Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Belarus Prezidenti Aleksadr Lukaşenkonun Rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan görüş dünyanın bir sıra media qurumlarının diqqət mərkəzində idi. Bəzi ekspertlər bu görüşdə iki ölkənin birləşmə qərar verəcəyini belə təxmin etmişdilər.
Bu təxminlərin yaranması isə səbəbsiz deyildi. Bakı səfərindən qayıtdıqdan sonra Lukaşenko aprelin 15-də Rusiyalı həmkarı ilə telefonla danışmış, ardınca isə rəsmi Minskin Telegram səhifəsi “Pul Pervogo” kanalında 22 apreldə Putinlə üz-üzə görüşəcəyini və mühüm məsələləri müzakirə edəcəklərini açıqlamışdı. Ertəsi gün Lukaşenkonun növbəti video-anonsu yayılmışdı. Belarus diktator video-anonsunda bu həftə ərzində çox önəmli qərarlara imza atacağını, həmin addımların hətta onun həyatı bahasına başa gələ biləcəyini vurğulamışdı. Onu da ifadə etmişdi ki, nəinki müxalif qüvvələr, həmçinin heç bir xarici güc bu addımların qarşısını ala bilməyəcək. Ekspertlər də bu anonsda dilə gətirilən məhz bu məqamı Rusiya ilə Belarus arasında birləşmə siqnalı kimi dəyərləndirmişdilər.
Maraqlıdır ki, dünənki görüş barədə verilən rəsmi məlumatlar da irəli sürülən bu ehtimalın heç də əsassız olmadığını göstərir. Məlumatlara görə, liderlərin gündəmində iki məsələ vardı: Ukrayna problemi və ittifaq müzakirələri.
“Kremldəki danışıqlarda Rusiya və Belarus prezidentləri Moskva ilə Minskin gələcək inteqrasiyası, həmçinin Ukraynadaxili münaqişənin həlli məsələlərini müzakirə ediblər”, - Rusiyanın rəsmi informasiya kanalları bu xəbəri yaymışdı. Bildirilirdi ki, Vladimir Putin Moskva-Minsk münasibətlərinin indiki mərhələsinə müsbət yanaşır: “Münasibərlərimiz uğurla inkişaf edir. Pandemiyaya və ticarət dövriyyəsinin azalmasına baxmayaraq, onun həcmi çox əhəmiyyətlidir-29,5 milyard dollar”. Rusiya prezidenti əmindir ki, hər şey əvvəlki həcmdə bərpa olunacaq”, - rus mediası dünənki görüş barəsində yazırdı.
Putinin bu sözlərindən də göründüyü kimi, iki dövlət arasındakı “inteqrasiya prosesi”nə bir ildə mane olan yeganə amil koronavirus pandemiyasının artmasıdır. Həqiqətən də, bu pandemiyaya qarşı karantin tədbirləri nəticəsində Moskva nəinki Belarusu öz ağuşuna ala bilməmiş, hətta federasiya daxilindəki əlaqələr də xeyli zəifləmişdi. İndi isə Rusiyanın başı üzərində dolaşan qara buludlar Moskvanı öz qınından çıxmağa və Qərbdən gələn təzyiqlərə “adekvat” cavab verməyə vadar edir. Bu istiqamətdə atılacaq ən mühüm addımlardan biri isə Belarusla siyasi ittifaq yaratmaq ola bilər. Moskva bu birləşmədən sonra ona qarşı baş qaldıran Şərqi Avropa ölkələrinə, o cümlədən antirus kampaniyasının mərkəzi halına gələn Polşaya bir addım daha yaxınlaşacaq. Bu da nəticə etibarilə onların kürkünə birə salacaq və həmin dövlətləri Rusiya ilə Avropa arasında bufer zonaya çevirəcək. Nəticədə sözügedən ölkələr Rusiya ilə NATO arasında ziddiyyətlərin yaşanmasında daha az maraqlı olacaqlar. Hazırda isə Rusiya ilə problemin Ukraynada həll olunmasını arzulayan Varşava və digər Baltik ölkələri ziddiyyətləri körükləməklə məşğuldurlar.
Təsadüfi deyil ki, Lukaşenko ilə Putin arasındakı dünənki görüşdə də müzakirə olunan əsas məsələlərdən biri qurulması planlaşdırılan ittifaqın hərbi təhlükəsizlik problemləri ilə bağlı olub. Həmkarı ilə görüşdə ittifaq dövlətinin qurulması üzrə normativ bazanın təkmilləşdirilməsinin davam etdiyini bildirən Putinin fikrincə, bu istiqamətdə görüləsi çox işlər var və bu sözlər xüsusilə sosial və hərbi sahələrə aiddir. “İki ölkənin vətəndaşları bu sahədə bərabər hüquqlardan istifadə edirlər. Lakin hələ razılaşdırılmalı, mövqeləri uzlaşdırmalı olan məsələlər də var. Ümumilikdə, iş pis getmir, komandamız bütün istiqamətlərində effektiv işləyir - hökumətlər, administrasiyalar və xüsusi xidmət orqanları, sözün ən geniş mənasında təhlükəsizlik sahələrində kooperasiyanı dərinləşdirirlər, - Putin belə deyib.
Lukaşenko isə xatırladıb ki, ittifaq əlaqələrinin gücləndirməyə qərar vermələri ötən ilə təsadüf edir. Bu o dövr idi ki, Belarusda keçirilən prezident seçkiləri zamanı Lukaşenko hakimiyyəti itirməyin bir addımlığına gəlib çıxmışdı. Qərb ölkələri açıq şəkildə Lukaşenkonun müxalif rəqibi Tixanovskayanı dəstəkləyir və Belarus xalqı isə seçkilərin saxtalaşdırılmasına qarşı yüzminlərlə insanın qatıldığı kütləvi aksiyalar keçirirdi. Ən ağır anında Rusiyanın müdaxiləsi və dəstəyi ilə Belarusdakı aksiyalar sonlandırıldı və Putin 25 illik diktatoru Moskvaya çağırmış, onun qarşısında öz şərtlərini qoymuşdu. Təbii ki, Lukaşenko da çar-naçar bu şərtlərlə razılaşmışdı.
Dünənki görüşdə bu faktı xatırladaq Lukaşenko deyib: “Keçən ilin sonunda biz sizinlə fəaliyyətlərimizin proqramını yazdıq. Keçən ilin sonu və bu il üçün. Biz iki dəfə Soçidə görüşdük. Son dəfə razılığa gəldik ki, hökumətlərimiz Minskdə ciddi işləyəcəklər. Mixail Vladimiroviç, mən sizə təşəkkür edirəm. Ümumiyyətlə, biz ittifaq proqramlarında ciddi hərəkət edirik. Bu çox ciddi proqramdır və yəqin ki, 26 və ya 27-ci proqramları biz artıq hökumət səviyyəsində razılaşdırmışıq. Proqramların tamamlanmasına çox az qalıb. 2-3 çox ciddi proqramlar var ki, onlar iqtisadi xarakterlidir. O cümlədən vergitutma da. Bir sözlə, mən sizinlə razıyam. Biz yavaş-yavaş hədə doğru irəliləyirik, amma günün qəzəbində gücləndirmək lazım olan məsələlər var. O cümlədən bizim ittifaq Dövlətinin təhlükəsizlik və müdafiə məsələləri. Baxmayaraq ki, öhdəsindən gələ bilərik”.
Əslində Rusiya ilə Belarus ittifaqının yaradılmasının, daha doğrusu, Belarusun Rusiyaya birləşdirilməsi ideyasının tarixi 1997-ci ildə başlayır. Həmin il iki ölkə Birlik Dövləti Sazişi imzalayıblar. Belarus bu sazişlə Rusiyadan daxili bazar qiymətinə neft və qaz alaraq, özünün həm enerji tələbatlarını ödəyir, həm də idxal etdiyi neftdən bəzi kimyəvi maddələr hazırlayıb Baltikyanı ölkələrə satırdı. Üstəlik, ucuz qiymətə aldığı enerji daşıyıcılarının haqqını da ödəmirdi. Sonunda Rusiya onun qarşısında bir şərt qoydu: “Ya nefti və qazı ixrac qiymətinə alacaqsan, ya da Rusiyaya birləşəcəksən. Üstəlik, borcunu da tez bir zamanda geri qaytarmalısan. Əks halda bizdən daxili bazar üçün enerji almağın heç bir məntiqi əsası yoxdur”.
Putinin bu tələbləri ilk dəfə 2019-cu ildə gündəmə gətirilmiş və bu faktı mediayaya sızdıran Lukaşenko olmuşdu. O, “Exo Moskvi” radiosuna müsahibəsində açıq bəyan etmişdi ki, Rusiyanın Belarusu öz tərkibinə qatmaq istəməsinə Qərb ölkələri razılıq verməzlər. Çünki bu tələb Qərb tətəfindən təhdid kimi başa düşülər və Rusiya ilə NATO arasında müharibəyə yol aça bilər.
Belarus liderinin bu manevrləri, təbii ki, Moskvada xoş qarşılanmamışdı. Lukaşenkonun həmin sözləri fonunda 1997-ci il İttifaq sazişini Minskin Moskvaya gəldiyi 22 illik fırıldaq kimi qiymətləndirən Kreml ona neft satmaqdan imtina etdi və borcunu təcili geri istədi. Həmin vaxt Lukaşenkonun dadına rəsmi Bakı çataraq, ona 200 milyon dollar borc verdi. Beləcə, borcla borcu bağlayan Lukaşenkonin qarşısında bir problem qaldı – yeni neft tədarükçüsü tapmalı və neft-kimya müəssisələrinin fəaliyyətini davam etdirməli idi. Sözsüz ki, yeni tədarükçü də ona Rusiyadan aldığı qiymətə nefti satmalı idi.
Lukaşenko bu məqsədlə Qazaxıstana səfər etsə də, qiymət məsələsində Astana ilə razılaşa bilməmiş və suyu süzülə-süzülə geri qayıtmışdı. Belə ağır zamanda Lukaşenkonun köməyinə ABŞ gəlmişdi. Ötən ilin ilk aylarında Minskə səfər edən ABŞ-ın sabiq dövlət katibi Pompeo hökumətlə müqavilə imzalamış və bir neçə aydan sonra həqiqətən də Belarusa ucuz qiymətə neft göndərilmişdi.
Pompeonun fevral ayında Minsk səfəri zamanı səsləndirdiyi bu fikirlərdən ABŞ-ın müftə yerə Belarusa ucuz qaz vermədiyi anlaşılırdı: “ABŞ-la Belarus arasındakı iqtisadi əlaqələri prezident Lukaşenko ilə ətraflı müzakirə etdik. Amerika istehsalçıları Belarusa lazım olan nefti 100 faiz nisbətində rəqabətçi qiymətlərlə satmağa hazırdır. Biz dünyadakı ən böyük enerji istehsalçısıyıq. Sadəcə bizə müraciət etmək yetər”. Pompeonun sözlərindən göründüyü kimi, məqsəd region dövlətlərini Rusiyadan ayırmaq idi.
Şirin dilinə salıb 22 il Rusiyadan faktiki müftə neft və qaz alaraq onu aldadan Belarusun ABŞ-la “eşqbazlığı” da uzun sürməyəcəkdi. May ayında ABŞ-la anlaşdığı neftin ilk partiyasını alan Belarus cəmi iki ay sonra prezdent seçkilərinə gedəcəkdi və ölkədə hər şey alt-üst olacaqdı. Ardınca da Rusiyanın himayəsinə sığınan Lukaşenko onun ağır şərtlərini qəbul edəcəkdi. Görünən budur ki, ötən il avqust ayının sonlarında baş tutan bu görüşdən 8 ay sonra Belarus prezidenti artıq hamilik borcunu ödəmək məcburiyyətdədir.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar