətən müharibəsi üçün iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq idi" (İlham Əliyev).
Bütün bunların nəticəsində Azərbaycan Cənubi Qafqazda iqtisadi, sosial və siyasi sabitliyə nail olmuş yeganə dövlətdir və hazırda bölgənin sərmayə qoyula bilən ən əlverişli məkanıdır. Azərbaycanda daxili sabitlik tam təmin edilib. Bu, başlıca olaraq xalq-iqtidar birliyi hesabına olub. "Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır" (İlham Əliyev). Məhz bu uğurlarına görə də yuxarıda vurğuladığımız iki aspekt üzrə yeni iqtisadi imkanlar yaradan ölkədir. Artıq "bir çox ölkələr indi Qarabağda bərpa işlərində maraq göstərirlər. Onları da biz dəvət etmişik".
Beynəlxalq təşkilatlarla iş: Qələbəyə aparan yolda dialoq
Vurğulanan məqamların fonunda Azərbaycanı 44 günlük İkinci Qarabağ müharibəsində qələbəyə aparan yolda beynəlxalq təşkilatlar çərçivəsində görülən işlərin əvəzsiz rolu vardır. Onların sırasında Qoşulmama Hərəkatı və Türk Şurası ayrıca yer tutur. Qoşulmama Hərəkatına üzvlük kontekstində İlham Əliyev qurultayda maraqlı bir müqayisə aparıb. Dövlət başçısı deyib: "...Qoşulmama Hərəkatına üzv olduq. Bəzi dırnaqarası siyasətçilər ağızlarını büzdülər ki, nahaq. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. Bizə qarşı müharibə dövründə BMT Təhlükəsizlik Şurasında çirkin kampaniya aparılan zaman qətnamə hazırlanırdı. Kim onu pozdu? Qoşulmama Hərəkatına üzv ölkələr, onlar bizi müdafiə etdilər".
Bu, siyasi uzaqgörənlik nümunəsidir. İndi Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu təşkilatın məqsəd və məramlarının təşviqinə, beynəlxalq sülhə, təhlükəsizliyə və əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Yəni Azərbaycanın bu təşkilata rəhbərlik etməsi formal xarakter daşımır. "Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi. O, qəbul edilsəydi də bizi dayandırmazdı. Heç nə və heç kim bizi dayandıra bilməzdi".
Azərbaycanın Türk Şurasındakı fəaliyyəti də ciddi uğur nümunəsidir. Rəsmi Bakı bu təşkilat çərçivəsində həm türk dövlətlərinin həmrəyliyi, həm də Ermənistanın işğalçı siyasətinin qəbuledilməzliyi fikrinin formalaşması istiqamətində ciddi işlər gördü. Nəticədə İkinci Qarabağ müharibəsində və pandemiyaya qarşı birgə mübarizə məsələsində Türk Şurası fəallıq göstərdi. Onun üzvləri, Türkiyə başda olmaqla Azərbaycanın haqq işini aktiv surətdə dəstəklədilər. Nəhayət, postmüharibə mərhələsində xarici siyasətin məzmununa ciddi təsir edən üç məqamı da vurğulamaq gərəkdir. Onlardan birincisi ordu quruculuğudur.
Ordu quruculuğu Azərbaycanın hərbi sahədə şanlı səhifəni yazmasına imkan yaratdı. Ali Baş Komandanın rəhbərliyi ilə Qələbə əldə edildi. Ölkə başçısının bu Qələbəyə verdiyi tarixi qiymət çox maraqlıdır: "Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq qələbə və mütləq qələbə olmamışdır".
Bütövlükdə götürdükdə, Prezidentin nitqində vurğuladığı kimi, "hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır".
Burada Prussiya generalı və hərbi nəzəriyyəçisi, məşhur "Müharibə haqqında" traktatının müəllifi Karl fon Klauzevitsin (1780-1831) bir fikrini xatırlamağa dəyər. O yazırdı: "Qələbə yalnız döyüş sahəsini zəbt etməkdən ibarət deyil, düşmənin silahlı qüvvələrinin fiziki və mənəvi darmadağın edilməsidir". Azərbaycan hərb meydanında məhz buna nail oldu! Qəhrəman Azərbaycan Ordusu düşməni darmadağın etdi. Bu tarixi Qələbənin əsas tərəfi uzun illər Azərbaycanda aparılan ordu quruculuğu prosesi ilə bağlıdır. Lakin Prezident bununla kifayətlənməyərək gələcək üçün də bu istiqamətdə qarşıda duran vəzifələri müəyyənləşdirib. Konkret olaraq dövlət başçısının postmüharibə mərhələsində ordu quruculuğu ilə bağlı söylədiyi fikirlər çox maraqlıdır. İlham Əliyev qurultayda bəyan edib: "Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər".
İkincisi, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasında sülhü möhkəmləndirən, humanitar əməkdaşlığa çağıran dialoq təşəbbüslərinin bütün dünyada böyük marağa səbəb olmasıdır. Bu proses daimi, ardıcıl olaraq aparılan sistemli işləri ehtiva edir. Azərbaycan rəhbərliyi daxildə multikultural mühit formalaşdırmaqla yanaşı, başqa ölkələrlə münasibətləri dialoq və əməkdaşlıq müstəvisində qurmağı aktiv surətdə təmin etdi. Bakı sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında barışa, sülhə və humanitar əməkdaşlığa aparan addımlar atdı.
Üçüncüsü, Mehriban xanım Əliyevanın aktiv fəaliyyətinin verdiyi töhfələrdir. Mehriban xanım Əliyeva həm Azərbaycan mədəniyyətinin təbliğində, həm də fərqli mədəniyyətlərə və dinlərə məxsus olan dəyərlərin qorunmasında, onların inkişafında və bərpasında çox dəyərli layihələr həyata keçirdi. Azərbaycan xalqının mənəvi dünyasının beynəlxalq aləmdə anlaşılmasında əvəzsiz xidmət göstərdi. Azərbaycan xalqının tolerantlığını, dialoqa hazır olmasını, sülh və barış tərəfdarı olduğunu fəaliyyəti ilə hər kəsə anlatdı. Vətən müharibəsi dönəmində də Ali Baş Komandanın ən yaxınında oldu, dövlətin birinci vitse-prezidenti kimi layiqli fəaliyyət göstərdi.
Beləliklə, postmüharibə dövrünün ən dolğun xarakteristikasını Prezident Yeni Azərbaycan Partiyasının VII qurultaydakı nitqində verib. İlham Əliyev bəyan edib: "...biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar