Xəbər lenti

 
Bu gün - fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının ümumi yığıncağı keçirilib.
 
Ovqat.com-un məlumatına görə, toplantıda federasiya rəhbərliyinə yeni seçkilər keçirilib və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib. 
 
Federasiya rəhbərliyinə seçilənlər arasında diqqəti cəlb edən digər şəxslərdən biri də Anar Hüseynovdur. Məlum olduğu kimi, Anar Hüseynov da KTN-nin aparıcı kadrlarından biridir. Səhv etmirəmsə, ötən il İnam Kərimovun əmriylə o, Nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinə müdir təyin edilmişdi. Görünən budur ki, Azərbaycanın ağır atletikası bundan sonra KTN-nə həvalə olunacaq.
 
Nəzərə alsaq ki bu federasiya indiyədək “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun nəzarətindəydi, bu gün AAAF-də həyata keçirilən kadr dəyişikliyi yaxın günlərdə ölkəmizin idarəetmə orqanlarında bir sıra mühüm addımların atılacağının da xəbərçisi ola bilər. Bəli, böyük ehtimalla, başlıca dəyişiklik “Azərbaycan Hava Yolları” QSC-də yaşanacaq. Sirr deyil ki, bu zamanadək korrupsioner əməlləri və tərbiyədən uzaq hərəkətləri ilə ad çıxaran AZAL prezidenti Cahangir Əsgərov əslində çoxdan öz karyerasında uçuruma doğru yuvarlanmışdı. AZAL-a dövlət büdcəsindən ayrılan 100 milyonlarla manat vəsait şirkətin fəaliyyətini yaxşılaşdırmamış, əksinə getdikcə rəqabətdə digər qonşu ölkələrin hava yolları şirkətlərinə uduzmasını sürətlənmişdi. Hakimiyyətin bütün qayğıları, AZAL-a verilən hədsiz dotasiyalar onu bu rəzil vəziyyətdən xilas edə bilməmişdi. Bu gün AZAL yaxın ətrafımızda ən bahalı və keyfiyyətsiz xidmətləri ilə seçilir və müştərilərinin tənqid hədəfinə çevrilir. Getdikcə qloballaşan dünyada isə ayaqda durmaq üçün iqtisadi rəqabət bacarığına arxalanmaq lazımdır və uğurun başqa yolu yoxdur. AAAF-də aparılan son kadr dəyişikliyi onu göstərir ki, Azərbaycanın siyasi iradəsi son zamanlar yalnız bığı-saqqalı ilə gündəmə gəlməyi  bacaran Cahangir Əsgərovun yarıtmaz kadr olduğu və islahedilməzliyi qənaətinə gəlib. Əgər belədirsə, yaxın günlərdə biz Cahangir Əsgərovun da Ramiz Mehdiyevin taleyini yaşayacağı faktı ilə qarşılaşacağıq.


 
Deyə bilərsiniz ki, AAAF-nin ümumi iclasında verilən qərarın ölkənin siyasi iradəsinə nə dəxli var? İlk baxışdan haqlı görünən bu sual Azərbaycan reallıqlarından xəbərsizliyin ifadəsidir. Belə ki, xüsusilə olimpiya idman növləri heç bir zaman Prezident İlham Əliyevin nəzarətindən kənarda qalmayıb. Həmin idman növlərinə aid federasiyalar da Prezidentin istəyi ilə ölkənin ən etibarlı məmurlarına həvalə olunub. Bu zamanadək Boks Federasiyasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Cüdo və Futbol Federasiyalarının Rövnəq Abdullayevə tapşırılması da bu həqiqətdən xəbər verir. Görünür, bunun nəticəsidir ki, qələmi qırılan bir çox məmurlar bir çox hallarda ilk öncə himayələrinə götürdükləri idman federasiyalarının rəhbərliyindən uzaqlaşdırılıblar. Məsələn, ötən ilə qədər Azərbaycan Cüdo Federasiyasına SOCAR prezidenti Rövnəq Abdullayev rəhbərlik edirdi. Ötən il noyabrın ilk günlərində Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılanda bir çoxları yaxın günlərdə onun SOCAR-dan da kənarlaşdırılacağını proqnozlaşdırırdılar. Həqiqətən də bu gözləntinin özünü doğrultması uzun çəkmədi. Üzərindən 3 ay keçməmiş Rövnəq müəllim SOCAR-dan uzaqlaşdırılaraq, İqtisadiyyat Nazirliyinin 5-ci təkərinə çevrildi. Düzdür, o hələ də AFFA-nın yüyənini öz əlində saxlamağı bacarsa da, Azərbaycan futbolunun beynəlxalq turnirlərdə ciddi uğurlar qazanmaması Rövnəq Abdullayevin bu federasiyadakı yerini laxladır. Böyük ehtimalla, o artıq İqtisadiyyat Nazirliyinin 5-ci təkəri olmaq şansını da yaxın günlərdə itirməli olacaq. Bundan əvvəl isə, təbii ki, AFFA-nın ümumi yığıncağı çağırılacaq və bu qurum şilləylə üz qızartmayan, ciddi fəaliyyət ortaya qoyan yeni kadrlara həvalə olunacaq.


 
Məsələyə bu aspektdən nəzər salanda AAAF-nın Kənd Təsərrüfatı naziri İnam Kərimova həvalə edilməsinin bir başqa anlamı da ortaya çıxır. Belə görünür ki, Azərbaycan hakimiyyəti İnam Kərimova şilləylə üz qızartmayan, yeni təfəkkürlü kadr gözüylə baxır. Nə qədər bu adam barəsində şəxsi xatirələrim ürəkaçan olmasa da, bir həqiqəti etiraf etmək gərəkdir: İnam Kərimov həqiqətən ona tapşırılan vəzifələri layiqincə yerinə yetirən kadrlardandır. Baxmayaraq ki, bəzi işbazlar onun qucağına quzu əvəzinə toğlu verib birgə şəkil çəkdirməyə nail ola bilirlər, amma bu fakt İnam Kərimovun öz işinə prinsipial yanaşmasına kölgə sala bilməz. Bəllidir ki, Bakıda böyüyən, orta təhsilinə S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında başlayıb ABŞ-ın İndiana ştatındakı Riçmond məktəbində bitirən, ali təhsilini Fransanın Strasburq Universitetinin hüquq fakültəsində alan, Sorbonna Universitetində magistratura və doktoratura oxuyan bir insan kənd həyatının özəlliklərini, həmçinin quzu ilə toğlunun fərqini anlamaya bilər. Amma bunu onun intellektual və işgüzarlıq qabiliyyətinin göstəricisi kimi qiymətləndirmək də olmaz. Əksinə, bu cür cılız hərəkətlər onun “tərəf müqabillərinin” məkrli niyyətlərinin və təbliğatını quranların səriştəsizliklərinin göstəricisidir. İnam Kərimovun iş bacarığının ən bariz nümunəsi isə 2012-ci ildən 2018-ci ilə qədər Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində işlədiyi vaxtlar ərsəyə gətirdiyi “ASAN Xidmət” layihəsidir. Məhz bu layihə sayəsində “Azərbaycandakı 5-ci kolon”un bürokratik əngəllərinə sarsıdıcı zərbələr vuruldu, vətəndaşa xidmət sahəsində rüşvətxorluğun, süründürməçiliyin qarşısı alındı.
 
İnam Kərimovun Kənd Təsərrüfatı naziri təyin olunduğu 2018-ci ildən bu zamanadək aqrar sektorda da bir çox mühüm işlər görüldü. Kənd təsərrüfatına ayrılan subsiduyaların təsərrüfatlara çatdırılmasında, müəssisələrin maliyyələşdirilməsində insan amilinin minimuma endirilməsində İnam Kərimovun böyük xidmətləri var. Düzdür, hələ də köhnə kadrların və iri məmurların bu sahədə əngəlləyici hərəkətlərinə son qoyulmayıb. Hələ də yerlərdən bir sıra şikayətlər gəlir. Fəqət iş olan yerdə narazılıqlar da, çatışmazlıqlar da gözləniləndir. Xüsusilə kənd təsərrüfatı kimi təcrübi biliklərin önəmli rol oynadığı, bir sıra çatışmazlıqların iş görə-görə ortaya çıxdığı sahədə.
 
İnanıram ki, İnam Kərimov yeni təyin olunduğu AAAF-dəki fəaliyyətində də Prezident İlham Əliyevin etibarını qazanacaq, yeni nəsil kadrların ilk qaranquşu kimi müasir dövlətçilik gələnəklərinin formalaşmasında öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Mən şəxsimə qarşı ədalətsiz mövqe tutmasına baxmayaraq, İnam Kərimova bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Dövlətimizin özünü yeniləməsi, Cahangir Əsgərov, Əli Həsənov, Ramiz Mehdiyev və s. kimi köhnə qafalı kadrların kökünün kəsilməsi, idarəetmə orqanlarının təkmilləşməsi üçün əlindən gələni əsirgəməyən bu cür kadrların önə çıxması ümummilli maraqlar baxımından da faydalıdır. 
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 566          Tarix: 19-02-2022, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma