Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
"Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Onların hüquqlarının müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. Bu məqsədlə də 1950-ci il 1 iyun tarixi Uşaqların Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. 72 ildir ki, qeyd olunan bu gün təkcə bayram kimi deyil, həm də bütün insanlığın diqqətini uşaq məsələlərinə cəlb etmək üçün bir platformadır".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, uşaqlar hər bir ölkədə əhalinin təxminən 20-25%-ni təşkil edir:
"Ayrı-ayrı ölkələrdə onlar müxtəlif təhlükələrə məruz qalırlar ki, onlardan qorunmaq lazımdır: inkişaf etmiş ölkələrdə bunlar televizor və kompüter aludəçiliyinin mənfi nəticələridir (ciddi araşdırmalar göstərir ki, uşaqlar həyatda etdikləri qəddar hərəkətləri təkrarlamağa meyllidirlər). Qərbi Avropada uşaqların çox erkən cinsi inkişafından narahatdırlar. Belə ki, Avropa Şurasına görə, Avropada hər 5 uşaqdan 1-i bir növ cinsi zorakılıqla qarşılaşır. İngiltərədə yerləşən Uşaq İşgəncələrinin Qarşısını Alma Milli Birliyinin (NSPCC) məlumatına görə, ölkədə 20 uşaqdan 1-i cinsi istismara məruz qalır. İsveçrə Pediatriya Birliyinin (SSP) topladığı son statistikaya görə, 2018-ci ildə ölkədə uşaq istismarı qurbanlarının sayı əvvəlki ilə nisbətən 10 faiz artıb. İsveçrənin 9,5 milyon əhalisinə baxmayaraq, hər il təxminən 11 min uşaq istismarı hadisəsi qeydə alınır. Almaniyanın Universiteti tərəfindən 2017-ci ildən bəri tərtib edilən məlumatlara görə, ölkədə 7 nəfərdən 1-i uşaqlıq və ya yeniyetməlik dövründə cinsi istismara məruz qalır. Avstraliya uşaqlara qarşı sui-istifadə halları ən yüksək olan ölkələrdən biri kimi seçilir. 2017-ci ildə uşaqlara qarşı sui-istifadə ilə bağlı 5 illik hökumət araşdırmasından sonra hazırlanan hesabatda ölkədəki bir çox qurumda uşaq istismarının baş verdiyi ortaya çıxdı. Hollandiya uşaqlara qarşı cinayət görüntülərinin internetdə ən çox yükləndiyi ölkə olaraq seçilir. IWF 2018-ci ildə uşaqlara qarşı sui-istifadə görüntülərinin yayımlandığı 105 mindən çox veb saytın 47 faizinin Hollandiyada olduğunu bildirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2017-ci ildə aparılan bir araşdırmaya görə dünya miqyasında uşaqların 23% -i fiziki istismara, ümumilikdə 26% -i cinsi istismara, 36% -i mənəvi istismara məruz qalır. Onların 16% -i baxımsızdır. Yaponiyada onlar əsas təhlükəni ənənəvi təhsil üsullarının məhv edilməsində və Qərb vərdişlərinin və davranışlarının artan nüfuzunda görürlər. Bəzi ölkələrdə uşaqların sağlamlığı pisləşir. Bütün bunlar müasir dünyada pis ekoloji şərait, eləcə də düzgün qidalanmamaq, çoxlu stresslə bağlıdır. Son on ildə müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən uşaqların sayı xeyli artıb. Uşaq və yeniyetmələr arasında aqressivlik, vandalizm, intihar hallarına daha çox rast gəlinir. Afrika və Asiyada uşaqları aclıq, QİÇS, hərbi münaqişələr və savadsızlıq təhlükəsi gözləyir. Orada həkim və dərman çatışmazlığından uşaqlar ölür. Təəccüblü deyil ki, belə ölkələrdə uşaq ölümünün səviyyəsi dəfələrlə çoxdur. Bundan başqa, onlar təhsil müəssisələrinin olmaması səbəbindən lazımi təhsil almırlar. Bəzi ölkələrdə uşaqlar ucuz işçi qüvvəsi kimi istifadə olunur, onların əməyi istismar edilir və hətta köləliyə satılır. Bəzi ölkələrdə isə qız uşaqları çox erkən yaşlarda nikaha girməyə məcbur edilir. Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur".
Komitə sədri bildirib ki, Azərbaycanda bütün dövrlərdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri olub: "Ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaratmağa çalışırlır. Hazırda respublikada iki milyon altı yüz mindən çox uşaq var, bu, ölkə əhalisinin dörddə birindən bir qədər artıqdır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və daha da gücləndirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. 1992-ci ildə Uşaq Hüquqları Haqqında Konvensiyaya qoşulub. Azərbaycan bu konvensiyaya qoşulmuş 189 ölkədən biridir. Əlamətdar cəhətlərdən biri kimi onu da qeyd etmək lazımdır ki, Azərbaycan 1999-cu ildə Uşaq Hüquqları Haqqında Konvensiyanın müddəalarına əsaslanaraq "Azərbaycan Respublikasının uşaq hüquqları haqqında" qanununu qəbul edib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılıb.
Azərbaycan hökuməti gələcəyimiz olan balalarımız üçün çox böyük işlər görüblər. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Bu istiqamətdə həyat keçirilən dövlət siyasəti öz müsbət nəticələrini verir. Hazırda elm, təhsil, texnologiya, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğur qazanan istedadlı balalarımız bu siyasətin ən bariz nümunələridir. Elə bu günlərdə ilk dəfə ölkəmizdə keçirilən “Teknofest Azərbaycan” festivalında maraqlı və kreativ layihələr təqdim edən şagirdləri misal çəkə bilərik".
H.Hüseynova qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub:
"Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa olunur. Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiya etməsi üçün mühüm işlər görür. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır".
Deputat deyib ki, Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində uşaqlar doğma ev-eşiklərindən didərgin düşmüş, azad, sərbəst yaşamaq hüquqları pozulmuşdu:
"1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edirdi. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yox idi. 2020-ci ilin sentyabrın 27-də erməni hərbiçilərin törətdiyi hərbi təxribatın nəticəsində başlanan II Qarabağ müharibəsi zamanı Ermənistan yenə də uşaqları, onların valideynlərini qətlə yetirməkdən çəkinmədi. Müharibədə uğursuzluğa düçar olan, Ermənistanın hərbi-siyasi rəhbərliyi yaşayış evlərini, dinc əhalini, o cümlədən qadın və uşaqları qadağan edilmiş raket bombaları ilə atəşə tutur, onların faciəli şəkildə qətlinə səbəb olurdu. Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması idi. Azərbaycan haqlı olaraq vətəndaşlarımızın, uşaqlarımızın pozulmuş hüquqları haqqında bəyanatlar versə də, beynəlxalq təşkilatları ədalətli mövqe bildirməyə çağırışlar etsə də adekvat cavab ala bilmədi. Azərbaycan hökuməti, cəmiyyəti özü bu uşaqların problemlərini həll etdi, onlara arxa, dayaq oldu".
"Uşaqların sağlam və xoşbəxt böyüməsi həmişə aktual olmuşdur, lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Əlbəttə, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmin edilməsi həm valideynlərin, həm dövlətin, həm də cəmiyyətin qarşısında duran əsas məqsəddir. Sonda bir daha qeyd etmək istərdik ki, Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr, tədbirlər uşaqların müdafiəsi sahəsinə uğurlu töhfələr verəcək və bu istiqamətdə fəaliyyət daha da güclənəcək. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik. Uşaqları qorumaq olduqca mühüm bir missiyadır. Hər bir valideyn övladının doğulduğu andan başa düşməlidir ki, yalnız o, övladına ən yaxşısını verməklə onu xoşbəxt edə bilər. Uşaqlara sevincinizi, sevginizi və qayğınızı göstərməklə, onların bütün məqsəd və məqsədlərinə çatacaq layiqli və özünə inamlı insanlar kimi böyüməsinə kömək edə bilərsiniz", - komitə sədri bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar