Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Bu gün Aşuradır - şiə müsəlmanlarının böyük acı ilə qeyd etdikləri gün. Peyğəmbərin nəvəsi, Həzrət Əlinin kiçik oğlu İmam Hüseyn 1341 il bundan əvvəl indiki İraqın Kərbəla çölündə məhz bu gün şəhadətə yetirilmişdi. Əməvi xilafətinin ikinci xəlifəsi Yezidin öz hakimiyyətini möhkəmlətmək üçün İmam Hüseyni qətlə yetirtməsi ilə İslam dünyası parçalandı və bir-birinin qanına susadı. Müsəlmanlar bu gün belə Kərbəla müsibətinin bədəllərini ödəyir, məzhəblərarası müharibələrin ardı-arası kəsilmir, qanlar axır, ölkələr darmadağın olur.
Bəs, meydana çıxmasından 70-ci il keçməmiş Əməvi qılıncı ilə ağır yaralar alan İslam toplumunun yaşadığı bu ağır müsibət necə meydana gəldi?
Bu suala cavab verməmişdən əvvəl qeyd etmək istərdik ki, Aşura əslində İslamdan öncə də müqəddəs gün kimi məşhur idi. Yəhudilər bu günü Musa peyğəmbərin Firona qarşı apardığı qurtuluş savaşının zəfəri kimi qeyd edir, oruc tuturdular. İbrahim peyğəmbərin davamçıları olan hənifilər Musa peyğəmbərin məhz Aşura günü doğulduğuna inanırdılar. Bir çox dinlərdə Nuh peyğəmbərin də dünyanı ağuşuna almış su daşqınından Aşura günü xilas olduğuna dair inanc vardı.
Bir çox müsəlman qaynaqlarına inansaq, peyğəmbər də nübuvvətinin ilk illərində Aşura günü oruc tutur, ibadət edirdi. Hətta ona “bu bizim bayramımızdır, sən bizdən götürmüsən”, - deyən yəhudilərə “Aşura günü firon üzərində qələbə çaldığına inandığınız Musa peyğəmbər yəhudilərdən çox, bizim peyğəmbərimizdir” şəklində cavab verdiyi iddia olunur.
Daha sonra Allah tərəfindən Ramazan - oruc ayı elan olununca Məhəmməd (ə.s.) peyğəmbər Aşura ibadətlərini dayandırmış və səhabələrinə bu gün edilən ibadətlərin fərz olmadığını, amma kim istərsə yenə oruc tuta biləcəyini bildirmişdi. Əməvilərin peyğəmbər ailəsinin başına gətirdikləri müsibətlər islam dünyasında bu günə münasibətin dəyişilməsinə, bayramın yasa çevrilməsinə səbəb oldu və tarixə silinməz qanlı ləkələr saldı.
Matəmin "tarixöncəsi"
Atası Müaviyyənin ölümündən sonra onun taxtında oturmaq üçün İslam dininə ən böyük zərbəni vuran Yezidin törətdiyi bu xəyanətin necə baş verdiyinə gəlincə, bunun da "tarixöncəsi" var. Məlum olduğu kimi, İslam xilafətinin 3-cü xəlifəsi Osman “tayfabazlıq edir” iddiası ilə 656-cı ildə qətlə yetirilir və onun yerinə İmam Əli hakimiyyətə gəlir. Xəlifə Osmanla narazı səhabələr arasında ixtilaflara qarışmayan, hətta nəvələri Həsən və Hüseyn vasitəsilə ona humanitar yardımlar göstərən Həzrət Əli xəlifə olunca, Osmanın qohumu Müaviyyə müxtəlif bəhanələrlə imama qarşı üsyan bayrağı qaldırır. 657-ci ildə iki tərəfin qarşılaşdığı Siffin müharibəsi Həzrət Əli tərəfdarlarının üstünlüyü ilə keçsə də, Müaviyyənin qurduğu bir sıra fitnələr səbəbindən bu üstünlük qələbəyə çevrilə bilmir. Nəticədə Həzrət Əli tərəfdarlarından bəziləri ondan ayrılır və imama qarşı terror aktı planlaşdırırlar. 661-ci ildə Kufədə bir məsciddə namaz qılarkən xarici adlanan asilərdən biri Əbdürrəhman İbn Mülcəm onu zəhərli xəncərlə yaralayır, üzərindən bir neçə gün keçdikdən sonra İmam əbədi olaraq gözlərini yumur.
Həzrət Əlinin qətlindən sonra Əməvilər onun böyük oğlu İmam Həsəni də müxtəlif fitnələrlə öldürürlər. İmam Hüseyn tək qalır və Müaviyyə ölənə qədər ibadətə çəkilir.
Müaviyyənin yerinə oğlu Yezid keçincə, hər kəsdən ona biət etməsini istəyir. Halbuki, İmam Həsənlə Müaviyyə arasında əldə olunan razılığa əsasən, onun ölümündən sonra xilafət Həzrət Əli övladlarına keçməli idi. Üstəlik, İmam Hüseyn İslam dövlətində səltənət ənənələrinin yaranmasına, hakimiyyətin atadan oğula ötürülməsinə qarşı idi. Necə ki, o dövrə qədər xəlifələr ya səhabələrin birbaşa, ya da yaradılmış şuralar vasitəsilə müəyyənləşdirilirdi.
Əməvilərin İslami cizgi ilə uzlaşmayan tələblərinə qarşı olan İmam Həsən Kufədən bir məktub alır. Kufəlilər Əməvilərin İslami cizgidən uzaqlaşdıqlarını, dinin həyati təhlükə ilə üz-üzə qaldığını əsas gətirib bu tendensiyaya qarşı mübarizəyə rəhbərlik etməsi üçün İmami öz şəhərlərinə dəvət edirlər. İmam da bu çağırışa müsbət cavab verir, Məkkədən Kufəyə yola çıxır. Onun qəfiləsi Kufə yolunda yerləşən Kərbəla çölündə mühasirəyə alınır və 72 nəfər tərəfdarı ilə qətlə yetirilir. Düşmənləri onu öldürməklə qalmır, başını kəsib ailəsindəki qadın və uşaqlarla birlikdə Yezidə ərməqan aparırlar. Beləcə 14 əsrdir davam edən düşmənçiliyin əsası qoyulur.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar