Xəbər lenti

 
İqtisadi Əməkdaşlıq Təşkilatının Türkmənistan paytaxtı Aşqabadda keçirilən zirvə toplantısı bitər-bitməz ölkəmizdə hamımızı dərindən üzən helikopter qəzası baş verdi. Sammitdən cəmi 2 gün sonra yaşanan qəzada Azərbaycanın ən təcrübəli 14 pilotu şəhid oldu. Onların arasında 44 günlük savaşın gizli qəhrəmanları da vardı
 
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev bu qəzada xarici müdaxilə ehtimalını tələm-tələsik istisna etsə də, bir sıra mütəxəssislər məhz bu versiya üzərində dayanırlar. Şübhələr isə əsasən Rusiya üzərində cəmləşir və istər-istəməz bu sualı ortaya çıxarır: Əcəba, Aşqabad sammitdə liderlər hansı qərarlara imza atdılar ki, helikopter qəzası ilə Azərbaycandan qisas alındı?
 
Ovqat.com qənaətincə, Türk professoru Kütşad Zorlunun “Habertürk” nəşrində dərc olunan “Bu layihə həqiqətən balansı dəyişdirə bilər! sərlövhəli məqaləsi yuxarıdakı suala dolayısıyla aydınlıq gətirir. Məqalədə deyilir:
 
“Bir müddətdir ki, mən Türkmənistan təbii qazını Azərbaycana, oradan da Avropaya daşıyacaq potensial boru kəmərini gündəmə gətirirəm. Çünki hər gün, xüsusilə də ABŞ-da daha çox müzakirə edilən bu təmayülün Türkiyəni də maraqlandıran nəticələri olacaq.
 
Belə bir layihənin reallaşdırılmasının həm də Cənubi Qafqazın Xəzərə birləşdirilməsi, Türk dünyasının yenidən tarixi İpək Yolu xəttində ana zolağa çevrilməsi baxımından da önəmi var və bu layihə Türk Dünyası üçün stratejik əhəmiyyətli və xalqların rifahına birbaşa təsir göstərə biləcək potensiallar ehtiva edir.
 
Bu günlərdə bizi onun barəsində daha çox danışmağa vadar edən 3 mühüm hadisə baş verib.
 
Birincisi, yanvar ayında Türkmənistan və Azərbaycan Xəzər dənizindəki “Dostluq” yatağında karbohidrogen ehtiyatların birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandum imzaladılar ki, bu da iki dövlətin sözügedən istiqamətdə atdıqları ən müsbət addım idi. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza imzalanan sənədi şərh edərkən demişdir: “Dostluq sazişi imzalanandan sonra Transxəzər qaz kəmərinin tikintisinin qarşısında duran əsas siyasi maneə aradan qaldırıldı”.
 
İkincisi, bu yaxınlarda Azərbaycan, Türkmənistan və İran arasında svop sazişi imzalandı.
 
Üçüncüsü, Türkmənistan Ümumdünya Ticarət Təşkilatına, eyni zamanda Türk Dövlətləri Birliyinə daxil olmaq yolunda qədəm qoydu.
 
 
Son 15 ildə bir çox təşəbbüslər olsa da, bu hadisələr və Əfqanıstanda yaşanan böhran Trans-Xəzər xəttini türkmən qazı üçün funksional hala gətirdi.
 
Bu yerdə xüsusilə yaxın zamanlarda yaradılan bir quruma diqqət yetirilməlidir. Aprel ayında ABŞ-da təsis edilən “Trans Caspian Resources” (TCRI) şirkəti artıq layihə ilə bağlı yüksək səviyyəli danışıqlara başlayıb. “Xəzər regionuna sabitlik və uğur gətirməyi” özünün başlıca hədəfi olaraq görən təşkilatın həmsədri Allan Mustard 2014-2019-cu illər arasında ABŞ-ın Türkmənistandakı səfiri vəzifəsində çalışıb. Qurumun idarə heyətində həmçinin, BP kimi mühüm enerji şirkətinin yüksək səlahiyyətli şəxsləri də təmsil olunurlar.


 
TCRI-nin nəzdində həyata keçirilməsi planlaşdırılan layihənin əhəmiyyətini 3 başlıq altında qruplaşdıra bilərik:
  1. Dünya neft və kömürdən uzaqlaşdıqca təbii qazın əhəmiyyəti artacaq; 
  2.  Elektrik enerjisi istehlakının artması (məsələn, elektrikli nəqliyyat vasitələri) yeni təbii qaz nəqlini zəruri hala gətirəcək;
  3.  ABŞ tərəfindən tam dəstəklənən C5+1 sazişi bu perspektivdə təsir gücünü artıracaq. Bu birliyə Mərkəzi Asiyanın beş ölkəsi daxildir. Keçmişdə bu layihə Klinton dövründə çox intensiv şəkildə gündəmə gəlmişdi.
 
Vaşinqtonda yerləşən “The Heritage Foundation” tərəfindən dərc edilən bir məqalədə Transxəzər xəttində bir çox baxımdan yeni şərtlərin yarandığı bildirilir. Məqalədə xüsusilə Avropanın təbii qaz idxalının 40%-dən çoxunun Rusiyanın payına düşdüyü və regiondakı siyasi balansların dünənlə müqayisədə daha müsbət yöndə dəyişdiyi vurğulanır. Luke Coffy və Efqan Nifti adlı müəlliflərin qələmə aldığı məqalədəki ən mühüm detal ondan ibarətdir ki, Xəzərin hər iki tərəfində boru kəmərləri və digər infrastrukturlar artıq tikilib. İstifadəyə hazır olması üçün bu hissələri yalnız boru kəmərləri ilə birləşdirmək lazımdır.
 
Azərbaycanın açıq dənizdəki Azəri-Çıraq-Günəşli qaz yatağı ilə Türkmənistanın Livanova qaz yatağı arasında məsafə cəmi 42 dəniz milidir. Bu qısa məsafə birləşdirilə bilsə, ümumi xəttin üçdə birinin (təxminən yarım milyard dollar) faəliyyətinə qismən start veriləcək və Xəzər dənizinə qonşu ölkələrin digər layihə təklifləri də daha cəsarətlə irəli sürüləcək.
 
Beləliklə, Rusiya və Çinin sözügedən xəttlə bağlı narahatlıqları meydana çıxır və çıxmaması mümkün deyil. Əlbəttə, bu, başqa bir yazının mövzusudur və istər-istəməz bir suala yol açır: Türk Dünyası əməkdaşlığı konteksində türkmən qazının qərbə nəqli fikrini necə qiymətləndirmək olar? Bütün hallarda yeni dövrdə Türkmənistanın öz bölgəsindəki sıxıntısını aradan qaldırması, əməkdaşlığının cənuba daşınması çox dəyərli olacaq”.
 


Ana səhifəyə qayıt        Baxış: 6 528          Tarix: 3-12-2021, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma