Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Qazaxıstan hökuməti istefaya göndərilib.
Ovqat.com-un məlumatına görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin gecə saatlarında bu barədə Sərəncam imzalayıb.
"Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsini rəhbər tutaraq, Qazaxıstan Respublikası hökumətinin istefasını qəbul etmək qərarına gəlirəm", - prezidentin sərəncamında belə deyilir.
Sərəncama görə, Qazaxıstan Baş naziri səlahiyyətlərinin icrası müvəqqəti olaraq Baş nazirin müavini Əlixan Smayılova tapşırılıb. Kabinetin digər üzvləri isə yeni hökumət qurulanadək öz postlarında qalacaqlar.
Qeyd edək ki, istefaya göndərilən Əsgər Mamin hökuməti ötən ilin yanvarında keçirilən Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra qurulmuşdu. Hələ 1 yaşını belə tamamlamamış çiçəyi burnunda hökumətin istefasına yol açan hadisələr zənciri ölkədə qaz qiymətlərinin iki dəfə artması ilə yaşanan iğtişaşlar oldu. Bu ilin əvvəlində ölkənin qərbində neft və qaz hasil edən Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri mayeləşdirilmiş qazın qiymətinin iki dəfə artırılmasına qarşı etiraz aksiyası keçirdilər. Vilayətdə bir çox magistral yolların bağlanması ilə başlayan etiraz dalğası getdikcə bütün şəhərlərə yayıldı və mərkəzi meydanlar etirazçı kütlə ilə dolub daşdı. Qazaxıstan Energetika Nazirliyi maye qazın qiymətlərinin kəskin bahalaşmasını yanvarın 1-dən etibarən tətbiq olunan elektron birja qaydaları ilə əsaslandırmağa çalışdı. Nazirliyin bildirdiyinə görə, yeni ildən qiymətlər elektron birjanın tələb və təklif göstəriciləri əsasında formalaşmağa başlayıb. Başqa sözlə, tamamilə liderallaşmış enerji bazarındakı yeni qaydalar hökumətin iradəsindən asılı deyil. Hadisələrin qızışmasında bu açıqlamanın da böyük rolu oldu. Proses əndazəsindən çıxdıqdan sonra ölkə başçısı Tokayevin hadisələrə müdaxiləsi də iğtişaşları səngitmədi. Paytaxtda və ölkənin digər şəhərlərində Manqistau vilayətinin sakinlərinə dəstək aksiyaları başladı. Gərginlik hərbi qüvvələrin etirazçı kütləni sakitləşdirmək üçün meydanlara göndərilməsinə qədər vardı.
Tokayev dünən xalqa müraciətində hər kəsi, xüsusilə də gəncləri sakitliyə dəvət etdi və vəziyyəti öyrənmək üçün komissiya yaratdığını bildirdi. Hökumət komissiyasının fəallarla görüşdən sonra verilən məlumata görə, qazın qiyməti litr üçün 50 təngəyə qədər endirildi. Hökumətin geri addım atması belə etirazçıları qane etmədi. Sonunda Qasım-Jomart Tokayev başda Almatı və Manqistau olmaqla bir sıra vilayətlərdə fövqəladə vəziyyət elan etdi. Tokayev administrasiyasının mətbuat xidmətinin bildirdiyinə görə, fövqəladə vəziyyət yanvarın 5-i saat 01:30-dan 19 yanvar saat 00-a qədər qüvvədə olacaq. Qazaxıstan Prezident Administrasiyası onu da bildirdi ki, fövqəladə vəziyyət “ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi” zərurətindən irəli gəlir.
Fövqəladə vəziyyətin tətbiqindən sonra hadisələr qismən sakitləşsə də gərginlik hələ də davam edir. Şahidlərin bildirdiyinə görə, Almatıda Respublika meydanından kənara uzaqlaşdırılan nümayişçilər şəhərin müxtəlif küçələrində gəzirlər. “Çox sayda saxlanılanlar var və onları yerli polis idarəsinə aparırlar, hələ də küçələrdə etirazçıların istefa şüarları və səs qumbaraların səsi eşidilir”, - Almatıdan səhərə yaxın saatlarda gələn məlumatlarda belə deyilirdi.
Hadisənin səbəblərinə gəlincə, ilk baxışdan qaz qiymətinin artmasına etiraz aksiyası kimi görünən bu iğtişaşın xarici müdaxilənin nəticəsi olma ehtimalı da istisna edilmir. Prinsipcə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev də dünənki xalqa səslənişində də bu ehtimalı gücləndirən fikirlər dilə gətirib. O, xalqa səslənərək bildirib: “Əziz həmvətənlər, bir daha sizə müraciət edirəm, səbrli olun, daxildən və xaricdən gələn təxribatlara uymayın”.
Göründüyü kimi, Tokayev bu sözlərlə hadisələrin arxasında xarici güc mərkəzlərinin ola biləcəyini və onların Qazaxıstandakı müəyyən qüvvələri hərəkətə gətirmə ehtimalına açıq şəkildə eyham vurur. Hökumətin geri addım atmasına baxmayaraq, etirazların səngiməməsi də sübut edir ki, qazaxları meydanlara çıxaran qazın qiymətinin bahalaşması məsələsi deyil və hadisələrin arxasında hansısa xarici qüvvə dayanır.
Bəs, bu xarici qüvvə kim ola bilər?
Zənnimizcə, bu sualın cavabı Nazarbayev və Tokayev hakimiyyətlərinin son zamanlar yürütdükləri siyasətlərdə gizlidir. Məlum olduğu kimi, hələ Nazarbayev hakimiyyəti dövründə başlayan Qazaxıstanın qazaxlaşması prosesi son illərdə böyük vüsət alıb. SSRİ dövründə rusların sayı yerli xalqdan çox olduğu bu ölkənin etnik tərkibi 2009-cu ildən tamamilə dəyişib. Həmin il keçirilən əhalinin siyahıya alınması göstəricilərinə görə, ruslar ölkə əhalisinin 23.7%-ni təşkil edirdi. 2020-ci ildə isə bu nisbət 18.9%-ə düşüb. Bunun əvəzində isə qazaxlar əhali sayına görə ölkənin həqiqi sahibinə çevrilib - 68,5%.
Üstəlik, Qazaxıstanda getdikcə milli şüur da güclənir. Artıq bir çox dövlət və özəl müəssisələrdə məmurlardan qazax dilində danışmaq tələb olunur ki, bu da post-sovet ölkələrinə özünün müstəmləkəsi kimi baxan və rusçanı bu ölkələrin beynəlxalq dilinə çevirməyə çalışan Moskvanın imperialist niyyətləri ilə üs-üstə düşmür.
Onu da xatırladaq ki, Qazaxıstan hökuməti 2017-ci ildə əlifba islahatına gedərək latin qrafikasına keçmək barədə qərar imzalamışdı. Qərara görə, artıq 2023-cü ildən başlayaraq bu ölkədə yeni milli əlifdadan istifadə olunacaq. 31 səsdən ibarət olan yeni qazax əlifbası tam da bizim əlifbamıza oxşayacaq. İki türk xalqının əlifbası arasında yeganə fərq bizdəki “c” hərfinin qazaxcada olmaması, “ə” hərfinin isə “ä” ilə əvəz olunmasıdır. Sözsüz ki, bu əlifba dəyişikliyi Qazaxıstanı Türk dünyası ilə yaxınlaşdırdığı kimi, Rusiyanın orbitindən daha da uzaqlaşdıracaq.
Qazaxıstanın yeni hökuməti Türk dünyasına inteqrasiya prosesində aktiv yer alır. Ötən il İstanbulda keçirilən Türk Dövlətləri Biriliyi sammitində aktiv iştirakı ilə yadda qalan Qazaxıstan bir çox strateji yataqları ilə bu ittifaqın ən çox ümid bəslənən ölkələrindən ola bilər. Neft, qaz yataqlarından başqa Qazaxıstan nüvə enerjisi sektorunda dünya liderlərindən sayılır. Dünyanın ən böyük uran yataqlarına sahib olan ölkə həm də bu potensialını nüvə yanacağı istehsal edən müəssisələrlə zənginləşdirib. Hər il Qazaxıstanda 20 min tondan artıq uran çıxarılır, onun hərbi-strateji silah istehsalçısına çevrilməsi gələcəkdə nüvə dövlətinə çevrilməsinə də zəmin yarada bilər. Sirr deyil ki, qazaxlar bu istiqamətdə ciddi addımlar da atılırlar. Nüvə yanacağı istehsalı ilə məşğul olan dünyanın ən böyük müəssisəsi Qazaxıstanda yerləşir. “Kazatomprom” adlı bu dövlət şirkəti enerji və yanacaq əldə etmək üçün uran, berilyum, tantal və niobium kimi nadir metalların və elementlərin kəşfiyyatı və istehsalı kimi fəaliyyətlərlə məşğul olur. Müəssisə hazırda ABŞ, Kanada, Çin, Cənubi Koreya, Yaponiya və Avropa İttifaqı ölkələrinə uran yanacağı ixrac edir. 1997-ci ildə yaradılan “Kazatomprom”un baş qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir və müəssisə 2010-cu ildən etibarən təbii uran istehsalında dünya lideridir.
Bundan əlavə, Qazaxıstanda ABŞ-ın müxtəlif şirkətləri tərəfindən gələcəkdə bioloji silahlar istehsal edəcəyi ehtimal olunan müəssisələr qurulur. Ötən il noyabrın 5-də Qazaxıstan hökumətinin rəsmi saytında dərc olunan bir məlumata görə, ölkənin Jambil vilayətinin Korday rayonunun Qvardeyski kəndində təhlükəli və yüksək təhlükəli virus ştammları üçün bioloji təhlükəsizlik səviyyəsi yüksəldilmiş yeni elmi laboratoriya və yeraltı anbarların tikintisinə start verilmişdi.
Bildirilirdi ki, tikintinin başa çatma tarixi 2025-ci ilin IV rübü üçün nəzərdə tutulub. Obyekt BSL-4 (Biosafety Level 4) kodu ilə fəaliyyət göstərəcək, bu da bioloji təhlükəsizliyin ən yüksək (dördüncü) səviyyəsi sayılır. Alimlərin fikrincə, BSL-4 səviyyəsi laboratoriya tərəfindən tədqiq edilən virusların yüksək fərdi və sosial riskini ifadə edir və bu virusların əksəriyyətinə qarşı effektiv tədbirlər mövcud deyil.
Maraqlıdır ki, bu laboratoriya Qazaxıstanda ABŞ tərəfindən inşa edilən ilk bioloji tədqiqat mərkəzi də deyil. Hazırda Almtıda, Aikimbaev adına Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Milli Elmi Mərkəzində Pentaqonun vəsaiti ilə tikilmiş Mərkəzi Referans Laboratoriyası və xüsusilə təhlükəli yoluxucu patogenlər anbarı mövcuddur. Qazaxıstanda bu laboratoriyaların bioloji silahların hazırlanması üzərində işləməsi ilə bağlı təkliflər də səsləndirilir. Bunu, xüsusən də Qazaxıstan müdafiə nazirinin keçmiş müavini Amirbek Toqusov irəli sürür.
Almatıdakı laboratoriyanın inşasının Amerika hərbi idarəsi tərəfindən maliyyələşdirilməsi faktını müəssisənin direktoru Baxit Atşabar da etiraf edib. Baxmayaraq ki, o, həmin laboratoriyada bioloji silahların hazırlandığı faktı ilə razılaşmayıb. Bununla belə, Qazaxıstan tərəfi Pentaqonun biomühəndisləri ilə sıx əməkdaşlıq etdiklərini gizlətmirlər və hətta ona Mərkəzi Referans Laboratoriyasının inkişafına əvəzsiz töhfə verdiyinə görə minnətdarlıq bildirirlər. O da məlumdur ki, Qazaxıstandakı bio-labaratoriyalara ABŞ-ın Qazaxıstandakı səfirliyi nəzdində fəaliyyət göstərən Amerika Müdafiə Nazirliyi yanında Bioloji Təhlükələrin Azaldılması Agentliyinin (DTRA) filialı nəzarət edir. Filialın rəhbəri ABŞ polkovnik-leytenantı Stiven Kalderdir.
Bir sözlə, yeni yaranmaqda olan Türk Birliyinin aparıcı ölkələrindən sayılan Qazaxıstan gələcək ittifaqın strateji silahlar anbarına çevrilməkdədir.
Sözsüz ki, Rusiya Qazaxıstanda öz mövcudluğunu təhdid edən “Türk-Amerikan bombası”nın yaradılmasına səbrlə yanaşa bilməzdi. Üstəlik, bu ölkədə rus əhalisinin getdikcə azalması və qazaxların milli-dini şüurunun artması rus şovinistlərini ciddi narahat edir. Zənnimizcə, Qazaxıstanda bu ilin ilk günlərindən başlayan etiraz aksiyaları bu narahatlıqla bağlı ola bilər. Məqsəd 2 il əvvəl Belarusda baş verən hadisələrin bənzərini Qazaxıstanda yaşatmaq və ölkəni öz orbitinə qaytarmaqdır. Fəqət Moskvanın Qazaxıstan qatarını çoxdan qaçırdığı da ortadadır və bu ölkədəki milli qüvvələr prosesi öz xeyrlərinə də çevirə bilərlər. Bu da nəticə etibarilə Qazaxıstanın təməllərinə dinamit kimi yerləşdirilmiş və hər an partlamağa hazır vəziyyətə gətirilmiş rus əhalisinin sayını təhlükəlilik həddindən daha aşağı səviyyələrə gətirb çıxara bilər.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, Ukrayna böhranının müzakirəsinə hazırlaşıldığı indiki məqamda Moskvanın başının bir də Qazaxıstana qarışması, Donbassda əməliyyatların başlanması təqdirində rus ordusunun bu iki hədəf ölkə arasında sıxışdırılması da NATO və ABŞ-ın işinə gəlir. Odur ki, Qazaxıstandakı üsyanların arxasında tam olaraq kimin dayandığını müəyyənləşdirmək çətindir. Bu gün kimin başlatdığı tam bəlli olmayan hadisələrin Rusiyanın əleyhinə nəticələnəcəyi daha inandırıcı görünür. Mümkündür ki, bu proseslər 2022-ci ildə Rusiyaya endirilən ilk ən böyük zərbə olsun və Qazaxıstanda başlayan rus orbitindən tamamilə ayrılma prosesi Orta Asiya ölkələrini də bürüsün.
Qazaxıstanda və bütünlüklə Orta Asiyada Qərbin, yoxsa Rusiyanın qələbə çalacağını yaxın günlərdə yaşanan hadisələr daha aydın şəkildə göstərəcək.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar