Xəbər lenti

 
ABŞ Ermənistanın Azərbaycanla sülh əldə etməsi üçün hər şeyi edəcək”.
 
Ovqat.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Kerri Donfrid Ermənistanın “Azatutyun” radiosuna verdiyi açıqlamasında bildirib.
 
ABŞ-ın Minsk qrupunun həmsədri olduğunu xatırladan Donfrid ölkəsinin bu qurumda razılaşdırılmış prinsiplərə sadiq olduğunu vurğulayaraq deyib:
 
Birləşmiş Ştatlar bu prosesi dəstəkləməyə sadiqdir: biz həqiqətən də xidmət etmək istəyirik. ABŞ həm də Dağlıq Qarabağ münaqişəsində əsas rol oynayan Minsk Qrupunun həmsədr üzvüdür. Və biz bu prosesə sadiq qalırıq. Avropa İttifaqının da bu prosesdə mühüm rol oynadığını görürük. Ona görə də mən hiss edirəm ki, bu proses region üçün bir fürsətdir və biz Ermənistana sülhə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
 
Erməni jurnalistin təxribatçı sualına diplomatik üslubda cavab verən ABŞ yetkilisi tərəfləri döyüş ritorikasından çəkinmətə çağırıb. Belə ki, jurnalist ondan “Azərbaycan prezidentinin mütəmadi olaraq döyüş ritorikasına qayıtması, Zəngəzur dəhlizi haqqında danışması və onlarla ermənini Bakı həbsxanalarında saxlaması davamlı sülhə nail olmaq olarmı?” soruşub. Xanım diplomat isə bu sualı belə cavablandırıb: “Hesab edirəm ki, biz hamımız bu ritorika haqqında düşünməliyik. Şübhəsiz ki, sözlər vacibdir. Ona görə də onlardan istifadə edərkən diqqətli olmalıyıq. Düşünürəm ki, sözlərlə yanaşı, fəaliyyət də vacibdir. Amma Azərbaycan və Ermənistan arasında barışıqda irəliləyiş olacaqsa, şübhəsiz ki, insanlar öz sözlərində diqqətli olmalı və onların hərəkətlərinə diqqət yetirməlidirlər”.


 
Kerri Donfridin bu sözlərlə əslində döyüş ritorikasının təkcə Azərbaycan prezidenti tərəfindən səsləndirilmədiyinə, sözləri ilə əməli üst-üstə düşməyən rəsmi İrəvanın da eyni qaydada sülhə xidmət etmədiyinə eyham vurduğu aydındır. Sirr deyil ki, Azərbaycan tərəfinin tez-tez “Zəngəzur dəhlizi”ndən bəhs etməsi ermənilərin öz beynəlxalq öhdəliklərindən imtinalarına cavab olaraq səsləndirilir. Rəsmi Bakı İrəvana imzaladığı müqavilə xarakterli bəyanatlardakı prinsipləri “mütəmadi” xatırlatmaqla, əslində sülh danışıqlarını pozmaq yox, sadəcə qarşı tərəfi daha cəsarətli addımlar atmağa həvəsləndirmək məqsədi güdür. Dəhliz məsələsinə də “tərəflərin eyibi” kimi baxmır. Əks halda, Azərbaycan hətta öz ərazisində yaşayan ermənilərə verdiyi Laçın dəhlizini də dilə gətirməzdi. Biz öz vətəndaşımız olan ermənilərə dəhliz verdiyimiz halda qarşı tərəfin Azərbaycanın tarixi ərazisinin mənimsənilməsi hesabına anklav vəziyyətə salınmış Naxçıvanla kommunikasiya əlaqələrinin qurulmasına razılıq verməməsi, hətta bu fikrə anormal reaksiyası həqiqətən də heç bir məntiqlə əsaslandırıla bilməz. Rəsmi İrəvan bu addımı atmamışdan əvvəl dəhliz ideyasını öz cəmiyyətinə mənimsətməlidir. Əslində Azərbaycan tərəfi Paşinyan hökumətinə erməni ictimai rəyini qalıcı sülhün bu vacib elementinə hazırlamasını asanlaşdırmaq üçün “dəhliz qarşılığında dəhliz” fikrini dilə gətirir. Ermənilər isə buna qeyri-adekvat cavab verməklə sülhdə maraqlı olmadıqlarını nümayiş etdirirlər. Halbuki son Qarabağ savaşının qalibi kimi “dəhlizə dəhliz” prinsipində güzəştə gedən əsas tərəf rəsmi Bakıdır. Təkcə ona görə yox ki, Azərbaycan “dəhlizə dəhliz” ideyasını mənimsəməklə öz qələbə avantajından faydalanmır, müasir çağımızda qalıcı sülhün əsas zəmini sayılan “qazan-qazan” prinsipindən çıxış edir. Həm də ona görə ki, bu “qazan-qazan” prinsipində belə, Azərbaycan öz ərazisində yaşayan erməni vətəndaşlarının düşmən ölkə ilə inteqrasiyasının qarşısını kəsmir. Ermənilər isə bu böyük iltifatın qarşılığında Azərbaycanın bir hissəsi ilə digəri arasında kommunikasiya əlaqələrinin qurulmaması üçün əllərindən gələni əsirgəmirlər. Və bütün bu neqativlikləri Azərbaycanın zorla qəsb olunmuş ərazilərində həyata keçirir, üstəlik, ölkəmizin ərazi bütövlüyünü də tanımaq istəmirlər


 
Ən əsası isə, Zəngəzurun ermənilərin ərazisi olması beynəlxalq hüquq baxımından da mübahisəlidir. Çünki Azərbaycan SSRİ-nin tərkibinə Zəngəzurla bərabər daxil olub və bu xüsus Qars müqaviləsi ilə də təsbit edilib. Məntiqlə SSRİ-dən ayrılanda da eyni ərazilərə sahib olmalı idi. 
 
İrəvanın ərazi bütövlüyümüzü tanımaması bu mənada Azərbaycanı tarixi torpaqlarını qurtarmaq uğrunda müharibəyə başlamağa təhrik etməkdən başqa bir şey deyil və ermənilər bu təhrikedici mövqeləri ilə savaş ritorikasını canlı tutmağa çalışırlar. Görünür, Kerri Donfrid də “Düşünürəm ki, sözlərlə yanaşı, fəaliyyət də vacibdir” deyərkən ermənilərin bu təxribatçı mövqeyini nəzərdə tutub.
 
Digər tərəfdən, ermənilərin Qarabağın müstəqilliyi barədə iddiaları da bu günün reallıqları ilə səsləşmir və post-sovet ölkələrindəki separatçı qüvvələri dəstəkləməklə öz imperialist niyyətlərini gerçəkləşdirməyə çalışan Rusiyanın maraqlarına xidmət edir. Ermənistanda rəsmi səfərdə olan Kerri Donfrid də diplomatik üslubla erməni mediyasına bu xüsusu çatdırmağa çalışıb. O deyib: “ABŞ Ukraynanı dəstəkləməklə göstərir ki, söhbət təkcə Ukraynadan getmir. Söhbət həm də fundamental prinsiplərdən, yəni suverenliyə, ərazi bütövlüyünə hörmətdən, hər bir ölkənin öz xarici və təhlükəsizlik siyasətini seçmək hüququndan gedir. Bizim məqsədimiz odur ki, Rusiya heç vaxt başqa heç bir ölkəyə belə təcavüzkar müdaxilə etməsin”.
 
Göründüyü kimi, Kerri Donfrid “Azatutyun”a müsahibəsində ermənilərin böyük ümidlə gözlədiyi “xalqların öz müqəddəratını təyin etmək hüququ”ndan bir kəlmə də danışmayıb. Əksinə, Azərbaycanın istinad etdiyi beynəlxalq hüquq prinsiplərini - ərazi bütövlüyü və suverenlik məsələlərini dəstəklədiklərini açıqlayıb. O, həmçinin eyhamlı şəkildə bildirib ki, Ermənistana gəlişinin əsas səbəbi də əslində Ukrayna ilə müharibədə Rusiyanın əlində dəstəvuz etdiyi “öz müqəddəratını təyinetmə” prinsipinə yaşamaq hüququ verən prosesləri dayandırmaqdır.


 
Onu da bildirmək istəyirəm ki, bu müharibə nə qədər böyük olsa da, Ukraynaya nə qədər dəstək versək də, bu o demək deyil ki, biz başqa məsələlərə, Avropanın digər hissələrinə diqqət yetirmirik. Ümid edirəm ki, mənim bura gəlişim bunun çox parlaq nümunəsidir. Cənubi Qafqazdakı vəziyyət çox vacibdir”, - Kerri Donfrid bildirib.
 
ABŞ yetkilisinin bu fikirləri ermənilərin sifətinə vurulmuş ən yağlı şillə təsəvvürü yaradır. Sanki o, dolayı şəkildə demək istəyir ki, Azərbaycan-Ermənistan məsələsi Ukrayna və digər böhranlar üçün də nümunə ola bilər və bu səbəbdən regionun ümumi maraqları çərçivəsində öz həllini tapmalıdır.
 
Qeyd edək ki, Kerri Donfrid iyunun 18-də İrəvana gəlmişdi. Erməni mediasına açıqlama isə dünən – iyunun 20-də verilib. Kerri Donfridin bu səfəri o zamana təsadüf edir ki, iyunun 16-da Ermənistan baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibə verərək, Zəngəzur dəhlizinin İrəvan üçün “qırmızı cizgi” olduğunu bildirib.
 
“Bu, Ermənistan üçün qırmızı xəttdir, çünki üçtərəfli bəyanata görə, regionda bir dəhliz var, o, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizidir. Ancaq bizim üçtərəfli bəyanatımızda kommunikasiyaların açılması ilə bağlı başqa bir müddəa var. Mən dəmir yollarını, avtomobil yollarını nəzərdə tuturam, biz hazırıq, əslində biz artıq suverenliyə və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət prinsipi əsasında regional kommunikasiyaların açılması məsələsini müzakirə edirik”, - deyə Paşinyan bildirmişdi. 


 
Paşinyanın bu sözləri dərc olunduqdan dərhal sonra Prezident İlham Əliyevin ona cavabı özünü çox gözlətməmişdi. Elə həmin gün IX Qlobal Bakı Forumunda çıxış edən İlham Əliyev bildirmişdi ki, “əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.
 
Üzərindən 2 gün keçdikdən sonra ABŞ Dövlət Departamenti katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Kerri Donfridin tez-tələsik İrəvana səfəri Vaşinqtonun da Ermənistan Baş nazirinin gah nala, gah mıxa vuran ritorikasından narahat olduğuna dəlalət edir. 
 
Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın erməni əhatəsində qalan ərazisinə – Naxçıvana gediş-gəlişi asanlaşdırmaq ideyasından irəli gəlmir. Bu dəhliz Azərbaycan qədər dünya birliyinin də marağına uyğundur və ilk dəfə Amerikalı politoloq Pol Qobl tərəfindən hələ 1990-cı illərdə irəli sürülüb.
 
Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 394          Tarix: 21-06-2022, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma