Xəbər lenti

Mürvət Həsənli

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsini 2022-ci ildə Azərbaycan hakimiyyətinin yürüdəcəyi siyasətin yol xəritəsi adlandırmaq olar. Çünki 3 saata yaxın davam edən müsahibəsində Cənab Prezident bir çox məsələlərlə bağlı fikirlərini dilə gətirdi, bu il yürüdəcəyi siyasətə aydınlıq gətirdi. Müsahibədə Azərbaycan-Ermənistan məsələsindən tutmuş iqtisadi siyasətə qədər demək olar ki, bütün sahələrə toxunuldu.

Açığı, hər il Nazirlər Kabinetinin ilin yekunlarına dair iclaslarında ifadə olunan sözləri Prezidentin bu dəfə media qarşısında dilə gətirməsi həm də mühüm bir dəyişikliyə işarə idi. Prezident sanki bu seçimiylə bundan sonra onun bütün fikirlərini media qarşısında söyləyəcəyinə və ölkənin idarə olunmasında ictimaiyyət nümayəndələrinin rolunun artırılmasına əhəmiyyət verəcəyinə işarə edirdi. Onun müsahibəsində səsləndirdiyi bu fikirlər də qənaətimizi təsdiqləyir: “İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.



Prezident siyasi idarəetmədə cəmiyyətin rolunun artırılmasını məmurların diqqətinə çatdırmaqla həm də onları ənənə halını almış korrupsiya əməllərindən vaz keçməyə, bunu bacarmırlarsa üzüsulu şəkildə istefa verməyə çağırdı. Ölkə başçısının fikrincə, məmurların özbaşınalıqları, qanuna zidd addımları mövcud hakimiyyətin nüfuzuna ciddi zərər vurur, bu da “ayı xıdməti”ndən başqa bir şey deyil: “Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

Cənab İlham Əliyev toplumun bu cür ictimai bəlalardan qurtuluşunun yollarını da göstərdi. O qeyd etdi ki, hakimiyyət sadəcə cinayətkar məmurları cəzalandırmaqla qalmayacaq, həm də bu kimi xoşagəlməz hallara yol verməmək mexanizmini tapmaq üzərində çalışacaq. Yəni elə bir idarə etmə strukturu yaradılacaq ki, orada məmurlar istəsələr belə, maxinasiyalara, qanunsuzluqlara yol verməyəcək. Prezidentin fikrincə, bunun ən qısa yolu isə şəffaflığın təmin edilməsi, bürokratik aparatın zəiflədilməsi və korrupsiya imkanlarının daraldılmasıdir. Azərbaycanın bu istiqamətdə indiyədək ciddi təcrübələrinin olduğunu xatırladan Prezident xüsusilə “ASAN Xidmət”in fəaliyyətini nümunə göstərdi: “Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq”.



Cənab İlham Əliyev müsahibəsində Azərbaycan hakimiyyətinin qarşısında dayanan sosial-iqtisadi problemlərin həlli ilə bağlı düşüncələrini də açıq şəkildə ortaya qoydu. O bildirdi ki, ölkəmiz əhalinin maddi rifah halını yaxşılaşdırmaq üçün 2014-cü ildə manatın məzənnəsinin sabit saxlamaq üçün valyuta bazarına dollar transferini sınaqdan çıxardı. Fəqət bunun problemin həlli olmadığı anlaşıldı.

Bundan sonra isə valyuta bazarı tamamilə sərbəst buraxılacaq və social təminatı yaxşılaşdırmaq üçün iş imkanlarının artırılması metodlarından istifadə olunacaq: “Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”.

Sərbəst bazar iqtisadiyyatının aztəminatlı ailələrin rifahına mənfi təsir göstərməməsi üçün yürüdüləcək siyasətlərdən birinin də maaşların və pensiyaların artırılması olduğunu vurğulayan Prezident son zamanlar bu sahədə mühüm işlərin görüldüyünü xatırlatdı: “Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər”.



Prezident müsahibəsində Ermənistanın Azərbaycana təcavüzkar siyasəti barədə görüləcək işlərdən də danışdı. O qeyd etdi ki, Qazaxıstandakı proseslərə müdaxilə edən KTMT-nin dövri rəhbəri olması İrəvanın revanşist xülyalara düşməsinə yol açıb. Lakin bu xülyanın nə qədər əbəs olduğunu ermənilərin bir müddət əvvəl Kəlbəcər rayonundakı postlarımıza hücumları zamanı aldıqları cavab da sübut edir və Azərbaycan düşmən dövlətin arxalandığı qüvvələrin təhdidlərinə əhəmiyyət vermədən düşmən təcavüzünü adekvat şəkildə cəzalandıracaq: “Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb”. Prezident bu sözlərlə əslində İrəvanın diqqətinə bundan sonra da atacaqları hər təcavüzkar addımın bir neçə qat misliylə cavabını alacaqlarını çatdırdı.

Ölkə başçısının ATƏT-in Minsk qrupuna göndərdiyi mesajlar da qətiyyətin ifadəsi idi. Prezident açıq şəkildə bildirdi ki, bundan sonra Minsk qrupunun vasitəçiliyini qəbul etməyəcək və bu qurumun daxilindəki ziddiyyətlər də onun funksionallığını heçə endirir: “Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır”.



Prezident eyni qərarlılığı rus sülhməramlılarına münasibətdə də ifadə etdi. O, nəzakət xətrinə sülhməramlıların indiyədək xidmətlərini qiymətləndirsə də, narahat doğuran fəaliyyətlərinə də toxundu: “Biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər”.

Prezident rus sülhməramlılarının bu təxribatçı mövqelərindən əl çəkməyəcəyi halda Azərbaycanın Laçın dəhlizini öz nəzarətinə götürəcəyinə açıq ehyam vurmağı da yaddan çıxarmadı.

Fransanın prezidentiliyə namizədi Valeri Pekresin qeyri-qanuni şəkildə Xankəndiyə səfərindən danışan İlham Əliyev bildirdi: “Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə”.

Prezidentin yerli televiziya əməkdaşlarına verdiyi müsahibə Azərbaycan hakimiyyətinin bu il həyata keçirəcəyi siyasətlərdə köklü dəyişiklərə gedəcəyindən xəbər verir. Ölkə başçısının sözlərdindən belə aydın olur ki, biz bu il hərbi sahədən iqtisadiyyata qədər daha qətiyyətli siyasətlə qarşılaşacağıq. Bu da səbəbsiz deyil və 44 günlük müharibədə qazandığımız qələbə ölkəmizin dünya arenasında artan gücünün, ciddliyinin işarəsidir.



Ana səhifəyə qayıt        Baxış: 4 475          Tarix: 14-01-2022, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma