Xəbər lenti


Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi gözlənilir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində Qərbin etdiyi manevrlərdən – Brüssel və Praqa görüşlərindən sonra rəsmi Moskva təşəbbüsü əldən verməmək üçün tələm- tələsik bu görüşü planlaşdırdı. Ukrayna bataqlığında çabalayan Putinin indi məntiqlə Rusiya üçün məşğul olacağı daha ciddi işləri olmalı deyildi? Amma söhbət Rusiyanın əsrlərdir nəzarətində saxlamağa çalışdığı Cənubi Qafqazdan, onların əzəli və əbədi dostu ermənilərdən gedirsə, bu, şimal qonşumuzun bir nömrəli məsələsinə çevrilməli idi və belə də oldu.

Bu görüş öncəsi Putinin “Valday”da verdiyi açıqlamalar, dünən Rusiyanın dəstəyi ilə Xankəndidə göstərilən şou bir daha sübut etdi ki, Rusiya öz imperiya ambisiyalarından, erməni təəssübkeşliyindən əl çəkməyib, Qafqazda sülh olmasında da maraqlı deyil. Putin 2020-ci ildə düşdüyü çətin vəziyyətdə müəyyən müvəqqəti güzəştlərə getməyə məcbur olmuşdu. İndi Paşinyanın öz ölkəsini Rusiyanın nəzarətindən çıxarmaq cəhdləri, Brüsselin vasitəçiliyi ilə Azərbaycanla Ermənistanın sülhə daha da yaxınlaşması Putinin gizlətməyə çalışdığı niyyətini, onun heç də Azərbaycanın haqq işini müdafiə etmədiyi gerçəyini üzə çıxardı. Rusiya prezidenti “Valday” klubundakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə şübhə altına aldı, ermənilərə mesaj verdi ki, narahat olmayın, Qarabağın statusu barədə hələ mən son sözümü deməmişəm.

Dünən diplomatik mənbələrdən aldığımız məlumata görə, Rusiyanın bu gün təqdim edəcəyi təkliflərin 15-ci bəndində gələcəkdə bədnam “status” mövzusunun müzakirəsinin mümkünlüyündən bəhs edilir. Deməli, Rusiya Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək istəyir. Bu, “gorbagor oldu status, cəhənnəmə getdi status” deyən Azərbaycan Prezidenti İlham Əliyevə Putinin arxadan vurmaq istədiyi zərbədir. Bu, eyni zamanda Rusiyanın bizim üçün nə qədər etibarsız müttəfiq, Putinin isə yalançı və riyakar lider olduğunu bir daha sübuta yetirir.

Rusiyanın məqsədi status məsələsini gündəmə gətirməklə sülh prosesini uzatmaq, sülhməramlıların Qarabağda uzun müddət qalmasını təmin etmək üçün hər iki tərəfə, xüsusən də Azərbaycana təzyiq göstərməkdir. Rusiya sülhməramlılarının Qarabağda uzun müddət qalmasının Ermənistana ziyanı yoxdur. Əksinə, xeyri var. Çünki Qarabağ Azərbaycan ərazisidir, sülhməramlıların orada olması Ermənistana Qarabağda yaşayan ermənilərlə daha rahat əlaqə qurmaq üçün əlavə imkanlar verir. Ona görə də Paşinyan sülhməramlıların mandatının 20 il uzadılmasına razılıq verəcəyini açıq şəkildə bəyan etdi. Azərbaycan xalqının “sülhməramsızlar” kimi qiymətləndirdiyi Rusiya hərbçilərinin Qarabağda uzun müddət qalması dövlətimizin maraqlarına ziddir. Azərbaycan xalqı ötən müddət ərzində Rusiya sülhməramlılarının ermənilər üçün Qarabağda olduqlarını gördü. Sülhməramlılar davranışları ilə bunu özləri göstərdilər. İndi keçmiş məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmağa hazırlaşan Azərbaycan dövləti bu “sülhməramlılar”a necə etibar etsin? Biz bu beş ilə birtəhər tab gətiririk. Xalqımız növbəti 15 il ərzində Rusiyanın Qarabağda çıxaracağı hoqqalara dözmək məcburiyyətində deyil və dözməyəcək. Belə bir atalar sözü var: “Ayının min oyunu var, bir armudun başında”. İndi bu ayının qurduğu oyunların məqsədi Qarabağdan, beləliklə, Cənubi Qafqazdan çıxmamaqdır. Putin bu istəyinə nail olmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir. Son vaxtlar Rusiya televiziyalarının Azərbaycan əleyhinə apardığı kampaniyanın arxasında da Putinin açıq və gizli niyyətləri dayanır.

Ona görə də fikrimizcə, bugünkü görüşdə əsas müzakrə olunan məsələlərdən biri sülhməramlıların Qarabağda qalma müddətinin uzadılması olacaq. Rusiya tərəfindən status məsələsi də buna görə ortalığa atılıb. Əlbəttə ki, Putin Prezident İlham Əliyevin sözünün nə qədər dəyərli olduğunu, “cəhənnəmə getdi status” deyən Azərbaycan liderinin mövqeyinin heç bir halda dəyişilməyəcəyini, Onun Qarabağ məsələsində güzəştə getməyəcəyini bilir. Bundan sonra Qarabağa heç bir statusun verilməyəcəyi də Putinə gün kimi aydındır. Rusiya lideri bu davranışları ilə, sadəcə olaraq, ermənilər arasında itirilməkdə olan nüfuzunu bərpa etmək və Cənubi Qafqazdan çıxmamaq niyyətindədir.

Ancaq unutmayaq ki, indi nə Rusiya əvvəlki fövqlədövlətdir, nə də Azərbaycan əvvəlki zəif ölkə. Artıq qlobal gücə çevrilən Türkiyə faktorunu da Rusiya lideri nəzərə almaya bilməz. Mövcud reallıqlar nəticənin bizim xeyrimizə olacağını diqtə edir. Odur ki, bu görüşdən də Azərbaycan Prezidentinin qalib ayrılacağına şübhə yoxdur. Sülhməramlıların mandatının uzadılmasına İlham Əliyev bir şərtlə razılıq verə bilər: Rusiya sülhməramlıları ilə eyni statusda Türkiyə sülhməramlıları da Qarabağa daxil olur. Türkiyə ordusu Qarabağda olduğu təqdirdə, Rusiyanın bizim üçün heç bir təhlükəsi yoxdur. Fikrimizcə, Türkiyə ordusunun Cənubi Qafqaza bir daha çıxmamaq üçün gəlməsi naminə biz ruslara daha 15 il dözməliyik. Türkiyənin Qarabağda, beləliklə, Cənubi Qafqazda möhkəmlənməsi Turan birliyinin gerçəkləşdirilməsini daha da tezləşdirəcək.

tns.az

Tural Səfərov




Ana səhifəyə qayıt        Baxış: 4 914          Tarix: 31-10-2022, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma