Xəbər lenti

İranla Azərbaycan arasındakı münasibətlərin indiki vəziyyəti həddən ziyadə gərgindir. Gərginliyi yaradan da, əfsuslar olsun ki, İran İslam Respublikasıdır.

Əsəblərin tarıma çəkildiyi, hər iki tərəfin qarşılıqlı ittihamlar səsləndirdiyi durumun taktiki və strateji səbəbləri var.

Taktiki vəsilələr göz qarşısındadır: İran sərhədlərimizin yanında təlimlər keçirir, Ermənistanla əlaqələri möhkəmləndirir, Azərbaycanı "sionizmə xidmət etmək"də suçlayır və s.

Rəsmi Bakı da cavabında İranı ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərində suçlayır, Ermənistanla sıx və fəal əlaqələr qurduğunu deyir, Azərbaycanda İran ssenarisi isə "Kərimə dövlət" yaratmaq planlarını hazırlayaraq reallaşdırmaq cəhdlərində olduğunu deyir və s.

"Nə baş verir?" sualını bir qədər dəyişərək üç yerə bölmək olar?

1. Niyə baş verir?

2. Bundan sonra nə olacaq?

3. Nə etməliyik?

İlk əvvəl birinci sualı cavablayacaq.

İranın Azərbaycana qarşı antipatik mövqeyi indi formalaşmayıb. Ölkəmiz müstəqillik qazandığı ilk gündən rəsmi Tehran bizi özünə ekzistensial təhlükə sayıb.

Səbəblər bəsitdir.

İranda təqribi hesablamalara görə, 30 milyona yaxın soydaşımız yaşayır. Müstəqil Azərbaycan dövləti, ölkəmizin inkişafı, güclənməsi və beynəlxalq arenada söz sahibi olması təbii ki, Tehranı əndişələndirir. Çünki cənubdakı soydaşlarımız üçün klerikal rejimin təklif etdiyi həyat şərtləri və ideologiyadan fərqli, alternativ yaşam var.

Azərbaycanın müsəlman dövləti, müsəlman vətəndaşlarımızın da əksəriyyətinin şiə olduğunu nəzərə alsaq, İran məhz bu müstəvidə ölkəmizə dini-mənəvi ekspensiya etmək qərarına gəlmişdi.

Plan 1994-cü ildə hazırlanmışdı və Azərbaycanda da İranda olduğu kimi, "vilayəti-fəqih" üsul-idarəsinin bərqərarı ilə nəticələnməli proseslərə təkan verilməsini nəzərdə tuturdu.

Həmin plan çərçivəsində ilk əvvəl Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə İranın dövlət təşkilatı olan "İmdadi Xomeyni" Xeyriyyə Cəmiyyəti vasitəsilə yardımlar paylanmağa başlandı. Beləcə, Azərbaycanın bir çox rayonlarında və xüsusilə də paytaxt Bakıda "İmdadi Xomeyni"nin bölmələri yaradıldı.

Həmin bölmələrə rəhbərlik edənlərsə İranın kəşfiyyat və əks-kəşfiyyat strukturlarının zabitləri idilər ki, özlərini müəllim, mühəndis, menecer, jurnalist, iş adamı və s. kimi qələmə verirdilər.

"İmdadi Xomeyni"nin fəaliyyətində əsas məqsəd Azərbaycandakı vəziyyət, demoqrafiya, sənaye və hərbi infstruktur barədə müfəssəl məlumatların əldə edilməsi idi. Eyni zamanda, Azərbaycan vətəndaşlarının İran üçün casusluğa cəlb edilməsi, "verbovka"sı da aparılırdı.

Sadalanan fəaliyyətə İran İslam Respublikasının müvafiq dövlət qurumları təqribi hesablamalara görə, 53,27 milyon dollar vəsait xərcləmişdilər. Əsas məqsəd yardımları alan və bu zaman mütləq şəkildə ideoloji əsasda "yüklənən" Azərbaycan vətəndaşlarında, xüsusilə də erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərdə "yeganə müttəfiqimiz, dostumuz, qardaşımız, pənahımız İrandır" idefiksinin yaradılması idi.

İkinci mərhələdə Bakıda İranın Mədəniyyət Mərkəzi (İMM) yaradıldı və bu minvalla cənub qonşumuz ölkəmizdə ideoloji ekspansiyaya başladı. Kitab və jurnalların çapı, tərcümələr və s. ilk baxışdan tam zərərsiz, hətta müəyyən mənada gərəkli fəaliyyət də sayıla bilərdi.

Bilərdi, amma deyildi: çünki İranın ali dini rəhbərinin nümayəndəsi olan Seyid Ocaqnecatın rəhbərlik etdiyi bu qurum həm ideoloji, həm dini zəmində Azərbaycanda dayaqların yaradılmasına can atırdı.

Təbii ki, "verbovka"lar öz yerində.

Din pərdəsi adı altında Azərbaycan cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olub. "Hüseynçilər" Hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı, "Şəhriyar" Mədəniyyət Mərkəzi kimi təşkilatların fəaliyyətini stimullaşdıraraq, Azərbaycanın sekulyar quruluşuna qarşı çıxıb. Bu təşkilatlar ölkəmizdə ayətullah Xomeyninin "İslam inqilabı doktrinası"nın yayılması, İranın tələblərinə tabe olan bir rejim yaradılması üçün çalışıblar.

İranın dini məktəblərində təhsil alaraq geri dönmüş, Bakıda mollalıq edən gənclərdən biri öz müsahibəsində qeyd edib ki, Ocaqnejadın idarəsindən hər ay aldığı 150 manat qarşılığında ondan çox sadə tələblərə əməl etməsi istənilib: "Hüzr məclislərində, dini toplantılarda arada bir İranın dini siyasətindən söz salıb təqdir etsin , "Ocaqnejad Ağa" deyə bir cümlə işlətsin".

İMM-in "şah əsəri" isə Nardaran idi. Tehranın emissarlarının fəaliyyəti sayəsində Abşerondakı bu kənd sanki İranın hansısa yaşayış məntəqəsinə çevrilmişdi.

Aşura və Tasua günlərində isə Nardaranın İmam Hüseyn meydanın Kərbəla, yaxud Məşhəddəki hansısa meydandan heç bir fərqi olmurdu.

Üçüncü mərhələdə İran ölkəmizdə siyasi partiyalara sirayət etməyə çalışdı. İlk əvvəl bilavasitə İran emissarlarının ssenarisi, rəhbərliyi və nəzarəti ilə Azərbaycan İslam Partiyası yaradıldı, sonra da çoxsaylı "hərəkat"lar, "qrup"lar, "cəmiyyət"lər və s. İran həmin strukturlar vasitəsilə Azərbaycanın daxili siyasətinə təsir və təzyiq imkanları əldə etmək niyyətində idi.

Məhz həmin illərdə, yəni İranın kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olan höccətülislam Əli Fəllahian, ayətullah Qurbanaəli Dori-Nəcəəfabadi, höccətüislamlar Əli Yunis, Qulamhüseyn Möhsüni-Əcəi, Heydər Moslehi və Mahmud Ələvinin rəhbərlik etdiyi dövrlərdə Tehrandakı hakimiyyət dəhlizlərində təşəxxüslə deyilirdi: "Az sonra Azərbaycanın parlamentində də adamlarımız olacaq".

Yəni Tehran parlament seçkilərində öz "proksi"lərinin mandat əldə edəcəklərinə şübhə etmirdi.

Dördündü mərhələ İranın silahlı qüvvələrimizə sirayət etmək cəhdləri başlandı. Əvvəlcə Naxçıvanda "iranlı hərbi təlimatçı"lar işə başladılar, sonra da onlar fəaliyyətlərini tezliklə Azərbaycan Ordusunun bütün iri birləşmələrinə yaymağa çalışdılar. Bu məqsədlə İran ordusunun və "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) zabitləri ilə yanaşı, "könüllülər" adı ilə hərbi kəşfiyyatçılar Azərbaycana göndərilmişdi.

Lakin rəsmi Bakı bu planları aşkarladı, İranın "hərbi-texniki yardım"larından qətiyyətlə imtina etdi.

Son mərhələ isə indi yaşanır. İran var qüvvəsi ilə Azərbaycanda təsir imkanları əldə etməyə, darmadağın edilmiş casus şəbəkəsinin bərpasına və güclənməsinə çalışır.

Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərini işə salaraq "Hüseyniyyun" adlı tragikomik "hərəkat" yaradan, Azərbaycandakı "təsir adamları"na ölkənin müxtəlif yerlərində "Ləbbeyk, ya Rəhbər!" şüarlı videolar çəkdirən İran ən primitiv ideoloji təsir metodlarından da istifadədən çəkinmir.

Məsələn, Azərbaycanda İrana meylli şəxslərin gah "Mehdi Sahibəzzaman haqqında", gah da "İmam Hüseyn haqqında" mahnı kimi tanıyıb səsləndirdikləri "Salam, Fermandeh", yəni "Salam, Komandir!" təki.

Bu ilin mart ayında İranın İRİB dövlət teleradioşirkətinin Gilan şəhər bölməsində ərsəyə gətirilən mahnı fars müğənni Abuzər Ruhi ifa edir.

Klip İranın Qum şəhərindəki məşhur Camkənar məscidinin həyətində çəkilib.

Mahnının məzmunu İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyiyə itaətin, onun uğrunda "bir an düşünmədən vuruşmağa və ölməyə" hazırlığın izharıdır.

... İranın ölkəmizlə bağlı indik aqressiv, hətta isterik mövqeyi isə asanlıqla çözüləndir.

22 yaşlı Məsiha Əminin "Əxlaq Polisi" mənsubları tərəfindən tutulması və vəhşicəsinə döyülərək öldürülməsindən sonra İranda başlanmış kütləvi etiraz aksiyaları Tehrandakı rejimin dayaqlarını silkələyib.

Əhalisinin 75 faizi 1-45 yaş arasındakı vətəndaşlardan ibarət İranın unikal demoqrafik vəziyyətə malik olduğunu və etiraz aksiyalarına qatılanların total əksəriyyətinin yeniyetmələrlə gənclər olduğunu nəzərə alsaq, bu, Tehran teokratiyasının siyasi dialektika baxımından məğlubiyyətidir.

Üstəlik, əvvəlki bütün etiraz aksiyalarından fərqli olaraq, indiki yürüşlərdə İrandakı bütün etnoslar, xalqlar və milli azlıqlar iştirak edirlər.

Aksiyalarda farslarla azərbaycanlılar, kürdlərlə bəluclar, türkmənlərlə lurlar, bəxtiyarlarla talışlar, ərəblərlə tatlar, gürcülərlə mazandaranlılar çiyin-çiyinədir.

Bütün diktaturalar kimi, Tehrandakı klerikal-teokratik rejim də özü üçün çox təhlükəli hesab etdiyi vəziyyətdən çıxış yolunu kütlənin narazılığını daxili probemlərdən yayındıraraq xaricə yönəltməkdə görüb.

Məhz bu səbəbdən "Amerika və İsrailin fəaliyyəti" iddiaları aktivləşib, Azərbaycan sərhədlərində təlimlər keçirilib.

İrandakı müxtəlif siyasətçilərin, din xadimlərinin, mass-medianın və s. Bakını hədəfə almalarının əsas səbəblərindən biri də "xarici düşmən" axtarışı idi.

Fəqət bu, yeganə səbəb deyil.

Bəhs etdiyimiz kimi, İrandakı rejimin Azərbaycana olan dözülməzliyi, qıcığı ekzistensial müstəvidədir.

Münasibətlərin nə zamansa normallaşacağını və Tehrandakı mollakratiyanın da bizə rəğbət bəsləcəyini düşünmək belə, sadəlövhlükdür.

Bir müddət sonra gərginlik azalacaq, səngiyəcək təbii ki.

Amma itməyəcək, yox olmayacaq.

Belə şəraitdə biz ilk əvvəl İranın ölkəmizə ən rahat siyarət vasitəsi hesab etdtiyi dini müstəvidə daha fəal addımlar atmalıyıq.

Qafqaz Müsəlmanları İdarəsi boynuna düşən işləri görməli, ölkənin cənub rayonlarında İranın dini təsirini minimuma endirmək üçün gərəkli maarifləndirmə aparılmalıdır.

Bu proses mütləq şəkildə Türkiyənin nüfuzlu teoloqları və dinşünaslıq mütəxəssisləri, habelə din xadimlərinin işqə cəlb edilməsi ilə müşayiət olunmalıdır.

Müvafiq dövlət qurumları isə İranın ölkəmizdə illərdən bəri apardığı fəaliyyəti nəticəsində formalaşdırdığı "yatmış şücrə"lərini və casus şəbəkəsini tamamən, maksimum dərəcədə zərərsizləşdirməlidir.

Çünki İrandakı rejim sakitləşən deyil.

Və sonda: indiki etiraz aksiyaları İrandakı hakimiyyətin devrilməsi ilə nəticələnəcəkmi?

Realist və praqmat olaq - cavab "yox"dur.

Çünki İranda mövcud rejimin ən müxtəlif strukturlarında çalışan yüz minlərlə şəxs var ki, onların yaşamı hakimiyyətlə bağlıdır.

Həmin şəxslərin ailə üzvlərini də nəzərə alsaq, ən azı 8 milyon iranlı klerikal-teokratik rejimin dayanıqlı, etibarlı və loyal dəstək kütləsidir.

Lakin indiki etiraz aksiyaları İrandakı hakimiyyəti çox ciddi şəkildə zəiflədib.

Sədi Şirazi demişkən, "arabanın təkərləri uçurumun kənarında - yeni bir zərbə yetər ki, düşsün".

Elçin Alıoğlu

Milli.Az




Ana səhifəyə qayıt        Baxış: 5 485          Tarix: 2-11-2022, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma