Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
ABŞ Prezidenti Co Bayden hakimiyyət sükanını ələ aldıqdan sonra ilk dəfə xarici səfərə çıxıb.
Ovqat.com-un məlumatına görə, Bayden ilk səfərini dünən Böyük Britaniyaya edib.
ABŞ-dan "907"-i muştuluğu
Bütün prezidentlərin ilk səfərinin rəmzi məna daşıdığını və strateji müttəfiq kimi gördüyü həmin dövlətlə eyni cizgidə yürüyəcəyi mesajını verdiyini nəzərə alsaq, Baydenin dünya turuna Londondan başlaması bir çox qaranlıq mətləblərə də aydınlıq gətirir. Belə məlum olur ki, Vaşinqton ən azı növbəti 4 ildə Londona yaxın xarici siyasət yürüdəcək. 44 günlük savaşda Londonun BMT TŞ-da Azərbaycanın haqq mübarizəsinə ən böyük töhfə verdiyini – Fransanın ermənipərəst qətnamə layihəsinə veto qoyduğunu nəzərə alsaq, Co Baydenin bu səfər ismarışı rəsmi Bakı üçün də xeyli manidardır və ABŞ-ın yeni prezidenti üzərində yaradılan ermənipərəst imicinin çox da sağlam təməllərə söykənmədiyinin işarələrindən biri kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, bir neçə ay əvvəlki tarixi çıxışında “erməni soyqırımı”nı tanımasına baxmayaraq, Co Bayden daha sonra atdığı bir sıra addımlarla İrəvanı dərin məyusluğa qərq etmişdi. ABŞ administarsiyası Co Baydenin həmin çıxışından dərhal sonra Azərbaycana yardımları qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin hökmünü müvəqətti olaraq dayandırmışdı. Və bunun “muştuluğu” birbaşa Dövlət Departamentinin sədri Antoni Blinken tərəfindən Azərbaycan prezidentinə çatdırılmışdı. ABŞ bununla da Azərbaycana lazım gələrsə, öz suverenliyini qorumaq üçün lazımi maddi dəstəklər verəcəyinə eyham vurmuşdu.
Daha sonra erməni lobbilərinin Dağlıq Qarabağdan didərgin düşənlərin nəfinə 100 milyon dollar ayırmaq tələbi də yerinə yetirilməmiş və bu məqsədlə sadəcə 24 milyon dollar ayrılmışdı. Bunun əvəzində isə Azərbaycan ordusuna 120 milyon dollarlıq silah verilməsi qərarlaşdırılmışdı. ABŞ-dakı Erməni Milli Konqresi bu qərardan qəzəblənərək Konqresinə müraciət ünvanlamış, Ağ evin təkliflər paketinin rədd olunmasını, Ermənistana və Qarabağa ciddi yardım göstərməsini tələb etmişdi.
“ABŞ neftlə zəngin Azərbaycana 120 milyon dollardan artıq hərbi yardım göndərir, lakin Azərbaycan hərbçiləri tərəfindən zorla köçürülmüş 100 mindən artıq erməni ailəsi üçün bu məbləğin yalnız kiçik bir hissəsini təklif olunur”, - müraciətdə belə deyilirdi.
Baydenin Avropa turu çərçivəsində dilə gətirdiyi bəzi fikirlər də rəsmi Bakını xeyli ümidləndirəcək mahiyyətdədir. Gəlin, konkert hökm çıxarmadan sadəcə Baydenin Avropa səfərinə və bunun qardaş Türkiyədə doğurduğu əks-sədalara ötəri nəzər salaq.
Baydenin səfər protokolundakı ardıcıllıq
Kornvall kurort şəhərində keçirilən G7 sammitində iştirak etmək üçün İngiltərəyə gedən Baydenin bu gün Böyük Britaniyanın Baş naziri Boris Consonla, 13 iyun tarixində isə kraliça II Yelizaveta ilə görüşəcəyi gözlənilir. Ayın 14-də isə Brüsselə yollanan ABŞ prezidenti NATO Zirvəsinə qatılacaq. Onun sammitdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk dəfə üz-üzə görüşəcəyi bildirilir. Ertəsi gün 15 iyunda Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Aİ sammitində iştirak edən Bayden bir gün sonra İsveçrənin Cenevrə şəhərinə yollanacaq və Rusiyalı həmkarı Vladimir Putin ilə bir araya gələcək.
Baydenin bu səfər çərçivəsində keçirəcəyi görüşlərin ardıcıllığına nəzər salanda Türkiyəli həmkarına da ön sıralarda yer ayırması hakim qənaət kimi önə sürülən Vaşinqton-Ankara arasındakı ziddiyyətin düşünüldüyü qədər kəskin olmadığını göstərir. Təsadüfi deyil ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da dünən “TRT Haber”-ə verdiyi müsahibəsində bu ehtimalı təsdiqləyən açıqlamalar verib. O bildirib ki, ABŞ Türkiyə ilə yalnız Liviya və Suriyada deyil, Aralıq dənizindən Qara dənizə və Qafqaza qədər bir çox coğrafiyalarda əməkdaşlıq etməyə hazırdır. Çavuşoğlu onu da etiraf edib ki, ABŞ ilə Türkiyə arasında əsas ziddiyyətlərdən biri, Ankaranın Rusiyadan S-400 müdafiə sistemləri almasıdır və bu məsələ isə artıq bitib: "ABŞ qəbul etməlidir ki, Türkiyə Cümhuriyyəti yalnız bir dəfə başqa bir ölkədən bir müdafiə sistemi alıb. Bu da artıq bitib. Bundan sonra Türkiyə öz hava hücumundan müdafiə sistemini istehsal etməyə başlayacaq. Bu hədəfə çatana qədər isə belə bir müdafiə sisteminə ehtiyacımız var. ABŞ-ın bundan sonra satın alacağımız hərbi texnikalarla əlaqədar bizimlə əməkdaşlıq etməsi və buna qarantiya verməsi lazımdır".
Türkiyənin Xarici İşlər naziri xatırladıb ki, ABŞ-ın “Patriot” müdafiə sistemləri daha bahalı olmasına baxmayaraq, Ankara məhz onu almaq istəyirdi. Amma Vaşinqton bu istəyə isti baxmadığı üçün Türkiyə də Rusiyadan S-400 almaq məcburiyyətində qalmışdı. Dolayısıyla, Vaşinqton bu məsələdə Ankaranı yox, özünü günahlandırmalıdır.
"Türkiyə olaraq, keçmişdə “Eurosam” ilə satınalma və ortaq istehsal mövzusunda bir niyyət protokolu imzalamışdıq. Bunu yenidən canlandıra bilərik. Alacağımız müdafiə sisteminin mütləq “Patriot” olması da şərt deyil. ABŞ “Patriot”la bağlı zəmanət vermirsə, biz digər müttəfiqlərimizdən hava müdafiə sistemlərini ala bilərik",-deyən Çavuşoğlunun bu sözlərindən də aydın görünür ki, Ankara Rusiya ilə əlaqələrini NATO müttəfiqliyinə qurban vermək arzusunda deyil və Alyansın ikinci böyük qüvvəsi kimi hər zaman birgə fəaliyyətə hazırdır. Yetər ki, müttəfiqlər də bu əməkdaşlıqda səmimi olsunlar və Türkiyənin maraqlarına hörmətlə yanaşsınlar.
Ankaranın cizgisi
Çavuşoğlunun sözlərindən belə anlaşılır ki, Obama hakimiyyətinin son dövründə və Tramp hakimiyyəti zamanında NATO qüvvələri arasındakı ziddiyyətlər artıq öz həllini tapır, xüsusilə Türkiyəyə qarşı təcridetmə siyasəti ortadan qalxır. Hətta Türkiyə ilə münasibətlərə görə “NATO beyin ölümü keçirib, Avropa özünün ortaq ordusunu qurmalıdır”,- deyən Makron hökuməti belə Türkiyə cizgisinə yaxınlaşmaq ərəfəsindədir və Şimali Afrikada Ankara ilə əməkdaşlığa hazırdır: “Fransa da artıq Afrika mövzusunda bizimlə məsləhətləşmək istəyir. Bu yaxşı hadisədir. Biz heç kimə rəqib kimi baxmırıq və Afrikada heç kimlə rəqabət aparmırıq. Türkiyə ordakı mövqeyini güclənməsi və əhəmiyyətli bir aktyor kimi görünməsi vacibdir. Məsləhətləşmə sahələrini inkişaf etdiririk”.
Çavuşoğlu Türkiyənin də NATO müttəfiqləri, özəlliklə ABŞ qarşısında müəyyən tələblərinin olduğunu bildirib. Onun fikrincə, bunlardan ən əhəmiyyətlisi FETÖ-nün Vaşinqton tərəfindən dəstəklənməsidir. Digər məsələlərdə, xüsusilə Suriya, Liviya, Qara dəniz, Qafqaz və ölkələrarası ticari münasibətlərin genişləndirməsi kimi mövzularda ABŞ-ın da Türkiyə cizgisinə yaxınlaşdığını və hətta əməkdaşlıq etmək istədiyini vurğulayıb.
Geosiyasi qütblərin qırılma nöqtəsi və Turan
Bütün bu faktlara diqqət yetirəndə ABŞ prezidentinin NATO sammitinə yeni strateji layihə ilə gəldiyi və müttəfiqləri eyni hədəfdə birləşdirərək, Türkiyənin Yaxın Şərq, Qara dəniz və Qafqaz siyasətini kollektiv şəkildə dəstəkləməyə çalışacağı məntiqi ortaya çıxır. Bu isə sözügedən coğrafiyaların Rusiya təsirindən çıxarılması anlamına gəlir. Co Baydenin səfərə Böyük Britaniyadan başlaması da bu mənada təsadüfi görünmür. Zira London son hərbi doktrinasında Vaşinqtondan fərqli olaraq, Rusiyanı əsas düşmən kimi göstərmiş, Çini isə “yeni texnologiyaları oğurlayıb” özünə iqtisadiyyat düzəldən zəif rəqib kimi qiymətləndirmişdi. Co Baydenin 14 iyunda keçirilən NATO sammitində müttəfiqlərin və 15 iyunda Avropa İttifaqının da mövqeyini öyrəndikdən sonra ertəsi gün Rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırlaşması bu konteksdən baxanda anlaşılandır. Belə görünür ki, Co Baydenlə Vladimir Putin arasındakı görüş o qədər də asan keçməyəcək və bəlkə də dünyanın iki qütbü arasında qırılma nöqtəsinə çevriləcək.
Dünən Londonda jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti bu yöndə açıqlamaları ilə yadda qalıb. O, "Əski ABŞ-ın geri döndüyünü və dünya demokratiyalarının ən sərt çağırışları və ən vacib mövzularda birlikdə hərəkət edəcəyini” açıq şəkildə ifadə edib və Rusiya lideri Putinlə təmasları çərçivəsində də bu məsələləri güclü şəkildə dilə gətirəcəyini bildirərək deyib: "Ona bilməsi gərəkənləri söyləyəcəyəm".
“Putinin bilməsi gərəkənlər”
Bəs, Baydenin fikrincə, “Putinin bilməsi gərəkənlər” nədən ibarətdir?
" ABŞ, Avropa və digər yerlərdə demokratiyanın suverenliyini pozmağın hansı nəticələr doğuracağını ona çatdıracağam", - Baydenin fikrincə, Putinlə görüşünün əsas tezislərini bu cümləyə sığışdırmaq olar. ABŞ-ın Rusiya ilə gərginlik axtarmadığını, "sabit, proqnozlaşdırıla bilən bir münasibət" istədiyini qeyd edən prezident, bununla belə, Moskvanın ərköyünlüyünə dözmək fikrində olmayacaqlarını da diqqətə çatdırıb: "Ancaq Rusiya hökumətinin zərərli fəaliyyətilə qarşılaşsaq, Amerika Birləşmiş Ştatlarının buna qəti və mənalı cavab verəcəyi məsələsində konkret mövqeyimiz var və bunu artıq göstərmişik".
ABŞ Prezidenti Londonda Vaşinqtonun transatlantik ittifaqa bağlılığının "qaya kimi möhkəm" olduğunu vurğulayaraq, bu mövqedən geri çəkilməyəcəkləri mesajını da Kremlə göndərməyə ərinməyib. Qısası, Baydenə inansaq, beynəlxalq arenada əsl həngamə 16 iyundan sonra qopacaq.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar