Xəbər lenti

 
Çətinər Çətin
Habertürk
 
Dəhlizlər geniş miqyaslı strukturlardır və strateji istiqamət yaratmaq gücünə malikdirlər. 43 kilometrlik Zəngəzur dəhlizi də minlərlə kilometr ticarət və siyasi təsir potensialına malikdir. Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasını Ermənistanla 44 günlük müharibədən sonra imzalanan atəşkəs razılaşmasının tələbi olaraq qiymətləndirir və açıqlmasını tələb edir. Ermənistanın yenidən baş naziri seçilən Nikol Paşinyan da seçki kampaniyası dövründə "Zəngəzur və dəhliz" sözlərinin atəşkəs bəyannaməsində yer almadığını bildirsə də, "ümumilikdə bölgədə nəqliyyat yollarının açılmasına tərəfdardır". Çünki "bu, Azərbaycana nə qədər lazımdırsa, Ermənistana da o qədər lazımdır".
 
Ancaq iki lider hələ də bu mövzuda razılığa gələ bilməyiblər. Məsələnin hər an yeni bir böhrana səbəb olma potensialı gözardı edilməməlidir. Mayın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımızla tamamilə üst-üstə düşür. Ermənistan Zəngəzur dəhlizini istəsə də istəməsək də, biz bunu həyata keçirəcəyik", - dedi. Problemin hərbi yolla həlli Ermənistanın "Sünik" vilayətinin ələ keçirilməsi və İranın bu ölkə ilə ortaq sərhədlərini itirməsi deməkdir.
 
Ermənistanla İran arasında uzanan bu 43 kilometrlik dəhliz Cənubi Qafqaz geosiyasətini və İranın bu tənlikdəki yerinə təsir edəcəkdir. İran bu prosesə səssiz qalsa da, vəziyyətdən olduqca narahatdır. Diplomatik kulislərdə İranın 9 maddəlik atəşkəs razılaşmasını guya aydınlaşdırmaq adıyla əlavə bir razılaşma əldə etmək üçün Rusiya və Ermənistan vasitəsilə xüsusi lobbiçilik etdiyi bildirilir. Ankara isə İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rusiyanı əhatə edəcək "Altılı Əməkdaşlıq Platforması" ilə regional sülh və əməkdaşlıq təklif edir. Görünən odur ki, Cənubi Qafqaz nəqliyyat marşrutlarında rəqabət yaxın 10 ildə daha da güclənəcəkdir. Və Türkiyə Zəngəzur dəhlizi də daxil olmaqla əksər koridorlarda mühüm rol oynayacaq.
 
Cənubi Qafqazdakı hazırda aktiv olan və ya açılması planlaşdırılan dəhlizlərin sayı gözlədiyinizdən çoxdur: Çinin Qafqaz və Xəzər bölgəsi arasındakı bir sıra dəhlizləri, “Bakı-Tbilisi-Qars” ı əhatə edən “Bir Kəmər Bir Yol” layihəsi keçidi, Xəzər dənizi və Fars körfəzi arasında inşa edilən kanallar, Əfqanıstanı Avropaya birləşdirən Azure Yolu və Orta Asiyanı Qafqazla Avropaya bağlayan TRACECA dəhlizi
 
Bu dəhlizlərin gələcəyi Şərq-Qərb və Şimal-Cənub xəttini yenidən formalaşdıracaq. Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən bir yol halına gəlsə, Süveyş Kanalı və Şimali Avropadakı Şimal dənizi nəqliyyat marşrutlarının əhəmiyyəti azalacaq. Ancaq Cənubi Qafqazı Şimal-Cənubla birləşdirməyin bir yolu olursa, Rusiya-İran müttəfiqliyini gücləndirəcək və Türk-Amerika blokunun Qafqaz və Orta Asiyada təsirini müəyyən dərəcədə əngəlləyəcək.
 
Bölgədəki mövcud koalisiyalar, milli maraqlara uyğun şəkildə dövrün ruhundan asılı olaraq dəyişə bilər. Məsələn, Türkiyə bir NATO üzvü olaraq, ABŞ cəbhəsi ilə müttəfiq olsa da, Qafqaz və Orta Asiyada müstəqil siyasətini davam etdirmək üçün Rusiya və digər ölkələrlə də ittifaq qurma potensialına sahibdir.
 
Hər şey 9 maddəlik Qarabağ sazişinin tərəflərin təfsirindən asılıdır. Azərbaycanla Naxçıvan Muxtar Bölgəsini ayıran Zəngəzur dəhlizindən açılacaq yol yalnız Türk dünyasının boğazındakı düyünü açmayacaq. Hər dəhlizdə olduğu kimi, maraqlı tərəflərə də bir sıra imkanlar təqdim edəcək, eyni zamanda rəqiblər üçün yeni risklər gətirəcək.
 
Bir çox oyunçunun irəliləməyə çalışdığı bu marşrutda Azərbaycanlı qardaşlarım və Türkiyənin gözlərini dörd açıb İranın Zəngəzur dəhlizi üçün hazırladığı ssenariləri boşa çıxarması lazımdır.

Tərcümə etdi: Heydər Oğuz,
Ovqat.com
 



Ana səhifəyə qayıt        Baxış: 6 635          Tarix: 30-06-2021, 08:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma