Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
The National Interest, ABŞ
26.01.2022
Müəllif: Fuad Çıraqov
ABŞ-la İran arasında Birgə Hərtərəfli Fəaliyyət Planının (daha çox “İran razılaşması” adı ilə tanınır) xilas edilməsi üçün danışıqlar davam etsə də, xarici müşahidəçilər artıq vaxtın daraldığını söyləyirlər. Onların fikrincə, bu məsələdə kompromisə nail olunmaması ciddi beynəlxalq nəticələr verə bilər.
İranla ABŞ arasında razılaşmanın əldə olunacağına şübhə ilə yanaşan amerikalı rəsmilər və xarici siyasət üzrə ekspertlər bəlkə də, İranla Azərbaycan arasında əldə edilmiş çoxsaylı uğurlu razılaşmalara diqqət yetirməlidirlər. Xatırladaq ki, yaxın keçmişdə Bakı-Tehran münasibətlərində gərginlik yaranmışdı. Lakin sonda tərəflər diplomatik münasibətlərin inkişafında ciddi irəliləyişə nail olub və bundan qarşılıqlı fayda qazanıb.
Sərhəd gərginliyi
Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il aprelin 26-da Azərbaycanın uzun illər Ermənistanın işğalı altında qalmış, nəhayət, İkinci Qarabağ müharibəsi nəticəsində azad olunmuş ərazilərinə səfər etmişdi. Bu, Bakı-Tehran münsibətlərində gərginliyin yaranmasından əvvəl idi. Səfər zamanı İ.Əliyev Azərbaycan-İran sərhədini “dostluq sərhədi” adlandırmış, bununla da Bakının İranla münasibətləri pisləşdirmək niyyətində olmadığını göstərmişdi.
Bununla yanaşı, Bakı İrana məxsus yük maşınlarının müvafiq gömrük nəzarətindən keçmədən Qarabağa getməsini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik hesab etdiyini də bildirirdi.
Onradan prezident İlham Əliyevin sözlərindən məlum oldu ki, Azərbaycanın bu hallarla bağlı İrana əvvəlcə şifahi xəbərdarlıq edib, növbəti dəfə isə demarşa əl atıb. Məsələ bununla da həllini tapmayıb və bu dəfə Azərbaycan Ermənistanla İranı birləşdirən avtomagistralın onun ərazisindən keçən hissəsində gömrük nəzarət-keçid məntəqələri yaradıb. Bundan sonra Qarabağa qanunsuz keçməyə çalışan bir neçə iranlı sürücü saxlanılıb. Məlum olub ki, bəzi iranlı sürücülər yük maşınlarının dövlət nömrə nişanlarını Ermənistana məxsus nömrə nişanları ilə əvəzləyirmiş.
Ümumiyyətlə, İranın işğal altındakı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti İkinci Qarabağ müharibəsindən qabaq da dəfələrlə təsbit edilmişdi. Lakin Tehran hər dəfə bu haqda çıxan xəbərləri təkzib edir, yaxud Qarabağa yollanan yük maşınlarının özəl biznesə məxsus olduğunu, hökumətin onların fəaliyyətinə nəzarət etmədiyini bildirirdi.
Nəhayət, İrana məxsus yük maşınlarının Qarabağa qeyri-qanuni keçidinin qarşısı alınıb. Amma bundan sonra Tehran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. O zaman istər Bakıda, istərsə də xaricdə ekspertlər bunun Azərbaycana əzələ nümayişi olduğu qənaətində idilər. Amma bu da nəticə verməyib. Azərbaycan dövləti istənilən halda ölkənin ərazi bütövlüyünü qorumaq əzmini nümayiş etdirib. Bu, onun təbii haqqıdır.
Beləliklə, iki ölkə arasında münasibətləri məhz İran tərəfi gərginləşdirmişdi. Hər halda, o, vətəndaşlarının və məhsulların Qarabağa qeyri-qanuni gedişinin qarşısını ala bilərdi.
Sonda İran geri çəkilib, Azərbaycanın məntiqli tələbi yerinə yetirilib. Bunun ardınca gərginliyin aradan qaldırılması üçün diplomatik münasibətlərin normallaşdırılması prosesinə start verilib.
Razılaşmalar mümkündür
Bu gün əminliklə demək olar ki, münasibətlərin normallaşması hər iki tərəfə fayda verir. Məsələn, ötən il noyabrın 28-də Azərbaycan və İran prezidentləri Türkmənistanda görüşərək, bir sıra vacib razılaşmalar əldə ediblər. Onlar Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi ilə bağlı üçtərəfli saziş də imzalayıblar. Bu sazişə əsasən, Azərbaycana ildə 2 milyard kubmetr Türkmənistan qazı nəql olunacaq.
Növbəti aylarda daha müsbət xəbərlər gəlməyə başlayıb. Məsələn, ötən il dekabrın 7-də İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Azərbaycan-İran sərhədindəki Astaraçay üzərində avtomobil körpüsünün tikiləcəyini bəyan edib. 2021-ci il dekabrın 8-də isə İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirəcək tranzit yolunun yaradılması haqda razılığa gəliblər. Bundan başqa, ötən il dekabrın 11-də İranın Qaz Nəqli Şirkətinin icraçı direktoru Mehdi Cəmşidi Dana deyib ki, İranda qaz nəqli üzrə mövcud infrastruktur qaz mübadiləsi ilə bağlı üçtərəfli müqavilədə nəzərdə tutulan miqdardan daha çox “mavi yanacaq” tədarükünə imkan verir. Onun sözlərinə görə, İranın qaz nəqli üzrə şəbəkəsi ilə gündəlik 900 milyon kubmetrədək qaz nəqli mümkündür.
Bütün bu razılaşmalar geosiyasi oyun qaydalarını dəyişə bilər. Bu mənada, Türkmənistan və İran qazının TANAP və TAP kəmərləri vasitəsilə Avropa bazarlarına nəqli də mümkündür. Avropa ölkələri hazırda tarixin ən çətin enerji böhranlarından birini yaşayır. Odur ki, böyük həcmdə türkmən qazının Cənubi Qafqaz vasitəsilə Avropaya nəqli sonuncunun işinə çox yarayardı. Amma bu, daha çox Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən asılıdır. Əsas odur ki, buna nail olunması üçün həyata keçirilməli olan işlərin çətin mərhələsi aşılıb.
Gözləntilərin əksinə
Bakı-Tehran münasibətlərindən fərqli olaraq, ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlar dalana dirənib. Maraqlıdır ki, Bakı ilə Tehranın qərəzsiz yanaşması, səmimi danışıqları öz müsbət nəticələrini versə də, bu, artıq arxada qalmış gərginlik fonunda yanlış qənaətlərə gəlmiş, müxtəlif geosiyasi bəyanatlar səsləndirən müşahidəçilərin gözündən yayınır.
Qeyd edək ki, Tehranla Bakı arasında münasibətlərin gərginləşdiyi dövrdə bəzi ekspertlər tələsik davranaq, İranın mövqeyini müdafiə edir, yaranmış vəziyyətə görə yalnız Azərbaycanı günahlandırırdılar. Onlar Bakının yaxşı ölçülüb-biçilmiş xarici siyasətinə bəsit yanaşır, bu məsələdə xarici oyunçuların və üçüncü tərəflərin rolunu şişirdir, vacib detalları bəzən qəsdən nəzərdən qaçırırdılar. Lakin indi, vəziyyətin sabitəşdiyi bir vaxtda əslində nələrin baş verdiyini daha rahat anlamaq olur.
Bəzi siyasi ekspertlər düşünürdülər ki, Bakı İsrail, Türkiyə və ABŞ-ın xarici siyasi isteblişmentində İrana qarşı fəaliyyət göstərən “qırğı”ların təsirində olub. Guya Azərbaycan uzaq geosiyasi hədəflərə nail olmaq üçün İranla münasibətləri qəsdən gərginləşdirməyə çalışırmış. Lakin bu gün belə fikirlərin nə qədər yanlış, əsassız olduğu ortadadır.
Eyni dairələr Türkiyə və İsrailin Azərbaycana dəstəyini müstəqil dövlətlərin əməkdaşlığı kimi deyil, “sahib-marionet” münasibətləri kimi təqdim etməyə çalışırdılar. Bir çox hallarda belə fikirlər qəsdən yayılırdı. Məqsəd həmin ölkələrin Azərbaycana mənfi imic qazandırmaq idi. İkincisi, Qərbdən olan siyasi ekspertlərin əksəriyyəti Bakının xarici siyasətinin mahiyyətini və məqsədini anlaya bilmirdi və bilmir. Bəzi keçmiş Sovet ölkələrinin xarici siyasətini “Qərbpərəst”, “Rusiyapərəst, “İsrailpərəst” və s. kimi bəsit kateqoriyalara bölmək kimi təəssüf ediləcək tendensiya bu gün də var. Bu dairələrin anlamaq və qəbul etmək istəmir ki, öz milli maraqlarını qoruyan dövlətlər də ola bilər! Bu milli maraqlar isə hansısa dövrdə regional və qlobal güclərin maraqları ilə üst-üstə düşə, hansısa məqamda düşməyə bilər.
Gələcəyə doğru
Azərbaycan-İran münasibətləri tarixən unikal, çoxşaxəli və mürəkkəb olub. Təəssüf ki, İranla bağlı ənənəvi Qərb yanaşmasının təsirində olan siyasi ekspertlər Bakı-Tehran münasibətlərini qərəzsiz şərh edə bilmirlər. Bu zaman onlar yalnız öz qərəzli mülahizələrini müdafiə etməyə və əsaslandırmağa çalışırlar. Fakt isə ondan ibarətdir ki, İrana hələ Həsən Ruhaninin rəhbərlik etdiyi dövrdə Azərbaycanla münasibətlərdə mənfi tendensiyalar aradan qaldırılmış, o, əməkdaşlıq proqramı ilə əvəzlənmişdi. İndi isə Tehran-Bakı münasibətləri dayanıqlılıq sınağından keçir.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: The National Interest
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar