Xəbər lenti
 
 
Azərbaycan, Ermənistan və Gürcüstan üç böyük dövlətlə-Rusiya, İran və Türkiyə ilə həmsərhəddir. Odur ki, Ermənistan ilə Azərbaycan arasında uzanan münaqişə regiondaxili ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərirdi. Lakin Azərbaycanla Ermənistan arasında ikinci Qarabağ müharibəsi regionun geosiyasi mənzərəsini dəyişdi.


 
Ovqat.com xəbər verir ki, BMTM analitiki Şahmar Hacıyevin ABŞ-ın “The National Interest” dərgisində dərc olunan “Regional inteqrasiya Cənubi Qafqazda sülh üçün vacibdir sərlövhəli məqaləsində belə deyilir.
 
Məqalədə bildirilir:
 
Qırx dörd gün davam edən müharibədən sonra Azərbaycan işğal olunmuş bir neçə bölgəni azad etdi və 10 noyabr 2020-ci ildə Rusiya və Ermənistan ilə qanlı münaqişənin dayandırılması haqqında saziş imzaladı. Müqavilədə Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması və regional iqtisadi inteqrasiyaya dəstək verilməsi barədə razılığa gəlinib. Üçtərəfli sazişə əsasən, Rusiya atəşkəs və sülhün əsas təminatçısı olub və Dağlıq Qarabağ və Laçın dəhlizi sülhməramlı kontingentin himayəsinə verilib. Bundan başqa, Ağdam rayonunda Ermənistan–Azərbaycan atəşkəs rejiminin monitorinqi üzrə birgə Rusiya-Türkiyə Mərkəzi yaradılıb. Bunun sayəsində iki regional fövqəldövlət—Rusiya və Türkiyə Cənubi Qafqazda diplomatik və hərbi mövcudluğu hesabına öz maraqlarını gücləndiriblər.
 
Münaqişə həll olunsa da, postmüharibə dövrü sabitliyin qorunması və təhlükəsizlik çağırışları, eləcə də regional iqtisadi inteqrasiya üçün yeni imkanlar ilə səciyyələnir. Həm Türkiyə, həm də Rusiya nəqliyyat dəhlizlərinin açılması yolu ilə regional iqtisadi inteqrasiyanı dəstəkləyir. Bu baxımdan, Zəngəzur dəhlizi çox mühüm nəqliyyat marşrutudur və bütün maraqlı tərəflər layihədən faydalanacaqlar. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Naxçıvan Muxtar Respublikası anklavı ilə, Türkiyə isə Azərbaycanla və Mərkəzi Asiyanın digər türkdilli ölkələri ilə birbaşa bağlantı qura biləcək. Ermənistan da bu layihədən bəhrələnəcək, çünki bu ölkə İran və öz əsas iqtisadi və siyasi müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi qazanacaq. Məsələn, Rusiya həmişə Ermənistanın idxal və ixracında aparıcı bazar olub. 2020-ci ildə Ermənistandan Rusiyaya 676 milyon dollara yaxın mal ixrac olunub və həmin dövrdə bu ölkənin ümumi idxalatında Rusiyanın payı 4,559 milyard dollar (32,4 faiz) təşkil edib.
 
Davam edən sərhəd mübahisəsi Cənubi Qafqazın iki dövləti arasında sərhədlərin demarkasiyasının vacibliyini göstərir. Hətta bu gün Qazax rayonunun yeddi kəndi və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistanın nəzarətindədir. Müharibədən sonrakı dövrdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və bütün iştirakçılar başa düşməlidirlər ki, yalnız suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yekun sülh müqaviləsi davamlı sülhün açarı ola bilər.
 
Postmünaqişə seçkisinin nəticələrinə görə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qalib gəlib, onun "Vətəndaş Müqaviləsi" Partiyası 54 faizə yaxın səs toplayıb. Müharibədən sonra Ermənistanda siyasi qeyri-sabitlik böhrana səbəb olmuşdu, amma indi əməkdaşlıq və mübahisələrin həlli üçün ümid var. Rusiya Prezidenti Vladimir Putin baş nazir əvəzi Paşinyanla telefon danışığında 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
 
Azərbaycan bütün regional və qeyri-regional dövlətlərlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və yuxarıda qeyd edildiyi kimi, Türkiyə və Rusiya artıq Cənubi Qafqazda siyasi və hərbi varlıqlarının yaradılması prosesinə başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Qarabağa səfəri və Şuşa Bəyannaməsinin imzalanması ikitərəfli münasibətlərə yeni təkan verəcəkdir. Xüsusilə vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsi iki dövlət arasında hərbi əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçan aparatlar “oyunun” bütün mənzərəsinin dəyişilməsində əsas amil rolunu oynadı olub. Azərbaycan Prezidenti İlham əliyevin qeyd etdiyi kimi, "Bəyannamədə Müdafiə, Müdafiə Sənayesi və qarşılıqlı hərbi yardım sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyət məsələləri öz əksini tapıb".
 
Şuşa Bəyannaməsinin daha bir mühüm elementi Türkiyənin Şuşa şəhərində konsulluq açmaq qərarıdır. Əslində, bu Bəyannamə regionda hərbi-siyasi balansın təmin edilməsi üçün Azərbaycanda hərbi baza yaradılması üçün zəmin hazırlayır. Çünki, Şuşa Bəyannaməsi  Azərbaycana hücum və ya eskalasiya halında Türkiyənin öz müttəfiqini müdafiə etmək üçün münaqişəyə açıq şəkildə qoşulacağına zəmanət verir. Bu məktub yalnız revanşist ideyaları dəstəkləməkdə davam edən Ermənistana deyil, regionda maraqlı olan digər subyektlərə də ünvanlanıb. Şuşa Bəyannaməsi 2010-cu ildə bağlanmış “Strateji tərəfdaşlıq və qarşılıqlı dəstək haqqında Saziş”dən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanmış əsas sənəddir.
 
Cənubi Qafqazda xüsusilə İkinci Qarabağ müharibəsindən sonra baş verən hadisələri fonunda Birləşmiş Ştatların regionda konstruktiv iştirakı da sülh səylərinin və iqtisadi inteqrasiyanın dəstəklənməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Geriyə baxanda aydın olur ki, ABŞ-ın regionda iştirakı ardıcıl olmayıb. Ümumilikdə, ABŞ-ın siyasəti əsasən Xəzər enerji resurslarının dünya enerji bazarlarına ixracı kimi enerji məsələləri ilə bağlı idi. Lakin bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin regiona səfəri ABŞ-ın diqqətinin Cənubi Qafqaza yenidən dikildiyini göstərdi. O, Gürcüstanda olarkən bildirib ki,"Birləşmiş Ştatlar Cənubi Qafqazın inkişafını və iqtisadiyyatını, region xalqlarının sabit, dinc və daha çiçəklənən gələcəyə olan arzularını dəstəkləyir".
 
Səfərin Ermənistan–Azərbaycan münasibətlərinə müsbət təsiri Azərbaycanın saxladığı 15 ermənini Ağdam rayonundakı mina xəritəsi müqabilində təhvil verməsində özünü göstərdi. Qeyd etmək lazımdır ki, Ermənistan və Azərbaycan Birləşmiş Ştatların konstruktiv qarşılıqlı fəaliyyəti və köməyi sayəsində bu addımı atmışlar. Vaşinqtonun regiondakı ən yaxın müttəfiqi olan Gürcüstan da bu prosesdə əhəmiyyətli rol oynayıb. Ermənistanın Baş naziri Paşinyan da vurğulamışdır ki, "bizim vətəndaşlarımız gürcü qardaşlarımızın, xüsusilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin, həmçinin ABŞ və Aİ-dən olan tərəfdaşlarımızın səyləri nəticəsində öz ailələrinə qayıdıblar".
 
Davamlı sülh və təhlükəsizlik yalnız əməkdaşlıq əsasında əldə edilə bilər. Birləşmiş Ştatlar da səmərəli əməkdaşlıq mexanizmi yaratmaqla öz regional siyasətini dəyişməlidir. Bayden administrasiyası artıq Azərbaycana müsbət siqnal göndərib, azadlığın dəstəklənməsi haqqında qanunun 907-ci bölməsinə Azərbaycan hökumətinə yardım etmək qadağasından imtina edib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan üçün ABŞ-ın bölgəyə yanaşmasındakı konstruktiv mövqeyini və münqişənin həllində iştirakını görmək çox vacib idi.
 
Vaşinqtonun sabitliyin və regional iqtisadi əməkdaşlığın təmin edilməsində daha fəal rol oynaması üçün çox böyük imkanı vardır. Məsələn, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqaz dövlətləri arasında regional dialoqun, əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsi platforması üçün əsas yarada bilər. Birləşmiş Ştatlar regionda Zəngəzur dəhlizinin açılmasını dəstəkləməlidir ki, bu da regional iqtisadi inteqrasiyaya kömək edəcəkdir. Amerika Birləşmiş Ştatları artıq iqtisadi və enerji əlaqələrinin, ticarətin genişləndirilməsi məqsədilə Mərkəzi Asiyada C5+1 adlı belə bir platforma yaratmışdır; ətraf mühit və səhiyyə problemlərinin yumşaldılması; təhlükəsizlik təhdidlərinin birgə aradan qaldırılması; üzv ölkələrin siyasi, iqtisadi və sosial həyatının bütün aspektləri üzrə qadınların hərtərəfli iştirakını təbliğ edir.
 
Birləşmiş Ştatlar və Türkiyə arasında regional əməkdaşlıq sülhün və sabitliyin gələcəyinin təmin olunmasına əhəmiyyətli töhfə verə bilər. Türkiyə-Azərbaycan tərəfdaşlığı regionda bütün maraqlı tərəflərin maraqlarına cavab verən meqa-enerji layihələrinin və enerji əməkdaşlığının reallaşdırılmasına şərait yaradır. Vaşinqton Avropanın enerji təhlükəsizliyinə yardım edən Cənub Qaz Dəhlizi layihəsini həmişə dəstəkləyib. Ən başlıcası isə Vaşinqton istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiyada mövqeyini möhkəmlətmək istəyirsə, Rusiyanın regiona təsirini azaltmaq üçün tez bir zamanda daha praqmatik xarici siyasət yeritməlidir.
 
Tərcümə etdi: Heydər Oğuz,
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 802          Tarix: 29-06-2021, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma