Xəbər lenti

 
Aygün Muradxanlı
 
Rəhmətlik Həsən Bəy Zərdabi “Əkinçi”ni yaradanda nə Azərbaycan adında dövlət vardı, nə indiki kimi qütbləşmiş toplum. Var olan onun və sonralar ardınca gələn maarifçilərimizin milləti aydınlığa çıxarmaq sevdası idi. O sevda 1918-ci ildə millətimizə Doğunun ilk cümhuriyyətini qurdurdu, imzamıza imzalar içərisində yer qazandırdı, yoxdan bir bayraq var etdi ki, bu gün də başımızın üzərindədir. Bu gün o qutsal bayrağın kölgəsinə sığınıb millətimizin bağımsızlığı, Azərbaycanın bütövlüyü, yüksəlişi üçün çalışan qələm əhlini Milli Mətbuat günü münasibətilə təbrik edirəm.
 
Mətbuat gerçəkdən bir güzgüdür. Toplumda nə baş verirsə, surəti ordadır. Toplumun ciddi bir hissəsi jurnalisti qladiator kimi düşünür, ondan haqsızlıqlara qarşı cəngavərlik gözləyir. Əslində isə toplum mətbuata baxıb ÖZ yanlışlarını görməli, harada açıqları olduğunu tapmalı, onları düzəltməyə çalışmalıdır. Çünki medianın əsas missiyası baş verənlərə işıq tutmaqdır, dəyişikliklərə gətirəcək prosesi jurnalistlər yox, əlahəzrət vətəndaş - O ÖZÜ yaratmalıdır.
 
Heç bir siyasi, ictimai prosesə qoşulmayan, ən elementar qanun pozuntusuna etiraza ərinən şəxslərin Azərbaycan mətbuatını bəyənməməsi absurddur. Bəyənmədiyiniz özünüzsünüz, əzizlər. Siz hansı prosesi yaratdız ki, biz yazmadıq, göstərmədik?
 
Keçmiş sovetlər birliyi məkanında ən güclü media Azərbaycanda idi. Reportajı, müsahibəsi, köşəsi, analitikası ilə örnək bir media vardı. Nə imzalar yetişdi o çağlarda? Milli-azadlıq hərəkatına - SƏNİN HƏRƏKATINA, əlahəzrət vətəndaş - qoşulan yüzminlər o qəzetlərin 16 səhifəsini su kimi içirdilər. Sənin mücadilənin arxasında SÖZ dayanırdı.
 
Sonra nə oldu? O güclü hərəkatın - milli iradənin, sözün ağalığının sayəsində Azərbaycan bağımsızlığını yenidən bərpa etdi. Sən nəhəng bir tarixi missiyanı gerçəkləşdirdin. 
 
Ardınca… ardınca özünü möhkəm yuxuluğa vurdun, əziz millət. O bağımsızlıq havasını qoruyub saxlayan media sənə gerçəkləri nə qədər göstərməyə çalışdısa, sən yorğana daha çox büründün… 
 
Dedik axı, sən siyasi proseslərdən çəkilsən, korrupsiya ölkəni məhv edəcək, dedik axı, sən rüşvət verib iş aşırma, birlik ol, rüşvətə qarşı savaş, haqqını istə ki, ölkənə, taleyinə özün sahiblik edəsən, sən isə “övladıma “çörəkli” iş verənə canım qurban” moduna keçdin...
 
Sonra o korrupsiya bunları sənə deyəni - MƏTBUATI hədəf seçdi. Sənu daha bərk yuxuya vermək üçün.
Beləcə bu günlərə gəlib düşdük - sən yuxulu, biz yarımcan.
 
Qarabağdakı zəfər indi bizi silkələyib ayıltmalıdır. 1991-ci ildə zəncirlərimizi qopardığımız dönəmə bənzəyir yaşadığımız günlər. Yenə səni yatırtmaq, bizim olan-qalan canımızı almaq üçün səfərbər olublar. Seçim sənindir - o yorğan, o SÖZ.


Ana səhifəyə qayıt        Baxış: 5 097          Tarix: 22-07-2021, 09:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma