Xəbər lenti

Ağ Evin dünyanı ABŞ-ın yanındakılar və qarşısındakılar kateqoriyaları üzrə iki qütbə parçalaması olduqca təhlükəli prosesdir: Çünki hədəfdə olan "düşmən dövlətlər" ABŞ-a qarşı alternativ müdafiə və mübarizə metodları tapmağa məcbur edilmiş olur...

Pandemiya sona çatmasa da, ondan sonrakı dünya düzəni tədricən formalaşmağa başlayıb. Dünya dövlətləri nüfuz dairələrini yenidən bölüşdürürlər. Və yeni beynəlxalq qütbləşmənin ilkin əlamətləri artıq müşahidə edilir.
Maraqlıdır ki, yeni qütbləşmədə ABŞ-ın xüsusi rolu olmamış deyil. Ağ Ev dünyanı yenə də ABŞ-ın yanında və qarşısında olanlar kateqoriyası üzrə iki qutbə bölməyə cəhd göstərir. Artıq Ağ Evin başlatdığı bu prosesin geriyədönməz xarakter almaqda olduğu da inkaredilməz reallıqdır.
Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Ağ Evin qarşısında olan əsas dövlətləri artıq sıralayıb. Onun fikrincə, Rusiya, İran, Çin və Şimali Koreya dünya üçün ən real təhlükə mənbəyidir. Və burada E.Blinken dünya dedikdə, böyük ehtimalla ABŞ-ı nəzərdə tutur.
 
Ağ Ev üçün dünya sadəcə, ABŞ-dan və onun milli maraqlarından ibarətdir. Əgər, hər hansı dövlət ABŞ-ın milli maraqları ilə hesablaşmaq istəmirsə, deməli, bütün dünyaya təhlükə törədir.
ABŞ son bir neçə onilliyi məhz E.Blinkenin sadaladığı dövlətlərə qarşı mübarizəyə həsr edib. Çünki, həmin dövlətlər ABŞ-ın əsas "milli marağına" - Ağ Evin dünya hegemonluğu hədəfinə əngəl törədirlər. Bu baxımdan, hesab etmək olar ki, Ağ Ev hələlik öz hədəfinə çatmaqdan xeyli uzaqdır.
ABŞ dövlət katibinin sadaladığı ölkələrin heç birisi Ağ Evin dünya hegemonluğu iddiaları ilə hesablaşmaq niyyətində deyil. Əksinə, bu iddiaları dünya üçün böyük təhlükə hesab edirlər, müqavimət göstərirlər. Və ABŞ-a boyun əyməyəcəklərini hər imkanda biruzə verirlər.
Şimali Koreya bir neçə gün öncə ABŞ-ın passiv müttəfiqləri sırasında yer alan Yaponiyanı narahat edən hərbi manevr edib. Bu ölkənin hüdudları ətrafındakı neytral dəniz ərazisinə ballistik raket zərbələri endirib. Bu, əslində, yalnız Yaponiyaya qarşı deyil, həm də ABŞ-a yönəlik hərbi xəbərdarlıq kimi qəbul edilir.
 
Məsələ ondadır ki, Şimali Koreya hazırda ABŞ-ın hərbi təhlükə gözlədiyi əsas beynəlxalq düşmən hesab olunur. Şimali Koreya kütləvi qırğın silahlarına sahibdir. Üstəlik, bu ölkənin raket sistemləri ABŞ-ın bir sıra iri sənaye şəhərlərinə zərbə endirməyə qadirdir. Ağ Ev hələlik rəsmi Pxenyanla düşmənçiliyi yumşaltmaq, ABŞ-ı Şimali Koreya raketlərindən qorumaq yolunu tapa bilməyib.
ABŞ təxminən eyni təhlükəni Rusiya, Çin və İrandan da gözləyir. İran vaxtaşırı ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarını raket zərbəsi ilə təhdid edir. Rəsmi Tehran bununla Ağ Evi nüvə texnologiyasına sahiblənmək cəhdlərinə daha tolerant yanaşmasına cəhd edir. Halbuki, ABŞ bu məsələdə geri çəkilməyə qətiyyən həvəsli deyil. Əksinə, İrana qarşı mövqeyini daha da sərtləşdirir.
Rusiya və Çin isə ABŞ-a qarşı real savaş resurslarına sahib dövlətlərdir. Bu dövlətlərin nüvə başlıqlı raketləri ABŞ-da istənilən hədəfi vurmaq imkanındadır. Ona görə də, Ağ Ev Rusiya və Çini beynəlxalq səviyyədə küncə sıxışdırmağa cəhd göstərir. Bu cəhdlərindəsə, əsasən Avropa ölkələrini öz arxasına almağa üstünlük verir. Halbuki, hələlik Ağ Ev bu niyyətinə birbaşa deyil, yalnız NATO daxilində müttəfiqlik çərçivəsində nail ola bilib.
Təbii ki, Rusiya, Çin, İran və Şimali Koreya da ABŞ-a qarşı ortaq müdafiə və mübarizə sistemi qurmaq məcburiyyətində qalıb. Düzdür, hələlik bu dövlətlər arasında konkret ortaq fəaliyyət planı mövcud deyil. Ancaq bu istiqamətdə müəyyən addımların atılmaqda olduğu da qətiyyən diqqətdən yayınmır.
 
Məsələ ondadır ki, Rusiya son vaxtlar Çin ilə hərbi-siyasi əməkdaşlığa xüsusi həvəs göstərir. Kreml bu əməkdaşlığın ilkin mərhələdə heç olmasa, ABŞ-dan ortaq müdafiə sisteminin yaradılmasına yol aça biləcəyinə ümid bəsləyir. Daha sonra isə ABŞ-a qarşı müttəfiqlik münasibətlərinin qurula biləcəyi də qətiyyən istisna edilmir.
Digər önəmli məqam isə ABŞ-a qarşı müdafiə ilə yanaşı, Ağ Evlə effektiv mübarizə metodlarının da tapılmasına göstərilən cəhdlərdir. Kreml ABŞ-ın hədəfində olan bütün ölkələri Ağ Evin maliyyə-iqtisadi dayaqlarını sarsıtmağa çağırır. Və təbii ki, burada əsas hədəf kimi ABŞ dolları seçilib. Kremldə hesab edirlər ki, əgər, ABŞ-ın dünya üzərində əsas təsir aləti olan dolların beynəlxalq iqtisadi rolunu zəiflətmək mümkün olarsa, bu, Ağ Evlə mübarizəni nisbətən asanlaşdıra bilər.
Onu da qeyd edək ki, Rusiya bunun yolunu tapıb və öz tərəfdarlarına ortaq fəaliyyət anlaşması təklif edir. Kreml ilk etapda Rusiya, Çin, İran və Şimali Koreya arasında iqtisadi-ticari münasibətləri ABŞ dollarının iştirakından yayınmaqla tənzimləməyi vacib sayır. Yəni, bu ölkələr arasındakı ticarət əlaqələrində dollarsız ödəniş modeli tapılmalıdır. Bu halda, ABŞ dollarının təsir gücü ciddi şəkildə zəifləyə bilər.
Eyni zamanda, dollarsız ödəniş modelinin ABŞ-ın öz beynəlxalq rəqiblərinə qarşı sanksiya və embaro tətbiqi vərdişlərini də iflasa uğrada biləcəyi istisna edilmir. Bu, baş tutarsa, Ağ Evin əlindəki hətta nüvə silahından belə, daha güclü alətin sıradan çıxa biləcəyi qətiyyən şübhə doğurmur. Və bu halda, dünyada ABŞ-a qarşı "beynəlxalq qiyam"ın baş verə biləcəyi də qətiyyən istisna deyil.
 
Məsələ ondadır ki, dünyada ABŞ- dan narazı dövlətlərin sırası kifayət qədər genişdir. Sadəcə, həmin dövlətlərin bir çoxu indiki situasiyada Ağ Evi qəzəbləmdirə biləcək addımlara cəsarət etmirlər. Əgər, Rusiyanın təklif etdiyi model effektiv olarsa, dollarsız ödəniş sisteminə bütün narazı dövlətlər maraq göstərə bilər. Bu isə ABŞ-ın beynəlxalq səviyyədə maliyyə-iqtisadi faktorlar üzrə "tərksilah" edilməsi anlamı da daşımış olardı.
Göründüyü kimi, ABŞ-ın öz beynəlxalq rəqiblərinə qarşı aqressivliyi əks nəticələr də verə bilər. Hər halda, Ağ Evin dünyanı ABŞ-ın yanındakılar və qarşısındakılar kateqoriyaları üzrə iki qütbə parçalaması olduqca təhlükəli addımdır. Çünki hədəfdə olan dövlətlər də dünya iqtisadiyyatının tərkib hissəsidir.
Həmin ölkələrin iqtisadi məkanları da ABŞ dollarının dövr etdiyi maliyyə coğrafiyasına daxildir. Bu baxımdan, Ağ Ev öz beynəlxalq düşmənlərini "əzməyə" çalışdıqca, qarşı tərəf də ABŞ-a zərbə vura biləcək alternativ "çomağın kəşfi"nə cəhd göstərmək məcburiyyətində qalırlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu





Ana səhifəyə qayıt        Baxış: 3 387          Tarix: 26-03-2021, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma