Xəbər lenti

 

Qlobal miqyasda gedən geosiyasi proseslər Cənubi Qafqaza da öz təsirini göstərir. Regionda yerləşən dövlətlərin taleyi daha da aktuallaşır. Bu baxımdan, Moskvada Azərbaycanla Rusiyanın geosiyasi tərəfdaşlığına həsr edilmiş beynəlxalq konfransın təşkili böyük önəm kəsb edir.

Ovqat.com newtimes.az-a istinadən xəbər verir ki, təşəbbüskar Rusiya tərəfidir. Tədbirdə çıxış edən rusiyalı mütəxəssislər iki ölkə arasında əməkdaşlığın bütövlükdə region üçün ciddi əhəmiyyəti olduğunu vurğulayıblar. Moskvanın tərəfdaş kimi məhz Bakını seçməsinin isə çoxlu səbəbləri vardır. Lakin onların təməlində duran əsas məqam Azərbaycan rəhbərliyinin ölkənin müasir tələblərə cavab verən müstəqil inkişaf kursunu dönmədən həyata keçirməsi ilə bağlıdır. Bu kursun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Həmin tezisdən çıxış edərək, tədbir iştirakçıları Rusiya-Azərbaycan əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Onların geosiyasi-nəzəri təhlili üzərində dayanmağın faydası olardı.

"Cənubi Qafqaz pələngi": böyük dövlətlərin bərabərhüquqlu tərəfdaşı

Rusiya paytaxtında maraqlı bir tədbir keçirilib. Geosiyasi Ekspertizalar Mərkəzi və "İzbor klubu"nun təşəbbüsü ilə sentyabrın 14-də "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda beynəlxalq konfrans baş tutub. Tədbirdə Rusiyanın tanınmış analitikləri, elm və siyasət adamları, deputatlar iştirak ediblər. Tədbirdə Azərbaycandan da yüksək səviyyəli nümayəndə heyəti iştirak edib.

Rusiya KİV-i konfransa böyük maraq göstərib. Onun gedişi telekanallar vasitəsilə translyasiya olunub. Bir sıra analitik verilişlərdə isə təhlil aparılıb, ekspertlərin proqnozları verilib. Konfransa göstərilən bu maraq nə ilə izah olunur?

Təbii ki, Rusiya kimi böyük bir dövlətdə Azərbaycanla bağlı geosiyasi mövzuda tədbirin keçirilməsi ciddi hadisədir. Mövzunun özü də olduqca aktual müstəvidə qoyulub. Müasir Rusiya-Azərbaycan əlaqələri tarixində ilk dəfədir ki, geosiyasi çərçivədə "Moskva-Bakı oxu" ifadəsi işlənir. Bunu rusiyalı analitiklər özəlliklə verdikləri əhəmiyyətdə vurğulayıblar. Məsələ həm də müasir qlobal geosiyasətdə müşahidə edilən proseslərin məzmunu kontekstində kifayət qədər cəlbedici təsir bağışlayır. Konfransda da mütəxəssislər daha çox məhz bu aspektdə fikir bildiriblər. Bizim üçün Rusiyanı təmsil edən ekspertlərin tezisləri çox maraqlıdır.

Onlardan Aleksandr Dugin problemin mahiyyətini çox yaxşı aça bilib. Rusiya hakim dairələrinə çox yaxın mütəxəssis hesab edilən ekspert Rusiya üçün Azərbaycanın cəlbedici olmasının başlıca səbəbinin "Azərbaycanın artıq əvvəlki Azərbaycan olmaması"ndan ibarət olduğunu ifadə edib (bax: Ось Москва-Баку: К новой геополитике Кавказа / "geopolitica.ru", 14 sentyabr 2017). Ölkə rəhbərliyi apardığı çox uğurlu xarici və daxili siyasəti ilə Azərbaycanı regionun əsas oyunçularından birinə çevirib. Hətta A.Dugin Azərbaycanı "Cənubi Qafqaz pələngi" adlandırıb.

Bakı təcrübədə sübut edib ki, regional geosiyasi problemlərin həllində aparıcı rol oynaya bilər. Məsələn, Rusiya ilə Türkiyə arasında məlum təyyarə ixtilafı yarananda, Azərbaycan rəhbərliyinin böyük fəallığı sayəsində ciddi bir münaqişənin qarşısı alındı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Rusiya, İran və Azərbaycan Prezidentlərinin tarixi görüşü keçirildi. Türkiyəli iş adamları açıq etiraf edirlər ki, onların Rusiyaya çıxışı daha çox Azərbaycan vasitəsilə həyata keçirilir. Bunlardan başqa, Azərbaycanın İranla münasibətləri yaxşılaşdırmaq üçün atdığı prinsipial addımlar hamıya məlumdur. Gürcüstanla da ölkənin sıx əməkdaşlığı vardır.

Bunlarla yanaşı, rusiyalı mütəxəssislər məsələyə daha geniş kontekstdə yanaşırlar. Onlar Azərbaycan iqtisadiyyatının Qərb ölkələri ilə sıx bağlılığının Bakı-Moskva münasibətlərinə necə təsir edə biləcəyi haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan rəhbərliyinin yeritdiyi siyasətin məzmunu burada hər hansı ziddiyyətin meydana gəlməsinə imkan vermir. Çünki rəsmi Bakı çoxvektorlu, balanslaşmış xarici siyasət həyata keçirir. Onun bir qrup tərəfdaşla əməkdaşlığı digərləri üçün maneə deyil. Bunun isə kökündə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bir prinsip dayanır - Azərbaycan əməkdaşlıq strategiyasını yalnız öz təbii maraqlarına görə qurur, heç kimə qarşı ondan istifadə etmək niyyətində deyil. Məhz bu cür strategiya ölkənin sürətli inkişafına yol açdı və bu proses indi də davam edir.

Ankara-Moskva-Tehran "üçbucağı": Bakıya olan ehtiyac

Bütün bu səbəblərə görə Aleksandr Duginin tədbirdə ifadə etdiyi bir tezis reallığı əks etdirir. Rusiyalı alim, sosioloq, tanınmış ictimai-siyasi xadim konfransda deyib ki, "Azərbaycanda müstəqil dövlətçilik baş tutub" (bax: əvvəlki mənbəyə). Nəzərə almaq lazımdır ki, müstəqil dövlətçiliyin baş tutması çox ciddi bir hadisədir. Sirr deyil ki, keçmiş sovet respublikalarının bir çoxu haqqında bu sözləri deyə bilmirlər. Məsələn, Ermənistanda dövlətçilik modelinin alınmadığı qənaəti vardır. Mütəxəssislər bu ölkənin siyasi, iqtisadi, hərbi və enerji baxımından Rusiyadan tam asılı olduğu faktını əsas tutaraq, müasir mərhələdə erməni dövlətçiliyinin alınmadığı nəticəsini çıxarırlar.

Azərbaycan isə artıq dünyanın böyük dövlətləri ilə əməkdaşlıq edən və bu zaman öz müstəqil mövqeyini qoruya bilən bir dövlətdir. Qərb və Rusiya ilə münasibətlərdə Bakının balans yarada bilməsi bu faktorla izah edilir. Digər məqam da həmin kontekstdə çox önəmlidir. Biz, Azərbaycan rəhbərliyinin orijinal regional əməkdaşlıq formatları təklif etməsini nəzərdə tuturuq. Konkret olaraq, Bakı ikitərəfli ilə yanaşı, üçtərəfli əməkdaşlıq modeli də təklif edib və o, uğurla həyata keçirilir.

Bu sırada Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan kimi formatlar diqqəti çəkir. Xüsusilə Bakıda Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev arasında aparılan müzakirələr böyük geosiyasi əhəmiyyəti olan hadisə kimi qiymətləndirilir. İran və Türkiyə istiqamətində də Bakı kifayət qədər səmərəli fəaliyyət göstərir. Hər iki böyük dövlətlə Azərbaycanın sıx əməkdaşlığı vardır. Və bu əməkdaşlıq bütün sahələri əhatə edir.

Moskvadakı tədbirdə problemin bu aspektlərinə diqqət yetirilib, lakin daha çox Rusiya-Azərbaycan-Türkiyə "üçbucağı"nda gözlənilə bilən proseslər analiz olunub. Rusiyalı mütəxəssislər Azərbaycanın Ankara ilə Moskva arasında əlaqələndirici rol oynaya biləcəyini dəfələrlə ifadə ediblər. Xatırladaq ki, Newtimes.az portalının təhlili məqalələrində bu məqam daim öz əksini tapıb. Azərbaycanın Türkiyə ilə Rusiyanın münasibətlərini inkişaf etdirməyə yardımçı olmasının əksər regional problemlərin həllində sürətli irəliləyişə aparıb çıxaracağı portalın yazılarında dəfələrlə vurğulanıb. Çox müsbət haldır ki, eyni qənaət Rusiyanın aparıcı mütəxəssisləri və siyasətçilərinin dilindən eşidilir.

Məsələnin digər tərəfi Azərbaycanın Rusiya-Türkiyə-İran geosiyasi tərəfdaşlığının inkişafına verə biləcəyi töhfə ilə bağlıdır. Konfransda iştirakçılar bu özəlliyin üzərində dayanıblar. Görünür, Moskvaya son zamanlar Yaxın Şərq, Şərqi Avropa, Baltikyanı, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında cərəyan edən geosiyasi proseslər daha fəal olmağı diqtə edir. O cümlədən, Cənubi Qafqazda bir sıra ziddiyyətli məqamlar var ki, vəziyyəti sabitlikdən çıxara bilər. Ermənistanın qeyri-müəyyən xarici siyasəti burada birinci sıradadır. Rəsmi İrəvan gizli olaraq Qərbə meyllənməkdədir. Bunun fonunda Rusiyanın Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyi başadüşüləndir. Yəni İrəvana və onun Qərbdəki havadarlarına mesaj verilir ki, Moskvanın daha güclü alternativi vardır. Belə çıxır ki, Moskva-Bakı geosiyasi oxu bütövlükdə Cənubi Qafqazın tarixində prinsipial olaraq yeni mərhələnin əsasını qoya bilər. Bu bağlılıqda Moskvada keçirilən beynəlxalq konfransın strateji əhəmiyyəti böyükdür.

Beləliklə, Moskva konfransını vacib bir hadisə kimi qiymətləndirmək olar. Keçən əsrin 90-cı illərində Rusiyanın yuxarıdan aşağı baxdığı, müxtəlif maneələr törətməyə çalışdığı, yalnız təzyiq dili ilə danışmağa üstünlük verdiyi Azərbaycan artıq Kreml üçün "Cənubi Qafqaz pələngi", dövlətçiliyi baş tutmuş ölkə, bərabərhüquqlu tərəfdaş və perspektivli partnyordur! Bu fərqi görmək lazımdır. Yəni Moskva konfransının təkanverici qüvvəsi başlıca olaraq Azərbaycan rəhbərliyinin müdrik xarici siyasət kursudur.

Tədbirin başqa bir əhəmiyyəti Moskvanın İrəvanla Bakı arasında qoyduğu fərqlə bağlıdır. Açıq görünür ki, Rusiya Ermənistanı müstəqil dövlət kimi qəbul etmir, onu özünə çox borclu sayır. Ermənistan Rusiyanın regiondakı forpostu, əlaltısı, sözəbaxanıdır. Onunla geosiyasi tərəfdaş olmaq mümkün deyil. Çünki bunun üçün Ermənistan öncə müstəqil olmalıdır. Özünün inkişaf xətti olmalıdır. Bunların isə heç biri yoxdur. Bakı isə regionun ən perspektivli müstəqil dövləti, bərabərhüquqlu tərəfdaş kimi Moskvanın diqqətini çəkir. Sözsüz ki, bu fərq yaxın zamanlarda özünün daha böyük töhfələrini verəcək. Azərbaycan bu əməkdaşlıqdan uğur əldə edəcək!




Ana səhifəyə qayıt        Baxış: 660          Tarix: 2-10-2017, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma