Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ötən gün Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya və İslam ölkələri 2021” sammitinın açılış mərasimi olub.
Ovqat.com-un məlumatına görə, 28-30 iyul tarixləri arasında keçirilməsi nəzərdə tutulan sammitə Türkiyə, Misir, BƏƏ və s. kimi müsəlman ölkələrdən nümayəndələr də qatılıb.
Tatarıstan investisiya İnkişaf Agentliyinin rəhbəri Talia Minullina tədbirdə çıxış edərək bildirib ki, "Rusiya – İslam dünyası - 2021" Kazan beynəlxalq iqtisadi sammitində 60 ölkədən və Rusiyanın 30-dan çox regionundan təxminən 5 min nəfər iştirak edir. Sammitdə müzakirə ediləcək mövzular isə bu cür təsnif olunur: Tərəfdaşlıq maliyyəsi, Halal sənaye, Gənclər diplomatiyası, Tibb, İdman, Kreativ sənaye, İxracın inkişafı, Sahibkarlıq və investisiyalar, Halal məhsullar və s. Sammitin ənənəvi proqramları arasında İƏT ölkələrinin gənc iş adamlarının, diplomatlarının forumları, İslami moda nümayişləri və s. kimi tədbirlər də yer alır.
Builki sammitə xarici ölkələrdən xüsusilə Türkiyənin böyük maraq göstərdiyi nəzərə çarpır. Məlumata görə, Türkiyə Prezidentinin baş müşaviri Mücahit Küçükyılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində 50-dən çox iş adamı və rəsmi şəxslər var. Bu da təsadüfi görünmür. Son zamanlar Turan birliyi ideyası ilə açıq şəkildə Orta Asiyaya və Xəzər hövzəsinə yayılmaq strategiyasını ortaya qoyan Türkiyənin maraq göstərdiyi ərazilərə Tatarıstan da daxildir və Kazanda keçirilən sammit bu istiqamətdə önəmli platforma rolunu oynaya bilər. Rusiyanın Turan ideyasını reallaşdırmağa çalışan Türkiyənin bu fəaliyyətinə niyə səbrlə yanaşdığına yazının aşağıdakı bölümlərində aydınlıq gətiriləcək.
Sammiti giriş nitqi ilə açan Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov bildirib ki, zirvənin məqsədi Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələri gücləndirmək, Rusiyada İslam maliyyə institutlarının inkişafını təşviq etməkdir. Minnixanovun dediyinə görə, sammitdə Rusiyanın iqtisadi inkişafına daha çox investor cəlb etmək üçün tədbirin daha geniş bir coğrafiyaya yayılmasında maraqlıdırlar. Gələcək illərdə tədbirin daha yüksək səviyyəyə qaldırılması üçün çalışacaqlarını ifadə edən Minnihanov “toplantıların məhsuldar keçəcəyinə əminliyini” vurğulayıb.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov da tədbirdə iştirak edib. Nazir çıxışında Rusiyada müsəlman əhalinin 20 milyon nəfər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, onları ölkəyə investisiya yatırmağa çağırıb. Reşetnikovun fikrincə, Rusiya müsəlmanlarının sayı tədbirə qatılan dünya şirkətləri üçün böyük bir fürsətlər yaradır.
Türkiyə Prezidentinin Baş müşaviri Mücahit Küçükyılmaz da çıxışında bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib, dünyada halal məhsullara tələbatın artdığını və bu anlayışın ticarətin bütün sahələrində təsirli olmağa başladığını deyib. Halal məhsullar sahəsində ticarət həcminin 4 trilyon dolları keçdiyini ifadə edən Küçükyılmaz bu rəqəmin önümüzdəki illərdə də artacağının proqnozlaşdırıldığını vurğulayıb.
Zirvəyə damğasını vuran əsas hadisə isə Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına göndərdiyi məktub olub. Kremlin rəsmi saytında yayımlanan məktubda İslam ölkələri liderlərinə çox önəmli mesajlar verilib. Məktubda vurğulanıb ki, Rusiya regional böhranların aradan qaldırılmasında, terrorizm və ekstremizm təzahürləri ilə mübarizədə müsəlman ölkələrinə dəstək verəcək.
"Rusiya ilə müsəlman ölkələri arasında münasibətlər ənənəvi olaraq dostluq, konstruktiv xarakter daşıyır. Biz dinlər və sivilizasiyalar arası dialoqun irəliləməsi, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi, daha ədalətli, demokratik dünya nizamının qurulması naminə fəal qarşılıqlı fəaliyyət göstəririk. Ticarət-iqtisadi, investisiya, elmi-texniki, humanitar və bir çox digər sahələrdə çoxplanlı əlaqələr yaxşı səmərə verir", - məktubda bildirilir.
Məktubunda həmçinin vurğulanıb ki, “İslam ölkələri Moskvanın köməyinə tam ümid bəsləyə bilərlər".
Putinin İslam ölkələrinə ünvanladığı məktubla "Rusiya - Kazan sammitində müzakirə olunan mövzuları qarşılaşdırdığımızda ortaya belə bir nəticə çıxır: Moskva Rusiyaya yatırılacaq investisiya müqabilində iqtisadiyyatı yalnız hakim sinifin əlində toplandığı İslam ölkələri liderlərinə hərbi və siyasi dəstək təklif edir. Demokratik dəyərləri əlində rəhbər tutan Qərb imperializminə birgə mübarizədə yanlız bu birliyin müsbət nəticələr əldə edə biləcəyinə inanan Putin bu məsələdə Kazan beynəlxalq iqtisadi sammitinə böyük ümid bəslədiyini də gizlətmir.
Sual oluna bilər: Putin bu təklifində nə qədər səmimidir və Rusiya-İslam dünyası ittifaqı reallaşa bilərmi? Ən əsası, reallaşacağı təqdirdə tərəfləri hansı təhlükələr gözləyir?
Zənnimizcə, Qərb ölkələri, xüsusilə ABŞ-la rəqabətdə və geosiyasi mübarizədə Rusiyanın özünə müttəfiq axtarması başadüşüləndir. Onun qarşısında isə 2 alternativ var: ya Çinlə, ya da karbohidragen zəngini olan İslam dünyası ilə ittifaq qurmaq.
Sənayeləşmiş və Rusiyanın ərazilərinə göz dikən Çinlə iqtisadi münasibətləri genişləndirməyin Moskva üçün bəzi təhlükəli tərəfləri var. Çin iqtisadi inkişaf üçün kreditləri “qara gözə heyran olduğu üçün” vermir. Təcrübələr göstərir ki, əksər hallarda bu kreditlər yatırıldıqları ölkələrin müəssisələrinin, torpaqlarının mənimsənilməsi ilə nəticələnir.
Üstəlik, nüvə bombaları ilə dünyanın ən təhülkəli ölkəsi olmasına baxmayaraq, iqtisadiyyatı əslində böyük bir yanacaqdoldurma məntəqəsindən fərqlənməyən Rusiyanın vahid ideoloji xətti olan və getdikcə ən böyük qlobal iqtisadi gücə çevrilən Çinlə iqtisadi əlaqədə zəif bənd durumuna düşəcəyi şübhə doğurmur. Çinlə iqtisadi münasibətlərin genişləndirilməsi və ondan asılı vəziyyətə düşməsi Rusiyanın yaxın zamanlarda Pekinin müstəmləkəsinə çevrilməsi perspektivi yaradır və bu səbəbdən də Moskva Pekinə ehtiyatla yanaşır.
İslam dünyası ilə münasibətlərdə isə bu təhlükə daha azdır. Əvvəla, İslam dünyası Çin kimi vahid ideoloji-siyasi xəttə malik deyil. Lazım gələndə məzhəb müharibələrinin poliqonuna çevirib onu rahatlıqla parçalamaq və bir-biri üz-üzə qoymaq olar.
İkincisi, İslam ölkələrinin sənayeləşmə durumu Rusiyadan az fərqlənir. Onların da əksəriyyəti Rusiya kimi karbohidrogen ehtiyatları hesabına ayaqda dura bilirlər. Buna rəğmən, İslam ölkələri diktatorlarının böyük miqdarda kapitalları var. Əraziləri və qonşuları ilə münasibətləri bu kapitalı real iqtisadi gücə, xüsusilə sənaye müəssisələrinə çevirməyə imkan vermir. Əsasən az saylı vətəndaşları olan İslam ölkələrinin istehlak bazarı da çox məhduddur. Sənayeləşmək üçün isə böyük bazara ehtiyac var və 140 milyon əhalisi ilə Rusiya Yaxın Şərq diktatorlarının iştahasını qabardır.
Üçüncüsü, Rusiyanın ucsuz-bucaqsız torpaqları, təbii zənginlikləri böyük maliyyə gücü olan investorları gözləyir. Dünyanın getdikcə dəyişən dəngələri Qərbin, sənayeləşmə yolunu tutacaq Rusiyanın qarşısını almağa fürsət vermir. Son zamanlar “Şimal axını-2” layihəsində ABŞ-la Avropa ölkələri arasında yaşanan fikir ayrılıqları da Qərb ölkələrinin bu məsələyə fərqli aspektdən yanaşdıqlarını göstərir. Odur ki, Yaxın Şərqin zəngin diktatorları üçün Rusiyanın gücü əsl təhlükəsizlik çətiri rolunu oynaya bilər.
Dördüncüsü, Rusiya Qərb ölkələri kimi, Yaxın Şərqdə demokratiya axtarmır və bu alətdən siyasi təzyiq kimi istifadə etmir. Əksinə, Şərq dünyasının kiçik, amma çox zəngin padşahlarına, Putinin təbirilə desək, “regional böhranların, kəskin sosial problemlərin aradan qaldırılması, terrorizm və ekstremizmin bütün təzahürlərinə qarşı mübarizədə istənilən dəstək” vəd edir. Kremlin sərgilədiyi bu mövqe Rusiyanı ABŞ-ın və Avropanın təzyiqlərindən sığortalanmaq üçün ərəb kapitalının axa biləcəyi münbit coğrafiya halına gətirir.
Bununla belə, İslam dünyası ilə Rusiyanın inteqrasiya prosesinin də Çin qədər cari olmasa belə, perspektiv təhlükələri də yox deyil. Əsas təhlükə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun da qeyd etdiyi çoxsaylı müsəlman əhalidən qaynaqlanır. Məsələ burasındadır ki, Rusiyanın müsəlman əhalisi Qərb ölkələrində olduğu kimi sonradan gəlmə deyillər. Yüzillər boyu həmin coğrafiyada yaşayırlar və ruslarla yaxın təmas halındadırlar. Bu da onların Qərb ölkələrindəki dindaşlarından daha aktiv və təsirli olmaq imkanlarını artırır.
Digər tərəfdən, Rusiya getdikcə demoqrafik baxımdan da müsəlmanlaşır. İslam ölkələrinin sərmayəsinin bu coğrafiyaya axması sözügedən prosesi daha da gücləndirə və müsəlman əhalinin təsir gücünü artıra bilər. Bu perspektiv Qərb dünyasını ciddi narahat edir və əslində Putin Rusiyasının İslam ölkələrinə qucaq açmasının bir səbəbi də məhz bu xof hissini gücləndirməyə və Rusiya ilə daha yumşaq davranmağı təşviq etməyə hesablanıb.
BMT-nin 2007-ci ildə hazırladığı hesabatda Rusiyanın yaxın onilliklərdə müsəlmanlaşacağı qorxusu öz əksini tapıb. Hesabatda hazırda 140 milyon olan Rusiya əhalisinin 2050 -ci ilə qədər üçdə bir qədər azalaraq 95 milyona düşəcəyini proqnozlaşdırılır. Bildirilir ki, etnik ruslar arasında doğum nisbəti hər il aşağı düşsə də, federasiyadakı müsəlmanlar arasında bunun əksi müşahidə olunur. Bu səbəbdən də yaxın 40-50 il ərzində Rusiyada müsəlmanların çoxluq təşkil etməsi ciddi bir ehtimaldır.
Rəsmi rəqəmlər də BMT-nin bu proqnozunu təsdiqləyir. Statistik məlumatlara görə, 1989 -cu ildə Federasiyada 119 milyon rus yaşayırdı, 2002 -ci ildə bu rəqəm 115 milyona düşüb. Bu onu göstərir ki, 13 il ərzində etnik rusların ümumi əhalidəki payı 81,5 faizdən 79 faizə enib. 2010-cu ildə əhalinin siyahıyaalınmasının nəticələrinə görə, bu göstərici 77% civarında idi.
Ekspertlərin fikrincə, Rusiyada hər il rusların sayı 1 milyon azalır, müsəlmanların sayı isə 4% artır. Maksim Reşetnikovun dediyi kimi, Rusiyada hazırda 20 milyon müsəlman yaşayırsa, bu, çox ciddi artım deməkdir. Çünki 2012-ci ildə rusiyalı müsəlmanlar 14.5 milyonla əhalinin 10%-ni təşkil edirdi. Cəmi 8 ildən sonra bu göstəricinin 14-15%-ə yüksəldiyi görünür. 8 ildə 5.5 milyon, başqa ifadə ilə 33% artım, əlbəttə ki, az deyil
Estoniya Universitetinin ABŞ-lı professoru Paul Gobl hələ 2007-ci ildə qələmə aldığı "Rusiyada İslam" adlı kitabında daha bədbin mənzərə cızır. Professorun araşdırmalarına görə, ölkədə rusların azalması ən çox 18-55 yaş qrupunda özünü göstərir. Xüsusilə işçilər arasında ölüm nisbətinin çox yüksək olduğunu söyləyən Gobl bəzi iş yerlərində ölənlərin sayının bir döyüş bölgəsini xatırlatdığını yazır. Ölümlərin əsas səbəbi isə alkoqolizm, müxtəlif xəstəliklər və peşə qəzalarıdır və bu mərəzlər etnik rus əhalisini hər il bir milyon azaldır.
Qobl kitabında bəzi Qərb ölkələrinin analtiklərinin fikrinə şərik çıxaraq, Rusiya əhalisinin bu dəyişməsinin çox ciddi beynəlxalq nəticələrə səbəb olacağına inanır. Bu mülahizəyə görə, müsəlmanların demoqrafik artımı bir neçə onillikdən sonra ekstremistlərin hökuməti ələ keçirməsi ilə nəticələnə bilər.
Amerikalı mütəxəssis radikal müsəlmanların nüvə silahı əldə etmə təhlükəsinin Qərbi hər zaman qorxuduğunu söyləyir və "Rusiyadakı radikal müsəlmanlar Kremli ələ keçirsələr, onların bir deyil, minlərlə nüvə silahı olacaq" sözləri ilə fikrini davam etdirir.
Paul Goblə görə, belə bir ssenarinin şahidi olmağımız üçün Moskva hökumətinin müsəlmanları siyasi proseslərə cəlb etməsi, dini inanclarına, əsas hüquq və azadlıqlarına hörmət etməsi kifayətdir. Moskva isə qapılarını müsəlman dünyasına açmaqla faktiki bu təhlükəni aktiv hala gətirir.
Türkiyənin Turan ideologiyası ilə Rusiya və ətraf ölkələrə yayılma təşəbbüsünə Moskvanın təmkinli yanaşmasına gəlincə, fikrimizcə, bu, qardaş ölkənin yumşaq gücündən qaynaqlanır. Rusiyanın getdikcə, iqtisadi tənəzzülə doğru yuvarlanması ölkədə mərkəzdənqaçma meyllərini sürətləndirir. Rusiya Türkiyə ilə ittifaq ritorikalarını artırdıqca bu, ölkədəki müsəlman və türkdilli xalqlar üçün ümid yaradır, onları bir arada tutur.
Üstəlik, Orta Asiyanın türkdilli ölkələrini də Rusiya-Turan birliyi vasitısəsilə yenidən keçmiş cizgiyə qaytarmaq mümkündür. Sirr deyil ki, son zamanlar Türkmənistan və Özbəkistanla Rusiya arasındakı münasibətlərdə dərin uçurumlar meydana gəlib. Bu iki ölkə Əfqanıstanda Taliban təhlükəsinin güclənməsi halında belə KTMT-ə üzv olmaq istəmir, cənub sərhədlərindən gələn təhdid daha təhlükəsiz sayırlar. Eynilə Qazaxıstan və Qırğızıstanda da Rusiyanın təsir dairəsindən uzaqlaşmaq meylləri artır. Orta Asiya türklərinin Çin, Rusiya və Talibanın ekspansiya (yayılmaçılıq) siyasətinə qarşı sığınacağı əsas qalxan isə Türkçülük, Turançılıq ideyasıdır. Rusiya da onsuz da əlindən çıxan bu bölgəni Türk-Rus ittifaqı ilə qorumağa çalışır.
Qeyd edək ki, Moskvanın bu siyasəti yeni də deyil. 20-ci əsrin ilk illərində də Rusiya Osmanlı ilə bənzər siyasəti yürütmüş, I Dünya müharibəsindən məğlub ayrılan Türkiyə ilə yaxınlaşmışdı. Lakin bu ittifaqın ömrü çox sürməmiş, xüsusilə II Dünya müharibəsindən sonra “müttəfiqlər” yenidən düşmən cəbhələrə bölünmüşdü.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar