Xəbər lenti

 
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Vladimir Putinlə telefon danışığında Xəzəryanı ölkələrin sammitinin keçirilməsini təklif edib.
 
Ovqat.com-un məlumatına görə, Türkmənistan prezidentinin bu təklifi Putin tərəfindən də bəyənilib.
 
Məlumata görə, liderlərin görüşünün bu ay baş tutacağı gözlənilir.
 
Zirvə çərçivəsində təkcə iqtisadi məsələlərin deyil, həm də təhlükəsizlik sahəsindəki vəziyyət, eləcə də regional sabitliyi mövzularının müzakirəsi planlaşdırılır.
 
Məlum olduğu kimi, İranın Xarici İşlər naziri Əmir Abullahyan bu yaxınlarda Moskvaya getmiş və həmkarı Lavrova Azərbaycanı şikayət etmişdi. Onun çoxsaylı şikayətlərindən biri də Azərbaycanın Türkiyə ilə birlikdə Xəzərdə hərbi təlim keçirməsi idi. Abdullahyan Azərbaycanın addımı ilə “Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya”nı pozduğunu iddia etmişdi. Lavrov isə ona İranın bu günə qədər Konvesiyanı ratifikasiya etmədiyini xatırlatmış, bir növ Tehranın bu sənəd barədə danışmağa mənəvi haqqının çatmadığını vurğulamışdı.


 
Qeyd edək ki, “Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya” 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində qəbul edilsə də, İran bu müavilə ilə bağlı öz iradlarının olduğunu gizlətməmişdi. Görünən bu idi ki, İrana bu sənəd sadəcə Xəzərə başqa dövlətlərin hərbi donanmasının dislokasiyasının qarşısını almaq üçün lazım idi. Xəzərin 5 ölkə arasında ədalətli şəkildə bölüşdürülməsini isə qətiyyən istəməyən İran bu kimi məsələlərin müzakirəsini sonraya saxlamışdı.
 
Bəs, İranı bu Konvensiya layihəsində qane etməyən nə idi? Əlbəttə ki, azgözlüyü və müsəlman-türk dünyasına düşmənliyi. 


 
Adını müsəlman qoyan bu ölkə Xəzər dənizinin 3 müsəlman ölkəsinin haqqını Rusiya ilə bölüşdürmək istəyirdi. Tehranın mövqeyinə görə, Xəzər dənizinin hüquqi statusu vaxtilə Rusiya imperiyası ilə İran arasında bağlanan müqavilə əsasında müəyyənləşdirilib və yenidən müzakirəsinə ehtiyac yoxdurXəzərin yarısı Rusiyaya, digər yarısı isə İrana çatmalıdır. Bununla da Xəzəryanı ölkələrin müstəqilliyini tanımadığını açıq şəkildə ortaya qoyan Tehran Azərbaycan və Türkmənistanın Xəzərdəki payına göz tikir, Qazaxıstanın payını isə Rusiyaya vermək xəyalına düşmüşdü.
 
İranın bu mövqeyi Rusiyanın da işinə gəldiyi üçün Xəzərin statusunun müəyyənləşdirilməsi uzun illər mümkün olmamışdı. Baxmayaraq ki, Rusiya İranın iddialarına loyal  yanaşır, problem yaratmağı Tehranın öhdəsinə buraxır, özü uzaqdan seyr edirdi. 2018-ci ildə Qazaxıstanla ABŞ Xəzərdə iqtisadi əməkdaşlıqla bağlı bir müqavilə bağladıqdan sonra hər şey birdən-birə dəyişildi. Rusiya da, İran da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində 3 Türk respublikasının irəli sürdüyü məxrəcə gəldilər. Səbəb Amerikanın Qazaxıstanla bağlanan müqaviləni əsas götürüb öz hərbi dəniz qüvvələrini bu su hövzəsində yerləşməsi ehtimalından xofa düşmələri idi. Məlum hadisədən az sonra Xəzəryanı ölkələrin 5-ci sammitində bir araya gələn dövlətlər, nəhayət, sözügedən konvensiyanı imzaladılar. Yalnız İran əvvəlki iddialarından vaz keçməyərək, süründürməçilik diplomatiyasını davam etdirdi. Məhz bu səbəbdən də Konvensiyanı indiyədək ratifikasiya edilmədən gözləyir.


 
Bu il Türkiyənin Azərbaycanla birgə Xəzər dənizində hərbi təlimlər keçirməsi sırasında İra hələ də ratifikasiya etmədiyi Konvensiya birdən-birə yadına saldı və buna qarşı çıxmağa başladı. Etirazının sonuncu cavabını isə Moskvadan aldı. Lavrov öz iranlı həmkarına bildirdi ki, get, Konvensiyanı ratifikasiya et, sonra bu iddialarda bulun.
 
Maraqlıdır ki, İran Moskvadan müvafiq cavab alandan sonra növbəti həmlə Türkmənistandan gəldi. Türkmən lideri Verdiməhəmmədovun Xəzəryanı ölkələrin növbəti sammitini çağırmaq təklifi və bu təklif çərçivəsində əsasən təhlükəsizlik məsələlərinin müzakirəyə çıxarılması təsadüfi deyil. Türkmənistan bu yaxınlarda Türkiyədən hərbi gəmilər alaraq öz donanmasını gücləndirib. Bunun səbəbi isə Xəzərin hüquqi statusunu qəbul etmək istəməyən İrandan təhdid gözləməsidir.


 
Görünən budur ki, növbəti sammitdə Xəzəryanı ölkələr İranın qarşısında şərt qoyulacaq: ya Konvensiyanı qəbul et və öz üzərinə öhdəliklər götür, ya da bu sənədin yalnız 3-cü maddəsinin 6-cı bəndi ilə kifayətlənmək olmaz və tərəflər imzaladıqları müqavilənı yenidən gözdən keçirə bilərlər. Bu isə xarici hərbi qüvvələrin Xəzərdə yerləşdirilməsi anlamına gəlir.
 
Açığı, Xəzərin hüquqi statusunun indiki halı yenidən gözdən keçirilməlidir də. Çünki Konvensiyanın indiki şəkli “Bir Yol, Bir Kəmər” layihəsi çərçivəsində Lazurit dəhlizinə iddia edən Azərbaycan, Türkmənistan və Qazaxıstanın maraqlarına cavab vermir. Çünki onun müxtəlif maddələrinə əsasən, Xəzərin dibi göl, səthi isə dəniz hüququna əsasən bölünüb. Yəni Xəzərin dibi və təki ölkələrin sərhədlərinə uyğun olaraq bölündüyü halda, səthinin yalnız 25 mili dövlətlərin payına düşür: 15 mili ərazi suları, 10 mili isə balıqçılıq təsərrüfatları üçün. Xəzərin eni isə 300 mildir. Belə çıxır ki, sahildaş ölkələr dənizin ortasından istifadə edə bilmək üçün digər dövlətlərdən razılıq almalıdırlar. Bu da İrana Xəzərin üzərindən keçən kommunikasiya əlaqələrini məhdudlaşdırmağa imkan verir. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə Çindən Avropaya nəql olunan məhsulları Xəzərin üzərindən keçirməkdə maraqlıdırlar.


 
İranın Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutuna üstünlük verməsi, məhz bu səbəbdən Lazurit marşrutuna və onun tərkib hissəsi olan Zəngəzur dəhlizinə qarşı çıxması da onu göstərir ki, Tehran gələcəkdə sözügedən Konvensiyanın bəzi maddələrindən istifadə edərək, Trans-Xəzər layihəsinin işinə əngəl törədə bilər. Bu isə təkcə, Xəzəryanı 3 türk ölkəsinin yox, Rusiyanın da marağına ziddir. Əvvəla, o səbəbdən ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət  edəcək və bu imtiyaz ona təkcə geosiyasi üstünlük qazandırmaqla qalmayacaq, həm də iqtisadi dividentlər gətirəcək.
 
İkincisi isə, İranın Lazurit xəttinə alternativ layihəsi Cənubi Qafqazın iki ölkəsini – Ermənistan və Gürcüstanı tamamilə Rusiyadan qoparıb özünə bağlamağa hesablanıb. Təbii ki, Moskva olduqca əhəmiyyətli olan bu coğrafiyanı İrana buraxmaz. 




 
Ən əsası isə, İranın üzərində dayandığı layihə Çini bloklayıb, Hindistan ön plana çıxarmağa xidmət edir. Tehran Ruhani hakimiyyəti dövründə bu planı mənimsəməklə ABŞ-la yaxınlaşmaq xətti tutmağa çalışırdı. ABŞ prezidenti Barak Obama hakimiyyəti dövründə hardasa buna nail olmuşdu da. Obamadan sonra hakimiyyətə gələn prezidentlər isə nüvə silahına sahib İran təhlükəsi ilə üz-üzə qalmamaq üçün onun üzərindən xətt çəkdilər. Bu işdə, sözsüz ki, yəhudi lobbisinin də əməyi az olmadı. İran məhz buna görə də Azərbaycanın beynəlxalq tranzit xəttinə qoşulmaq planını İsrail layihəsi kimi görür. Halbuki, hansısa dövlətlərin müxtəlif maraqlarının eyni nöqtədə birləşməsi olduqca təbii haldır və bu, heç də kiminsə kiməsə xidmət etməsi anlamına gəlmir. 
 
Qısası, Azərbaycan və Orta Asiya ölkələrinin qlobal tranzit xəttinə qoşulması, başda Türkiyə və Rusiya olmaqla əksər beynəlxalq güc mərkəzlərinin geosiyasi-iqtisadi maraqlarına uyğundur və hazırda Cənubi Qafqazın yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. İran isə regionun əksər dövlətlərinə qarşı aqressiv mövqe sərgiləməklə faktiki özü-özünü təcrid vəziyyətə salır.
 
Heydər Oğuz,
Ovqat.com 
 


Ana səhifəyə qayıt        Baxış: 7 178          Tarix: 8-10-2021, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma