Xəbər lenti

 
“ABŞ Prezidenti Baydenin “erməni soyqırımı”nı tanıması, ilk növbədə, bu nəhəng dövlətin həmişə həqiqətə deyil, çox asanlıqla yalana və uydurmalara söykənən siyasəti də dəstəkləyə biləcəyinin barizi göstəricisi sayıla bilər. Bu isə özünü bütün dünyada “ədalətin və həqiqətin qoruyucusu”, “demokratiya keşikçisi” kimi qələmə verən bir dövlətin nüfuzunu yerə çırpır, üzərində durduğunu elan etdiyi təməl bəşəri dəyərləri sarsıdır və ona qlobal inamı heçə endirir”.

Ovqat.com xəbər verir ki, bu fikirləri Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov ABŞ Prezidenti Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərəkən deyib.

Latınlıların məşhur “Həqiqət həmişə birdir, ancaq uyrdurmalar isənilən qədər” atalar məsələni xatırladan İlyas İsmayılov ABŞ-ı öncə həqiqətlə yalanı bir-birindən ayırmağa çağırıb: “Bu məsələdə həqiqət odur ki, Ermənistan Respublikası biz türklərə qarşı dövlət səviyyəsində soyqırım siyasəti həyata keçirir, Azərbaycan torpağında “Artsax” adı altında ikinci bir erməni dövləti yaratmaq istəyir. Uydurmalar isə ermənilərin həyasızcasına, utanmaz-utanmaz və ağlaya-ağlaya özlərini məzlum bir xalq kimi bütün dünyaya sırımalarından, guya, 1915-ci ildə Osmanlı imperiyasının onlara qarşı genosid siyasəti həyata keçirməsi nəticəsində 1 milyon 500 min ermənini məhv etməsindən ibarətdir. Mən inanmıram ki, ABŞ aydın görünən həqiqəti və yalanı bir-birindən ayıra bilməyəcək qədər qüdrətini itirib. Yox, ABŞ prezidentinə bu yalanı müdafiə etmək gərəkdirsə, o halda, mən ona elə Amerika yazıçısı Uilyam Porterin bir məşhur ifadəsini xatırlatmaq istərdim: “Yalan, ola bilsin ki, bir problemi həll etsin, ancaq o, özüylə daha yüz problem gətirəcək.” İndi əmin olun ki, bu yalanı müdafiə də ABŞ-a bundan sonra sayısız problemlər gətirəcək”.

Uydurma “erməni soyqırımı”nın Ermənistanın dövlət siyasəti olduğunu, bütün dünyada təbliğ etiklərini və əsasən də türklərə qarşı qərəzli münasibətləriylə seçilən ölkələrdə qəbul etdirdiklərini deyən İ.İsmayılov bildirib ki, “erməni soyqırımı”nı ilk dəfə 1965-ci ildə Uruqvay tanıyıb: “O vaxt Uruqvayın prezidenti erməni olub, sonralar onu Ermənistan Vatikana səfir də təyin etmişdi. Ancaq gəlin, öncə ona aydınlıq gətirək, görək, genosid – soyqırım nədir və bu anlayış ermənilərə şamil edilə bilərmi? Xatırladım ki, bu anlayış Rafael Lemkin adlı yəhudi mənşəli Polşa vətəndaşı tərəfindən İkinci Dünya Müharibəsindən sonra işlənib hazırlanıb. “Genosid” - yunan sözü olan “genos”, yəni “qəbilə”, “tayfa”, “nəsil”, “xalq”, “millət” və latın sözü olan “saedo”, yəni “öldürürəm” sözündən əmələ gəlib və bəşəriyyət əleyhinə ən ağır cinayət sayılır. Genosid siyasəti ayrı-ayrı insan qruplarının milli, irqi, etnik və dini əlamətlərinə görə məhv edilməsidir. Özü də bu, məhz dövlətin siyasəti olmalıdır. Məsələn, faşist Almaniyasında yəhudilərin məhv edilməsi kimi. “Genosid cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” 1948-ci ildə beynəlxalq Konvensiya da qəbul edilmişdir. 

İndi yaxşı, İkinci Dünya Müharibəsindən sonra əmələ gələn genosid anlayışını 1915-ci ilə aid etmək nə dərəcədə məntiqlidir?”
İ.İsmayılovun dediyinə görə, “erməni soyqırımı”nın uydurma, yalan olduğunu elə erməni alimlərinin özləri də müxtəlif vaxtlarda sübuta yetiriblər: “350 il ərzində Ərzurum əyalətində təhlükəsiz şəraitdə yaşayan ermənilərdən olan, Türkiyədən Ukraynaya köçən, bu yolda bütün ailəsini itirən bir erməninin nəvəsi, özünü tarixi araşdırmalara həsr etmiş, həqiqəti hər şeydən üstün tutan vicdanlı erməni tarixçisi Filip Ekozyants qeyd edir ki, 1915-ci ildə Türkiyədə erməni soyqırımı olmayıb və olmayan şeydə türkləri günahlandırmaq ancaq və ancaq axmaqlıqdır və heç vaxt ermənilərin olmayan torpaqları tələb etmələrinə də son qoyulmaldır.

Ekozyants özü etiraf edir ki, ermənilərin buna nə hüquqi və nə də mənəvi haqqı var. O, türklərin cinayətkar və zülmkar olduğunu bütün dünyaya car çəkməyə də son qoymağın vaxtının çatdığını deyir və bildirir ki, türklər əsla bizim düşmənimiz deyillər, əksinə, Ermənistanın çiçəklənməsi üçün tək yol Türkiyə və Azərbaycanla qardaşlıq münasibətlərinin bərpasıdır.

Ekozyantsın araşdırmalarında vurğulanır ki, müharibə gedən ərazilərdən insanların başqa yerə qaçmaları və köçürülmələri təbiidir, ermənilər də 1915-ci ildə bunu ediblər və yollarda da insanların tələf olması baş verib. Bütün bunlar da qətiyyən soyqırım deyil. Osmanlı imperiyasının da erməniləri qırmaq siyasəti olmayıb. 

Təkrar edirəm: bütün bunları indi Rusiyada yaşayan erməni tarixçisi Filip Ekozyants deyir!

Rusiyanın patriarxı Kiril də Osmanlı imperiyasında erməni genosidinin olmadığını bəyan edib.

Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli R.T. Ərdoğan da bütün beynəlxalq forumlarda Ermənistan dövlətinə müraciət edərək, təklif edib ki, gəlin, həm Osmanlı imperiyasının, həm də Ermənistanın arxivlərini açaq, görək, soyqırım olub, ya olmayıb? Ancaq ermənilər uydurmalarının üzə çıxacağından qorxaraq, bu təklifi qəbul etməyiblər.”

İ.İsmayılov 1 milyon 500 min erməninin öldürülməsi haqda fikrin yalan olduğunu sübut edən ən yaxşı dəlilin də elə erməni tarixçi Filip Ekozyants tərəfindən dilə gətirildiyini vurğulayıb: “Baxın, erməni tarixçi qeyd edir ki, Misirdən Moldovaya qədər olan Osmanlı imperiyasında cəmi 200 min erməni evi olub. Deməli, orada 1 milyon 500 min erməni öldürülə bilməzdi. Odur ki, bu rəqəmi ermənilər əvvəlcə 150 min, sonra 300 mindən çox deyirdilər. İndi də 1 milyon 500 min rəqəmi üzərində dayanıblar. Axı o zamanlar Osmanlı imperiyasında 1 milyon yarım erməni olmayıb? Olmayan bu qədər adam necə öldürülə bilər?!”

İ.İsmayılov hesab edir ki, bütün bu həqiqətlər ortada ola-ola ABŞ Prezidenti Baydenin yalanı müdafiə etməsi onun hələ də ABŞ-dakı erməni lobbisinin təsiri altında olduğunu və türklərə qarşı qərəzli münasibət bəslədiyini göstərir: “Türklərə qarşı belə qərəzli mövqe tutan adam heç vaxt türklərin problemlərinin həllində ədalətli mövqe tuta bilməz və onun bu qərəzli münasibəti Türkiyə və Azərbaycanla bağlı yürüdülən siyasətə də təsir edəcək”.




Ana səhifəyə qayıt        Baxış: 5 958          Tarix: 26-04-2021, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma