Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Məlum olduğu kimi, Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsi müzakirələrə çıxarılanda rəsmi Moskva neft və qaz qiymətlərinin astronomik bahalaşması ilə Qərb ölkələrini təhdid etmişdi. Hətta Rusiyanın keçmiş Baş naziri və prezidenti Dmitri Medvedyev özünün Twitter səhifəsində nefti bir barelinin 300 dollara çıxacağı ehtimalı ilə rəqiblərini “müjdələmişdi”. Sanksiyaların tətbiqi ilə həqiqətən də qiymətlər yüksəlməyə başlamışdı. Hətta Brent markalı neft 14 ilin rekordunu qıraraq 133 dollar/barelə yüksəlmişdi. Bununla belə, bahalaşma gözlənilən səviyyədə olmadı. İndi isə istər neft, istər qaz, istərsə də qızıl kəskin şəkildə ucuzlaşmağa başlayıb.
Ovqat.com-un məlumatına görə, hazırda bir barel Brent markalı neft 100 dollara qədər ucuzlaşıb. Min kub metr qazın qiyməti isə 1200 dollara düşüb.
Mütəxəssislər bu düşüşləri bir çox amillərlə izah edirlər. Əsas səbəb isə, rus işğalçı ordusunun Ukraynaya hücumlarının sənginməsi, Çində Omikron virusunun artması, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) dollarda faiz artımına getmək niyyətinin anlaşılması və s. kimi amillərdir.
Türkiyənin “Hürriyyət” qəzeti enerji qiymətlərinin ucuzlaşmasının səbəbini bu cür izah edir: “Son günlər Ukraynada müharibə gərginliyi səngiyib, hücumlar azalıb, qismən atəşkəs tətbiq edilib və Ukrayna vətəndaşlarının təxliyəsinə şərait yaradılıb, nəticədə qızıl və neft ucuzlaşmağa başlayıb. ABŞ FED-in faiz artımı gözləntiləri də əmtəə bazarlarında enişlərə səbəb olur.
Demək olar ki, bütün ölkələrin Rusiyaya qarşı mövqe sərgiləməsi və Rusiyanın iqtisadi baxımdan küncə sıxışdırılması nəticəsində iki ölkə razılığa gəlmək üçün danışıqlara başladı. Rusiya qüvvələrinin hərbi texnikaları isə Kiyevin qapısındadır. İstənilən neqativ gəlişmə hər an döyüş ritminin dəyişməsinə səbəb ola bilər”.
Nəşr qeyd edir ki, Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən ağır sanksiyalar ölkədə iqtisadiyyatı durğunluğa gətirib çıxardı: “Rusiya bank sisteminin kilidlənməsi, onun SWIFT sistemindən çıxarılması, kredit kartlarından istifadənin mümkünsüzlüyü, Rusiya vətəndaşları üçün kapitala nəzarət, ixrac-idxal qadağaları, Moskva birjasının bağlanması, rublun dollar qarşısında əriməsi və beynəlxalq şirkətlərin Rusiyadakı fəaliyyətini dayandırması bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərdi və onun danışıqlar masasına oturmasına yol açdı”.
Nəşrin iddiasına inansaq, qızılın qiymətindəki dəyişikliklər də Rusiyaya tətbiq olunan embarqoların enerji bazarına təsiri ilə əlaqədardır: “Qızıl və neft müharibə dövründə bahalaşan iki qiymətli məhsul kimi ortaya çıxır. Müharibə zamanı nağd pula sahib olmaq əvəzinə qızıla üstünlük verilməsi, qızılın inflyasiya qarşısında dəyər itirməməsi və hər an fiziki olaraq nağd pula çevrilə bilməsi bu dövrlərdə qızıla qoyulan investisiyaları artırır.
Neftin bahalaşmasının əsas səbəbini Rusiyanın dünyanın ən böyük neft və təbii qaz təchizatçılarından biri olması ilə əlaqələndirən müəllifin fikrincə, Rusiya neftinə çıxışın bağlanması və ölkələrin onunla neft alveri etməməsi bazarda təklifi azaldıb. Neft hasil edən ölkələr təklifin azalmasına cavab olaraq hasilatı artırmayınca qiymətlər sürətlə artmağa başladı. Lakin ABŞ və Yaponiya kimi ölkələrin kritik ehtiyatlarını enerji bazarına çıxarması, BƏƏ-nin neft tədarükünü artırmaqla bağlı açıqlamaları, Venesuela ilə ABŞ arasında gərginliyin azalması və Venesuela neftinin qlobal bazarlarda satışı ilə bağlı digər hadisələr neftin qiymətinin yenidən aşağı düşməsini şərtləndirdi. Ötən həftə 133 dollara yüksəlməklə tarixi zirvəyə çatan neft bu gün 100 dollara düşdü.
ABŞ-ın “Bloomberg” nəşri isə enerji bazarında yaşananlar barədə yazır:
“Dünyanın ən böyük neft idxalçısı olan Çində Covid-19 yoluxmalarının artması, Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqlarında əldə edilən irəliləyiş kimi gözlənilməz hadisələr bu ucuzlaşmada ən böyük faktor kimi önə çıxdı. Rusiya neft tədarükündəki fasilələr onsuz da gərgin olan bazarın daha da sərtləşməsinə səbəb olsa da, OPEC və digər istehsalçılar cəld hərəkət edərək, tədarükdə heç bir problem olmayacağı mesajını verdilər.
Çinin ən böyük şəhərlərində və iqtisadi bölgələrində görülən və böyüməyə başlayan Omicron hadisələri, ölkənin “0 (sıfır) virus” strategiyasına əhəmiyyətli maneə kimi önə çıxdı. Çin hökuməti son vaxtlar ölkənin maliyyə sisteminə daha çox dəstək verməklə və yuan üçün daha aşağı dəyər təyin etməklə iqtisadiyyatı dəstəkləməyi hədəfləyib”, - “Bloomberg” bildirir.
Ovat.com-un məlumatına görə, bəzi analitiklər Rusiyanın Qərbin sanksiya qərarlarından çox təsirlənmədiyindən qiymətlərin astronomik həddə çıxmadığını düşünürlər. Onların fikrincə, Rusiya da enerji bazarını tam itirməmək üçün məcburən Ukraynadakı hücum əməliyyatlarına qismən ara verib. Halbuki, bu mülahizələr kiçik bir tənqidə tab gətirmir. Nədən ki, Rusiya Ukraynadakı hücumlarını əslində dayandırmayıb. Rəsmi Moskvanın Kiyevlə danışıqlara başlaması daha çox vaxt qazanmağa hesablanıb və konkret nəticələrə gətirib çıxarmayacağı indidən bəllidir. Çünki nə Rusiya öz maksimalist və qeyri-qanuni aqressiv siyasətindən, nə də Ukrayna suverenlik hüquqlarından güzəştə getmək istəyir. Bu isə, sözsüz ki, danışıqların hansısa konkret nəticə verəcəyinə ümid yaratmır.
ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi üçün həm silah ehtiyatı azalıb, həm də o, öz əsgərləri ilə döyüşlərin bundan sonrakı mərhələsini davam etdirə bilmir. Çünki artıq bəzi böyük şəhərlərin və paytaxt Kiyevin qapısına qədər gəlib çıxan rus ordusu hazırda həmin yaşayış yerlərini ələ keçirmək üçün küçə döyüşləri aparmalıdır. Moskva isə öz ordusunun döyüş ruhuna bələd olduğundan Kiyev, Xarkov və s. kimi şəhərlərdə vuruşmaq üçün əsgərləri Yaxın Şərqdə axtarır. Nəticədə Ukraynadakı döyüşlərə ara vermək məcburiyyətində qalıb.
Moskvanın Çindən hərbi yardım istəməsi də Ukraynadakı savaşı yürüdə bilmədiyini təsdiqləyir. Üstəlik, onun hərbi yardım kimi istədiyi 5 adda sursat da adi avadanlıqlardır və Moskvanın hərbi cəhətdən nə qədər çarəsiz vəziyyətdə olduğuna dəlalət edir, hətta ABŞ mütəxəssislərini şoka salacaq qədər heyrətləndirib. Öz hərbi imicini Ukraynada yerlə yeksan edən Rusiyanın bu durumu istər-istəməz onun alternativ layihələrə mane olacağı ehtimalını da azaldır. Bu da təbii ki, enerji bazarında qiymətlərə də öz təsirini göstərir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar