Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Qırğızıstan-Tacikistan sərhəddində dünən baş verən insident zamanı ən azı 6 nəfər ölüb, 115 nəfər isə yaralanıb. Həyatını itirənlərdən biri 12 yaşlı qız uşağıdır.
Ovqat.com xəbər verir ki, Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, insident zamanı 84 qırğız vətəndaşı yaralanıb, 3 nəfər isə ölüb.
Tacikistan tərəfində isə yaralananların sayı 31, ölənlərin sayı isə 3 nəfərdir.
Hadisə su bölgüsü üstündə çıxıb. Bildirilir ki, sovet hakimiyyəti illərində Qırğızıstan və Tacikistan sərhəddində İsfar çayının yuxarı hissəsində inşa olunan "Baş" supaylayıcı məntəqəsində su bölgüsü hər yaz və yay aylarında ciddi narazılıqlara yol açır. Taciklər qırğızları nəzarətlərində olan supaylayıcı məntəqənin suyunu ədalətli bölməməkdə ittiham edirlər. Bu il guya bu “ədalətsiz” bölgünü aradan qaldırmaq üçün supaylayıcı məntəqənin üzərində müşahidə kamerası quraşdırmağa çalışıblar. Taciklərin özgə ərazidə müşahidə kamerası qurmaq cəhdi yerli qırğız sakinlərini qəzəbləndirib. Onlar çay üzərində quraşdırılan kamera dirəklərini dağıdıblar. Taciklər də buna hücumla qarşılıq veriliblər. Əvvəl daşla başlayan dava daha sonra taciklərin ov silahlarından istifadəsi ilə odlu çarpışmaya çevrilib.
Hadisələrin böyüməsi ilə prosesə silahlı qüvvələr də qarışıb. Tacik sərhədçilərin qırğızları atəşə tutduğu, 5 sərhəd zastavasını hücum etdikləri bildirilir. Qırğıstan xüsusitəyinatlıları isə hücumları dəf etdikdən sonra təxribatçı müdaxilənin idarə olunduğu Xoca Alo kəndindəki tacik sərhəd zastavasını ələ keçiriblər. Bəzi məlumatlara görə, zastavadakı əsgər və zabitlər əsir götürülüb.
Hər iki dövlət yetkililərinin təmkinli dialoqları nəticəsində dünən axşamdan sonra gərginlik qismən səngiyib. Amma bəzi müşahidəçilər yaranmış nisbi sakitliyəmüvəqqəti hal kimi baxırlar. Əvvəla, ona görə ki, yaz daha yeni başlayıb. Əkilən ərazilərin suvarılması prosesi zamanı konfliktlər yenidən qızışa bilər.
Üstəlik, Qırğızıstan və Tacikistan sərhədlərində hələ də həllini gözləyən bir çox problemlər var. Məsələ burasındadır ki, iki dövlət arasındakı ümumi uzunluğu təxminən 1000 km olan sərhədlərin yarısı hələ də tam müəyyənləşdirilməyib. Bir çox yaşayış məntəqələri və onların kommunikasiya xətlərinin keçdiyi ərazilər mübahisəli torpaq sahələri sayılır. Bu da qırğızlarla taciklər arasında dünyanın düz vaxtında belə, kiçik insidentlərə yol açır. Bəzən bölgə sakinləri özlərininki hesab etdikləri yollardan keçən “özgə” maşınlarını daşlayır, piyadaları döyürlər. İndisə su üstündə tökülən qanlar tərəflər arasındakı düşmənçilik hisslərini daha qızışdırır və bu da yeni insidentlərin çıxmasına zəmin hazırlayır. Xalqların iç-içə yaşadığı ərazilərdə sərhəd xətlərinin delimitasiyası isə xeyli müşkül məsələyə bənzəyir.
Ən əsası isə, Orta Asiya hazırda beynəlxalq güclərin diqqət mərkəzindədir və Çindən tutmuş ABŞ-a, Rusiyaya qədər bütün geosiyasi oyunçular bu əraziləri ələ keçirməyə çalışırlar. Xatırladaq ki, həm Qırğıstan, həm də Tacikistan hazırda Rusiyanın təsir dairəsindədir və Moskvanın NATO-su kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər. Bununla belə, sovet hakimiyyəti illərində qəsdən süni prinsiplər üzərində qurulan həssas dəngələr Orta Asiyanın istənilən an ciddi konfliktlərin mərkəzinə çevirə bilər. Sovet hakimiyyəti Orta Asiyanı bir neçə respublikaya bölməklə onları yalnız sərhədlərin o qədər də əhəmiyyət daşımadığı eyni ittifaq içərində dinc yaşaması, ittifaqdan ayrılacaqları təqdirdə isə bir-birinin qanına susaması prinsipinə uyğun şəkildə dizayn edib. Görünür, məhz bu səbəbdən də dövlət sərhədlərini müxtəlif millətlərin birgə yaşadıqları ərazilərin tam ortasından keçirib, çoxsayl anklav və eksklavlar yaradıb. Bu da istənilən an həmin bölgələrdə ciddi qarşıdurmaların yaşanmasına şərait yaradır.
Orta Asiya son zamanlar Rusiya, Çin, Türkiyə və İran arasında da maraqların toqquşduğu bölgə halına gəlib. Bu da regionun qarışdırılması üçün münbit şərait yaradır. İqtisadi cəhətdən getdikcə tənəzzülə uğrayan Rusiyanın bölgədə təsir dairəsi zəiflədikcə, Çinin bu ərazilərə iddiaları artır. Pekin böyük maliyyə dəstəyi və ucuz kredit siyasəti ilə Orta Asiyanın idarəçi sinifini öz ətrafına çəkməyə çalışır. Bu ölkələrinin xalqları isə Çinin təklif etdiyi maliyyə imkanlarından faydalana bilmədiklərindən ölkələr arasında yaranan iqtisadi əlaqələrdən o qədər də məmnun deyillər. Bir çox hallarda ən bərəkətli ərazilərin Çin investorlarının əlinə keçməsi yerli xalqları onsuz da yetərli olmayan əvvəlki imkanlardan da məhrum edir, ərazilərinin səssiz işğalı assosasiyası yaradır. Pekin istəsə belə, Orta Asiyada özünün yumşaq gücünü formalaşdıra bilməmək problemi ilə üz-üzədir. Belə vəziyyətdə region insanları vəziyyətdən çıxış yolunu digər aktorlarda görürlər.
Əhalisinin böyük əksəriyyəti Türk xalqlarından təşəkkül tapan Orta Asiya insanlarının Türkiyəyə meyli daha qabarıq şəkildə özünü göstərir. Əslində Ankara da bunun fərqindədir və bir çox layihələrlə bu gözləntilərə cavab verməyə çalışır. Son zamanlar onun “Türk Birliyi” ideyası ilə regionda təsir gücünü artırması bu mənada təsadüfi görünmür. Türkiyə yalnız Türk xalqlarını deyil, digər millətləri də bu inteqrasiya prosesinə cəlb etməyə səy göstərir. Xüsusilə tacikləri və əfqanları nəzərə alan “Asiyanın Ürəyi-İstanbul Prosesi” layihəsi bu istiqamətdə atılan ilk addımlardandır. 9 il əvvəl Əfqanıstanla Türkiyənin təşəbbüsü ilə yaradılan, sonuncu sammiti 1 ay əvvəl Tacikistanın paytaxtı Duşənbədə keçirilən bu təşəbbüs gücləndikcə, təbii ki, regionda gözü olan digər aktorların qıcıqlanmaması mümkün deyil. Əsasən də Çin və Rusiya Türkiyənin regionda aktivləşməsini iki dövlət arasında bufer zona yaradılması cəhdi kimi alqılaya bilərlər. Zənnimcə, Orta Asiyanın yeni konflikt ocağına çevrilməsinin altında yatan başlıca səbəb elə bununla bağlıdır.
İran da Orta Asiyaya açılmaq istəyən dövlətlərdəndir. Bu dövlət milli kimlikdən çox coğrafi amillərə üstünlük verir. Orta Asiyanın açıq dənizlərə ən qısa yolu İran üzərindən Hind okeanına keçiş olmasını əlində rəhbər tutan İran Xarici İşlər nazirinin bu yaxınlarda Orta Asiyaya səfər etməsi və region dövlətlərini Yeni Dəniz İpək yolu (Bir Kəmər, Bir Yol) projesinə qoşulmağa səsləməsi də iddialarımızı təsdiqləyir.
ABŞ və Avropanın bəzi ölkələri də Orta Asiya ilə bağlı öz planlarını hazırlaya və ya beynəlxalq oyunçulardan birinin layihəsini dəstəkləyə bilərlər. Zənnimcə, indiki vəziyyətdə Vaşinqton üçün ən optimal variant Türk Biliyini dəstəkləməkdir. Çünki bu projenin həqiqən də ABŞ-ın iki nəhəng rəqibi, hətta düşməni olan Rusiya və Çin arasında ən yaxşı bufer zonaya çevrilmək ehtimalı var.
Bir sözlə, Orta Asiyada geosiyasi dəngələrin dəyişməsi bölgəni əldən çıxarmaq istəməyən dövlətləri müxtəlif təxribatlara əl atmağa vadar edir. Təxribat məkanı olaraq Qırğıstan və Tacikistanın seçilməsi də, zənnimizcə, təsadüfi deyil. Hər iki ölkənin su üstündə qarşı-qarşıya gəldikləri coğrafiya çox həssas məkanda – Fərqanə vadisində yerləşir və burada qopan kiçik bir qığılcım qısa zamanda bütün Orta Asiyanı atəş çəmbərinin içinə ata bilər.
Əsasən Qırğıstan, Özbəkistan və Tacikistanın arasında bölüşdürülən bu vadi həm də Orta Asiyanın əsas su qaynağı hesab olunur. Bu gün ekoloji ölümlə üz-üzə dayanan Aral gölünü də bəsləyən iki çaydan biri Amudərya suyunun 80%-ni Tacikistan dağlarından alır. Sırdərya isə Qırğızıstandan mənşəlidir. Orta Asiyanın bütün aqrar sektoru da məhz bu çayların suyuna möhtacdır.
Di gəl ki, əslində vahid bir coğrafiya kimi xəlq olunan və vaxtilə Türküstan, yaxud Turan adlanan bu ərazilər sovet hakimiyyəti dövründə 5 ölkəyə parçalandı. Nəticədə hər ölkənin özünə məxsus iqtisadiyyatı formalaşdı. Hazırda Türkmənistan və Qazaxıstan yeraltı sərvətləri, Qırğızıstan, Tacikistan isə su ehtiyatları ilə zəngindir. Özbəkistana gəlincə, o, Orta Asiyanın iki əsas su qaynağı sayılan Amudərya və Sırdəryanın keçdiyi ərazi olması ilə seçilir və ölkənin bütün kənd təsərrüfatı sektoru həmin çaylardan qidalanır.
Sovet hakimiyyəti illərində bu coğrafiya eyni imperiyanın ərazisi olduğundan vahid iqtisadi əlaqələri davam etdirir və zahirən heç bir problem yaşanmırdı. SSRİ dağıldıqdan sonra Qazaxıstan və Türkmənistan yeraltı sərvətlərini heç kiminlə bölüşmədən özünə xərclədi. Özbəkistan da yeri gələndə qaz hasilatı ilə məşğuldur və istər öz daxili tələbatını ödəyə, istərsə də artıq qalanını satıb gəlir əldə edə bilir. Beləcə Orta Asiyanın ən kasıb ölkəsi vəziyyətinə düşən Qırğıstanla Tacikistan su ehtiyatlarını dividentə çevirməyə çalışırlar. Hər iki ölkə Orta Asiyanın əsas su ehtiyatlarından təkcə su kimi yox, həm də enerji mənbəyi kimi istifadə edir. Amudərya və Sırdərya üzərində qurulan hidroelektrik stansiyaları isə digər ölkələrin – Özbəksitan, Qazaxıstan və Türkmənistanın su təchizatını azaldır, nəticədə ölkələr arasında təbii ziddiyyətlər meydana gəlir. Qazaxıstan və Özbəkistan həmin iki çayın bütün Orta Asiyaya aid olduğunu xatırladır, dolayısıyla qonşularının acgözlüyünü qınayırlar. Qırğızıstan və Tacikistan isə bu ölkələrə izah edə bilmirlər ki, axı ümumi coğrafiyadan söhbət gedirsə, onda sizin ayağınızın altında yatan enerjidə bizim də payımız var. Zəhmət çəkin, elektriki bizə ucuz satın ki, biz də suyu enerjiyə çevirməyək, siz də qida təhlükəsizliyi problemi yaşamayasınız.
Məsələ bununla da bitmir. Dərd burasındadır ki, Sovet hakimiyyəti illərində Fərqanə vadisi bölgə dövlətləri arasında elə bölünüb ki, Rusiya istənilən an orda konflikt ocaqları yarada bilər. Hal-hazırda Fərqanə vadisində ümumilikdə doqquz eksklav mövcuddur. Yəni dövlət əraziləri pazl parçaları kimi bir-birilərinin içinə keçirilib. Qırğızıstanda Özbəkistanın 5 eksklavi - Soh, Şahimərdan, Taş-Dibi, Çon Qara, Tayan, Qırğızıstanın Özbəkistanda 1 eksklavı - Barak, Tacikistanın Özbəkistanda 1 eksklavı - Sarvan, Qırğızıstanda isə 2 eksklavı - Vorux və Qərbi Qalaça adlı ərazi var. Beləcə, Orta Asiyanın tam mərkəzində Rusiyanın ürəyi sıxılanda fitilini yandıra biləcəyi 9 bombası öz atəşini gözləyir. Dünən hadisələrin çıxdığı Batken bölgəsi də elə Qırğıstanın Soh, Tacikistan Vorux, Özbəkistanın Şahimərdan anklavının tam ortasında yerləşir. Bu da onu düşünməyə əsas verir ki, Rusiya deyəsən, Fərqanə vadisindəki bombalarının fitilini yandırmağa hazırlaşır.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar