Xəbər lenti

 
ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken Brüsseldəki NATO qərargahında alyansın Baş katibi Jens Stoltenberg ilə görüşüb.
 
Ovqat.com xəbər verir ki, görüş "Transatlantik Əlaqələrin Gücləndirilməsi" mövzusunda müzakirə aparmaq məqsədi ilə keçirilib.
 
Toplantıda Türkiyə ilə əlaqələr bir suala cavab verən Blinken qardaş ölkəni NATO-nun ən əhəmiyyətli üzvü olduğunu deyib. 
 
Buna baxmayaraq, Türkiyə ilə ABŞ arasında fikir ayrılıqlarının mövcudluğunun bir sirr olmadığına diqqət çəkən Blinken vurğulayıb ki, "Türkiyə uzun bir tarixə sahib olan və dəyər verdiyimiz bir müttəfiqimizdir. Türkiyənin NATO-ya bağlılığının davam etməsi hamımızın maraqlarına uyğundur”.
 
Dövlət katibi NATO müttəfiqləri arasında əlaqələrin möhkəmləndirilməsini ortaq təhlükəsizlik strategiyasının vacib şərti adlandıraraq “ABŞ-ın bu alyansa bağlılığını” bir daha təsdiqləyib. “İttifaqlarımızı və ortaqlığımızı canlandırmaq istəyirik. Heç bir ölkə yalnız başına mövcud problemlərin öhdəsindən gələ bilməz", - deyən Blinken NATO-nun keçmişdəki kimi gələcəkdə də təsirli olacağını vurğulayıb.
 
Dünyanın hər yerində demokratik dəyərlərdə geriləmələrin baş verdiyinə, amma avtokratik sistemlərin yüksəlişinin artıq geridə qaldığına inanan Blinkenin fikrincə, bu mənfi tendensiya ABŞ-dan da yan keçməyib və dünyanın ən nəhəng gücü bu gün daxili bölünmüşlük halı yaşayır.


 
 "Keçən illərdə və aylarda ABŞ öz sınaqları ilə mübarizə aparmalı oldu. Ancaq tarixdən bəllidir ki, ABŞ bu cür çətinliklərdən hər zaman daha güclü çıxıb. Daxili bölünmüşlüyümüzü açıq şəkildə ifadə edir, gizlətmirik”, - deyən Blinkenə görə, ABŞ içəridə nə qədər güclüdürsə, xaricdə də bir o qədər güclü ola bilər. 
 
Rusiya ilə münasibətlərə gəlincə, Blinken, ABŞ-ın bu məsələdə NATO-ya bənzər mövqe sərgilədiyi və strateji sabitlik üçün Moskva ilə işləyə biləcəklərini, ancaq təcavüzə qarşı çıxacaqlarını söyləyib.
 
Blinken NATO-nun Çinin yüksəlməsi ilə ortaya çıxan təhdidlərə diqqət yetirməsinin vacib olduğuna da diqqət çəkib.
 
NATO baş katibi Yens Stoltenberq də Türkiyə ilə alyans arasında bəzi fikir ayrılıqlarının olduğunu bildirib. O, bu konteksdə xüsusilə S-400 hava müdafiə sistemlərinin tədarükü və Türkiyənin Şərqi Aralıq dənizindəki hərəkətlərindən narahatlığını dilə gətirib.


 
Türk rəsmiləri ilə bu mövzuları da müzakirə etdiyini söyləyən Stoltenberg, "NATO müttəfiqlərin oturub problemləri  müzakirə etməsi və həll yolları tapması üçün vacib bir platforma rolunu oynayır",-deyib.
 
Stoltenberg Şərqi Aralıq dənizində Yunanıstan ilə Türkiyə arasında qarşıdurmanın önünü kəsmək üçün bir mexanizm qurulduğunu və bunun əhəmiyyətli bir hadisə olduğunu söyləyib.
 
Siyasi fikir ayrılıqlarının aradan qaldırılması üçün güclü qurumların lazım olduğunu söyləyən Stoltenberg əmindir ki, "bütün fikir ayrılıqlarına baxmayaraq, NATO əsas vəzifəsi olan ortaq müdafiəni təmin etməyi bacarır”. 
 
Ovqat.com-un xüsusi qeydi
 
ABŞ dövlət katibi açıq deməsə də, ölkəsindəki bölünmüşlüyü etiraf edərkən, Trampizmin siyasi cərəyana çevrildiyinə eyham vururdu. Sirr deyil ki, son prezident seçkilərindən sonra ABŞ vətəndaşlarının azımsanmayacaq qədər ciddi hissəsi Donald Trampı müdafiə edirdi (Son seçkilərdə 74 milyondan çox seçici ona səs vermişdi və ABŞ tarixində Cozef Baydendən sonra ən çox səs toplamaq statistikası Trampa aiddir).  Üstəlik, onların böyük əksəriyyəti Cənub-Şərqi ABŞ vətəndaşlarıdır və Konfederal Amerika ideyasına könül veriblər. Seçkilərin nəticələri elan olunandan sonra ABŞ Konqresini basan Donald Tramp tərəfdarlarının qaldırdığı Konfederativ Amerika bayraqları da bundan xəbər verirdi.


 
Xatırladaq ki, Konfederal Amerika düşüncəsi 1861-cı ildə ortaya çıxıb və 5 il vətəndaş müharibəsinə səbəb olub. Konqres basqınında qaldırılan Konferedal bayrağının tarixi köklərinə nəzər salsaq, görərik ki, onun irqçiliklə birbaşa əlaqəsi var. Belə ki, 19-cu əsrin ortalarında ABŞ-ın cənub-şərq hissələrində iri fermer təsərrüfatlarının üstünlük təşkil edirdi. Bu təsərrüfatlarda pambıq, tütün və şəkər qamışı yetişdirilir və lazımi işçi qüvvəsi Afrikadan gətirilən qara mənşəli kölələr tərəfindən təmin edilirdi. 
 
ABŞ-ın digər bölgələrində isə iqtisadiyyat sənayeyə yönəlmişdi. Kapitalist münasibətlərinin formalaşması həmin əyalətlərdə köləliyin ləğvini tələb edirdi. Ölkənin qərb hissəsində yeni ştatlar qurulur və bu yeni əyalətlərin əksəriyyəti də köləliyi qadağan edən qanunlar hazırlanırdı. Bu tendensiya şərq vilayətlərində növbənin onlara da gələcəyinə dair ciddi narahatlıq doğururdu. 1861-ci il Abraham Linkoln da məhz belə bir zamanda köləliyin ləğvi platforması ilə seçkilərinə qatılmış və qalib gəlmişdi. Köləliyin ləğvini istəməyən cənub ştatları bu hadisədən sonra ABŞ-dan ayrılmaq qərarı vermişdilər. 11 ştatı özündə birləşdirən Amerika Konfederasiyası 5 il Federal hakimiyyətlə döyüşdükdən sonra məğlub oldu və Linkolnun quldarlığın ləğvi qanununu qəbul etmək məcburiyyətində qaldı. 

 
 
Fəqət köləlik kağızlarda ləğv olunmuşdu. Beyinlərdə bu və ya digər formalarda indiyədək gəlib çıxıb. Təsəvvür edin ki, Trampdan əvvəl prezident seçilən Obama 250 ildən çoxdur köləliyi ləğv edən ABŞ-ın ilk zənci dövlət başçısıdır.
 
Trampın ən çox səs aldığı ştatlara baxsaq, 260 il bundan əvvəlki müstəqilliyini elan edən Şərq əyalətlərinin böyük əksəriyyətinin ona səs verdiyini görə bilərik. Keçmiş Amerika Konfederasiya üzvlərindən yalnız Corciya Trampa yox, Baydenə səs verib.
 
Tramp mühafizəkarlığı öz fəlsəfi düşüncəsinə görə, keçmiş konfederalçılardan daha müasir və geniş şaxəli prinsiplərə söykənir. Onun fikrincə, ABŞ-dakı qlobalist sənayeçilər ölkənin hərbi qüdrətindən dünyanı fəth etmək üçün yararlanırlar. Bütün bu fəthlərin ağrısını isə sadə amerikalılar çəkir. 
 
Ən pisi odur ki, ABŞ sənayeçiləri artıq öz təsərrüfatlarını da ucuz işçi qüvvəsi olan başqa ölkələrə, xüsusilə Çinə və digər Uzaq Asiya ölkələrinə daşıyırlar. Nəticədə ABŞ-da işsizlərin sayı durmadan artır, iqtisadiyyat çökür və qlobal iqtisadi rəqabətdə öz hegemon mövqeyini itirir.

 
 
Trampın 4 illik hakimiyyəti dövründə yürütdüyü bir sıra iqtisadi siyasətlər ABŞ-ın əvvəlki iqtisadi gücünü bərpa etməyə hesablanmışdı. Mütəxəssislərin fikrincə, böyük ölçüdə öz hədəfini reallaşdırmışdı da. Di gəl ki, hakimiyyətinin son ilində koronavirus pandemiyası yayıldı və Trampın qazandığı bütün nailiyyətlər pandemiyanın qurbanı oldu. 
 
 
Tramp və onun tərəfdarları ABŞ iqtisadiyyatını yenidən darmadağın edən koronavirusun belə, qlobal sənayeçilərin milli iqtisadi dəyərlərin müdafiəçilərindən aldıqları qisas kimi qiymətləndirirlər və bunu öz milli qəhrəmanlarına qarşı qurulmuş təxribat hesab edirlər. “Təbii ki, bu təxribatda ABŞ-ın əsas rəqibi olan Çin də qlobal sənayeçilərlə bir yerdədir”,-Respublikaçı elektorat arasında bu düşüncə getdikcə daha çox yayılmağa başlayır.
 


Maraqlıdır ki, bir çoxlarımıza axmaq kimi təqdim edilən Trampın düşüncələri ABŞ-da hər keçən gün daha çox tərəfdaş toplayır. Hətta ölkədə “Trampizm” ideologiyası deyilən düşüncə tərzinin formalaşdığını belə irəli sürən mütəxəssislər var. Odur ki, Trampın Baydenin andiçmə mərasiminə qatılmaması mübarizəsinə  saraydan kənarda davam etdirəcəyinə vurulmuş eyham kimi də dərk olunur. Mübarizənin eyni templə davam etməsi ölkədə ciddi qütbləşmələrə səbəb ola və irqçi təmayüllərin böyüməsini sürətləndirə bilər.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 217          Tarix: 23-03-2021, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma