Xəbər lenti

 
 
“Zəngəzur dəhlizi NATO və İsrail rejiminin Qafqaza və Orta Asiyaya sızması üçün bir dəhlizə çevriləcək və bu halda region ölkələri daha ağır bədəllər ödəyəcəklər”.
 
Ovqat.com xəbər verir ki, İranın SEPAH qüvvələrinə məxsus “Tasnim” nəşri öz analitik yazısında bu iddia ilə çıxış edib.
 
Zəngəzur dəhlizı NATO -nun bölgədəki nüfuzunun dəhlizinə çevriləcəkmi?” sərlövhəli yazıda bildirilir ki, Azərbaycan Respublikasının “iki hissəsini” Ermənistan ərazisindən keçərək İran İslam Respublikasının sərhədi yaxınlığında birləşdirən Zəngəzur dəhlizinin tikintisi bir sıra məsələləri nəzərə alanda çox ciddi bir problemə çevrilə ola bilər – “Əsasən də Rusiya, İran və hətta Ermənistanın da daxil olduğu bəzi bölgə ölkələri üçün”.
 
İkinci Dağlıq Qarabağ müharibəsi bitdikdən və Azərbaycan Respublikası ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılaşmalardan sonra Zəngəzur və digər dəhlizlərin gündəmə gəldiyini xatırladan nəşrin iddiasına görə, ilk əvvəl bir çoxları bu planın reallaşacağına inanmasalar da, indi ortaya çıxan bəzi əlamətlər sözügedən ehtimalının yüksək olduğunu göstərir. “Tasnim” analitikinin gəldiyi qənaətə görə, Azərbaycan, Türkiyə kimi ölkələr tərəfindən nəzərdən keçirilən bu layihə əslində sionistlərin planıdır.
 
“Bu ölkələrin və tərəflərin hər biri öz maraqlarına uyğun olaraq belə bir dəhlizin yaradılmasını dəstəkləyirlər. Bu dəhliz vasitəsilə sionist rejim casusluq etmək üçün lazım olan alət və avadanlıqları bölgə ölkələrinə asanlıqla köçürə biləcək”, - məqalədə bildirilir.


 
Müəllif iddia edir ki, dəhlizin açılması Ermənistanın milli maraqlarına zidd olsa da, Azərbaycan və Türkiyə bəzi “həvəsləndirici amillər”lə İrəvanı da öz tərəfinə çəkə bilər. Bu “həvəsləndirici amillər”in başında isə Ermənistanı “bir sıra iqtisadi layihələrə cəlb etmək və ya bu ölkəni ucuz enerji ilə təminatı” gəlir.
 
Azərbaycan və Türkiyənin planında Rusiyanın maraqlarının da nəzərə alındığını vurğulayan müəllif amma bunun müvəqqəti xarakter daşıdığına inanır:
 
“Bəlkə də belə bir dəhlizin tikintisindən sonra onun təhlükəsizliyi Rusiya qüvvələrinə və ya birgə qüvvələrə həvalə olunacaq ki, Moskvanın möhtəməl təhlükələrlə bağlı narahatlığını azaltsın. Ancaq demək lazımdır ki, Rusiya qüvvələrinin sona qədər bu dəhlizdə olması düşünülmür və müəyyən bir müddətdən sonra, bəlkə 5 il, bəlkə bir az artıq müddət ərzində Rusiya qüvvələri də bu dəhlizdən çıxacaq”.
 
Qafqaza və Orta Asiya respublikalarına “sürətli, ucuz, həmçinin daha az təhlükəli və daha asan çıxış yolu” kimi nəzərdə tutulan dəhlizin inşasının, demək olar ki, bütün Türkiyə liderlərinin uzunmüddətli arzuları olduğu bildirilən məqalədə artıq bu layihənin reallaşdırılmasına az qaldığı vurğulanır. Həmçinin qeyd olunur ki, Zəngəzur dəhlizi Rusiya və Çin üçün də perspektiv təhlükələr yaradır.


 
“Zəngəzur Dəhlizinin yaradılması nəinki Ermənistanın müstəqilliyi və ərazi bütövlüyü üçün təhlükə yaradacaq, həm də Rusiya üçün ciddi nəticələrə səbəb olacaq; çünki bu dəhlizin zaman keçdikcə Qafqazda və Mərkəzi Asiyada NATO -nun təsir dəhlizinə çevrilməyəcəyinə və bununla da Rusiyanın NATO tərəfindən mühasirəsini tamamlamayacağına heç bir zəmanət yoxdur.
 
Dəhlizin inşası, bəzi iqtisadi faydalarına baxmayaraq, Çin üçün də risklər yarada bilər. Çünki NATO -ya üzv olan vacib bir ölkənin bu dəhlizdən keçərək Mərkəzi Asiya ölkələrinə daha sürətli və daha asan çıxış əldə edəcəyi güman edilir.
 
Zəngəzur Dəhlizinin inşası və tamamlanması, şübhəsiz ki, Türkiyənin NATO-dakı mövqeyindən istifadə edərək Qafqazda və Orta Asiyada təsirini artıracaq. Nəticədə Ankaranın Krım yarımadası və Ukrayna da daxil olmaqla regional proseslərlə bağlı Rusiya ilə bazarlıq gücünün də  artırmasına yol açacaq. Bir sözlə, Zəngəzur dəhlizinin inşası Türkiyə və Azərbaycan Respublikasına nə qədər fayda verərsə, Rusiya, İran və hətta Çin kimi bölgənin digər ölkələrinə də böyük ziyan vura bilər. Bu səbəbdən də dəhlizin inşası çox da uzaq olmayan gələcəkdə bir sıra region ölkələri üçün siyasi, iqtisadi, təhlükəsizlik və hərbi baxımdan ciddi nəticələr doğuracaq”.
 
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 260          Tarix: 26-09-2021, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma