Xəbər lenti


«Düşmənlər bizim əziz İranımızla üz-üzə gəlmək üçün birləşiblər və hamısı bizə qarşı mübarizə aparırlar».


Ovqat.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf son günlər bu ölkədə yaşanan iğtişaşları şərh edərkən belə deyib.


Məlumata görə, Qalibafı bu cür dilə gətirən kürd separatçılarının İranın qərbinə hücumu olub. Bildirilir ki, Şimali İraq üzərindən hücuma keçən separatçılar SEPAH-ın Qərbi Azərbaycan bölgəsindəki qərargahını dağıdıblar. Hazırda Şimali İraqın İranla sərhədində xeyli sayda PKK-çının toplandığı qeyd olunur.


SEPAH komandanlığının məlumatına görə, kürd separatçılarına qarşı artıq əməliyyat başlayıb. «Əməliyyat çərçivəsində terror qruplaşmalarının qərargahı SEPAH Quru Qoşunlarının artilleriya bölmələri tərəfindən vurulub. Terrorçu qruplaşmalara dəyən itki və zərərin dəqiq məbləği daha sonra açıqlanacaq», - «İslam keşikçiləri»nin məlunatında belə deyilir.


Şimali İraq Kürd Muxtariyyəti də faktı təsdiqləyib. Rudaw-ın iddialarına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Ərbilin Soran rayonunun Sidekan qəsəbəsində sərhəd bölgələrini minaatanlardan atəşə tutub.


Rudaw'a çatan görüntülərdə Seqer təpəsinin yamacları, Sinqan Boğazı, Geli Spi Berdespyan və Telan bölgəsinin minaatanlarla vurulduğu görünür.


Nəşrə açıqlama verən yerli hakimiyyət orqanının yetkilisi Məhəmməd Məcid bombardmanın SEPAH  tərəfindən həyata keçirildiyini təsdiqləyib.


Sidekan qəsəbəsinin rəhbəri  İhsan Çələbi isə indiyə qədər can itkisinin olmadığını, ancaq yanğınların baş verdiyini deyib.


Rudaw-ın əldə etdiyi digər məlumata görə, İran ordusu Şino rayonu sərhədində Dolmeydanda yerləşdirdiyi artilleriya birləşmələri ilə Berbizin kəndinin çöl ərazisini bombalayır.


İranda son günlər baş verən iğtişaşlar ərəfəsində kürd separatçılarının hərəkətə keçməsi budəfəki mübarizəni digərlərindən fərqləndirən əsas məqamlardandır. Maraqlıdır ki, Qərbi Azərbaycan türkləri də indiyədək düşmən olduqları kürdlərə bu dəfə həyan çıxıblar. Keçirilən nümayişlərdə türklərlə kürdlərin, ərəblərin və digər millətlərin bir yerdə olduqlarına dair ciddi mesajlar verilib. Bu isə İranda başlayan rejimə qarşı mübarizənin son hədəfə çatmasına yardım edən digər mühüm amillərdən sayıla bilər. 


İrana təkcə Şimali İraqdan da hücum olmayıb. Eyni şəkildə bəlucların məskunlaşdığı şərq sərhədlərində də ciddi gərginliklər yaşanır. İddialara görə, İranın həm qərbində, həm də şərqində bəzi yaşayış bölgələri tamamilə nəzarətdən çıxıb.


İşin ilginc tərəfi ondan ibarətdir ki, İran yetkililəri hadisələrin çıxmasında öz səhvlərini görməkdənsə, günahı onda-bunda axtarırlar. Ötən günlərdə İranda yaşanan iqtişaşlarda Türkiyənin, Azərbaycanın və İsrailin barmağı ola biləcəyini iddia edən rəsmi Tehran nədənsə unudur ki, son insidentlər 22 yaşlı yezidi qızı Məhsa Əminin hicabı düzgün taxmamasından qaynaqlanmışdı. İranın əxlaq polisləri M.Əmini zorla maşına mindirib öz qərargahlarına aparmış, ardınca da o, kəllə sümüyü qırılmış vəziyyətdə xəstəxanada tapılmışdı. Hətta bəzi iddialara inansaq, Əmini xəstəxanaya gətiriləndə artıq ölmüşdü.


İran rəsmiləri isə xalqın qarşısına çıxıb öz günahlarını etiraf edib üzr istəmədən və qətldə əli olan əxlaq polislərini cəzalandırmaqdansa, gündə bir bəhanə uyduraraq məsuliyyətlərini xarici qüvvələrin üstünə atırlar. Ölkə əhalisi isə bu yalanlara artıq inanmır. Onlar 1979-cu ildən bəri İslam adı daşıyan bu ölkənin rəsmilərini hamıdan yaxşı tanıyır, mollaların nəfəsinin də doğru gedib-gəldiyinə şübhə ilə yanaşırlar. İranda baş verən iğtişaşlar da məhz mollaların xalq qarşısında etimadını itirməsindən qaynaqlanır. Üsyanların ortaya çıxmasında yezidi qızı Məhsa Əminin qətli sadəcə bardağı daşıran son damladır.


Məhsa Əminin qətlinə İran xalqının bu qədər həssas yanaşmasının bir başqa səbəbi də onun yezidi olmasıdır. Əvvəla, bir çoxlarının düşündüyü bu dinin adı heç də imam qatili Yezidə bağlılıqdan irəli gəlmir. Yezidilər atəşpərəstliyin indiyədək gəlib çıxmış qollarından biridir. Onlar əsasən İraqın şimal qərbindəki Sincar əyalətində yaşayırlar. İranda, Suriyada da yezidi kəndləri var. Dünyada toplam sayları cəmi 800 mindir. 2015-2016-cı illərdə İŞİD qüvvələri Sincan dağındakı yezidi kəndləri yağmalamış, kişilərini öldürmüş, qadınlarını qul bazarında satışa çıxarmışdılar. Səbəb isə onların dini inancları idi. Məlumata görə, yezidilərin başına bu müsibət gətirilməmişdən əvvəl onlara dinlərini dəyişdirmək üçün 3 gün vaxt verilmişdi. Yezidilər isə vicdan azadlığı ilə bir araya sığmayan bu tələbi rədd edincə, dünyanın ən əzazil zülmünə uğramışdılar.


Dərd burasındadır ki, yezidilər təkcə İŞİD-cilər tərəfindən deyil, eyni zamanda İran mollaları tərəfindən də eyni zülmə məruz qalırlar. Məhsa Əminin də qətli bunun ən bariz sübutudur. Zira yezidilərdə baş örtüsü müsəlman qadınların hicablarından fərqlənir. Görünür, Məhsa da öz dini inancına uyğun başını örtdüyünə görə İranın əxlaq polisinin amansız işgəncəsinə məruz qalıb. Bu da İranda din anlayışının İŞİD-dən çox fərqlənmədiyini göstərir. Halbuki İŞİD terror təşkilatı olduğu halda, İran mollakratiyası 80 milyonluq ölkənin siyasi idarəetmə nəzəriyyəsidir. Üstəlik, əksər islam ölkələrinə də bu əzazil düşüncələrini yaymağa çalışır. Bu baxımdan İran mollakratiyası İŞİD-dən daha təhlükəlidir və xüsusilə kürd xalqlarının buna sərt reaksiya verməsi başadüşüləndir.


İran rejiminin əhalisinin böyük əksəriyyəti şiə olan Azərbaycana münasibəti də yezidilərə münasibətindən çox da fərqlənmir. Bu gün İranda yaşayan 40 milyondan çox türk əhalisi məhz bu cür əzazil siyasətlərin qurbanına çevriliblər. Bu da azmış kimi, guya İslami dəyərləri əlində rəhbər tutan İran rejimi Azərbaycan-Ermənistan qarşıdurmasında da tamamilə ermənipərəst mövqe sərgiləyir. 44 günlük müharibədə erməniləri açıq şəkildə silahlandıran bu ölkə indi də Azərbaycanın öz ərazisi uğrundan mübarizəsini nədənsə İranın «qırmızı cizgisi» elan etməkdən çəkinmir. Nəticədə İranda yaşayan soydaşlarımızın və səmimi dindar olan digər vətəndaşlarının da könlünə toxunur. Təbii ki, bir ölkənin qurucu xalqlarının həssasiyyətilə oynamaq heç bir hakimiyyətə başucalığı və uzun ömürlülük gətirməyib və gətirməyəcək. 


Qalibaf isə nədənsə, öz səhvləri ucbatından ölkə daxilində qaynayan bu etirazları görmək istəmir, problemin kökünü orda-burda axtarır. Halbuki bu adam uzun illər SEPAH-ın generalı, Tehran kimi böyük şəhərin meri olub. Problemin nədən çıxdığını da hər kəsdən yaxşı bilir. Etnik kimlik baxımından kürdlüyü də var və qulluqçusu olduğu rejimin yezidilərin sarı siminə necə toxunduğunun fərqindədir. Buna rəğmən bütün xarici düşmənlərin İrana qarşı birləşdiyini iddia edir. Əslində isə İran öz səhv siyasəti ilə öz xalqını özünün düşməninə çevirib və onun başqa düşmənə ehtiyacı yoxdur. Bunu anlamamaq üçün molla rejiminin Qalibafı olmaq lazımdır. O Qalibafı ki, «böyük şeytan» adlandırdığı ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəlib bu ölkəni açıq şəkildə öz ayaqlarına bağlayanda cınqırını çıxarmağa cəsarət göstərməmişdi. Amma Azərbaycan öz haqlı davasını aparanda onun ölkəsinin əyalət mollabaşıları şir quyruqlarını belinə qaldırıb bizə hədə-qorxu gəlirdilər. Qalibaf isə susurdu. Bu adamlarda zərrə qədər iman, düşüncə, məntiq olsaydı, başa düşərdilər ki, insanı güclü edən silahı yox, haqlılığıdır. Azərbaycan isə öz mövqeyində yerdən-göyə qədər haqlıdır. 


Bütün İran xalqını özlərinə düşmən etdikləri halda, düşməni orda-burda axtaran Qalibaf və onun silahdaşlarına bir muştuluq çatdırmağı məsləhət bilirəm. Məndə olan məlumata görə, Azərbaycan hakimiyyəti Ermənistanla sülh danışıqlarında ölkəmizin1920-ci ildə sovet kommunistləri tərəfindən işğal edilməmişdən əvvəlki səhrədlərinin xəritəsini təqdim etmək niyyətindədir. Məntiqli olan da budur. Çünki Zəngəzur bölgəsini ermənilərə verən biz olmamışıq, işğal nəticəsində ruslar tərəfindən ərazilərimiz parça-parça bölünüb, hər kəsə peşkəş çəkilib. Məqsəd isə regionda rus imperializmin dayaqlarını möhkəmləndirmək olub. Deməli, ədalət və geosiyasi reallıqlar tələb edir ki, həmin ərazilər həqiqi sahibinə qaytarılsın. Böyük ehtimalla, beynəlxalq birlik də bu haqlı tələbimizlə razılaşacaq. 


Yeri gəlmişkən, bu işdə İranın da xidmətləri az deyil. Məhz İran həmin əraziləri özünün «qırmızı cizgisi» elan etməklə və erməniləri təsir dairəsinə salmaqla bizim arqumentimizi daha da gücləndirmiş oldu. İranın bu təsir imkanlarını azaltmaq və erməniləri onun təsir dairəsindən çıxarmaq üçün, yəqin ki, böyük güclər də bizim haqlı mövqeyimizi dəstəkləyəcəklər. Məhz bu «ayı xidməti»nə görə İrana Azərbaycan xalqı adından təşəkkür etmək istərdim.


Heydər Oğuz,

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 960          Tarix: 24-09-2022, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma