Xəbər lenti

Rafael HÜSEYNOV
Akademik

Münsif olmaq həmişə çətindir. Münsif olmaq haqla olmaq deməkdir. Münsif olmaq tərəzini əyməməkdir.

Artıq həftələrdir ki, Azərbaycan mətbuatında, sosial şəbəkələrdə, efirlərdə ciddi fikir mübadilələri gedir və Milli Elmlər Akademiyasındakı mövcud vəziyyət, akademik Ramiz Mehdiyev idarəçiliyinin fəsadları və bundan törəyən, eləcə də vaxt ötdükcə daha da dərinləşəcək, bir qədər də geniş miqyaslar ala biləcək böhran, daha ağır və arzuolunmaz nəticələrə çıxaracaq yarıtmaz və ziyanlı fəaliyyət haqda düşüncələr səngimək bilmir.

Bunlar sadəcə iki tərəfin mübahisəsi deyil ki, kimin harada düz, kimin harada nə qədər yanlış olduğu hökmünü verəsən.

Bunlar mahiyyəti etibarilə əsl ictimai müzakirələrdir.

Çünki münasibət bildirənlərin dairəsi günbəgün genişlənir, müzakirələr xeyli müddətdir ki, Elmlər Akademiyası divarlarından kənara sıçrayıb, yalnız ölkə alimləri, ziyalıları deyil, artıq sadə vətəndaşlar da həmin məsələlərə münasibət bildirməyə başlayıblar.

Elmlər Akademiyasının xalqın sərvəti olduğu hər kəsə aydındır və bu zəka mərkəzini onu qurmuş, yaşatmış, dünya boyunca şöhrətləndirmiş böyük alimlərin adlarına və əsərlərinə, nəcib ənənələrinə layiq bir səviyyədə qorumaq və irəlilətmək hamımızın istəyidir. Lakin bilavasitə Elmlər Akademiyasında çalışanlar, bu misilsiz təsisat həyatlarının bir parçası olanlar və Akademiyada son 3 ilə yaxın müddətdə baş verənləri sadəcə izləməyib, həm də bütün gərginlikləri yaşamalı olanlar, təbii ki, daha həssas münasibət göstərirlər və göstərməyə də borcludurlar.

Çünki görüb dinməmək, pisə, inkişafa mane olana, daha artıq - əldə olunmuşları da asta-asta itirməyə yönələn yöndəmsiz əməllərə imkanı çərçivəsində qarşı durmamaq qəbahətdir.

Belə fəaliyyətsizlik qanun baxımından da, mənəviyyat ölçüləri ilə də suçdur.

XX yüzilin əvvəllərində, indi Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın ən yuxarı hissəsində, dəndanələrdən aşağıda ərəb əlifbası ilə, elə gendən naxışabənzərliyi ilə göz oxşayan 2 müdrik kəlam yazılıbmış.

1918-ci il mart soyqırımları zamanı ermənilərin qarət edib yandırdıqları "İsmailiyyə"ni bolşeviklər 1920-ci illərin əvvəllərində sökmək qərarını verirlər, ancaq insanların çoxsaylı ertirazı və müqaviməti rəzalətin qarşısını alır və imarətin bərpası qət edilir.

Üzrü günahından betər iş baş verir. Bərpanın layihə işlərini tapşırırlar memar Vartan Sarkisova. O da xislətlərinə yaraşan vartanlıqla "İsmailiyyə" sarayının ilkin görünüşünə xələl gətirən dəyişmələr edir və təxribatlarından biri də bu olur ki, ərəb dilindəki həmin 2 nəsihətli yazını "Quran" ayələri, dini ifadələr kimi qələmə verərək ləğv etdirir.

Sındırılaraq yerinə sovet ulduzları həkk edilən, 1300 ildən artıq yaşı olan o iki zərbülməsəldən biri bu imiş: "Dünyanın qatışıqlığı təəccüblü deyil. Təəccüblü olan insanların bu qatışıqlıqdan necə baş çıxarmasıdır".

İndi Akademiyada baş verənlər, bu əziz elm məbədinin düçar olduğu nigaran hal da təəccüblü deyil. Vecsiz idarəetmə, lakin bəlkə də qabiliyyətsizlikdən daha çox çökdürməyə hesablanmış fəaliyyət bu çıxılmazlığı yaratmalı idi.

Lakin axı Elmlər Akademiyamız həm də orada işləyən minlərlə insanın gündəlik həyatı, həyatlarından sonra da davam edəcək ömürləri deməksə, əsl təəccüb doğuran odur ki, niyə onların əksəriyyəti bütün bu gedişatı sadəcə seyrçi kimi izləyir?

Yuvanızın taleyi niyə sizi darıxdırmır, incitmir, nədən dərdinizi içərinizdə saxlamısınız?

Hamı sözünü deməlidir!

Akademiya prezidenti akademik Ramiz Mehdiyev bu qədər adam deyəndən, yazandan, dəlillərlə, sübutlarla bəyan edəndən sonra ki, belə işləmək, belə davam etmək olmaz, bu cür idarəetmə Milli Elmlər Akademiyasını sarsıdır, laxladır, çökdürür, getməlisiniz, yenə dediyini deyir, yenə inad edir ki, yox, siz hamınız haqsızsınız, mən burada sağlam mühit yaradacağam, iş görəcəyəm.

Belə cavablandırma, haqlı tənqid və iradlara, xeyirxahlıqla edilən "Vaxtında, abır-həyayla, özxoşuna gedin" çağırışlarına məhəl qoymamaq, anlaşılmaz dirəniş göstərmək çox narahatedicidir və qəliz suallar, şübhəli ehtimallar da doğurur.

Yaxşı, getməyəcəksinizsə, bu həngamədən sonra kiminlə işləyəcəksiniz?

Axı Elmlər Akademiyasının aparıcı alimləri bir-birinin ardınca çıxışlar edir, etiraz səsini qaldırır, "get" deyir, "nə qədər ki özünüzü də, Akademiyanı da daha dərin girdaba salmamısınız, yoldan kənarlaşın, abırlı aralanın" söyləyir.

Eşitmək istəmir, əksinə, qabarır, qarşı tərəfi haqsız çıxarmağa cəhd edir, ittihamlar irəli sürür, institut direktorlarını günahlandırır, hədələyir.

Belə davranış isə daha məyusedici perspektivlərdən xəbər verir.

Demək, hələ bugünədək törədilənlər azmış, Akademiyada daha qaba qarşıdurmalara, daha narahat günlərə, daha qanqaraldıcı qalmaqallara hazır olmalıyıqmış?

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərində, xalqın iradəsi ilə yenidən hakimiyyətə qayıtmış, ləngər vuran dövlətin sükanı arxasına keçərək dar macalda sahman yaratmağa çalışan unudulmaz Heydər Əliyevin o mübarizəli, sınaqlı günlərdən yadigar qalan bir məşhur ifadəsi var: "Mövqe göstərin!"

Yəni elə anlar gəlir ki, gərək biganə qalmayasan, "görək axırı nə olur" gümanı ilə, hər şey durulandan sonra təzədən üzə çıxmaqçün sakitcə bir qırağa çəkilməyəsən, məhz zərurət yarandığı dəmdə nala-mıxa vurmadan qəti, birmənalı sözünü deyəsən.

Xüsusən o vacib məqamlarda ki, sənin də mövqeyinin müqəddərat siqlətli məsələlərə aidiyyəti var.

İndi həmin dönəmlərdən biridir və artıq yekunlaşdırmağın vaxtı yetdi.

İctimaiyyətə bilik həyatımızın hamını fərəhləndirən, qürrələndirən yenilik və xoş müjdələrini çatdırmalı olan Elmlər Akademiyası saytını olmalı olan ali səviyyəsinə qətiyyən yaraşmayan, gələcəkdə həmişə bəd yuxu kimi xatırlanacaq indiki durumundan, onu qisas alətinə, birtərəfli, qaydasız döyüş meydanına döndərməkdən qurtarmağın vaxtı çatdı.

Görkəmli alimlər, Milli Məclisin deputatları, ən tanınmış aydınlarımız, yazıçılar, jurnalistlər, fərqli siyasi düşüncəli insanlar hamısı bir səslə sıra-sıra inkaredilməz əsaslandırmalarla Ramiz Mehdiyevin Elmlər Akademiyası prezidenti kürsüsünə layiq olmadığını bildirir, durmadan istefaya səsləyir, Akademiya saytından isə dərhal yalnız ayrı-ayrı şəxslərə yönəlmiş qeyzli ittihamlar yox, bütövlükdə dövlətçiliyimizin, siyasi xəttimizin, Milli Məclisin əleyhinə olan heç vəchlə qəbuledilməz yazılar yer alır.

Axı o sayt bir nəfərin - Akademiyaya rəhbərlik etmək həvalə edilmiş şəxsin fərdi ruporu deyil, bu sayt Elmlər Akademiyasınındır, onu belə miskin vəziyyətə salmaq dözülməzdir!

Ona görə də son qərarı artıq Akademiya, akademiklərimiz, Rəyasət Heyəti, ümumi yığıncaq verməlidir, bu cür daha davam edə bilməz, toplaşmaq, aydın, açıq mövqe ortaya qoymaq gərəkdir.

Ramiz Mehdiyev dövlət idarəçiliyi şəbəkəsində uzun yol keçmiş insandır.

Yolsa təcrübə, dərslər deməkdir. Budurmu yoldan, təcrübədən alınan dərs?

Arxada qalan günlər boyunca gündən-günə artan şiddətlə akademik Ramiz Mehdiyev haqqında dərc edilən yazılar, çıxışlar, müraciətlər, müsahibələr, Elmlər Akademiyasını bu iflic vəziyyətindən qurtarmaqçün qurum rəhbərinin istefa verməli olduğunu tövsiyə edən, artıqsa həm də tələb edən çağırışlara AMEA-nın rəsmi saytında müfəssəl cavab dərc edilib.

O cavabda, özü də tənqid olunan tərəfin həmin cavabda ayrı-ayrı tənqidçiləri haqqında yürütdüyü mülahizələr deyil, dövlətçi düşüncəylə qətiyyən uyğun gəlməyən, illah da Ramiz Mehdiyevin ifadə etməsi anlaşılmaz olan müddəalar yer almasaydı, mən yenidən bu mövzuya qayıdaraq cavaba cavab olan yazını başlamazdım.

Ramiz Mehdiyev illərcə ölkənin dövlət və siyasət həyatının mərkəzində dayanıb. Bu gün də, hələ qarşıdakı xeyli illərdə də dövlət sirləri daşıyan bir şəxs olaraq qalacaq. Lakin bütün bunlar belə ola-ola dövlətimizin yürütdüyü siyasətə, apardığı xəttə əks gedən mülahizələr Ramiz Mehdiyevin cavabında nə gəzir?

Deputatlara saxta, seçilmiş yox, "təyin olunmuş" deyir.

Bunlar ağır sözlərdir. Bunlar sadəcə bir-iki nəfəri qaralamaq deyil.

Bunları ifadə etmək və ardında dayanmaq adi iş sayılmaz.

Bu, hüquqi məsuliyyət yaradan ittiham, sübut edilməsi tələb edilərsə, danılmaz faktlar istəniləcək və böhtan atanı çıxılmaz vəziyyətə salacaq iddiadır. Azərbaycanın əleyhdarı, dövlətin apardığı siyasətə qarşı düşmən, yaxud qatı müxalif mövqedə dayanan kiminsə dilində bu fikrin səslənməsi qeyri-adi görünməyə bilər. Lakin bu ifadə illərcə ölkədəki seçki proseslərinə nəzarət etmiş, hər şeyin qanun çərçivəsində cərəyan etməsinə cavabdehlik daşımış şəxs tərəfindən bəyan ediləndə, həm də bunlar Elmlər Akademiyasının rəsmi saytında rəsmi mövqe kimi əksini tapanda ikiqat, üçqat artıq heyrət və hiddət oyadır.

Çünki bu, sadəcə söz, hirslə ifadə edilmiş nöqteyi-nəzər deyil, əqidə məsələsidir, bir insanın illərcə getdiyi yola qarşı çevrilməsi deməkdir.

Ölkədə siyasi müxalifətin şəkillənməsi uzun prosesdir və müxalifətsiz demokratik cəmiyyət mümkün deyil.

Müxalifət cəbhəsinə ünvanlanan, bütövlükdə ölkədəki fərqli siyasi düşüncə palitrasına təhqir olan, qondarmalıq yarlığı yapışdırmağa köklənən "avtobus, cib müxalifəti" ifadələrinin Ramiz Mehdiyev kürsüsündən ucalması rəvadırmı?

Düşmən, istəməyən, hər işimizə qara eynəklə baxan üçün belə mötəbər şəxsin təqdimatında bu təhər ifadə göydəndüşmədir.

Deyəcək, mən demirəm ki, illərcə bu proseslərin içində olan, həm də söz sahibi bir siyasətçi təsdiqləyir ki, sizdə müxalifət əldəqayırmaymış.

Belə ifadələr həm dövlətə, onun siyasətinə, xəttinə, həm də müxalif cəbhədəki yüzlərlə, minlərlə saf əqidəli, ardıcıl, mətin insana qarşı da, ən yumşaq şəkildə söylənərsə, sayğısızlıq, həqarətdir.

Elə bütün bu qəbil saçmaların nəticəsidir ki, artıq belə kinayəli deyişlər də eşidilir və sosial şəbəkədə də yazılaşır ki, sanballı müxalif qurumlarda yer ayırın, gələn var, istehza edirlər ki, göz-qulaqda olun, bəlkə partiya da yaratdı...

Yaraşarmı bu həddə çatdıran belə davranışlar, belə deyişlər, belə hərəkətlər?

Və bu cür əqidə sapmalarını, siyasətimizə, xəttimizə zidd düşüncəni guya "Elmlər Akademiyası Mətbuat xidmətinin baxışıdır" izahı ilə əsaslandırmaq başaldatmadır və mümkünsüzdür.

O xidmətdə çalışanlar nəkarədir özbaşına belə sözlər yaza, sağlam dövlət düşüncəsinə zidd bu sayaq hərzə-hədyana saytda yer verə?!

Həmin cavabın içində mövqe, əqidə dəyişmək haqqında ikrahla bəhs edilir.

Bunu bilə-bilə bunca kəskin yol, mövqe dəyişmək nə demək?!

Ayrı-ayrı insanlara, hadisələrə zaman keçişi ilə baxış, dəyərvermə dəyişə, başqalaşa bilər. Əqidə məsələsində isə güzəşt olmur.

Bir həssas nöqtəyə də diqqət yetirməsəm, olmaz. Yüksək məsuliyyət duyğusu hər insanın zinətidir. Lakin bir var sənin şəxsi məsuliyyətin, bir də var sənə bağlı sıra-sıra insanlara aid, sənə inanan, sənə arxalanan, sənə güvənən doğmalarınla, yaxınlarınla, həmkarlarınla, tabeçiliyindəkilərlə, yol yoldaşlarınla əlaqədar məsuliyyətin.

Gərək körpüləri yandıranda, haqsız ola-ola haqlı tərəfdəkilərin hamısı ilə mübarizəyə başlayanda sənə bağlı olanları da, onların sonrakı aqibətini də unutmayasan, vəzifəcə səndən aşağıda olan, səsini çıxarmağa çəkinənlər qarşısında məsuliyyətini də hiss edəsən.

Suda batan adətən ən yaxınında olanları, ilk növbədə elə onu xilas etməyə can atanı da bilərəkdən, ya qeyri-ixtiyari özüylə dartıb aparmağa çalışır.

Zənnimcə, akademik Ramiz Mehdiyev də, ona ən yaxın ətraf da bu incə məsələni gərək unutmaya.

Hamının yekdil olduğu, ən müxtəlif təbəqələri təmsil edənlərin baxışlarının üst-üstə düşdüyü məqamda belə inadkar müqavimətin səbəbi nədir?

Axı niyə o həddə çatdırılmalıdır başlasınlar "kənardan idarə olunursunuz" deməyə, "reallıq hissini itirmisiniz" söyləməyə, aradakı bütün xətir-hörmət pərdələrini götürməyə?

Bu günlər ərzində bütün yazılanlardan, söylənənlərdən çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasında dəyişikliklər, islahatlar mütləqdir, akademik Ramiz Mehdiyev bu qurumun rəhbəri kimi xüsusi səriştələr, enerji, şövq, yenilikçi ruh tələb edən çətin vəzifəni yerinə yetirmək iqtidarında deyil. Bu quruma yeni can və qan vermək üçün, təbii ki, o gediş bəs edən deyil. Gərək gecə-gündüz yorulmadan iş aparıla ki, bu ELM MƏBƏDİMİZ arzuladığımız əsl uca səviyyəsinə dikələ.

İnanıram ki, Rəyasət Heyətinin indiki Akademiya prezidentinin iradəsindən kənar toplaşmasını, üzə qarşı ən sərt çıxışların səslənməsini gözləmədən, vəziyyəti bir az da kəskinləşdirəcək yeni cavablar hazırlatdırmağa tələsməkdənsə akademik Ramiz Mehdiyev özünüzün də, Elmlər Akademiyasının da səhhətini və daha münasib sabahını düşünərək ləngimədən könüllü getmək qərarını verməlidir.

Ən doğru cavab, ən düz seçim budur, Ramiz müəllim!



Ana səhifəyə qayıt        Baxış: 4 110          Tarix: 12-02-2022, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma