Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
İranın son iki gündə Azərbaycana təzyiqlərini artırmasının yeni səbəbləri aydın olur.
Ovqat.com-un məlumatına görə, cümə günündən başlayaraq, cənub qonşumuz həm Azərbaycan sərhədləri qarşısında hərbi təlimlər keçirərək, həm də açıq şəkildə sözlə rəsmi Bakıya müəyyən ismarışlar göndərir.
İranın əsas ismarışını isə bu ölkənin dini lideri Xameneinin sözçüsü, Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili cümə xütbəsində çatdırdı. O, Azərbaycana, Türkiyəyə və Pakistana üz tutaraq, “Şirin quyruğu ilə oynamamağı” məsləhət gördü.
Sözsüz ki, Amili həzrətləri bu mesajı yalnız bizə ünvanlasaydı, cəsarətini anlamaq olardı. Bizimlə yanaşı, Türkiyə və Pakistanı da hədəf alması istər-istəməz sual yaradır: Tehran bu cəsarəti hardan alır?
Məlum olur ki, sən demə, cümə günü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə keçirilən sammitində İran da ittifaqa daxil edilib. İttifaq üzvlərinin imzaladığı "İran İslam Respublikasının ŞƏT-ə üzvlüyə qəbulu prosedurunun başlanması haqqında" adlı sənədlə ittifaqın bundan sonra 9 üzvünün olacağı göstərilib: Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və İran.
Sammitdə İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi çıxış edərək, ŞƏT-ə üzvlüyün İranın Avrasiyanın mühüm ticarət yollarına qoşulmasına imkan verəcəyini, Çinin "Bir kəmər, bir yol" marşrutunun artıq İslam Respublikasından keçməyə başladığını deyib. Sözsüz ki, Rəisi bunu deyərkən Azərbaycanın Gorus-Qafan yolunun da keçdiyi Ermənistan yolunu da nəzərdə tutur. Bu yol Ermənistandan Gürcüstana, ordan isə Rusiya və Avropa ölkələrinə keçir.
Xatırladaq ki, İran 2016-cı ildən bu təşkilata üzv olmaq istəyirdi. Onun həmin vaxt müraciəti Rusiya tərəfindən dəstəklənsə də, Çin buna razılıq verməmişdi. Cümə günü Çinin də bu vetonu qaldırdığı məlum olur.
Ekspertlərin fikrincə, Çinin öz mövqeyində dəyişiklik etməsinin əsas səbəbi İranın xarici siyasətində müəyyən düzəlişlər aparması ilə əlaqədardır. Belə ki, bundan əvvəlki hakimiyyət dövründə İran Qərbə meyllənmək yolu tutmuş və xarici siyasət kursunu müəyyənləşdirməyi ABŞ-da təhsil alan Məhəmməd Cavad Zərifə həvalə etmişdi. Nazirliyinin ilk illərində Zərif həqiqətən də mühüm addımlar atmış və 2015-ci ildə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında nüvə sazişi imzalayaraq, İrana qarşı tətbiq olunan embarqonu qaldırmağa nail olmuşdu. Fəqət bu məsələdə ona dəstək verən ölkələrdən birinin Rusiya, digərinin isə Çin olduğunu nəzərə alan İran 2016-cı ildə hər iki ölkənin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatına da müraciət etmişdi. Yəqin ki, elə bu səbəbdən onun iki tərəfli oyunu Vaşinqtonu qıcıqlandırmış və Trampın hakimiyyətə gəlməsi ilə ABŞ İranla bağlanan “nüvə sazişi”ndən ayrılmışdı. Beləcə, İranı Qərblə əməkdaşlığa həvəsləndirmək üçün ona verilən “hədiyyə” də geri alınmışdı. Nəticədə İran siyasi iradəsi də Qərbə meylli hakim komandadan imtina edib, Rəsinin hakimiyyətə gəlməsinə yaşıl işıq yandırmışdı.
Görünür, İranın Qərbdən tamamilə uzaqlaşması Pekinin maraqlarına cavab verdiyindən ŞƏT-in son sammitində Çin də ona qarşı tətbiq etdiyi vetodan vaz keçib və ölkəni “Şanxay” ittifaqına alıb.
Son sammitdə İranı ən çox müdafiə edən yenə Rusiya prezidenti Vladimir Putin olub. Sağlamlığı səbəbilə sammitə birbaşa qatılmayan Putin videokonfrans yoluyla nitq söyləyərək ŞƏT-ə üzvlük münasibəti ilə İranı salamlayıb. "Biz həmişə İranın Avrasiya regionunda mühüm rol oynadığını əsas tutaraq, təşkilatın işində tam formatlı iştirakının tərəfdarı olmuşuq", – deyə Rusiya lideri vurğulayıb.
Çin prezidenti Si Szinpin də İran barəsində müsbət fikirlər səsləndirib. O, "artan ŞƏT ailəsi"nin bundan sonra “bütün dünyada sülh yaratmaq, qlobal inkişafa töhfə vermək və beynəlxalq asayişi qorumaq" məqsədinə nail olacağına əminliyini bildirib. Hindistanın Baş naziri Narendra Modi də İranın təşkilata üzvlüyünü yüksək qiymətləndirib və "ŞƏT-in genişlənməsinin təşkilatın təsir gücünü artıracağını” qeyd edib.
Əslində Hindistanın bu mövqeyi gözlənilməz deyildi. Çinin böyüyən gücünün qarşısını almaq üçün ABŞ Hindistanı onun qarşısına çıxarmağa çalışırdı. İran da bir tərəfdən Hindistanla əlaqələrini genişləndirir, digər tərəfdən isə Qərb yönümlü qüvvələri hakimiyyətə gətirməklə ABŞ-ın bu gözləntisinə cavab vermək yolunu tuturdu. Dolayısıyla İranla Hindistan arasındakı münasibətlər daha “qədim”ə uzanır.
Çinin İrana “yaşıl işıq” yandırmasının başlıca səbəblərindən biri də Əfqanıstanla bağlıdır. Bəlli olduğu kimi, Əfqanıstan əhalisinin 15-20%-ə qədəri şiədirlər və İranın onlar üzərində ciddi təsir imkanları var. İranın ram edilməməsi gələcəkdə Əfqanıstanda yeni müharibələrə şərait yarada bilərdi. Bu isə regional sabitliyi özünün iqtisadi layihəsinin təməl daşları kimi görən Çinin maraqlarına ziddir.
Bununla belə, İranın “Bir Kəmər, Bir Yol” layihəsində mərkəzi qüvvəyə çevrilməsinə Pekinin şübhəçi yanaşmasının dəyişdiyini də söyləmək olmaz. Əvvəla, ona görə ki, Hindistanla Çin arasında təbii rəqabət var və bir təşkilatda üzv olmaları onların üz-üzə gəlməsinin qarşısını ala bilməz.
İkincisi, Pakistanla İran Orta Asiya ölkələrinə nəzarət etmək uğrunda yarışırlar və Pakistanın bu coğrafiyaya girişi Əfqanıstan üzərindən mümkündür. İran isə Orta Asiyanın dünyaya çıxışına birbaşa öz üzərindən dəhliz açmağa çalışır. Çin də Pakistanın maraqlarını İrana qurban vermək istəməz. Nədən ki, Pakistan üzərindən Oman körfəzinə nəqliyyat dəhlizi – Pakistan İqtisadi Əməkdaşlıq Koridoru artıq çoxdandır fəaliyyət göstərir.
Bununla bərabər, Pakistanın Əfqanıstan üzərindəki hegemonluğu Mərkəzi Asiyanın sərvətlərinin quru yolu ilə dünya əhalisinin yarısından çoxunun yaşadığı coğrafiyaya birbaşa çıxışına şərait yaradır. Prinsipcə, bu yol daha qısa, daha böyük tələbata gücünə malik bazara açılır və bazar Orta Asiya ölkələrinə bəs edəcək potensiala sahibdir. İranın Orta Asiyaya təklif etdiyi etdiyi marşrut da əslində bu bölgənin məhsullarını Oman körfəzinə çıxaraq eyni bazara daşımağa hesablanıb. Özü də daha uzun və məşəqqətli yolla; həm quru, həm də dəniz vasitəsilə.
Türkiyənin Orta Koridorda marağı və Mərkəzi Asiya ölkələrinə açılmaq istəməsi də Ankara ilə İslamabadı eyni hədəfdə birləşdirir. Məhz bu ortaq maraqlar iki qardaş ölkəni Cənubi Qafqazda İranla qarşı-qarşıya gətirir. Azərbaycanı da həmçinin. Çünki İranın Şərq-Qərb nəqliyyat dəhlizi Ermənistandan keçir və gələcəkdə onu gücləndirib bizi zəiflədə bilər. Üstəlik, həmin marşrutun keçəcəyi ərazilər də bizimdir. Bu ərazilərə sahib çıxmasaq, təkcə torpağımızı yox, həm də dövlət olaraq gələcəyimizi itirə bilərik.
İranın bizimlə təhdidkar dildə danışması da bu zərurətlərdən qaynaqlanır. Tehran bu yola nəzarətini əldən verməmək və onun Ermənistan üzərindən keçməsini təmin etmək niyyətilə 3 qardaş ölkəyə qarşı ən zəif həlqə hesab etdiyi bölgədə təhdid elementlərini işə salmağa çalışır...
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar