Xəbər lenti
 

Ukrayna-Rusiya müharibəsinin hər şeydən əvvəl iqtisadi müharibə olduğu heç kimə sirr deyil. Məlum olduğu kimi, Rusiyanın Ukraynaya hücumunu əsas götürən ABŞ və Qərb ölkələri Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etdi. Bu sanksiyalar nəticəsində bəzi strateji məhsulların Rusiyadan ixracına qadağa qoyuldu. Həmin məhsullar yalnız enerji daşıyıcıları ilə də məhdudlaşmır. Müharibə taxıl məhsullarının ixracı qarşısında da mühüm problemlər yaradıb. Ukrayna və Rusiyanın dünya taxıl istehsalında mühüm yer tutduğunu və müharibənin başlanması ilə bu məhsulların qlobal istehlak bazarına çıxışının əngəlləndiyini nəzərə alsaq, müharibənin qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını anlaya bilərik.
 
Statistik rəqəmlər göstərir ki, ərazisinin 70 faizi münbit torpaqlardan ibarət olan Ukraynada 32 milyon hektar əkin sahəsi var. Bu nisbət bütün Avropanın əkin sahələrinin 1/3 hissəsinə bərabərdir. Ərazilərində əsasən taxıl becərən Ukrayna bu özəlliyi ilə Avropanın “çörək səbəti” kimi də tanınır. Üstəlik, təkcə Avropa qitəsi deyil, Şimali Afrika və Yaxın Şərq ölkələri də Ukrayna taxılından asılı vəziyyətdədir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2020-ci ildə Livanda istehlak edilən buğdanın təxminən 50 faizi, Yəməndə 22 faizi, Liviyada isə 43 faizi Ukraynadan idxal edilmişdi. Misir, İsrail, Səudiyyə Ərəbistanı, İran və s. kimi ölkələr də istehlak etdikləri taxılın önəmli hissəsini Ukrayna və Rusiya qaynaqlarından təmin edirdi. 


 
Müharibənin başlanması ilə hər iki ölkənin taxıl ixracatında əsas tranzit xətti rolunu oynayan Qara dənizin gəmilərin keçişi üçün təhlükəli hala gəlməsi, Mariupol, Xerson, Berdyansk limanların işğal olunması vəziyyəti daha da tündləşdirir. Adətən istehsal etdiyi taxılın 95%-ni dəniz yolu ilə ixrac edən Ukrayna bu limanları itirməsi, digər limanların isə ciddi şəkildə xəsarət alması səbəbindən ixracatda ciddi çətinliklərlə üzləşir.
 
Bu da azmış kimi, müharibənin illərlə sürməsi ehtimalı var və Çin, Hindistan kimi önəmli taxıl istehsalçıları qlobal ərzaq qıtlığı yaranacağından narahat olaraq, buğda ixracına qadağalar qoyub. Bu da problemin yalnız dünyanın bir hissəsinə deyil, tamamına təsir göstərəcəyi anlamına gəlir. Məhz bu səbəbdən başda Almaniya olmaqla, bir çox Avropa ölkələri Rusiyanı liman blokadaları ilə Ukraynadan buğda ixracının qarşısını alamaqda və ərzaq məhsullarından “strateji silah” kimi istifadə etməkdə günahlandırırlar. 
 
Bəzi iqtisadi proqnozlara görə, Ukraynada taxılçılıqla məşğul olan ərazilərin işğalı nəticəsində ölkənin məhsuldarlığı da aşağı düşəcək. İldə 33 milyon ton taxıl istehsal edən Ukrayna bu şərtlərdə ancaq 18 milyon ton taxıl yığa bilər ki, bunun da istehlak bazarına çıxarılması ciddi problem kimi qarşıda dayanır. 


 
Dünyanın 5-ci ən böyük buğda ixracatçısı olan ölkədə yaranmış bu vəziyyət, təbii ki, Azərbaycana da öz mənfi təsirini göstərə bilər. Üstəlik, təhlükənin təkcə ərzaq buğdası sahəsi ilə qalmayacağı, həmçinin quşçuluq, ətçilik kimi sektorlarda da ciddi problemlərə yol açacağı ehtimalı da var. Baxmayaraq ki, Azərbaycanın əsas taxıl tədarükçüsü Ukrayna yox, Rusiyadır, taxıl idxalımızın 25%-dən çoxu bu ölkənin payına düşür. Bundan əlavə, kənd təsərrüfatına lazım olan mineral gübrələrin 30%-ə qədərini, xeyli miqdarda digər ərzaq məhsulları Rusiyadan alırıq. Fəqət Rusiyaya tətbiq olunan sanksiyalar, xüsusilə bu ölkənin banklarının SWIFT sistemindən çıxarılmas  səbəbindən təchizat problemləri yarana bilər. 
 
Bəs Azərbaycan bu problemlərin təsirini azaltmaq üçün hansı addımlar atır?
 
Məsələ ilə bağlı ötən ayın 15-də keçirilən Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabat verən Baş nazir Əli Əsədov Azərbaycanın kifayət qədər taxıl ehtiyatının olduğunu bildirmiş və ölkəmizin bu sahədə ciddi problemlər yaşamayacağını diqqətə çatdırmışdı. “Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəyəm”, - deyən Baş nazirin sözlərindən aydın olur ki, Azərbaycan əvvəlcədən bu kimi problemlərə hazırlaşıb və bəzi zəruri addımları atıb.


 
Sual oluna bilər: deyək ki, Azərbaycan əvvəlcədən topladığı taxıl ehtiyatı ilə bu il özünü idarə edə bildi, bəs, müharibənin illərlə uzanacağı təqdirdə, qaçılmaz olan böhrandan necə çıxa biləcəyik?
 
Maraqlıdır ki, Azərbaycan hökuməti bu təhlükəni də gözdən qaçırmayıb və bəzi mühüm proflaktik addımlar atıb. Yaranacağı ehtimal olunan qlobal taxıl böhranı zamanı ölkə rəhbərliyinin həyata keçirəcəyi proflaktik tədbirlərin ipucları bu yaxınlarda Bakıda təşkil olunan “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransda üzə çıxmışdı. Məlum olduğu kimi, həmin konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu kimi mötəbər insanlar iştirak etmişdilər və bu da beynəlxalq qurumların Azərbaycanın sözügedən təşəbbüsünə nə qədər əhəmiyyət verdiyini göstərir. Konfransın hansı məqsədlə keçirildiyinə isə Kənd Təsərrüfatı naziri İnam Kərimov belə aydınlıq gətirmişdi: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. 


 
Nazir həmçinin vurğulamışdı ki, bütün dünyada “aqrar sahədə yeniliklərin tətbiqi və yeni çağırışlara adaptasiya” qaçılmazdır, bu transformasiya “rəqəmsal və innovasiyaya keçidi” zəruri edir:
 
“Rəqəmsal texnologiyalar iqtisadiyyata dərin təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır. Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac varBu dəyişiklik həm də iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir”.
 
İnam Kərimovun bu çıxışından aydın olur ki, Azərbaycan yaxın zamanlarda rəqəmsal texnologiyalara əsaslanan yeni əkinçilik qaydaları ilə taxıl istehsalını artırmağa başlayacaq. Nəticədə ölkəmiz nəinki öz taxıl ehtiyaclarını qarşılaya biləcək, hətta ixracatçı dövlətə çevriləcək.
 
Dünyanın məşhur informasiya kanallarından olan və əsasən Yaxın Şərq üzrə məlumatlar yayan “Al-Monitor” nəşri də bu iddianı təsdiqləyir. Nəşrin bildirdiyinə görə, bu ayın ikinci yarısında  İsrailin kənd təsərrüfatı naziri Oded Ferer bir qrup mütəxəssislə birlikdə Azərbaycana səfər edəcək. Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri isə İsrailə buğda ixracı olacaq. Bu məlumat öz təsdiqini taparsa, yaxın zamanlarda ölkəmiz qarşısına qoyduğu hədəfi reallaşdıra biləcək.


 
Hökumətin atdığı digər mühüm addımlardan biri də bəzi taxıl məhsullarına tətbiq olunan gömrük rüsumlarının sıfırlanmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarı bu istiqamətdə atılan mühüm addımlardan biridir. Qərara əsasən, heyvanların yemlənməsi üçün nəzərdə tutulan bir sıra məhsullar, o cümlədən yem əlavəsi gömrük rüsumlarından azad edilib. Nəticədə Azərbaycan yeni rəqəmsal texnologiya ilə öz aqrar sənayesini qurana qədər ölkəyə gətirilən bir çox heyvan yemlərinin maya dəyəri sahibkarlar üçün daha ucuz başa gələcək, bu da təbii ki, istehlak bazarındakı qiymətlərə təsir göstərəcək.
 
Xüsusilə yem əlavələrini gömrük rüsumundan azad edilməsi fermerlərin işini xeyli asanlaşdıracaq. Sirr deyil ki, yem əlavələrinin heyvandarlıq və quşçuluqda istifadəsinin bir çox üstünlükləri var. Belə ki, bu əlavələr yem rasionlarına əlavə edildikdə heyvan orqanizmi bütün zəruri qida maddələri ilə (zülallar, vitaminlər, minerallar və s.) təmin edilmiş olur, heyvan orqanizmində həzm  və qida maddələrinin mənimsənilmə prosesləri yaxşılaşır, heyvanların fizioloji inkişafı sürətlənməklə, məhsuldarlıq göstəriciləri yüksəlir. Beləcə, heyvan mənşəli qida məhsullarının (ət, süd, yumurta və s.) keyfiyyət göstəriciləri də artır. Bu baxımdan Nazirlər Kabinetinin bu qərarı təkcə fermerlərin qazancını artırmaqla qalmayacaq, istehlakçıların da daha keyfiyyətli qida ilə təmin olunmasında mühüm rol oynayacaq.
 
Mürvət Həsənli,
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
 



Ana səhifəyə qayıt        Baxış: 5 585          Tarix: 16-05-2022, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma