Xəbər lenti

 

Son dekadada irimiqyaslı Kəmər və Yol təşəbbüsü çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da regionda yerləşən ölkələr ilə, o cümlədən Azərbaycan ilə bir çox sahədə əlaqələrini sürətlə genişləndirmişdir
 
Müstəqilliyinin ilk illərində Azərbaycan, Çin üçün böyük önəm kəsb etməsə də son illərdə istər ictimai-mədəni, istər sosial-iqtisadi, istərsə də hərbi-strateji sahələrdə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bir neçə il öncəyə qədər bütün böyük dövlətlər kimi Çin də Azərbaycanda ənənəvi olaraq daha çox enerji sektorunda fəaliyyət göstərirdi.
 
2013-cü ildə Çin dövlət başçısı Si Cinpinin Kəmər və Yol təşəbbüsünü elan etməsi və eyni zamanda, Azərbaycan hökumətinin 2015-ci ildən etibarən iqtisadi diversifikasiya siyasəti həyata keçirməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xarici investisiya cəlbini stimullaşdırması ilə vəziyyət qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Belə ki, qarşılıqlı investisiya əlaqələrinin genişlənməsi fonunda, Çin son illər Azərbaycanla təkcə enerji sektorunda deyil, eləcə də, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, tranzit, logistika, yüksək texnologiya, maşınqayırma və s. kimi   qeyri-neft sektoruna aid iqtisadi layihələrdə əməkdaşlıq edir. Bu mənada, ölkələrarası əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən hadisə ölkə başçısı İlham Əliyevin 2015 və 2019-cu illərdə Çin Xalq Respublikasına etdiyi rəsmi səfərlərdir.


 
Xüsusən də, 2019-cu ilin aprel ayında Azərbaycan Prezidentinin Pekində keçirilən II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda şəxsən iştirak etməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan vermişdir. Sözügedən forumda qeyri-neft sektorunun əhatə dairəsini genişləndirmək üçün Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Qeyd edilən razılaşmaya Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun tikintisi, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin qurulması, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, Azerbaijan Digital HUB proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracı, Çində Azərbaycan Ticarət Evinin yaradılmasına dair birgə planlar silsiləsi daxil idi. Bütün bunlarla yanaşı Pekin, Azərbaycanın beynəlxalq tranzit marşrutlarının inkişafı çərçivəsində dəmir, dəniz və quru yolu yük daşımaları üçün nəzərdə tutulmuş nəhəng infrastruktura quruculuğunu yaxından izləyir. Bu baxımdan, Çin tərəfinin ümumi yükaşırmanın həcmini ilbəil artıran Ələt Limanı üçün hədiyyə etdiyi 2 milyon ABŞ dolları dəyərindəki texniki avadanlıqları qeyd etmək olar. Həmçinin, 2018-ci ildə Bakıda keçirilən Dünya Limanlar Konfransı çərçivəsində həyata keçirilən mərasimdə Ələt Limanı ilə Çinin Lianyunqan (Lianyungang) Liman Holdinqlər Qrupu, COSCO şirkətlər qrupu və Quangou (Guangzhou) Limanı Administrasiyası arasında dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalanıb.


 
Regionda Çin ilə ən yüksək ticarət dövriyyəsinə malik olan Azərbaycan, Kəmər və Yol təşəbbüsünün ən fəal üzvlərindən biri olmağa davam edir. Hətta, sözügedən təşəbbüsün rəsmi elanından illər əvvəl Azərbaycan, regionun tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması, habelə, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində irimiqyaslı işlərə başlamışdı. Tikintisi 2017-ci ildə tamamlanmış və regional inteqrasiyanın təmin olunmasında olduqca böyük paya sahib Bakı-Tiflis-Qars dəmir yolu xətti bu qəbildən olan nümunələrdəndir. Çinin BTQ dəmir yolu layihəsinin inşasında maliyyə dəstəyi olmasa da, xəttin açılış mərasimində Çin rəsmilərinin də iştirakı onun regional və beynəlxalq müstəvidəki əhəmiyyətindən xəbər verir.
 
Yeri gəlmişkən, 120-ə yaxın Çin mənşəli şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda Pekin ümumilikdə 800 mln ABŞ dollarından çox sərmayə qoyub. Xarici ölkələrə kapital qoyuluşunu günbəgün artan xətlə davam etdirən Azərbaycan isə Çinə bu vaxtadək 1,7 milyard ABŞ dolları həcmində kapital qoyuluşu reallaşdırıb.
 
Bundan başqa, Kəmər və Yol təşəbbüsü çərçivəsində 2016-ci ildə qurulan Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) həmtəsisçi üzvlərindən biri Azərbaycan olmuşdur (Azərbaycanın bankda iştirak payı 0,25%, yəni 245,1 milyon ABŞ dolları təşkil edib). İlkin nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmiş adıçəkilən beynəlxalq maliyyə qurumunun fəaliyyəti, əsasən, Kəmər və Yol təşəbbüsünə üzv olan ölkələrin zəruri infrastruktura və maliyyə ehtiyaclarının ödənilməsi kimi sahələri əhatə edir. Belə ki, 2016-cı ildə AİİB, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üçün 600 milyon dollar həcmində kredit ayırmışdır. Həmçinin, ötən ildə Azərbaycan hökumətinin Koronavirus pandemiyası ilə mübarizəsini dəstəkləmək üçün 100 milyon dollar kredit də ayrılmışdır. Qeyd edək ki, 2030-cu ilə qədər müəyyən edilmiş strateji hədəflər üzrə Azərbaycanda yaşıl və ağıllı konsepsiyalarının tətbiqi istiqamətində AİİB ilə çoxtərəfli əməkdaşlıq da nəzərdə tutulub.


 
Ticarət və kommersiya əlaqələrilə yanaşı, Çin Azərbaycanda rəqəmsallaşdırma sahəsində də öz faəliyyətini genişləndirməyə davam etməkdədir. Azərbaycanın İKT sektorunda uzun müddətdən bəri fəaliyyət göstərən Çinin transmilli şirkətlərindən Huawei, mühəndislik və İT tədqiqatları üzrə yeni nəsil azərbaycanlıların yetişdirilməsi üçün 2016-cı ildə 5 il müddətində davam etmiş “Gələcəyin İKT sahəsindəki toxumları” proqramına start vermişdi. Belə ki, milli və regional sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində İKT sahəsindəki azərbaycanlı tələbələrin Huawei şirkətinin Çinin Şıngın (Shenzhen) şəhərindəki yay təlim mərkəzində təcrübə keçməsi nəzərdə tutulmuşdu. Proqram hesabına bu günədək onlarla azərbaycanlı tələbənin şirkətin ikihəftəlik təlim məşğələlərində təcrübə keçməsi təmin edilib. Texnologiya sahəsindəki əməkdaşlığın davamı olaraq, ötən ilin dekabr ayında da Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və Huawei şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb. ADA Universiteti nəzdində fəaliyyət göstərəcək sözügedən mərkəzdə İKT üzrə yerli mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Üstəlik, Qarabağda yenidən qurulan ərazilərdə Huawei şirkətinin rəqəmsal texnologiyasının tətbiqi ilə artıq bir neçə ağıllı kənd layihəsinin icrası davam etməkdədir.
 
Çin Azərbaycanda geoiqtisadi layihələrə sərmayə qoymağa davam etdikcə, onun rəqəmsal infrastrukturun inkişafına, xüsusilə də yeni nəsil 5G texnologiyasının ölkəboyu tətbiqinə diqqəti xeyli artırır. ABŞ embarqosuna məruz qalanadək Samsungdan sonra dünyanın ən böyük ikinci smartfon istehsalçısı olan Huawei, bu sahədə aldığı zərbədən sonra bütün diqqəti yeni nəsil naqilsiz şəbəkələrin və təkmilləşdirilmiş süni intellektin inkişafına yönəldib. Cənubi Qafqazın geosiyasətdəki əhəmiyyətli mövqeyini nəzərə alaraq, Huawei-ə aid texnoloji həllərin geniş tətbiqi tədricən milli təhlükəsizlik məsələlərini və geostrateji ziddiyətləri özüylə gətirəcək. Sözsüz ki, ABŞ-Çin arasında davam edən texnologiya uğrunda dominantlıq mübarizəsi konteksində Huawei-in regionda fəaliyyətini genişləndirməsiylə Çin mənşəli rəqəmsal infrastrukturanın qurulması müzakirə predmeti olmağa davam edəcək.


 
Ölkələrarası konstruktiv əməkdaşlığın inkişafı və tərəflər arasında daha sıx koordinasiyanın formalaşması üçün davamlı və səmərəli ictimai-mədəni əlaqələrin qurulması davam etməkdədir. Bu mənada, Çinlə Azərbaycan arasında müştərək texniki və yardım xarakterli humanitar layihələrin sayı ilbəil daha da artır. Belə ki, Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən Çinin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Pekində Azərbaycan mədəniyyətinin geniş təbliğinə həsr olunmuş tədbirlərin təşkil edilməsini qeyd etmək olar. Bundan başqa, humanitar sahədə əməkdaşlığın davamı olaraq, Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki məktəblərdən birinin idman sahəsi Heydər Əliyev Fondunun təmin etdiyi ianələr hesabına və Azərbaycanın Pekindəki Səfirliyinin dəstəyi ilə əsaslı təmir edilmişdir.
 
Nəticə etibarilə, qitələrarası tranzit-logistik rolunu artırmaq üçün Azərbaycanın uzunmüddətli perspektivdə Kəmər və Yol təşəbbüsündə aktivliyini artıracağını proqnozlaşdırmaq olar. Eyni zamanda, Avropa bazarlarına çıxmaq üçün beynəlxalq tranzit marşrutların müxtəlif istiqamətlərdə   şaxələndirilməsində maraqlı olan Çin tərəfi də, Azərbaycandakı nəqliyyat-logistik sahəsindəki infrastruktura quruculuğuna diqqəti daha da artıracaq. Hərçənd, Rusiyaya aid transkontinental dəmir yollarından və ABŞ dominantlığındakı dünya okeanından asılılığı hər vəchlə azaltmaq istəyən Pekin üçün alternativ nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
 
Xülasə, Kəmər və Yol təşəbbüsü təkcə ticari-iqtisadi və tranzit-logistik kimi kommersiya yönümlü sferalarda deyil, eyni zamanda mədəni-humanitar, elm və texnologiya kimi sahələrdə də birgə əməkdaşlıq qurmağı hədəflədiyindən – orta və uzunmüddətli perspektivdə tərəflərin daha sıx əlaqələr qurması üçün həm hökumətlərarası, həm də xalqlararası münasibətlərin tənzimlənməsində körpü rolunu oynayacaq effektiv fəaliyyətlərin artırılması istiqamətində işlərin intensiv xarakter alacağını qeyd etmək olar.
 
Vüsal Quliyev,
Azlogos.eu


Ana səhifəyə qayıt        Baxış: 4 404          Tarix: 29-03-2022, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma