Xəbər lenti

 
Ermənistan Rusiyadan 12 ədəd MiG-29 qırıcıları almaq imkanlarını nəzərdən keçirir.
 
Ovqat.com Rusiyanın Avia.pro saytına istinadən xəbər verir ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan Hərbi Hava Qüvvələrini gücləndirməyə qərar verib.
 
Rəsmi İrəvanın fikrincə, 12 MiG-29 təyyarəsi ilə öz hava sərhədlərini Azərbaycan və Türkiyənin F-16-larından qoruya biləcək. 
 
Qeyd edək ki, hazırda Ermənistanın HHQ-in arsenalında 4 Su-30SM qırıcısı qalıb. Qarabağdakı son döyüşlərdə ən azı 2 Su-25 təyyarəsi vurulan Ermənistan hərbi əməliyyatlarda aviasiya qüvvələrindən istifadəni dayandırmış və müharibədən sonra ölkənin sabiq Baş qərargah rəisi Movses Hakobyan bunun səbəbini əllərindəki Su-30M-lərin işə yararsızlığı ilə əsaslandırmışdı. Erməni generalın sözlərinə görə, Su-30SM təyyarələrini almaq əslində Baş Qərargah rəisi olarkən onun təşəbbüsü olub. Daha sonra isə bu təşəbbüsdən vaz keçib. Çünki Rusiya Su-30SM təyyarələrində istifadə olunan raketləri satmırmış. Bu barədə Rusiya hökumətinin xüsusi fərmanı   olduğunu öyrənən erməni general təyyarələri almaqdan imtina edib və mövqeyini İrəvan rəhbərliyinə də çatdırıb. Nikol Paşinyan isə bütün bunlara baxmayaraq həmin təyyarələri alıb. Nəticədə Ermənistanın əlində olan təyyarələr bahalı uşaq oyuncağından başqa bir şey deyilmiş. 
 
Görünür, məhz bu səbəbdən İrəvan bahalı oyuncaqdansa ucuz həqiqi silahlara sahib olmağa üstünlük verir. Avia.pro-ya inansaq, MiG-29 təyyarələri bundan sonra Ermənistan Hərbi Hava Qüvvələrinin əsas hərbi texnikasına çevrilə bilər.
 
Nəşrin bildirdiyinə görə, bir neçə müstəqil qaynaq tərəfindən təsdiqlənən bu məlumat barədə nə Rusiya, nə də Ermənistan tərəfindən indiyədək hər hansı rəsmi açıqlama verilməyib.


 
“Mümkündür ki, Qarabağdakı silahlı qarşıdurma İrəvana Hərbi Hava Qüvvələrinin saxlanılmasının vacibliyini nümayiş etdirib. Ölkədə xidmətdə olan dörd Su-30SM qırıcısı əlbəttə ki, yüksək effektiv silahlardır, lakin geniş miqyaslı silahlı qarşıdurmalar üçün yox. Döyüşlər göstərdi ki, Azərbaycan, pilotsuz təyyarələri və operativ taktiki raket kompleksləri ilə istənilən zaman erməni aerodromlarına asanlıqla zərbə endirə bilər”, -Avia.pro-nun analitikləri belə fikirləşir.
 
Rusiya “öz ayranına turş deməsə də”, zənnimizcə, onun “oxu” verib “yay”ı gizlətməsinin səbəbi Su-30SM-lərin böyük eyibinin üzə çıxmasının qarşısını almaqla əlaqədardır. Zira ermənilər Qarabağ döyüşlərində bu təyyarələrdən istifadə edərdisə, onlar Azərbaycanın hava hücumlarından müdafiə sistemlərinin “asan yem”inə çevrilə bilər, ən yaxşı halda 10%-i partlayan “İsgəndər” və yaxud öz ovu tərəfindən ovlanan S-300 raketləri kimi bütün paxırları su üzünə çıxardı. Görünür, məhz bu səbəbdən Moskva öz “strateji müttəfiqi”nə təyyarəni vermis, silahı verməmişdi. Saytımızın 20.11.2020 tarixində yayımladığı Qarabağ döyüşləri Su-30SM-lərinin ən böyük eybini ortaya çıxardı: ermənilərin “patron”suz hərbi təyyarələri sərlövhəli araşdırma yazısında ortaya çıxardığı bəzi həqiqətlər də bu ehtimalı qüvvətləndirir.

Məqalədə bildirildiyinə görə, Rusiya tərəfindən Ermənistana hədiyyə edilən bu təyyarələri əvvəl Hindistan alıbmış: “Ovqat.com-un hələ müharibədən bir ay əvvəlki araşdırmalarına görə, Hindistan Hava Qüvvələri 1998-ci ildə Rusiya Federasiyası ilə 40 ədəd Su-30 qırıcısını almaq barədə müqavilə imzalayıb. Üzərindən xeyli keçdikdən sonra həmin təyyarələrdən 18-ni alan Hindistan 2013-cü ildə  onları geri qaytarıb. İndiyədək bu imtinanın səbəbi sözügedən qırıcıların vektor idarəetmə funksiyasının olmaması ilə əlaqələndirilirdi. Bildirilirdi ki, Hindistan Moskva ilə apardığı uzun danışıqlardan sonra tərəflər nəhayət, 2019-cu ilin iyul ayında daha müasir Su-30MKİ qırıcların alış-verişi barədə razılığa gəliblər, bu səbəbdən də Su-30SM-lərdən imtina olunub. İndisə erməni generalın açıqlamalarından aydın olur ki, Su-30SM-lərin daha mühüm problemləri də var. Bu da onların mərmilərinin satılmamasıdır. Başqa sözlə, Rusiya Ermənistana əslində Su-30SM qiymətinə “patronsuz tapança”dan ancaq ölçülərinə görə fərqlənən oyuncaq satıbmış.


 
Araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, Hindistanın almaqdan imtina edib geri qaytardığı təyyarələri Moskva Ermənistandan əvvəl başqalarına sırımağa çalışıb. NATO ölkələri ləngliyinə görə “yarımmüdafiəçi” (“fullback) adlandırdıqları bu təyyarəyə, sözsüz ki, pul xərcləməzdilər. Moskva da məcburən müştərilərini 3-cü dünya dövlətləri arasında axtarıb. Geri qaytarılan təyyarələrdən 12-ni Afrika ölkələrindən birinə - Anqolaya 1 milyard dollara sata bilib.  2013-cü ildən 2019-cu ilin sonlarınadək digər Su-30SM-lərini satmağa xam müştəri tapa bilməyib. TASS-ın məlumatına görə, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport” bu təyyarələri 2019-cu il 23-24 oktyabr tarixində keçirilən Rusiya-Afrika sammitində hərraca çıxarıb. Sammitə 54 Afrika ölkəsinin liderləri dəvət edilib. Təyyarələrin həmin sammitdə satılıb-satılmadığına dair hər hansı məlumat yoxdur.

Rəsmi Bakının sərt reaksiya ilə qarşıladığı Su-30SM qırıcılarının Ermənistana satışı həmin ilin dekabrında reallaşıb. Özü də “Rosoboronexport”-un təyyarələri hərraca çıxardığı Rusiya-Afrika sammitindən cəmi ayyarımdan sonraRusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyovanın “İnterfaks” xəbər agentliyinə verdiyi məlumata görə, iki ölkə arasında bağlanan müqaviləyə əsasən, Ermənistana 12 ədəd Su-30SM təyyarəsi satılacaqdı. Onlardan 4-ü artıq ötən ilin dekabrında təhvil verilmişdi, digərlərinin isə gələcək dövrlərdə öz ünvanına çatdırılacağı vurğulanırdı.


 
Maraqlıdır ki, Azərbaycan da Rusiyadan bu təyyarələri almaq istəmişdi, Moskva isə əlində qalmasına baxmayaraq, onları bizə satmaqdan imtina etmişdi. Saytımız sözügedən araşdırma yazısında bu məlumatları şərh edərək bildirirdi:
 
“Məlumatların analizi qəribə bir mənzərə ortaya çıxarır. Belə bir ehtimal ortaya çıxır ki, “Rosoboronexport” Afrika sammitində yalnız 2 təyyarəsini digər Afrika ölkələrinə sırıya bilib. Yerdə qalanlarını isə, görünür, Ermənistana göndərib... Bir sözlə, Ermənistan Silahlı Hava Qüvvələrinin Hindistandan Afrikaya qədər 3-cü dünya dövlətlərinin belə, sahib çıxmadığı bu köhnə təyyarələrə ilə qürrələnməsi üçün əsas yoxdur. 

Üstəlik, rus hərbi təyyarələri müasir silahlar qarşısında asan yemdirlər. Hər halda, amerikalı hərbi ekspert Maykl Kofman bu fikirdədir. Onun bildirdiyinə görə, alçaq təmas döyüşlərində güclü olan bu döyüş təyyarələri Çeçenistan və Gürcüstan müharibələrində böyük uğurlar qazansa da, onların Suriyada geniş istifadə olunan MANPADS silahlarına qarşı zəiflikləri ortaya çıxdı. Azərbaycanın öz müdafiə gücünü daha mükəmməl hava hücumları əleyhinə raketlərlə möhkəmləndirdiyini nəzərə alsaq, Rusiyanın Ermənistana satdığı Su-30SM-lərinin yalnız öz ərazilərində hava atıb erməni xalqına təsəlli verməkdən başqa bir işə yaramayacağı ortadadır. Bu cür tənbəl və bahalı təyyarələrin yerinə çoxfunksiyalı silahlı dronlar almaq və istifadə etmək daha rasional görünür. Azərbaycan bu sahədə nəinki Ermənistandan, bəlkə onun hamilərindən də öndədir. Odur ki, Rusiyanın böyük matah saydığı 2-ci əl Su-30SM-lərini Afrika ölkələrinə və ya Ermənistana satması daha doğrudur və yəqin Sergey Şoyqu da bunu bildiyindən Azərbaycanı aldatmaq istəməyib”. Əks halda bu ehtimalda da bütün paxırlar açıla bilərdi.

Ovqat.com
 



Ana səhifəyə qayıt        Baxış: 5 999          Tarix: 22-03-2021, 06:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma