Xəbər lenti

"Rusiyanın Ukraynada tam məğlubiyyətə uğraması bu ölkənin nəinki qlobal, hətta subregional güc mərkəzi kimi mövcudluğunun şübhə altına düşməsi deməkdir. Bu isə son nəticədə Rusiyanın həm Cənubi Qafqaza, həm Mərkəzi Asiyaya, Uzaq Şərqə və digər regionlara təsirini azalda bilər".

Musavat.com xəbər verir ki, bu fikirləri Sitat.info-ya açıqlamasında politoloq Elçin Mizrəbəyli deyib. 

Onun sözlərinə görə, bununla yanaşı, bir məqamı da nəzərə almaq lazımdır: "Əgər kimsə düşünürsə ki, Rusiyanın Ukraynaya müdaxiləsi tez bir zamanda başa çatacaq və Kreml əllərini yuxarı qaldırıb təslim olduğunu elan edəcək, yanılır. Hətta Rusiya Ukrayna ərazisindən çıxmaq məcburiyyətində qalsa da belə, münaqişə davam edəcək. Münaqişənin, qarşıdurmanın başa çatması üçün isə Rusiyada hakimiyyət dəyişikliyi də yetərli deyil. Rusiya əhalisinin, ən azı 30-40 faizinin düşüncəsində dəyişiklik baş verməlidir ki, imperiya, nəhəng dövlət ambisiyaları bir kənara qoyulsun, keçmiş sovet respublikalarının və sabiq “sosializm düşərgəsi”nə daxil olan ölkələrin müstəqil dövlət olduqları siyasi və sosial-psixoloji anlamda dərk olunsun və qonşularla bərabərhüquqlu münasibətlərin qurulmasına zəmin yaransın. Bunun isə 5-10 il ərzində baş verməsi çox çətindir. Bu, yalnız o halda baş verə bilər ki, Rusiyanı dəyişmək istəyən insanlar ölkə həyatının bütün sahələrinə təsir göstərmək gücünə sahib olsunlar və yuxarıdan aşağı tədrici islahatlar aparsınlar, bütün təbliğat maşını dayanmadan bu islahatların mahiyyətinin dərk edilməsi üçün çalışsın".

Politoloqun sözlərinə görə, ağrılı da olsa, dərk etməliyik ki, Rusiya vətəndaşlarının əhəmiyyətli hissəsində öz ölkələriylə bağlı təsəvvürlər bizim təsəvvürlərimizdən çox fərqlənir: " Rus insanının əhəmiyyətli hissəsinin təsəvvürlərindəki Rusiya ucsuz-bucaqsız ərazilərə səpələnmiş daxmadan, rus hamamından və nəhəng, maksimum dağıdıcı gücə malik hərbi texnikadan ibarətdir. Həm sovet, həm də son 20 il ərzində aparılan təbliğat Rusiya vətəndaşlarının bir hissəsində şəxsiyyətin ikiləşməsinə gətirib çıxarıb. Onlar Rusiya sərhədlərindən kənara çıxanda başqa cür olurlar, geriyə qayıdanda isə başqa cür... SSRİ-nin süqutundan sonra Qərbin ən böyük səhvi Rusiyadakı toplumsal düşüncənin ciddi şəkildə tədqiq edilməməsi, aldadıcı təzahürləri gerçəklik kimi nəzərə alması ilə bağlı olub". 

Ermənistana və Nikol Paşinyan hakimiyyətinə gəldikdə isə, E.Mirzəbəyli bildirdi ki, Kreml öz forpostunda nüfuzlu, ictimai rəyə təsir imkanları olan bir hakimiyyətin lazım olduğunu düşünmür: "Rusiya Paşinyanı hansı səbəblərdən devirməlidir ki? Adam erməni xalqının azad, müstəqil yaşamaq istəyən müəyyən bir hissəsinin də ümidlərini hakimiyyətdə olduğu hər gün dəfn edir. Paşinyandan əvvəlkilərin kölə olduqları zatən bəlli idi. Paşinyanın simasında isə azad yaşamaq istəyinin erməni xalqının ödəyə bilməyəcəyi qədər baha olduğu hər gün sübuta yetirilir. Bu baxımdan, əksini düşünürəm və hesab edirəm ki, Ermənsitanda keçirilən son etiraz aksiyaları da Paşinyanın öna verilən təlimatlara uyğun addımlar atmaqla hakimiyyətdə saxlanılmasına xidmət edir".



Ana səhifəyə qayıt        Baxış: 3 036          Tarix: 20-05-2022, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma