Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.
Ovqat.com-un məlumatına görə, Qu Donqyu Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər edib.
Görünür, qonağın Prezidentlə söhbətində də müzakirə edilən əsas məsələ müasir texnologiyalara söykənən qlobal kənd təsərrüfatı ənənələrinin yaradılması və Azərbaycanın bu sahədə üzərinə düşən vəzifələr olub. Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimovun bugünkü konfransda səsləndirdiyi bəzi fikirlər də belə deməyə əsas verir.
Çıxışında, son illər ərzində dünyanın ərzaq təhlükəsizliyi sisteminin bir sıra risklərlə üzləşdiyini deyən nazir həmin amilləri belə sadalayıb: “COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması” və s. Nazirin fikrincə, bu kimi risklər “qlobal ərzaq təhlükəsizliyinin təmini üçün başlıca təhdid yaradan” çağırışlardır.
“Bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoydu. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk", - nazir qeyd edib.
Bütün dünyada aqrar sahədə yeniliklərin tətbiqinin və yeni çağırışlara adaptasiyanın qaçılmaz olduğunu vurğulayan İ. Kərimovun sözlərinə görə, bu transformasiya “rəqəmsal və innovasiyaya keçidi” zəruri edir:
“Rəqəmsal texnologiyalar iqtisadiyyata dərin təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır. Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Bu dəyişiklik həm də iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir”.
Azərbaycanın kənd təsərrüfatı siyasətinin FAO-nun 2030-cu il hədəflərə uyğun formalaşdırıldığını bildirən İman Kərimov bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqini vacib sayıb.
“Biz həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə edirik. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə "ağıllı kənd" layihələrini həyata keçirməklə FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi veririk”.
Göründüyü kimi, müasir qlobal kənd təsərrüfatı projesində Azərbaycanın qarşısındakı əsas çağırışlardan biri rəqəmsallaşdırılmış texnologiyalara söykənən fermer müəssisələri və “ağıllı kəndlər” qurmaqdır. Bu sahədə dünyanın ən təcrübəli ölkələrindən biri isə İsraildir və artıq neçə illərdir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi İsrailin bu təcrübəsini öyrənməyə çalışır. Xüsusilə Rusiya-Ukrayna savaşından sonra dünyada taxıl qıtlığı yaranacağının müzakirə edildiyi indiki zamanda İsrailin də Azərbaycana marağının xeyli artdığı gözlərdən yayınmır.
“Al-Monitor” nəşrinin iddiasına görə, bu ayın ikinci yarısında İsrailin kənd təsərrüfatı naziri Oded Ferer bir qrup mütəxəssislə birlikdə Azərbaycana səfər edəcək. Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri isə İsrailə buğda ixracı olacaq.
Deyəcəksiniz ki, Azərbaycan bu zamanadək Rusiyadan, Ukraynadan, Qazaxıstandan buğda alırdı. “Keçəlin məlhəmi olsa, öz başına sürtər” misalı kimi, ölkəmiz özündə olmayan buğdasını İsrailə necə satacaq?
“Al-Monitor”un analitikləri bu suala cavab verərək qeyd edirlər ki, hazırda Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirməyə bilər. Bununla belə, respublika taxıl istehsalının genişləndirilməsi üçün böyük layihə həyata keçirmək niyyətindədir. İsrail də öz növbəsində Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazırdır ki, bu da tezliklə istehsalı artıracaq. Hesab olunur ki, Azərbaycandan buğda alışı 2025-ci ildən mümkün olacaq.
Prezidet İlham Əliyevlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu arasında keçirilən video formatlı danışıqların əsas məğzində bu mövzunun yer aldığı şübhə doğurmur.
Digər bir məsələ isə Azərbaycanın tranzit ölkə kimi qlobal kənd təsərrüfatı məhsullarının istehsalı və daşınması layihələrində oynaya biləcəyi rolla bağlıdır. Hər halda bunu da Kənd Təsərrüfatı naziri İman Kərimov bugünkü çıxışında səsləndirib.
“Ticarət istənilən uğurlu transformasiya üçün mühüm vasitədir. Yaxşı qurulmuş ticarət əlaqələri həm də müasir texnologiyaların və qabaqcıl təcrübələrin transferini təmin edir. Azərbaycan nəqliyyat və logistika qovşağı imkanlarına görə Avrasiyanın əsas ölkələrindən birinə çevrilməyi bacarıb. Həyata keçirilən layihələr nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsünə çevrilib. Əldə edəcəyimiz nailiyyətlər ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, daha sıx əməkdaşlığa təkan verə verə bilər", - deyə nazir vurğulayıb.
Sirr deyil ki, Rusiya ilə Ukrayna arasında müharibənin çıxması dünyanın taxıl istehsalını ciddi təhlükə altında qoyur. Belə ki, həm Rusiya, həm də Ukrayna dünya taxıl istehsalında ən böyük paya malik ölkələrdəndir. Faktiki olaraq, Rusiya Ukrayna müharibəsindən əvvəl, daha konkret desək, 2021-ci ildə buğda ixracatçısı kimi beşinci yerdə olan Ukraynanı geridə qoyaraq, ildə 35 milyon tondan çox ixrac edərək dünyanın aparıcı buğda istehsalçısına çevrilib. OEC adlı beynəlxalq ticarət məlumatları saytının 2019-cu il hesabatına görə, Rusiya və Ukrayna birlikdə dünya buğdasının təxminən dörddə birini istehsal edib. 2021-ci ildə bu nisbətin daha da artması istisna deyil. Ukraynada işğal prosesi genişləndikcə Rusiya buğdasına tələbat da kəskin artır. Lakin Rusiyaya qarşı sanksiyaların tətbiqi ondan buğda və digər məhsulları almaq istiqamətində mühüm problemlər yaradır. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların dəlinməsinə yol verməmək üçün dünya dövlətləri alternativ qaynaqlara müraciət etməlidir. Ən ciddi alternativlərdən biri də Qazaxıstandır. Hər il 10-13 milyon tondan çox buğda istehsal edən Qazaxıstan yeni texnologiyaların tətbiqi nəticəsində bu potensialını dəfələrlə artıra bilər.
Bundan əlavə, Orta Asiyanın digər ölkələri – Özbəkistan, Qırğıztan, Tacikistan və Türkmənistan da taxıl istehsalında qabaqçıl ölkələrdən sayılır. FOA-nın 2019-cu il hesabatına görə, 2017-2018-ci il taxıl mövsümündə Orta Asiya ölkələri 15 milyon hektar ərazilərdən 23 milyon ton buğda götürmüşdülər ki, bu da dünya taxıl istehsalının 3%-dən çoxunu təşkil edirdi. Sözsüz ki, Orta Asiyanın quraq mövsümü məhsuldarlığı xeyli azaldır. Amma yeni rəqəmsal texologiyaların tətbiqi ilə bu problem də öz həllini tapa bilər. Necə ki, Azərbaycanda da məhz bunu həyata keçirməyə çalışacaqlar.
Amma taxılın istehsalı ilə yanaşı, onun idxalı problemi də var. Rusiya ilə bütün nəqliyyat əlaqələrinin dondurulması Orta Asiya ölkələri, xüsusilə də Qazaxıstan qarşısında mühüm problemlərdən biri kimi dayanır. Müharibənin getdikcə ağuşuna aldığı Qara dənizin ticarət əlaqələrinə bağlanması ehtimalı həm potensial istehsalçı olan Orta Asiya ölkələrini, həm də istehlakçı olan dünya dövlətlərini yeni tranzit xətləri axtarmağa vadar edir. Orta Asiyanı qərbə və cənub-qərbə bağlayan altenativ nəqliyyat xətti isə Azərbaycandan keçir.
Üstəlik, yaxın zamanlarda gözlənilən qida çatışmazlığından ən çox əziyyət çəkən coğrafiyalar də ərəb və Afrika ölkələri olacaq. Coğrafiyanın ən çox buğda istehlak edən ölkəsi Misirdir və bu ölkə öz taxıl ehtiyacının 80%-ni Rusiyadan, 16%-ni isə Ukraynadan alırdı. Ukrayna-Rusiya müharibəsi isə hər iki ölkənin taxıl ixracatını minimum səviyyəyə endirəcək. Azərbaycandan taxıl almağı planlaşdıran İsrail də məhz bu coğrafiyada yerləşir və onun alternativ variant kimi ölkəmizin aqrar potensialını gözdən keçirməsi təsadüfi deyil. Digər ölkələr isə Azərbaycandan keçən tranzit xəttinə ümid bağlaya bilərlər.
Qısası, İlham Əliyevlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunun bugünkü görüşü beynəlxalq konfransa təşrif buyuran mötəbər bir qonağa nəzakət xətrinə “xoş gəldin” demək üçün deyildi. Bu görüş dünyanın geosiyasi təmayüllərini kökündən dəyişəcək böyük proseslərin ilk addımı kimi səciyyələndirilə bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar