Xəbər lenti


Türkiyə və Rusiya XİN rəhbərlərinin ötən gün Antalyada baş tutan görüşündə Lavrovun Rusiya və Türkiyənin ortaq fəaliyyətlərinə, eyni zamanda Ərdoğanla İlham Əliyevin “altılıq platforması” təklifinə müsbət yanaşmaları barədə verdiyi açıqlamaların əhəmiyyəti göz qabağındadır. Bu cür ifadələr Rusiyanın bölgədə Azərbaycan və Türkiyə ilə yaxşı münasibət qurmaq istədiyinə işarə edir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Avrasya İncələmələri Mərkəzinin (AVİM) Qara dəniz və Qafqaz üzrə mütəxəssisi Turqut Tuncel Kərəm deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı ən önəmli məsələ onun Qarabağ müharibəsindən sonra imzalanan 10 noyabr bəyanatında təsbit olunmasıdır:

“Zəngəzur dəhlizi məsələsində 10 noyabr bəyanatının 9-cu maddəsinə xüsusi diqqət yetirmək lazımdır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
11 yanvar tarixində Moskvada keçirilən görüşdən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qəbul olunan bəyanatının 1-ci maddəsində 10 noyabr bəyanatının 9-cu maddəsinin həyata keçirilməsinin dəstəkləndiyi ən yüksək səviyyədə ifadə edilib.
Ümumiyyətlə isə Zəngəzur dəhlizinin açılması lazımdır. Çünki bu, atəşkəsin və sülhün əsas şərtlərindəndir”.

Ekspertə görə, əgər Ermənistan Zəngəzur dəhlizini açmaqdan imtina edərsə, bu, Azərbaycanı avtomatik olaraq hüquqi məsuliyyətdən xilas edəcək:

“Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması 10 noyabr bəyanatının pozulması deməkdir. Bu halda Azərbaycanın da bəyanatdan irəli gələn hüquqi məsuliyyəti aradan qalxır. Əgər Zəngəzur dəhlizi açılsa, bunun Türkiyə və Azərbaycana olduğu qədər, Ermənistana da faydası toxunacaq”.

Ekspert Ermənistanın 10 noyabr bəyanatına qədər ətrafındakı izolyasiyanı qırmaq üçün Türkiyə ilə sərhədlərin açılmasını istədiyini qeyd edib:
“Gəlin xatırlayaq, 10 noyabr 2020-ci il tarixinədək Ermənistan Türkiyə ilə sərhədlərin açılması, izolyasiyanın qaldırılması fikirləri müdafiə edirdi. Bəs 10 noyabr bəyanatından sonra nə dəyişdi? Dəyişən şey təbii ki, Azərbaycanın Qarabağdakı torpaqların böyük hissəsini işğaldan azad edib, oranı nəzarətə götürməsidir”.

Mütəxəssis əslində əvvəllər Avropa ölkələrinin də Zəngəzur dəhlizinin açılmasını müdafiə etdiyi bildirib:
“Avropa Birliyi ölkələri də əvvəllər Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirdi. Məsələn, müharibələri və sülh yollarını araşdıran Beynəlxalq Həyəcan Təşkilatının (İnternational Alert) AB və Birləşmiş Krallığın dəstəyi ilə 2013-cü ildə nəşr edilən “Cənubi Qafqazdakı dəmiryolları xətlərinin bərpası. Potensial iqtisadi faydaların qiymətləndirilməsi - Soçi-Suxumi-Tiflis-İrəvan dəmir yolu” adlı hesabatda Naxçıvan və Zəngəzurdan Azərbaycan-Ermənistan dəmir yolunun açılmasını təklif edirdi. Hətta bunun Bakı-Tiflis-Qars dəmir yolu xəttindən daha sərfəli olduğunu iddia edirdilər. Hazırkı durumda Qərbdən Zəngəzur dəhlizinin açılmasına qarşı bir açıqlama yoxdur. Ancaq Avropanın qarşı çıxmaması bu layihəni dəstəklədiyi anlamına da gəlmir. Çünki dəstəklədiklərinə dair açıqlama da mövcud deyil”.

Turqut Tuncel Kərəm indiki mərhələdə Rusiyanın da Ermənistana Zəngəzur məsələsində təzyiq göstərə biləcəyini vurğulayıb:
“Bu kontekstdə Rusiyanın Zəngəzur dəhlizinə müqavimət göstərə biləcək Ermənistanı dəstəkləməyəcəyini və bəlkə də Ermənistanı bu mövzuda məcbur edə biləcəyini düşünə bilərik. Ermənistanın hazırda 10 noyabr bəyanatına, xüsusilə Zəngəzur dəhlizinə münasibətdə sərgilədiyi mövqe onun özünün də dövlət maraqlarına ziddir”.



Ana səhifəyə qayıt        Baxış: 3 401          Tarix: 2-07-2021, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma