Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Brüsseldə Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirdikləri görüş 4 saatdan çox davam edib.
Ovqat.com-un məlumatına görə, görüşdə iki dövlət arasındakı münasibətlərin normallaşması istiqamətində bir sıra məsələlər müzakirə olunub. Müzakirələrdə əsasən 2 məsələ ətrafında razılıq əldə olunub. Şarl Mişelin görüşlə bağlı verdiyi bəyanatda sözügedən məsələlər bu cür təsnifatlandırılır:
“26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək. Tərəflərin öz hərbi qüvvələrini müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir”.
Zənnimizcə, burada nəzərdə tutulan odur ki, iki dövlət arasındakı sərhədlər yalnız sərhəd qoşunları tərəfindən qorunmalı, ordu birlikləri isə içəriyə doğru çəkilməlidir. Azərbaycan-Ermənistan sərhədlərinin digər qisimlərində eyni nizamlama həyata keçirildiyindən bu tələb çox da yabançı deyil. Amma təcrübələr göstərir ki, tərəflər arasında qalıcı sülh əldə olunmayana və sərhədlər tam müəyyənləşməyənədək bu cür tədbirlərin həyata keçirilməsi istənilən effekti vermir. Deməli, iki dövlət liderlərinin əldə etdiyi bu razılaşmadan əvvəl sərhədlərin demarkasiyası həyata keçirilməlidir. Problem də məhz bu məsələdə ortaya çıxır. Əvvəla ona görə ki, Azərbaycanla Ermənistan arasındakı sərhədləri müəyyənləşdirən xəritələr müxtəlifdir və bütün xəritələr Rusiyanın arxivində saxlanılır. Dolayısıyla Moskva vəziyyətə uyğun olaraq müxtəlif xəritələri dövriyyəyə çıxardıqca, tərəflər arasında mübahisələr başlayır və əldə olunan razılaşmalar pozulur. Odur ki, sülhə nail olmaq üçün ilk növbədə rus “sülhməramlılarını” bölgədən uzaqlaşdırmalıdırlar. Bunu isə Ermənistan tərəfi istəmir. Faktiki olaraq Qarabağdakı erməni separatizminə himayədarlıq edən Rusiyanın bölgədən çıxarılması üçün İrəvan ilk növbədə Xankəndini destruktiv mövqedən yayındırmalı, bunu bacarmadığı təqdirdə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı, Qarabağ separatçılarından siyasi dəstəyini çəkməlidir. Paşinyan hakimiyyətinin bunu bacaracağı isə sual altındadır. Görünür, Brüssel görüşünün 4 saat qədər uzun sürməsi də Paşinyanın bu çarəsizliyindən irəli gəlib.
Paşinyan hakimiyyətinin çarəsizliyini əsas gətirib regiondakı sabitliyə dəstək verən addımları atmaması artıq Qərb dünyası tərəfindən də təpki ilə qarşılanır və bu etirazlar diplomatik üslubda İrəvanın diqqətinə çatdırılır. Brüssel görüşündən əvvəl ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib ona “regiondakı münasibətləri daha da gərginləşməyin zamanı olmadığını və demokratik ölkələrin Ukraynanı işğal edən Rusiyanı qınadığını, dolayısıyla İrəvanın bu təşəbbüsə qoşulmadığını xatırlatmışdı. Bununla da Rusiyanın batmaqda olan gəmiyə bənzədiyi, ona minənlərin də eyni taleyi paylaşacağı mesajını vermişdi.
İrəvanın bu mesajdan sonra Rusiya ilə münasibətlərə yenidən baxmaqdan başqa çarəsi yoxdur. İrəvan isə iliyinə qədər bağlı olduğu Rusiyaya buynuz göstərə bilməz. Əslində Paşinyanın əsas problemi də bundan qaynaqlanır.
O halda Rusiyanın regiondan uzaqlaşdırılması vəzifəsini kim həyata keçirə bilər?
Fikrimizcə, bu sualın cavabı Azərbaycan Ordusunun son zamanlar Qarabağda rus “sülhməramlılarını” heçə sayan əməliyyatlarında öz əksini tapır. Sirr deyil ki, Ukrayna müharibəsindən sonra hərbi imici böyük zərbə alan Rusiyanın hədəfləri getdikcə daralır. Müharibənin başlanğıcında Kiyevdən tutmuş Lvova, Xarkovdan Odessaya qədər əraziləri işğal etmək niyyətilə yola çıxan Kreml Ukraynanın paytaxtında ciddi müqavimətlə üzləşdikdən sonra ölkənin şimalından tamamilə çəkilməyə və bütün gücünü Donbass-Odessa xəttinə yönəltməyə qərar verdi. Çünki 19 minə yaxın əsgər ölümü, 60 min civarında yaralı hərbçisi ilə Rusiya döyüş qabiliyyətini böyük ölçüdə itirdi və bu çöküşün getdikcə davam edəcəyini anladı.
Bundan sonra onun üçün növbəti ən böyük strateji səhv Qarabağda ikinci cəbhənin açılması olardı. 2020-ci ilin 44 günlük savaşındakı təcrübələri də Putin Rusiyası üçün dərs kimi tarixə düşüb və Azərbaycanla bir daha qarşı-qarşıya gəlməyin necə nəticələnəcəyini yaxşı anlayır.
Ordumuz məhz bu amilləri nəzərə alıb rus işğalçılarının nəzarət etdiyi Qarabağ ərazilərində uğurlu hərbi əməliyyatlar keçirir. Yəqin ki, Brüssel görüşündə İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini açıq şəkildə ifadə etsə, Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirəcək və rus “sülhməramlıları” darmadağın olmuş hərbi imiclərini dallarına yükləyib bölgədən çəkilmək məcburiyyətində qalacaqlar. Nəticədə ərazilərin demarkasiyası Azərbaycanın əlində olan xəritələr əsasında aparılacaq. Ən azı ona görə ki, bu savaşın qalibi Azərbaycan Ordusudur, dominantlığı da o, həyata keçirməlidir.
Bütün çarəsizliklərinə baxmayaraq, Ermənistanın da Rusiyanı bölgədən qovmaq məsələsində üzərinə düşən müəyyən yüklər düşəcək. Bu, ilk növbədə Ermənistandakı ruspərəst müxalifəti zərərsizləşdirmək və rus ordusunun ölkədə qalan tör-töküntülərini sərhəddən kənara qovmaqdır. Ruspərəst müxalifəti zərərsizləşdirmək sülh müqaviləsi bağlandıqdan sonra Paşinyan hakimiyyətinin özünüqoruma instinktindən irəli gəldiyi kimi, rus qoşunlarının Ermənistandan qovulması da “5-ci kolon”u istinad nöqtələrindən mərhum etmək üçün vacibdir. Yəni hər iki tədbir bir-birilə üzvi şəkildə bağlıdır. Və Ermənistan üzərinə düşən bu vəzifələri yerinə yetirməsə, Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi bazası kimi qəbul olunacaq və nəticədə təkcə Qarabağı deyil, öz ərazilərinin də bir qismini itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Bəli, söhbət Zəngəzur dəhlizindən gedir və dünyanın aparıcı dövlətləri bu dəhlizin açılmasında Azərbaycandan az maraqlı deyillər.
Təsadüfi deyil ki, Brüsseldəki 4 saatlıq görüşün də əsas mövzusu da Zəngəzur dəhlizi, başqa təbirlə desək, “Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpası” idi. Aİ Prezident Mişel də dünən yaydığı bəyanatda açıq şəkildə rəhbərlik etdiyi ittifaqın bu məsələdə maraqlı olduğunu gizlətməyib. O, “dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı kommunikasiya əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa” təşviq edərək bildirib: “Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyənləşdirmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya əlaqələrinin inkişafına dəstək verməyə hazırdır”.
Şarl Mişel bəyanatında, həmçinin bildirib ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür və Brüssel görüşündə bu istiqamətdə “böyük irəliləyiş”ə imza atıldı:
“Biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Liderlərin Brüssel görüşünün ən mühüm nəticəsi, zənnimizcə, Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxarılması barədə razılığın əldə edilməsidir. Görüş barədə yayılan rəsmi açıqlamalarda dilə gətirilməsə də, bu xüsus bəyan olunan prinsiplərdə açıq-aydın sezilir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar