Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
NATO-nun son liderlər zirvəsinin gündəliyində ilk baxışdan 2, əslində isə 3 ciddi məsələ vardı. Bunlardan ikisi Çin və Rusiya, digəri isə Türkiyə ilə bağlı məsələlər idi. Alyans ilk iki dövləti əks hədəf kimi gündəliyə salsa da, ən böyük subyektlərindən biri olan Türkiyə ilə münasibətləri tənzimləməyi qarşısına məqsəd qoymuşdu.
Bu məqsəd istər sammitin yekun bəyanatında, istərsə də ABŞ prezidenti Co Baydenin Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğana ayırdığı diqqətdə öz əksini tapırdı. Xatırladaq ki, sammitin yekun bəyanatında ən azı 3 maddə birbaşa Türkiyəyə həsr olunmuş, onun təhlükəsizliyi və müdafiəsi xüsusi prioritet kimi vurğulanmışdı.
Həmin maddələrdə deyilir:
“*Türkiyə üçün təhlükəsizlik tədbirlərinə töhfəmizi artırdıq. Biz onun tam həyata keçirilməsinə sadiqik.
* Suriyadakı Əsəd rəhbərliyi öz xalqına qarşı raketlərdən istifadə edir. Suriyadan Türkiyəni vura biləcək və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq olmağa davam edirik.
* Müttəfiqimiz olan Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyi üçün minnətdarlığımızı təkrarlayırıq”.
Bir sıra maddələr isə birbaşa olmasa da, dolayısıyla Türkiyə ilə əlaqədardır. Xüsusilə NATO-nun Rusiya ilə münasibətlərini nəzərdə tutan Qara dənizlə bağlı maddələrdə qarşıya qoyulan hədəflərin Türkiyəsiz həyata keçirilə bilməyəcəyi açıqdır. Qara dənizin NATO-nun “qapalı gölü”nə çevrilməsi, Rusiyanı bu su hövzəsində küncə sıxışdırılması NATO-nun bölgədəki ən güclü müttəfiqi olan Türkiyədən birbaşa asılıdır. Zira Qara dənizə dünya okeanlarından yeganə giriş qapısı Türkiyədəndir. NATO-nun digər Qara dəniz üzvləri olan Bolqarıstan və Rumıniya kimi ölkələri isə Rusiya donanması qarşısında duruş gətirəcək gücdə deyillər.
Üstəlik, bölgənin digər iki ölkəsi Ukrayna və Gürcüstan alyansa üzv olarsa, Qara dəniz “rus gölü” olmaqdan qurtular və NATO-nun tam nəzarətinə keçər. NATO-nun bu barədə son qərarını verməsinə isə Moskvanın səbrlə yanaşmayacağı açıqdır.
Təsadüfi deyil ki, məlum sammitdən 5 gün əvvəl “Rosiya-1” telekanalına müsahibə verən Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmasına laqeyd qalmayacağını bildirmiş, bunu Xarkovdan atılacaq raketin 7-10 dəqiqəyə Moskvaya çatma ehtimalı ilə əlaqələndirmişdi. Rusiya liderinin sözündən belə çıxmışdı ki, ölkəsinin təhlükəsizlik maraqları Moskvanı sərt addımlar atmağa şövq edə bilər. Belə bir vəziyyətdə NATO üzvləri Ukrayna və Gürcüstanın təhlükəsizliyini düşünməli, bunu bölgənin ən güclü ortağına həvalə etməlidirlər. Türkiyənin hər iki ölkə ilə bağlı yürütdüyü siyasətə nəzər salanda NATO üzvləri arasında Ankaranın həmin ölkələrə xüsusi diqqət ayırdığını görə bilərik.
2008-ci ildə Rusiya Gürcüstanın bəzi bölgələrini işğal edəndən sonra Türkiyənin bu ölkədə iki güclü hərbi baza qurduğu və gürcü hərbçilərə xüsusi təlimlər keçdiyi bəllidir. Tbilisi NATO-ya üzv olacağı təqdirdə Rusiyadan gələcək ilk təxribat zərbələrinə məhz bu bazalar sayəsində cavab verə bilər. Sonrası isə alyansın 5-ci maddəsinə nə qədər sadiq qalıb-qalmayacağına bağlıdır.
Türkiyənin xüsusilə Ukraynaya ciddi dəstək verdiyi də gözlərdən yayınmır. 44 günlük savaşda rus hərbi texnikasını kibrit qutusu kimi darmadağın edən “Bayraktar TB-2” silahlı dronlarını simvolik qiymətə Kiyevə satan Ankara bu addımı ilə Moskvada böyük narazılıqlara səbəb olmuş və Rusiya ilə münasibətləri xeyli gərginləşdirmişdi. Eyni silahları Kalininqrad uğrunda döyüşə hazırlaşan Polşaya da satması Türkiyənin istənilən ssenarini nəzərdən keçirdiyinə dəlalət edir.
NATO-nun son liderlər zirvəsinə damğasını vuran Çinlə münasibətlərdə də Türkiyədən böyük qatqılar gözlənilir. NATO-nun son zirvə bəyannaməsinin böyük əksəriyyətinin həsr olunduğu Çin məsələsində Türkiyənin adı konkret çəkilməsə də, liderlərin çıxışında bu, aydın sezilirdi. Belə ki, liderlərin, xüsusilə Co Baydenin Əfqanıstan məsələsində Türkiyənin yardımına böyük ehtiyac duyduqlarını açıq şəkildə Ankaranın nəzərinə çatdırdıqlarını Rəcəb Tayib Ərdoğan sammitin sonundakı çıxışında açıq şəkildə vurğuladı. O, Türkiyənin bu məsələni nəzərdən keçirə biləcəyini istisna etmədi. Fəqət bunun üçün müəyyən şərtləri də var. Şərtlərdən biri NATO-nun bu işə ciddi maliyyə və logistik dəstək verməsi, digəri isə Ankaranın Əfqanıstanda istədiyi qrupu seçmək və onun işləmək imtiyazının olmasıdır. Rəcəb Tayib Ərdoğan Əfqanıstanda Taliban rejimini nəzərə almadan heç bir uğurlu nəticəyə varıla bilməyəcəyini söyləyərək faktiki öz potensial yerli tərəfdaşını da gizlətmədi.
Sual oluna bilər: Əfqanıstanın, xüsusilə Taliban rejiminin Çinlə nə əlaqəsi var?
Əlbəttə, hər hansı birbaşa əlaqəsi yoxdur. Fəqət Talibanın Əfqanıstan tərəfindən yaradıldığını və İslamabadın indi belə, həmin təşkilat üzərində güclü nəzarətinin olduğunu nəzərə alsaq, bu dolaylı əlaqələrin müəyyən konturları su üzünə çıxır. Məlum olduğu kimi, Əfqanıstanın himayəçisi kimi çıxış edən Pakistan Hindistana qarşı Çin tərəfindən müdafiə olunur. Hindistan Pakistanın hərbi və siyasi düşməni, Çinin isə iqtisadi rəqibidir. ABŞ-ın Çin təsirini azaltmaq üçün Hindistanı dəstəkləməsi, Pekinin də özünə müttəfiq aramasına yol açır. Onun bu sahədə ən yaxşı və səmimi müttəfiqi isə, sözsüz ki, Pakistan ola bilər.
ABŞ-ın 20 ildən sonra Əfqanıstanda məğlubiyyətini etiraf edərək çəkilməyə razı olması da əslində əslində Pakistan sayəsində baş vermişdir. Nədən ki, İslamabad bu 20 il müddətində Talibana dəstəyini çəkməmiş, hətta ABŞ-ın bölgədə ən güclü zamanlarında belə Taliban Əfqanıstanın 1\3-nə nəzarət etmişdi. Təbii ki, bu uğurda Çinin də Əfqanıstana maddi və mənəvi dəstəyinin böyük rolu olmuşdur.
NATO-nun qarşıdakı 10 il müddətində Çini super hərbi qüdrət kimi zərərsizləşdirmək səyləri Pekinin potensial müttəfiqlərini öz tərəfinə çəkməsi ilə mümkündür. Bu siyasət həm Rusiya, həm Pakistan, həm də Türkiyə ilə müttəfiqlik münasibətlərini gücləndirməkdən keçir. Alyansın 70 illik ən “qoca” üzvlərindən olan Türkiyənin Pakistanı Çin cizgisindən ayırmaq üçün həqiqətən də ciddi imkanları var. Hər iki ölkənin islami dəyərlərə bağlı olması və tarixən bir-birinə yaxın siyasətlər yürütməsi, hətta Osmanlının dağıldığı dövrlərdə qardaş ölkəyə ən böyük dəstəyin Pakistandan (o zaman Hindistan müsəlmanları) gəlməsinin yaratdığı tarixi şüur Ankaranın bu sahədə əlini gücləndirir. Amma təbii ki, Ankara da NATO-dan və onun aparıcı gücü ABŞ-dan lazımi dəstəklər almalıdır. Bu dəstəyin başında isə Qərbin xristian klubu olmaq xislətindən vaz keçməsi, İslam dünyasına daha yaxın siyasət formalaşdırması, ən əsası isə Pakistanın Çindən aldığı maddi və mənəvi dəstəyi artıqlaması ilə təmin etməsi gəlir. ABŞ-ın bu məsələdə ondan gözlənilən addımları atması isə asan olmayacaq. Ən azı ona görə ki, Əfqanıstanı, Pakistanı və Türkiyəni qazanmaq üçün özünün Hindistan siyasətindən vaz keçməlidir. Başqa sözlə, bir əldə 2 qarpız tutmaq olmaz. Həm də elə bir zamanda ki, qarızların biri əslində 3-dür və eyni torbada qoltuqda tutulmağa çalışılır.
NATO-nun Çinlə münasibətlərinin müəyyənləşməsində ən mühüm problemlərdən biri də Avropa ölkələrinin ABŞ-la eyni təhdid anlayışına sahib olmamalarıdır. Belə ki, ABŞ haqlı olaraq Çini özünün hərbi və iqtisadi rəqibi kimi gördüyü halda, Avropa ölkələri, hətta Vaşinqtonun ən yaxın müttəfiqi Böyük Britaniya belə bu məsələyə tərəddüdlə yanaşırlar. Çinin getdikcə böyüyən nüfuzu, Şərqi Avropanın bəzi ölkələrini öz nəzarəti altına alması Qərbi ciddi şəkildə narahat etsə də, onunla əməkdaşlıq imkanlarını da itirmək istəmirlər. Çünki Çin dünyanın ən iri bazarıdır və qarşılıqlı münasibətlər Avropaya böyük iqtisadi dividentlər qazandıra bilər. Təsadüfi deyil ki, Böyük Britaniyanın bu il açıqlanan hərbi doktrinasında Rusiya düşmən, Çin isə rəqib kimi göstərilmişdi. Fransa prezidenti Emmanuel Makron da Çin ilə əlaqələri yalnız “hərbi ölçü" ilə dəyərləndirməməyi, onunla əməkdaşlıq imkanlarının olduğunu düşünür və bunu açıq şəkildə dilə gətirir. Avropanın digər böyük gücü Almaniya hökuməti də təxminən eyni görüşdədir. Angela Merkel NATO sammiti ərəfəsində verdiyi açıqlamalarının birində “Çin təhdidinin şişirdildiyini, bu ölkənin bəzi məsələlərdə rəqib, bəzi məsələlərdə isə ortaq" olduğunu vurğulayıb. Şərqi Avropa ölkələri isə iqtisadi əməkdaşlıq alternativi baxımından daha çox Çinpərəstdirlər. Bu mənzərə qarşısında çarəsiz qalan Co Baydenin son sammitdə Çinlə bağlı məsələləri gələcək illərə saxlayaraq, Rusiya ilə münasibətlərə aydınlıq gətirməyə yönəldiyi bildirilir. Onun bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının da məhz bu məqsəddən irəli gəldiyi düşünülür.
Yuxarıda da qeyd etdiyimiz kimi, əslində Bayden üçün ən uyğun variant Rusiyanı Çindən ayırıb Avropaya inteqrasiyaya cəlb etməkdir. Amma Rusiyanın indiki halı və post-sovet məkanında at oynatması, ən əsası isə region ölkələrində özünün “sülhməramlı” hərbi bazalarını yaratması Vaşinqtonu qane etmir. Bu, Rusiyanın ciddi təhlükə kimi özünü qoruması perspektivini artırır və Vaşinqtonun maraqlarına cavab vermir.
Müşahidəçilərin fikrincə, Çinlə inteqrasiya Rusiya üçün də böyük risklər daşıyır. İqtisadi cəhətdən özünü yeniləşdirə bilməyən, ancaq təbii sərvətlərini sataraq, ayaqda durmağa çalışan Rusiya Çinin getdikcə böyüyən iqtisadi gücü və milyard yarımlıq əhalisi qarşısında asan udulacaq tikə kimi görünür və hər tərəfli inteqrasiya qısa müddət ərzində bu ölkənin Çinliləşməsinə yol aça bilər. Məsələ burasındadır ki, çox millətli respublikalardan təşəkkül tapan Rusiya Federasiyasının vahid siyasi ideologiyası da getdikcə zəifləyir. Moskva artıq Orta Asiyada artıq yumşaq güc formalaşdıra bilmir. Bunun tam əksinə, Türkiyənin Orta Asiya ölkələrində və hətta Rusiyanın bir çox subyektlərində daha rahat yumşaq güc formalaşdırmaq, insanların öz mədəni kimliyinə sahiblik duyğusu aşılamaq kimi imkanları var. Çin təhlükəsindən bu şəkildə qorunmaq həm Qərb dünyası, həm də Rusiya üçün ən məqbul ssenari ola bilər. Görünür, elə bu məntiqdən çıxış edən Rusiyanın Xarici İşlər nazir Sergey Lavrov çıxışlarının birində onun ölkəsində xeyli türk dilli xalqların yaşadığını və Türk Birliyinə qoşulmaq haqlarının olduğunu bildirmişdi. Nəzərə alsaq ki, BMT-nin 2050-ci illə bağlı proqnozlarında 30 ildən sonra Rusiyanın demoqrafik dəyişiklik nəticəsində (müsəlmanların demoqrafik artımı, rusların azalması) müsəlman dövlətinə çevrilə biləcəyi ehtimalı da istisna edilmir, Moskvanın bir də Çin təsirinə məruz qalmaqdan çəkinməsi başa düşüləndir.
Mümkündür ki, bu ortaq təhdid Co Baydenlə Vladimir Putin arasında müzakirələrin əsas mövzusuna çevriləcək. Müzakirələrdən hansı nəticəsinin çıxmasından asılı olmayaraq, Türkiyənin regionda getdikcə böyüyən gücə çevrilməsi qaçılmazdır.
ABŞ-ın geosiyasi hədəflərində Türkiyəyə və Türk dünyası ilə bağlı mövqeyi NATO-nun son zirvə toplantısında Co Baydenin Rəcəb Tayib Ərdoğanla görüşə verdiyi əhəmiyyətdə də özünü göstərdi. NATO-nun zirvə toplantısı cəmi 30 dəqiqə sürdüyü halda, ABŞ və Türkiyə prezidentlərinin görüşü 45 dəqiqə çəkdi. Fikrimizcə, bu zaman fərqi hansı məsələnin ABŞ üçün daha çox əhəmiyyət daşıdığının ən bariz örnəyidir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar