Xəbər lenti

 
Dörd Orta Asiya ölkəsinə səfərə çıxan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilk olaraq Daşkəndə gedib, Özbəkistanlı həmkarı ilə görüşüb.
 
Ovqat.com-un məlumatına görə, Zərif görüşdə İranın Özbəkistan üçün dünya bazarlarına və açıq sulara tranzit yolu verə biləcəyini vurğulayıb.
 
Bildirilir ki, Xarici İşlər nazirləri ikitərəfli münasibətlərin müxtəlif aspektlərini də müzakirə edib əməkdaşlıqların genişləndirilməsi, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları və Əfqanıstanda sülh üçün əməkdaşlıq  məsələlərindən danışıblar.
 
Xatırladaq ki, Məhəmməd Cavad Zərifin səfərindən bir neçə gün öncə Tacikistan paytaxtında “Asiyanın ürəyi – İstanbul prosesi” adlı əməkdaşlıq forumunun növbəti – 9-cu sammiti keçirilmişdi. 2011-ci ildə Türkiyə və Əfqanıstanın təşəbbüsü ilə yaradılan forumun məqsədi Əfqanıstandan Orta Asiyanı və Azərbaycanı keçərək Türkiyəyə uzanan coğrafiyada iqtisadi – kommunikasiya əlaqələrini birləşdirmək və gələcək ittifaqların əsasını qoymaqdır. Yeni “İpək yolu” layihəsi çərçivəsində qurulması nəzərdə tutulan bu əməkdaşlıq ittifaqına bəzi çevrələrdə “İqtisadi Turan” kimi də baxılır. Maraqlıdır ki, Düşənbədə düzənlənən son sammitdə İranın Xarici İşlər naziri də qatılmışdı.
 
Məhəmməd Cavad Zərifin həmin toplantıdan sonra Orta Asiya turuna çıxması və digər türk cümhuriyyətləri ilə təmaslarını gücləndirməyə çalışması rəsmi Tehranın da bu proseslərdən kənarda qalmamasına hədəflənib. 


 
Coğrafi mövqe baxımdan İranın bu ittifaqda önəmli yer tutmaq üçün çox ciddi imkanları var. O, Orta Asiyanın bütün ölkələri üçün isti dənizlərə çıxışın ən qısa marşrutu üzərində yerləşir. Müasir geopolitik nəzəriyyələr baxımından bu xüsusiyyət İranı Orta Asiyanın davamı, vahid coğrafiyanın ayrılmaz bir parçası halına gətirir. Di gəl ki, İranla Orta Asiya arasında bu qədər coğrafi yaxınlığın olmasına baxmayaraq, birgə əməkdaşlıqları əngəlləyən çox mühüm problemlər də mövcuddur. Başlıca problemlərdən biri İranın dini pərdə altında fars sovinist siyasəti yürütməsidir. Məhz bu xüsusiyyəti onun Orta Asiya türk cümhuriyyətlərində yumşaq güc formalaşdırmasının qarşısını alır və bölgə xalqları ilə arasında keçilməz sədlər meydana gətirir.
 
Digər bir problem isə İranın fars şovinizmini pərdələdiyi dini nəzəriyyəsinin belə, Orta Asiyada çox işə yaramamasıdır. Zira Orta Asiya xalqlarının böyük əksəriyyəti sünni müsəlmanlardan təşəkkül tapır və bu coğrafiyanın heç bir ölkəsində şiə azlığın nisbəti 9%-i belə keçmir. Ən çox şiə azlığın yaşadığı yer Tacikistandır ki, bu da müsəlman əhalinin 8.8%-nə təqabül edir. Özbəkistanda əhalinin 5%,-dən, Türkmənistan və Qırğızıstanda 3%,-dən Qazaxıstanda isə 1%-dən bir qədər çoxu şiədir. Sözsüz ki, ayrımçı məzhəbçilik ideologiyası ilə İranın Orta Asiyada duruş gətirməsi o qədər də mümkün görünmür. 
 
İstənilən coğrafiyada yumşaq gücünü formalaşdıra bilməyən regional dövlətlərin isə uzun müddətli uğur qazanması da asan deyil. Bu mənada İran Orta Asiyaya açılmamışdan əvvəl öz siyasi ideoloji nəzəriyyəsinə yenidən nəzər salmalı və ölkə daxilindəki Türk faktorunu qabartmalı, bir sıra islahatlar keçirməli, vətəndaşlarının milli hüquqlarını tanımalıdır. İranın öz daxilində başladacağı bu açılım Orta Asiyada da onun nüfuzunu artıra və regional gücə çevrilməsinə kömək edə bilər. Əks halda, cənub qonşumuzu Orta Asiyada da Yaxın Şərqdə qarşılaşdığı sürprizlər gözləyir. 


 
Unudulmamalıdır ki, Yaxın Şərqdə şiə toplumunun sayı Orta Asiya ilə müqayisədə daha çoxdur, amma bu kəmiyyət fərqi İran üçün böyük fürsətə çevrilə bilmədi. Üstəlik, ayrımçı siyasətlər yeni coğrafiyalarda insanları qarşı-qarşıya gətirməkdən və məzhəbi ziddiyyətlər içərisinə atmaqdan başqa heç bir işə yaramır. Bu isə regional ittifaqların yaranması ilə yox, əksinə bütün tərəflərin o cümlədən İslam dinin zəifləməsi ilə nəticələnir.
 
Digər tərəfdən beynəlxalq konyukturlar da hazırda İranın əleyhinədir. Mövcud siyasi rejim səbəbindən dünyanın bir çox dövlətləri tərəfindən ağır sanskiyalara məruz qalan cənub qonşumuz iqtisadi cəhətdən günü-gündən zəifləyir, müharibə təhdidi altında yaşayır. Belə ağır vəziyyətdə onun üçün ən optimal variant regional ittifaqlara qoşulmaq və yuxarıda da qeyd etdiyiniz kimi, bəzi mühüm islahatlara getməkdir.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 242          Tarix: 5-04-2021, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma