Xəbər lenti

 
Aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev ilk baxışdan çox da diqqət çəkməyən bir görüş keçirdi. Onun budəfəki qonağı İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bomberger idi. 
 
Görüşün diqqətdən kənarda qalması bəlkə də qonağın dövlət rəhbəri yox, adı çox da eşidilməyən bir beynəlxalq təşkilatın rəhbəri olması idi. Adətən dövlət başçısının öz həmkarları ilə görüşünə aludə olan ölkə ictimaiyyəti bəlkə də bu məlumatın sırf təbliğat xətrinə yayımlandığını düşünürdü. Halbuki, Prezidenti iki gün sonra, yəni bu gün çox önəmli bir tədbir gözləyirdi. Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gələcəyi gözlənilən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənstan Baş naziri Nikol Paşinyan olduqca vacib məsələləri müzakirə edəcəkdilər. Müzakirələrdə əsasən iki dövlət arasında kommunikasiya əlaqələrinin açılmasının masaya yatırılacağı gözlənilirdi. Nəzərə alsaq ki Zəngəzur dəhlizinin açılması təkcə iki dövləti deyil, həm də qlobal ticarəti maraqlandıran məsələdir, Brüssel görüşündən əvvəl Prezidentə dünyanın müxtəlif ölkələrindən çox sayda zənglərin gəldiyinə şübhə yoxdur. 
 
Üstəlik, 9 noyabr Bəyanatının da əsas prinsiplərindən olan bu məsələnin Brüsseldə öz həllini tapması Cənubi Qafqazın ən ağrılı problemlərindən birinin Rusiyanın təsir dairəsindən çıxıb Avropanın nəzarətinə keçməsi ehtimalını doğururdu. Deməli, hər iki tərəfin də görüş öncəsi Prezidentə zəng edib məsələni uzun-uzadı müzakirə etdiyinə şübhə yoxdur. Belə bir dar macalda İlham Əliyevin hansısa beynəlxalq qurumun rəhbəri ilə görüşə vaxt ayırması diqqətə şayandır. Və bu onu göstərir ki, xanım Katrin Bombergerin rəhbərlik etdiyi təşkilat adını çox eşitməsək də, sıradan bir qurum deyil.


 
Xanım  Katrin Bombergerin hansı məqsədlə ölkəmizə təşrif buyurmasını Prezidentlə görüşdə səsləndirilən bəzi fikirlərdən aydınlaşdırmaq mümkündür. Rəsmi məlumata görə, İlham Əliyev görüşdə I Qarabağ döyüşlərində itkin düşmüş 4 minə yaxın insanımızın taleyi məsələsini qaldırıb, onlardan bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd edib. Prezident bildirib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Görüşdə həmçinin Azərbaycan ordusunun bu yaxınlarda Xocavəndin Edilli kəndində bir kütləvi məzarlığı ortaya çıxardığı, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarını aşkara çıxardığı və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyi də qonağın diqqətə çatdırılıb. İlham Əliyev itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini vurğulayıb.
 
Katrin Bomberger isə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyini və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanacağını və praktiki işə başlayacaqlarını vurğulayıb.


 
Göründüyü kimi, Brüssel səfəri öncəsi Prezident İlham Əliyev erməni vəhşiliyinin ən bariz örnəklərindən birini dünyanın diqqətinə çatdırmağı, beynəlxalq müstəvidə müzakirə mövzusuna çevirməyi məsləhət bilib. Sülh danışıqlarına gedən bir ölkə başçısının köhnə qaysaqları yenidən qaşıması bir çoxlarımıza, yəqin ki, təəccüblü görünə bilər. Çünki adətən bu görüşlərdə tərəflər yaxşı nəticə əldə etmək üçün qarşılıqlı olaraq acı xatirələri bir kənara buraxırlar. İlham Əliyev isə nəinki bu addımı atmır, əksinə yaraları təzələməyə üstünlük verir. Bəs, bu tərs addım hansı zərurətdən doğur?
 
Zənnimizcə, bunun əsas səbəbi Ermənistanın konstruktiv mövqe tutmamasından irəli gəlir. Nəyin bahasına olursa olsun, beynəlxalq güc mərkəzlərinin israrla tələb etdiyi və 9 noyabr Bəyanatında da yer alan öhdəliklərindən boyun qaçırmağa çalışan İrəvan Brüsselə müxtəlif bəhanələrlə getməyə hazırlaşırdı. Bu barədə bir neçə gün əvvəl qələmə aldığımız yazımızda bəhs olunduğundan təkrarçılığa yol vermək istəmirik. Arzulayanlar erməni bəhanələrini bu linkdən oxuya bilərlər:
 
Liderlərin Brüssel görüşündən nə gözlənilir – Paşinyan görüşə hansı bəhanələrlə gedir? 

Bundan əlavə, ötən gün Qarabağ separatçıları qondarma Ali Məclislərində Azərbaycanla eyni dövlət çətiri altında yaşaya bilməyəcəklərini bəhanə gətirib növbəti dəfə “öz müqəddaratlarını təyinetmə hüququndan yararlanmaq istədiklərini” dünya ictimaiyyətinə çatdırdılar. Dəfələrlə bu barədə verdikləri “bəyannamə”lərin heç bir işə yaramamasına, bundan sonra da yaramayacağına, baxmayaraq, sözügedən əsassız və perspektivsiz iddialar Brüssel danışıqlarında erməni tərəfinin əlində bəhanəyə çevrilə bilər. Məqsəd danışıqların qarşısını almaqla rus imperializminin regionda möhkəmlənməsinə çalışmaq olduğundan rəsmi Bakı da irəli sürülən iddialara qarşı əsaslı alternativlər ortaya qoymalıdır. Görünür, Azərbaycan Prezidenti də məhz bu səbəbdən köhnə qaysaqları qoparmağa, kimin vəhşi, kimin humanist xalq olduğunu əyani sübutlarlar ortaya qoymağa üstünlük verir.


 
Zənnimizcə, Prezidentin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergerlə görüşündə DTX rəisi Əli Nağıyevin iştirakı da səbəbsiz deyil. Çünki Əli Nağıyev təkcə DTX rəisi deyi, həm də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sədridir. Deməli, I Qarabağ döyüşlərində itkin düşmüş vətəndaşlarımızla bağlı ən dolğun informasiyaya malik şəxs də elə Əli Nağıyevdir. Hətta ötən il erməni mediasinda yayılan bir məlumatda DTX əməkdaşlarının Şuşada Qarabağ separatçılarının lideri Arayik Harutyunyanı dindirdikləri iddia edilirdi. Baxmayaraq ki, həmin vaxt DTX bu faktı yalanladı, amma Araik olmasa belə, Xankəndidə hansısa yüksək çinli məmurun Azərbaycana bəzi məlumatları sızdırması istisna edilə bilməz. Zatən dövlətin təhlükəsizlik və əks-kəşfiyyat orqanlarının işi budur və Əli Nağıyevin öz işinin peşəkarı olması hətta rəqibləri tərəfindən də etiraf edilir
 
Görünür, Fərrux əməliyyatının Brüssel görüşündən əvvəl keçirilməsi və eyni adlı təpənin ətəklərində yerləşən Edilli kəndində bir kütləvi məzarlığın aşkarlanması təsadüfi deyildi. Doğrusu, əməliyyat zamanı birdən-birə həmin məzarın ortaya çıxması versiyası az inandırıcı görünür. Böyük ehtimalla, həmin kütləvi məzarın koordinatları əvvəlcədən bizim xüsusi xidmət orqanlarına bəlli olub və sözgedən ərazi planlı şəkildə qazılaraq erməni vəhşiliyi bütün çılpaqlığı ilə üzə çıxarılıb. Bəlkə də Fərrux əməliyyatının başlıca məqsədlərindən biri də məhz budur– Brüssel görüşünə erməni iddialarını çürütmək üçün əlidolu getmək.
 
Xanım Katrin Bombergerin Azərbaycanla bərabər bu kütləvi məzarlığı incələyəcəyinə və Ermənistan hakimiyyətindən bənzər məzarların xəritəsini istəyəcəyinə söz verməsi rəsmi Bakının öz hədəfinə böyük ölçüdə yaxınlaşdığını göstərir. Belə anlaşılır ki, Azərbaycan yaxın zamanlarda erməni vəhşiliyini bütün dünyaya əyani şəkildə sübut edəcək və düşmənlərimizin əsas ideoloji silahları olan “erməni soyqırımı” yalanlarının üzərindən qara bir xətt çəkəcək. 
 
Danmaq insafsızlıq olar ki, bu işdə, təbii ki, xüsusi xidmət orqanlarımızın uğurlu çalışmalarının da öz payı var.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 577          Tarix: 6-04-2022, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma