Xəbər lenti

 
Ermənilər Azərbaycan və Türkiyəyə qarşı o qədər haqsız iddialar irəli sürüb və rus maşasına çevrilərək ədalətsiz “qənimət”lər əldə ediblər ki, indi bütün “qazancların” ikitərəfli münasibətlərin nizamlamasında ciddi problemə çevrildiyini özləri də anlayırlar. Di gəl ki, imperialistlərin “hədiyyə”lərindən də vaz keçə bilmirlər.
 
Ovqat.com-un məlumatına görə, erməni türkoloq Andranik İspiryanın mediaya verdiyi açıqlamanı yalnız bu cür qiymətləndirmək olar.
 
Erməni türkoloqun sözlərinə görə, Ankara ilə İrəvan arasında o qədər çox əngəllər var ki, iki dövlət arasında münasibətlər qurulsa belə, Türkiyənin Ermənistandan ilkin şərtləri əskik olmayacaq. “Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ilk cəhd zamanı - Ankara protokolları imzalanarkən həmin sənədlərdə yazılmışdı ki, qarşılıqlı əlaqələr ilkin şərt olmadan qurulmalıdır. Lakin Türkiyədən Qarabağın heç olmasa bir rayonunu Azərbaycana qaytarmaq barədə şifahi təkliflər gəldiyi üçün Ermənistan parlamenti həmin protokolları ratifikasiya etmədi”, - İspiryan belə eyib. 
 
O qeyd edib ki, Türkiyə həmişə Ermənistan ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib, lakin bu zamanadək, ilk növbədə, Qarabağ məsələsini toxunub. “Müharibədən sonra Türkiyə yenidən Ermənistanla münasibətlərin normallaşmasından danışır, lakin Qarabağın böyük hissəsi təslim olduqdan sonra o, bir neçə yeni ilkin şərtlər irəli sürür, o cümlədən dəhliz məsələsini. Bu ilkin şərti yerinə yetirdikdən sonra da Türkiyənin növbəti ilkin şərtləri olacaq, məsələn, erməni soyqırımını tanımaqdan imtina, Qars müqaviləsinin tanınması və s. kimi”, - erməni türkoloq belə deyib.
 


İspiryanın fikrincə, dəhliz anlayışı danışıqlar prosesindən tamamilə kənarlaşdırılmalıdır: “Hesab edirəm ki, heç bir erməni, heç nədən asılı olmayaraq, dəhliz konsepsiyasını Ermənistan üçün məqbul hesab edə bilməz. Başqa bir məsələ bizi belə bir təhlükə ilə üz-üzə qoyan siyasətlər nəticəsində rəsmilərimizin prosesə nə qədər ziyan vurmasıdır. Hazırda bütün bunlara görə yeganə cavabdeh hökumətdir. Mən bu hakimiyyətin imkanlarına qəti şəkildə şübhə edirəm, lakin ümid edirəm ki, ən azı bu dəfə müttəfiqlərinin köməyi ilə onlar bu məsələni bizim xeyrimizə həll edə biləcəklər”.
 
İspiryanın bu fikirlərindən də göründüyü kimi, ermənilər nəinki Zəngəzur dəhlizinin açılmasını, hətta Türkiyənin ərazilərinə iddialarından əl çəkmədən onunla münasibətləri normalaşdırmaq eşqindədirlər. Halbuki, bunun özü ən ağır şərtdir və Türkiyənin haqlı mövqeyi ilə razılaşmayan İrəvan ona öz qəbulolunmaz tələblərini qəbul etdirməyə çalışır. Bu şərti isə nəinki Türkiyə kimi dünyada ciddi çəkisi olan dövlət, hətta cəngəllik qaydaları ilə yaşayan ibtidai insanlar da qəbul etməz.


 
O ki qaldı erməni türkoloqun barəsində danışdığı “Ankara protokolları”na, görünür, söhbət 2009-ci ilin 10 oktyabr tarixində İsverçrənin Sürix şəhərində Türkiyə və Ermənistanın imzaladıqları sənədlərdən gedir. Erməni türkoloqu Sürix protokollarının həyata keçirilməməsinin səbəbini guya Türkiyənin sonradan irəli sürdüyü “ilkin şərtlər”lə əlaqələndirir. Əslində isə dünyanın aparıcı dövlətlərinin təşəbbüsü ilə hazırlanan həmin protokollar imzalandığı gündən etibarən erməni “naz-qəmzəsi” ilə pozulmaq həddinə gəlmiş, son anda dünyanın şərt təpkiləri nəticəsində İrəvan tərəfindən könülsüz qəbul edilmişdi. Protokolun imzalanma mərasimində ortaya çıxan insidentin bəhanəsi isə Türkiyə Xarici İşlər nazirinin toplantıda oxuyacağı bəyanatın mətni ilə bağlı idi. Belə ki, mərasimə bir neçə saat qalmış Ermənistan nümayəndə heyətinin rəhbəri Edvard Nalbəndyan, Əhməd Davudoğlunun çıxış mətnində Dağlıq Qarabağ problemi və 1905-ci il hadisələri ilə bağlı müddəalar olduğunu əsas gətirmiş, bunun imzalanacaq protokolun ruhuna uyğun gəlmədiyini bildirmişdi. Nalbəndyanın fikrincə, hər iki məsələ siyasi yox, tarixi hadisələrlə bağlıdır və bunun müzakirəyə açılmasına nə erməni diasporası, nə də ictimaiyyəti razılıq vermir. Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu isə eyni məntiqlə Nalbəndyanın çıxış mətnində də tarixi hadisələrdən bəhs olunduğunu göstərmiş və o zaman erməni tərəfinin də çıxış mətninin redaktəsini tələb etmişdi. Beləcə, son anda pozulmaq həddinə gələn görüşün davam etdirilməsi üçün mərasimə qatılan ABŞ, Fransa, Rusiya və Avropa İttifaqı diplomatları araya girərək, tərəfləri imzalanma mərasiminin çıxışsız keçirilməsinə razı sala bilmişdilər.


 
Ermənilərin digər etirazı II protokolda yer alan bu bənddə idi: “Hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr, iki xalq arasında qarşılıqlı etimadın yaradılması məqsədilə cari problemlərin müəyyən edilməsi və tövsiyələrin verilməsi məqsədi ilə tarixi mənbələrin və arxivlərin qərəzsiz elmi araşdırması da daxil olmaqla dialoqun həyata keçirilməsi,”. Erməni diasporu sözügedən müddəanın soyqırım məsələsinin müzakirəyə açılmasını əsas gətirib sənədin imzalanmasını xəyanət kimi qiymətləndirdiyindən o dövrün Ermənistan hakimiyyəti bununla razılaşmamışdı.
 
Birinci protokoldakı “ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı” kimi prinsiplər də erməni məntiqinə tərs gəlir və onlar Türkiyəyə qarşı öz təcavüzkar iddialarından əl çəkmək istəmirdi. Halbuki bu müddəalar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki Yekun Aktına və Paris Sazişinə istinad edirdi. Dolayısıyla boylarına uyğun gəlməyən iddiaları ilə beynəlxalq hüquq normalarını belə heçə sayan ermənilər öz havadarlarının da qəzəbinə tuş gəlmiş, məlumata görə, qapalı qapılar arxasında onlardan bu protokolu dərhal imzalanması tələb olunmuşdu. 
 
Beləcə, məcburən Sürix protokollarını imzalamaqdan başqa yolu qalmayan İrəvan həmin sənədin ratifikasiya məsələsində də ayağını yerlə sürümək xəttini tutmuşdu. İlk əvvəl Türkiyə parlamentinin protokolları ratifikasiya etməsini gözlədiyini bəhanə gətirən Serj Sarkisyan hökuməti Ankara bu addımı atandan sonra isə məsuliyyəti öz üzərindən atmaq üçün sənədləri hüquqi qiymət vermək adı ilə Konstitusiya Məhkəməsinə göndərmişdi. Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixində sənədə müsbət cavab verməsinin ardından isə erməni diasporası və müxalifəti həmin qurumu vətənə xəyanətdə ittihamları başlamışdı. Bu ittihamlar kampaniyası protokolların ümumiyyətlə gündəmdən çıxarılmasına qədər varmış, nəhayət, sənədlərin imzalanmasından 9 il sonra – 2018-ci ilin mart ayında Ermənistan parlamenti onu ratifikasiya etməkdən boyun qaçırmışdı.
 
Zənnimizcə, ratifikasiyadan imtina qərarının 9 il gözlədilməsi həmin dövrdəki ruspərəst erməni hakimiyyətin Paşinyana qurduğu və nəticəsi indiyədək davam edən ilk tələ idi. Çünki Sürix protokollarından imtinanın beynəlxalq aləmin Ermənistana münasibətini büs-bütün dəyişdirəcəyi şübhə doğurmurdu. Ən azı o səbəbdən ki, İrəvan bu qərarının əsaslandırması ilə təkcə regiondakı konfliktləri qızışdırmır, həm də protokolların əsaslandığı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməso və Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Helsinki Yekun Aktından imtina anlamına gəlirdi. Bu da öz növbəsində müasir dünya düzəninin təməllərini təşkil edən prinsipləri tanımamaq cəhdi idi. Sözsüz ki, bu “cəsarətli” addımı Ermənistan təkbaşına ata bilməzdi və qərarın arxasında Rusiyanın izi açıq-aydın görünürdü. 


Ermənistanın xəyalındakı Ermənistan
 
Paşinyanın hakimiyyətə gəlməsindən cəmi 2 ay əvvəl (sənədin ratifikasiya olunmasından imtina – 1 mart 2018-ci il, Paşinaynın Baş nazir seçilməsi – 8 may 2018-ci il) qəbul edilən bu qərarın istər-istəməz yeni hakimiyyəti beynəlxalq təzyiqlərlə üz-üzə qoyacağı və ondan bu sənədə yenidən baxılmasının tələb ediləcəyi hesablanmışdı. Nəticədə Paşinyan ya Sürix protokollarına yenidən qayıdaraq erməni nifrətini, ya da ondan imtina yolunu davam etdirərək beynəlxalq təzyiqlərlə üz-üzə qalmağı seçməli olacaqdı. Paşinyan isə ikinci yolu seçərək 44 günlük Vətən savaşına yol açdı. Bu gün onun özünün də etiraf etdiyi kimi, dünya birliyi tərəfindən erməni iddialarının qəbul olunmaması, görünür, “erməni ipə-sapa yatmazlığından” qaynaqlanır.
 
Paşinyanın 44 günlük savaşdan sonra imzaladığı bəyanatın tələblərini erməni müxaliflərinin təzyiqi ilə yerinə yetirə bilməməsi ona qarşı qurulan tələnin hələ də davam etdiyini göstərir. Ermənistan Baş nazirinin qarşısında isə rəhbərlik etdiyi ölkəni Rusiyadan ayırıb Qərb ilə inteqrasiya xəttinə qoşmaqdan başqa seçənək qalmayıb. Bu isə Zəngəzur dəhlizinin açılması, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və s. kimi siyasətlərlə mümkündür. Əks halda, Paşinyan hakimiyyəti Rusiyanın təsir dairəsindən çıxa bilmədiyini göstərmiş olacaq və bunun ağır bədəllərini ödəmək məcburiyyətində qalacaq. Sözsüz ki, bu bədələ yeri gələndə Zəngəzurun zor gücünə itirilməsi perspekti də daxildir. 
 


Görünür, bu səbəbdən də Paşinyan Azərbaycan və Ermənistan arasındakı danışıqların Avropa İttifaqı vasitəçiliyə ilə aparılmasını arzulayır və Aİ Şurasının Prezidenti Şarl Mişelə bu barədə müraciət edib. Həmin müraciətdən sonra Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə onun təklifini çatdırması və ölkə başçımızın da bu təklifi qəbul etməsi də təsadüfi görünmür. Əldə edilən razılığa əsasən tərəflər bundan sonra iki dövlət arasındakı problemləri öz aralarında müzakirə edəcəklərAzərbaycanla Ermənistan Müdafiə nazirləri arasında birbaşa əlaqə xətti qurulacaq. Başqa sözlə desək, iki dövlət arasındakı münasibətlərdə Rusiya amili tamamilə sıradan çıxarılacaq. Görünən budur ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının başqa yolu yoxdur və Qərb dövlətləri də bunu anlayırlar. Bəlkə də Aİ çərçivəsində görüşlərin keçirilməsi Paşinyana doğru məxrəcə gəlmək üçün verilmiş son şansdır. 
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 628          Tarix: 21-11-2021, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma