Xəbər lenti

 
Dr. Vasif Hüseynov, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AİR Center) baş məsləhətçisi
 
Ötən ilki müharibə ərəfəsi ilə müqayisədə Azərbaycanın indiki mövqeyini fərqləndirən əhəmiyyətli cəhətlərdən biri odur ki, hazırda rəsmi Bakı Qarabağın reinteqrasiyası prosesində güc tətbiqindən imtina edib. 
 
Ovqat.com xəbər verir ki, Avropa İttifaqında yayımlanan KarabakhSpace.eu nəşri belə yazır.
 
BMTM-in eksperti Vasif Hüseynovun qələmə aldığı Rəy: Azərbaycan Qarabağ regionunun reinteqrasiyası prosesində güc tətbiqindən imtina edib” sərlövhəli yazısında bildirilir:
 
“Azərbaycanın 1990 – cı illərin əvvəllərində beynəlxalq aləm tərəfindən tanınmış ərazisinin 20 faizi-Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalından sonra Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə sülh danışıqlarının müddəalarını əsas götürərək, münaqişənin dinc yolla həllinə ümid edirdi. Danışıqların başlanğıcında Azərbaycan xalqına çox vədlər verilmişdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyasının qəbul etdiyi bir sıra qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb olunurdu. Lakin tezliklə məlum oldu ki, nə erməni liderlərinin Qarabağ regionunun onun qanuni sahibinə qaytarmaq planı var, nə də beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərmək istəyir ki, o da bu qətnamələri yerinə yetirsin.
 


Bu, Azərbaycan tərəfinə işğal olunmuş ərazilərini azad etmək üçün lazımi hərbi güc tətbiq etməkdən başqa bir seçim qoymurdu. “Azərbaycan müharibə vəziyyətindədir; müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir; Ermənistan münaqişəni sülh yolu ilə həllindən imtina edərsə, Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla qurtaracaq" -Azərbaycanın münaqişə ilə bağlı rəsmi ritorikası belə idi və 2020 – ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsinə qədər uzun illər ərzində bu arqumentlərə əsaslanırdı. Sentyabrın 27-də erməni təxribatı ilə başlanmış müharibə Azərbaycan ərazilərinin işğalına son qoydu. 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəs haqqında bəyanat imzalandıqdan dərhal sonra Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin dayandırıldığını bəyan etdi.
 
Azərbaycan, mülki əhaliyə təcavüzün dəf edilməsi və təhlükəsizliyinin təmin olunması üçün aparılan əks-hücum əməliyyatlarında beynəlxalq hüquq baxımından Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri ilə yanaşı, özünümüdafiə prinsipinə əsaslanırdı. Beynəlxalq hüququn təcavüz aktı kimi müəyyənləşdirdiyi qanunsuz işğal Azərbaycanın özünümüdafiə hüququnu tam dəstəkləyirdi. Bu hüquq qanuni əsasını Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə qərarında öz əksini tapmışdı. Həmin qərar Ermənistanın qondarma "Arsax Respublikası"nı effektiv nəzarət altına aldığını tanıyıb. Ermənistan hökumətinin danışıqlar imitasiyası və erməni liderlərinin Azərbaycanın işğal olunmuş əraziləri ilə birləşmə çağırışları sülh danışıqlarını tamamilə pozur və bu istiqamətdə beynəlxalq səyləri heçə endirirdi.



 
İkinci Qarabağ müharibəsi zamanı uğurlu hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş bütün ərazilərin hərbi yolla geri qaytarılması üçün unikal və qanuni əsas yaratdı. Düşmənin işğalçı qüvvələrinin hərbi cinayətləri, Azərbaycanın mülki əhalisinə ballistik raketlərlə zərbələr endirilməsi və Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın suveren ərazisindən çıxarmaqdan imtina etməsi Azərbaycanın əks-hücum əməliyyatının hüquqi əsaslandırılması üçün zəmin olmuşdur. Nə beynəlxalq hüquq, nə də yerlərdəki hərbi vəziyyət bunu qadağan etmir və daha geniş geosiyasi reallıqlar Ermənistan tərəfinin tam məğlub olmasına qədər hərbi əməliyyatların davam etdirilməsini şərtləndirirdi. Lakin Azərbaycan hökuməti maksimalist məqsədlər güdməkdən imtina etdi və müharibənin lap əvvəlində vəd etdiyi kimi, Ermənistan hökumətinin öz Silahlı Qüvvələrini  Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ətrafındakı üç rayondan – Kəlbəcər, Laçın və Ağdamdan çıxarmaq barədə öhdəlik götürdüyü an atəşkəslə razılaşdı.
 
Müharibəni başa çatdıran atəşkəs haqqında üçtərəfli Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq Qarabağ regionunda yerləşdirilməli idi. Ya Ermənistan, ya da Azərbaycan bu müddətin bitməsinə altı ay qalmış bu sülhməramlı missiyanın dayandırılmasını tələb etməsə, Rusiyanın sülhməramlılarının regionda ən azı beş il və daha uzun müddət qalacaqları gözlənilir. Regionda atəşkəs rejiminə Rusiya sülhməramlılarının dislokasiya bazasına yaxın yerdə yaradılmış Rusiya və Türkiyə Qüvvələrinin Birgə Monitorinq Mərkəzi nəzarət edir.


 
İşğal olunmuş regionun digər hissələrində olduğu kimi, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əhali Ermənistan Silahlı Qüvvələri tərəfindən öz yurd-yuvalarından zorla qovulmuşdur. Lakin sülhməramlıların nəzarətində olan ərazi sovet dövründə azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşadığı bir yer idi. Azərbaycan hökuməti bu dinc yanaşı yaşayışı bərpa etməyə çalışır və bunun üçün də sülhməramlıların regionda geniş şəkildə yerləşdirilməməsi üçün heç bir bəhanə axtarmır.
 
Aprelin ortalarında Bakıda xarici mütəxəssislərlə beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, gələcəkdə bölgədə sülhməramlılara ehtiyac olduğuna şübhə etdiyini söyləyərək bildirmişdi: “Bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcuddur. Orada sülhməramlılar yoxdur və heç nə baş vermir.”  Amma Qarabağ regionunda sülhməramlıların fəaliyyəti ilə bağlı qalmaqallar, həmçinin bu yaxınlarda Ermənistanın "İsgəndər-M" raketlərini müharibə zamanı Azərbaycan tərəfinə tətbiq etməsinin ifşası bir çox müşahidəçilərə belə bir əsas verir ki, Bakı 2025-ci ildə üçtərəfli bəyanatla nəzərdə tutulmuş beşillik dövrdə sülhməramlı kontingent missiyasını dayandıracaq.
 
Bu mənada Azərbaycanın İkinci Qarabağ müharibəsindən əvvəl və ondan sonra yeritdiyi siyasət arasında mühüm fərqlər mövcuddur. Müharibədən əvvəlki dövrdən fərqli olaraq, Azərbaycan hazırda Rusiyanın sülhməramlı missiyası tərəfindən nəzarət edilən ərazilərin reinteqrasiyasına dair siyasətində güc tətbiqindən rəsmən imtina edib. Bakı Qarabağ regionunda məskunlaşmış erməniləri dinc yolla Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyaya və dinc yanaşı yaşayışı bərpa etməyə çalışır və onlara ölkə vətəndaşları kimi baxır.


 
Prezident Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dəfələrlə "həll olunmuş" problem kimi elan edib, Ermənistan tərəfini qalan mübahisəli məsələlərin sülh yolu ilə həlli üzərində birgə işləməyə çağırıb və Birinci Qarabağ müharibəsindən sonra bloklanmış transsərhəd nəqliyyat və kommunikasiya kanallarının bərpasını tam dəstəkləyib. Ermənistan KİV-də rast gəlinən qorxu təbliğatını rədd edən Prezident Əliyev Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları olmadığını, ikitərəfli münasibətlərin normallaşdırılması və Ermənistanla sülh müqaviləsinin bağlanması üçün əlindən gələni edəcəyini dəfələrlə vurğulayıb. Azərbaycan gözləyir ki, Ermənistan tərəfi analoji mövqe tutsun, qisasçılıq ritorikasından əl çəksin, regionda sülh və sabitliyi bərpa etməyə çalışsın.

Tərcümə etdi: Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 5 006          Tarix: 28-04-2021, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma