Xəbər lenti


31 avqustda Brüsseldə Ş.Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında olan görüşdə əldə edilən razılığa əsasən xarici işlər nazirləri bir ay ərzində sülh müqaviləsinin mətninin hazırlanması məqsədilə görüş keçirməli idilər. Görüş 2 oktyabrda Cenevrədə baş tutdu. 


Azərbaycanın bəyanatına görə, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclası noyabra planlaşdırılsa da Azərbaycan bu görüşün oktyabrda keçirilməsini təklif edib. Yəni, Azərbaycan delimitasiya prosesinin sürətləndirməyi vacib sayır. İkitərəfli görüş zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması tələb olunmuş və üçtərəfli komissiya çərçivəsindəki razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının zərurliyi qeyd edilmişdir.


Ermənistanın bəyanatına əsasən, İrəvan Azərbaycan Silahlı Qüvvələrinin əvvəlki mövqelərə qayıtmasını, erməni hərbçilərinin azad edilməsini, sərhəddəki vəziyyətə nəzarət üçün beynəlxalq mexanizmlərin tətbiqi təkliflərini irəli sürmüşdür. Bəyanatda həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, “Xankəndi” və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsinin aparıldığı qeyd edilir. Bəyanata görə, tərəflər ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının açılmasına dair qarşılıqlı razılıq əldə etmişdir.

Ermənistan yekun sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin bu və ya digər formada əks olunmasını istəyir. Son dövrdə ABŞ və Fransanın diplomatik aktivliyi bu dövlətlərin də oxşar yanaşmaya malik olmasına işarə edir. Rəsmi Bakı sözsüz ki, bu tələbləri birmənalı olaraq rədd edir. İkitərəfli görüşdən sonra Paşinyanın həyat yoldaşına məxsus “Aykakan Jamanak” qəzetində çıxan məqaləyə əsasən, Azərbaycan danışıqlarda Qarabağa heç bir status verməyəcəyini bildirib.

Bəyanatın nəqliyyat-kommunikasiyalar ilə bağlı hissəsi Rusiya baş nazirinin müavini A. Overçukun 30 sentyabrda verdiyi müsahibəyə uyğun gəlir. Nəqliyyat dəhlizlərinin statusu ilə bağlı A.Overçuk kommunikasiyalar üzərində ölkələrin suverenliyini qeyd etmişdir. 2021-ci ilin dekabrında NATO baş katibi Y.Stoltenberqlə görüş zamanı Prezident İlham Əliyev Laçın və Zəngəzur dəhlizlərinin eyni statusa malik olmalı olduğunu qeyd etmişdi. Dövlət başçısına görə, dəhlizlərin ya hər ikisində gömrük nəzarəti olmalı, ya da heç birində gömrük nəzarəti olmamalıdır. Overçuka görə, Bakı və İrəvan 1-ci variantı – hər iki dəhliz üzrə gömrük nəzarətinin yaradılması haqqında razılığa gəliblər: “yol kimin ərazisindən keçirsə, suveren hüquqlar də həmin ölkəyə məxsus olacaqdır”.

Laçın dəhlizinə giriş-çıxışın Azərbaycan tərəfinin nəzarətə götürməsi Qarabağ ermənilərinin Azərbaycana reinqterasiyasını sürətləndirəcəkdir. Ermənistanla sərhəddə gömrük postlarının qurulması Ermənistanın Qarabağa silah və hərbi texnika daşımasına imkan verməyəcəkdir. Bu da separatçı rejimi Ermənistana qaçmağa və ya Azərbaycana təslim olmağa məcbur edəcəkdir. Gömrük nəzarəti ərazinin iqtisadi reinteqrasiyasına da müsbət təsir göstərəcəkdir. İqtisadi inteqrasiya isə öz növbəsində sosial və siyasi inteqrasiyaya yol açacaqdır. 


Bütün bu proseslər Ermənistanın üzünü Qərbə tərəf çevirmə cəhdləri fonunda baş verir. Belə cəhdlər Rusiyanın Ermənistana qarşı təzyiq göstərməsinə səbəb ola bilər. Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini, hava məkanını mühafizə edir, iqtisadiyyatın aparıcı sahələrinə tam və ya qismən nəzarət edir. Bu təsir vasitələrindən istənilən birinin tədbiqi Ermənistanı hərbi-siyasi və sosial-iqtisadi böhranı ilə üz-üzə qoya bilər. Buna görə də növbəti MDB sammitinə Ermənistanın gedib-getməyəcəyi əsas sual doğuran məqamlardandır. Ermənistanın xarici siyasət prioritetlərində düzəliş etməsi, Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxması Azərbaycanla normallaşma prosesini sürətləndirə bilər. Bunun üçün rəsmi İrəvan Bakının tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır. 


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 6 265          Tarix: 5-10-2022, 00:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma