Xəbər lenti

 
Bir neçə gündən sonra Azərbaycanla Ermənistan liderləri yenidən Brüsseldə görüşəcəklər. Liderlərin masasında əsasən bir məsələnin olacağı bildirilir – ölkələr arasındakı kommunikasiya əlaqələrinin açılması. Yəni daha sadə ifadə ilə desək, Zəngəzur dəhlizi.
 
Bəs, bu görüşdən hansısa nəticə gözləməyə dəyərmi?
 
Ovqat.com-un məlumatına görə, görüşqabağı rəsmi İrəvandan gələn xəbərlər bu suala nikbin cavab vermək üçün əsas yaratmır. Hiss olunur ki, İrəvan bu görüşə müxtəlif bəhanələrlə gedir. Əsas bəhanələri isə planlaşdırılan Arazdəyən-Horadiz dəmir yolunun bərpası layihəsinə hələ də maliyyə mənbəyinin tapılmamasıdır. Ermənistanın Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi mediaya verdiyi açıqlamada bu iddianı irəli sürüb.
 
Digər bəhanələr də var. Onlardan birini Ermənistan Baş naziri Nikol Paşinyan martın 31-də hökumətinin müşavirəsində dilə gətirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya əlaqələrini bərpa etmək üçün müvafiq razılaşma olmalıdır. Əks halda İrəvan infrastruktur layihələrinə milyonlarla dollar xərcləmək istəmir. 
 
“Ermənistanla Azərbaycan arasında yolların bağlanması ilə bağlı öhdəliklər qarşılıqlı olmalıdır. Ermənistan həm avtomobil, həm də dəmir yolu çəkməyə hazırdır, lakin Azərbaycanla hüquqi qüvvəyə malik müvafiq sazişin imzalanmasını vacib sayır”, - Paşinyan belə deyib. 
 
Onun fikrincə, bu barədə konkret saziş olmasa, İrəvan çox ciddi risklərlə qarşı-qarşıya qala bilər: “Ortada çox konkret risklər mövcuddur: biz yol çəkəcəyik və Azərbaycan sərhədləri açmaqdan imtina edəcək. Belə çıxır ki, Ermənistan yüz milyonlarla dollar xərcləyəcəyi infrastrukturdan istifadə edə bilməyəcək”.  


 
Qısası, Paşinyan erməni dönəkliyinə yaxşı bələd olduğundan əmindir ki, hansısa məqamda İrəvandan birinin çıxıb təxribata əl atacağı təqdirdə Azərbaycan bu yolu bağlayacaq. Ona görə də bu riskə girmək istəmir.
 
Ermənilərin üçüncü bəhanəsi də var: Mehri ilə Arazdəyəni və Ermənistanı İrana bağlayan dəmiryolu o qədər də rehtabelli olmaya bilər. Hələ martın əvvəlində baş nazirin müavini Mher Qriqoryan bu barədə açıqlamaları ilə yadda qalmışdı. O bəyan etmişdi ki, Ermənistan – Naxçıvan - Meğri - Horadiz dəmir yolu ilkin hesablamalara görə, 5% mənfəət gətirə bilər. Bunun üçün də həmin dəmir yolunun açılması barədə düşünməyə belə dəyməz. 
 
Əslində Qriqoryan öz məntiqinə görə haqsız da deyil. Zəngəzur dəhlizi açılacağı təqdirdə, beynəlxalq tranzit xətti Azərbaycan coğrafiyasından keçəcək. Ermənistan isə bundan yalnız öz ticari əlaqələri üçün yararlana biləcək. O, bölgədə rus imperiyası tərəfindən yaradılmış süni dövlət olduğundan əksər qonşuları ilə faktiki düşmən mövqeyindədir. Ermənistanı əhatəsində olduğu qonşu dövlətlər arasında dəstəkləyən tək bir qüvvə var: İslam cildinə girdiyi halda, ancaq qeyri-müsəlman ölkələrlə strateji müttəfiqliyə can atan və erməniləri özlərinin qan qardaşı sayan İran İslam Respublikası


 
İran ötən ilə qədər Pakistan, Türkiyə və Azərbaycan kimi müsəlman ölkələri yan keçərək Hindistandan başlayaraq Fars körfəzi – İran – Ermənistan – Gürcüstan – Qara dəniz beynəlxalq tranzit xətti layihəsini həyata keçirməyə çalışırdı. Bununla da Çinin “Bir Yol, Bir Kəmər” layihəsinə alternativ üzərində dayanaraq, faktiki özünü ABŞ-a şirin göstərmək istəyirdi. Nədən ki, ABŞ Çinin iqtisadi böyüməsinə qarşı Hindistanı dəstəkləyir və onun Avropa bazarına tranzit yolları üzərində planlar qururdu. Tehran isə öz aləmində bunun ən qısa marşrutu üzərində işləyir və beynəlxalq kommunikasiyaların vazkeçilməz ünsürünə çevirməyə çalışırdı.
 
Di gəl ki, 44 günlük müharibənin nəticələri İranın bütün ümidlərini gözündə qoydu. Öz ərazilərini işğaldan azad edən Azərbaycan ordusu Fars körfəzi-Qaradəniz marşrutu üzərində yerləşən Gorus-Qafan yolunu geri qaytarmaqla İranın bu layihəsini iflasa uğratdı. Azərbaycana qarşı göstərilən “şirquyruqlu” təhdidlər, rəsmi Bakıdan Moskvaya şikayətlər və s. kimi sanballı dövlət ərkanına yaraşmayan cılız addımlar işə yaramayınca, İran sonunda iki qardaş ölkə olduğumuzu xatırladı və münasibətləri yeni ruhda “tənzimləməyə” başladı. Bunun nəticəsində isə iki dövlət arasında Zəngəzur dəhlizinə paralel yolun açılmasına dair saziş imzaladı. 
 
İranın bu sürprizi faktiki olaraq İrəvanı çətin vəziyyətdə qoyur, onun beynəlxalq nəqliyyat dəhlizlərindən yararlanmaq imkanını əlindən alırdı. Əslində Ermənistanı və havadarlarını öz məxrəcinə gətirmək istəyən Azərbaycan diplomatiyasına da bu lazım idi və diplomatik manevrlər hədəfinə çatdı. Görünür, məhz bu təhlükəni nəzərə alan Avropa Şurasının Prezidenti Şarl Mişel Ermənistanı perspektiv blokadadan xilas etmək üçün həm Azərbaycan, həm də Ermənistan liderlərini aprelin 6-da Bresselə görüşə dəvət etdi. İrəvan isə hələ də öz ənənəvi ampluasından kənarlaşa bilmir, ona böyük fürsət kimi təqdim olunan şansına təpik atır.


 
Qeyd edək ki, Ermənistan rəsmilərinin Zəngəzur dəhlizi üçün sponsor tapa bilməmələri arqumenti əsaslı görünmür. Beynəlxalq nəqliyyat dəhlizi kimi planlaşdırılan bu layihə təkcə Azərbaycanın mənafeyinə uyğun deyil. Çinlə Avropa arasında ticarətin qan-damar sistemi sayılan, Orta Dəhliz adlanan bu layihə dünyanın bir çox ölkələri və maliyyə qurumları rahatlıqla kredit ayıra bilərlər. Üstəlik, sözügedən projedə Ermənistanın payına düşən hissə də böyük deyil. Layihənin bir neçə 10 km-lik hissəsi Mehri ərazisindən, ondan daha az qismi isə Sədərəkdən Arazdəyənə qədər uzanır. Ermənistan rəsmilərinin iddialarına görə, bunun üçün cəmi 226 milyon dollar vəsait lazımdır.
 
Zənnimizcə, Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə Aİ rəsmiləri ilə görüşlərində İrəvanın əsas bəhanələri müzakirə olunacaq. Layihənin sponsorluğunu böyük ehtimalla Avropa İttifaqı qurumları öz boynuna götürəcək. Çünki Rusiya ilə bütün kommunikasiya əlaqələrini kəsən Avropa İttifaqının faktiki olaraq Çin və digər Asiya ölkələrinə ən təhlükəsiz və qısa çıxışı bu xətt üzərindən ola bilər. 
 
Mümkündür ki, Brüssel görüşündə Azərbaycan liderindən Ermənistanla kommunikasiya əlaqələrinin davamlılığına zəmanət istənilsin. Azərbaycanın bu təklifə verəcəyi cavab isə bəllidir: əvvəl sülh müqaviləsi bağlansın, İrəvan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəksin, sərhədlərin demarkasiyası prosesi tamamlansın, işğal altında olan anklavlar geri qaytarılsın, Qarabağdakı erməni silahlıları çıxarılsın, sonrasına baxarıq. Zira Ermənistan olmasa belə, biz bu yolu İran üzərindən keçirə bilərik. Düzdür, İran yolu bizə bir qədər bahalı oturar, amma heç bir maddi dəyər torpaqlarımızdan daha bahalı deyil, ola da bilməz.
 
Heydər Oğuz,
 Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 573          Tarix: 2-04-2022, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma