Xəbər lenti

 
Gülşən Məmmədoğlu
 
Bütün təxribatların müəllifi həmişəki kimi Rusiyadır, üzdə Ermənistanla, mahiyyətdə isə Rusiya ilə vuruşuruq. 
 
Ermənistan tərəfindən başlamış son əməliyyata Türkiyənin təsiri ilə baş tutmayan Tovuz təxribatının davamı, beynəlxalq kommunikasiyaların ələ keçirilmə cəhdi, eyni zamanda 9 noyabr sərhədlərin delimitasiya və demarkasiyası, "sülh" müqaviləsinə hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulmuş görüşün pozulmasına görə Paşinyana verilən cəza və göstərilən təzyiq kimi də baxa bilərik. Yəni, həmişəki kimi, bir güllə ilə iki quş vurmaq taktikası.
 
Hər halda, bu təxribat ABŞ və qərb tərəfindən məruz qaldığı sanksiyalar qarşısında Azərbaycandan Avropaya yönəlik transmilli enerji xətlərinə son nəfəsliyi kimi baxan Rusiya üçün bir test olsa da, ermənilər tərəfindən də sülhü labüd edən şərtlərdən qaçmaq, yayınmaq, paralel olaraq ATƏT-i bölgəyə təhriketmə taktikasıdır. Sözsüz ki, fürsətdən yararlanıb, ərazilərini genişləndirmək, qürrələnmək və sevinmək də istəyərlər. 
 
O ki, qaldı ATƏT-in Minsk qrupunun digər üzvləri -  ABŞ və Fransanın bölgəyə, münaqişəyə yenidən nüfuz etmək cəhdlərinə, hər halda, bu amil də, Ermənistanın və  Rusiyanın "ortaq ilham"ının yaranmasının əsas zəminləri arasındadır. 
 
Anlaşılan və görünən odur ki, Azərbaycanın ağır texnika və artilleriyadan istifadə edərək həyata keçirdiyi adekvat əks hücumu da razılıqla baş verib. Çox güman ki, döyüşün ilk fazasından qəhrəman Ordumuzun möhkəm duruşu sayəsində kommunikasiyaların ələ keçirilə bilməyəcəyini dəqiqləşdirən Rusiya Paşinyanı cəzalandırmağa köklənib. Hər halda, iki məqsəddən ən azı birinin  reallaşacağı öncədən hesablanmalıydı.


 
Yəqin ki, Şuşa ətrafındakı son təxribatların cavabını birbaşa verə bilməyən Azərbaycan da məhz Ermənistanın   öz əli yaradılmış bu fürsətdən yararlanmağı uyğun bilib. Döyüşün gedişi və nəticələri hər şeyi güzgü kimi aydın göstərir. Hər halda, milli qürur və operativlik baxımından alqışlanası addımdır. Ancaq bir məqam var, qan və qurban, Şəhid itkisi hesabına tutulan ərazilərin, konkret iki postun yenidən Rusiyanın istəyi ilə Ermənistana geri qaytarılmayacağına zəmanət yoxdur və təəssüf ki, bu, ilk hal deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin bu xəbəri açıqlamaması, üstündən keçməsi bu şübhəni əsaslandırır.  O zaman, bəs bizim əldə etdiyimiz, qazandığımız nə olur? Rusiyanın maraqlarına görə güc göstərişimi? 
 
Görünən budur ki, Rusiyanın ənənəvi toqquşdurma siyasətinin növbəti məqsədi üçün qurduğu oyunlardan birinin iştirakçısı olduq. Təəssüflə qeyd edirəm ki, bizə heç bir xeyir və fayda gətirməyən, Qafqazda ümumi sülhü sual altında qoyan bu provakasiyalarda Azərbaycanın bir tərəf kimi cəlb edilməsinə icazə verməsi, şərait yaratması milli və strateji maraqlarımız baxımdan anlaşılmazdır. 
Bizə heç bir qazanc saxlamayan, ancaq hər dəfə müəyyən itkilər hesabına başa gələn bu oyunların bir predmetinə dönmək Rusiyanın əlinə işləməkdən başqa bir mahiyyət daşımır. Azərbaycan nəhayət problemin gözünə dik baxmalı və bu məsələlər, artıq ölkəmizin siyasi ritorikasında açıq ifadə edilməlidir. Problemi öz adıyla çağırmağın vaxtı çoxdan gəlib. Əgər, bu cür gizlənpaç mövqe ilə, qazancsız oyunların aktyoru kimi Rusiya qarşısında susa-susa 2025-i, "sülhməramlılığın" bitmə vaxtını gözləsək, çox gec və yaxud daha çətin olacaq. Nəticədə, istər-istəməz Azərbaycan da ermənistan kimi imperiya ssenarilərinin tam alətinə dönüşməyə, forpost ölkəyə çevrilməyə başlayacaq. 
 
"10 Noyabr bəyanatı"ndan sonra bu məzmunda kifayət qədər diktələrə və təzyiqlərə tuş gəldik və bir çoxunu da qəbul etdik. Necə ki, yayda "Zəngəzur yürüşü" eyforiyası altında öz əlimizlə rus hərbi bazalarının Zəngəzurda yerləşməsinə "qanuni əsas" yaratdığımız kimi. Geniş spektrdə və mahiyyətdə qazanan kim oldu, Azərbaycanmı-Rusiyamı? Bizə Rusiyanın hərbi-siyasi-iqtisadi təsir dairəsində olacaq Zəngəzur lazımdırmı? Yəqin ki, əsəblərimizi və resurslarımızı sərf etdiyimiz, həlli yarımçıq qalan, separatizm və ekstrimizmin himayə olunduğu, ölkəmizə hər an təhdid qaynağı olan Dağlıq Qarabağ böhranı varkən, ikinci bir enerji tükətimi məqbul deyil.  


 
Ona görə də mövcud durum üçün hələlik xülya tutumunda olan Zəngəzura deyil, beynəlxalq hüquqla tanınmış ərazimiz olan Dağlıq Qarabağ məsələsinin tam çözülməsinə, ən əsası da Azərbaycanın diktələrdən azad müstəqil siyasət yürütməsinə nail olmağa, hər hansı gücün, hər hansı provakatorun alətinə çevrilməsini önləməyə  yönəlməliyik. Bunu bacarsaq bir gün növbə Zəngəzura da gələ bilər. Qoy, Zəngəzur da qalsın Turanlı Azərbaycana. Sözsüz ki, söhbət gerçək anlamda siyasi-iqtisadi-hərbi birliyi ilə alternativ qüvvə halına gələcək əsl güc mərkəzindən gedir. O birlik ki, onun formalaşması elə ən çox, bu məsələdə 99% açar olan,   Rusiyanın təsir dairəsindən çıxmağa cəhd edən, müstəqil mövqe qoyub əsl tərəfdaşlar və silahdaşlar qazanmaq istəyində və cəhdində olan AZƏRBAYCANDAN keçir...
 


Ana səhifəyə qayıt        Baxış: 5 303          Tarix: 17-11-2021, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma