Xəbər lenti


“Hal hazırda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşü nəzərdə tutulmur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın ilk ongünlüyündə Moskvada üçtərəfli görüşün keçiriləcəyi və sərhədlərin müəyyən edilməsi, eləcə də kommunikasiyaların açılmasını nəzərdə tutan sənədlərin imzalanacağına dair mətbuatda dərc edilən məlumata münasibət bildirərkən söyləyib.Bununla yanaşı, Mirzoyan bildirib ki, müxtəlif formatlarda görüşlərin keçirilməsinə dair təkliflər müzakirə olunmaqdadır. XİN başçısı əlavə edib ki, bu görüşlərin birinin nəticəsi olaraq, hansısa bir sənəd imzalanmasını istisna etmir. Lakin Mirzoyanın dediyinə görə, həmin sənəd erməni mətbuatında dərc edilən məzmunda olmayacaq. O, həmçinin əlavə edib ki, danışıqların detallarını açıqlaya bilməyəcək.

Göründüyü kimi, erməni nazir bu açıqlaması ilə Moskva görüşü və masa üzərindəki sənəd barədə məlumatı nə tam təkzib, nə də təsdiq etmiş olur.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sensasiyalı məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, sözügedən sənədin noyabrın 9-da, yəni 44 günlük müharibənin bitməsinin bir ilinin tamamında Moskvada imzalanacağı gözlənilir.

Ermənistanın “Aliq Media” nəşri tərəfindən dərc olunan və dərhal demək olar, bütün aparıcı erməni saytları tərəfindən tirajlanan həmin məlumatda bildirilirdi ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi
imzalayacaqlar: “Birinci sənəd Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyası və delimitasiyasını nəzərdə tutur. Hansı ki, bununla tərəflər SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsaslanaraq, bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyırlar.”

Həmin məlumata görə, ikinci sənəd isə Azərbaycandan Naxçıvana gedən dəhliz də daxil olmaqla, tərəflər arasındakı bütün yol və kommunikasiyaların açılmasını nəzərdə tutur.



Ana səhifəyə qayıt        Baxış: 3 746          Tarix: 27-10-2021, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma