Xəbər lenti

 
Uzun müzakirələrdən sonra Avropa İttifaqı sonunda Rusiyaya qarşı 6-cı sanksiya paketini təsdiqləyib.
 
Ovqat.com-un məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz Twitter paylaşımında bildirib.
 
Bu (paket) Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun döyüş maşını üçün böyük maliyyə mənbəyini kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq göstərilir”, - Mişel Twitter paylaşımında qeyd edib.



Mişel digər paylaşımında yazıb:

"Sanksiyalar dərhal Rusiya neft idxalının 75%-nə təsir edəcək. Və ilin sonuna kimi Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qadağa qoyulacaq".


 
Aİ liderləri həmçinin “Sberbank”ın SWIFT ödəniş sistemindən ayrılmasına da qərar veriblər. Bunu da Mişel öz paylaşımında vurğulayıb.
 
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Şarl Mişelin iddialarını təsdiqləyib. Onun sözlərinə görə, ilin sonuna kimi Avropa İttifaqı Rusiyadan neft idxalını faktiki olaraq 90% azaldacaq.

Ursela həmçinin bildirib:
 
Versalda Rusiya qazından, neftindən və kömürdən asılılığımızı mümkün qədər tez aradan qaldırmaq barədə razılığa gəldik.
 
Ancaq bunun üçün bir plan lazımdır. Bu, #REPowerEU planıdır.
 
Planın 4 sütunu var:
 
• Enerjiyə qənaət;
• Fosil yanacaqlardan ?? uzaqlaşmaq;
• Bərpa olunan enerjiyə böyük investisiyalar;
• Maliyyələşdirmə”.


 
Rusiyaya qarşı embarqo qərarı Avropa liderlərinin Brüsseldə keçirilən sammitin birinci günündə alınıb. Uzun müddətdən bəri müzakirə olunan bu qərara Avropanın İttifaqının bəzi ölkələri, xüsusilə də Macarıstan sərt qarşı çıxırdılar. Ən maraqlısı isə budur ki, həmin müxalif ölkələrin Rusiyadan neft və qaz idxalında önəmli payları da yoxdur. Məsələn, Macarıstan Rusiyadan Avropaya neft idxalının yalnız 1%-ni alırdı. Sonunda Avropa İttifaqı Şurası həmin ölkələri ümumi embarqo siyahısından çıxarmağa, bəzilərinə isə bir neçə illik möhlət vermək məcburiyyətində qaldı. Aİ yetkililərinin açıqlamalarından aydın olur ki, nəhayət, bu ilin sonuna qədər Rusiyadan Avropaya neft idxalının cəmi 10%-nin saxlanılmasına qərar verilib.


 
Rusiyaya qarşı 6-cı embarqo qərarında 3 telekanalın Aİ-də yayımının qadağan edilməsi və fərdi sanksiyalar kimi digər tədbirləri də nəzərdə tutulur. 
 
Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”, - Şarl Mişel twit-açıqlamasında bildirib.
 
Avropa İttifaqının bu qərarından sonra dünya bazarında neftin qiymətləri dərhal bahalaşıb. Londonun ICE birjasında bir barel “Brent” markalı neftin qiyməti 118 ABŞ dollarını keçib. Mütəxəssislər bu bahalaşmanı müvəqqəti olacağına inanırlar. Çünki Rusiya bundan sonra öz neftini daha ucuz qiymətə Uzaq Şərq ölkələrinə satmaq məcburiyyətində qalacaq. Nəticədə Uzaq Şərqdə İran, Səudiyyə Ərəbistanı, Kuveyt  və s. kimi ölkələrlə aparacağı rəqabət OPEC ölkələrini Avropa bazarına çıxmağa vadar edəcək. Beləcə, bazarda qiymətlər də qısa zaman ərzində sabitləşəcək.


 
Mütəxəssislər Rusiyanın Uzaq Şərqdə yeni müştərilər tapmasının da asan olmayacağına inanırlar. Çünki Avropanın bu gün yaşadığı enerji asılılığı təcrübəsi Uzaq Şərq ölkələri üçün böyük dərsdir və heç bir ölkə bundan sonra həyati əhəmiyyət daşıyan enerji təchizatı məsələsini yalnız bir ölkənin, xüsusilə də enerji asılılığından strateji silah kimi istifadə edən Rusiyanın ümidinə buraxmaz. Enerji təchizatında şaxələnmə siyasətinə üstünlük verən Çin və Hindistan kimi ölkələr Rusiyadan nə qədər ucuz neft almaq imkanlarına baxmayaraq, öz ənənəvi tədarükçüləri ilə də münasibətlərini korlamamağa çalışmalıdırlar.
 
Almaniyalı geosiyasi risklər analitiki Fernando Ferreya da bu fikirdədir. “Bu il enerji bazarlarında görəcəyimiz ən maraqlı rəqabət Rusiyanın uzun illər davam edən ticarət əlaqələrini Yaxın Şərqdən Şərqi Asiyaya keçirmək cəhdi olacaq”, - deyən Ferreya Rusiyanın neft ixracında Hindistan və Çinin Avropanı əvəz edə biləcəyinə şübhə ilə yanaşır. Yaxın Şərq ölkələri ilə Çin və Hindistan arasında neft ticarəti sahəsində əlaqələrin inkişafının onilliklərlə sürdüyünü xatırladan Ferreya deyib: "Məncə, həm Hindistan, həm də Çin Yaxın Şərq ölkələrinə qapıları tamamilə bağlamaqda ehtiyatlı olacaqlar". 
 
Üstəlik, sanksiyalar səbəbindən Rusiyanın qarşısında neft hasilatı üçün lazım olan texnologiyanı almaqda çətinlikləri də var. Bu problem Rusiyanın neft hasilatında ciddi azalmalara yol aça bilər. Bir müddət əvvəl rusiyalı mütəxəssislərinin neft hasilatını 20-30 %, başqa sözlə, gündə 7-8 milyon barrelə qədər azaltmaq təklifi ilə çıxış etmələri bu baxımdan təəccüblü deyildi.


 
Bəzi mütəxəssislərə görə, Rusiyanın bundan sonra əsas yeni müştəriləri Çin və Hindistan ola bilər. 2021-ci ildə Rusiyanın Uzaq Şərq ölkələrinə neft ixracının 38-40%-ə qədər mühüm hissəsi zatən Çinə edilmişdi. Çin Avropa İttifaqından sonra Rusiyadan ən çox neft alan ikinci müştəri idi. Amma Ukrayna savaşından və Pakistandakı hakimiyyət dəyişikliyindən sonra Avropaya qapıları getdikcə qapanan Çinin Rusiyadan daha artıq neft alacağı ehtimalı şübhə doğurur.
 
Hindistana gəlincə, 2021-ci ildə bu ölkənin neft ehtiyacını qarşılayan əsas tədarükçilər İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olub. Hindistanın neft idxalında Rusiyanın yeri cəmi 2 faizdir. Ancaq bunun dəyişmək üzrə olduğuna dair əlamətlər var. Əvvəla, Hindistan Rusiyanın Ukraynaya təcavüzünü qınamadı. Mart və aprel aylarında Rusiyadan aldığı neftin miqdarını da xeyli artırıb. Odur ki, Rusiyanın bu ölkəyə neft ixracını daha da artırmaq perspektivi var. Qərb ölkələrinin Rusiyaya qarşı embarqosundan sonra Hindistanın ondan su qiymətinə neft almağa can atacağı istisna edilmir. Fəqət burada Hindistanın qarşısında Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması problemi böyük əngələ çevrilə bilər. Zənnimizcə, Avropa İttifaqı da məhz bu səbəbdən neft idxalına embarqo qoyduğu bir zamanda Rusiyanın ən böyük bankını da SWIFT ödəniş sistemindən ayırdı. Böyük ehtimalla, Rusiya ilə başqa ödəniş sistemləri üzərindən ticarət əlaqələri qurmaq istəyən ölkələr bənzər embarqolara məruz qalmaq təhlükəsi ilə üzləşəcəklər. Bu da onları Rusiya ilə ticari münasibətləri yenidən gözdən keçirmək məcburiyyəti qarşısında qoya bilər.
 


Qeyd edək ki, əsasən enerji mənbələrinin ixracı üzərində qurulan Rusiya iqtisadiyyatında neft satışları mühüm yer tutur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiyanın 2021-ci il büdcəsinin 45%-i neft və təbii qaz gəlirlərindən təşəkkül tapıb. Avropa İttifaqı (Aİ) isə onun əsas müştərisi idi. Amerika Enerji İnformasiya İdarəetmə Administrasiyasının (EIA) 2021-ci ilin oktyabr ayı məlumatları göstərir ki, Rusiya neftinin 49 faizini İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan Avropa ölkələrinə satmışdı. Avropa İttifaqı isə təkcə OECD üzvlərindən ibarət deyil. Digər Avropa ölkələrini də bu hesaba qatsaq, 6-cı sanksiya paketindən sonra Rusiyanın neft ixracında ən azı yarıbayarı azalmanın şahid olacağıq.
 
Bundan əlavə, EIA-nın məlumatına görə, Rusiya təbii qazının təxminən 75 faizini Avropa ölkələrinə satır. Avropa İttifaqı hələ qaz ixracına embarqo tətbiq etməsə də, sammitin bugünkü və sonrakı iclaslarında bu barədə müəyyən qərarlar alına bilər. 
 
Rusiya ötən il qaz ixracından cəmi 55.5 milyard dollar, neft ixracından isə 120 milyard dollar qazanmışdı.


Ana səhifəyə qayıt        Baxış: 8 036          Tarix: 31-05-2022, 06:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma