Xəbər lenti

 

İslam ədəbiyyatına baxsaq, tez-tez qarşımıza bir ifadə çıxar – vəli. Bəzən bu sözə ərəbcə cəm şəkilçisi artırıb övliya da deyilir. Ərəbcədən tərcümə etsək, bu söz “Allahın dostu” mənasına gəlir. Allahın dostu olduqlarına görə də,  vəli və ya övliyalar qeyri-adi gücə malikdir. Bunlar o insanlardır ki, yeri gələndə möcüzələr göstərə, azacıq bir rizq ilə uzun zaman yaşaya bilirlər.  

Məsələn, Osmanlı sultanı II Bəyazitin zamanında yaşamış övliyalardan Yəhya Baba barədə məşhur bir hekayə var. Hekayədə bildirilir ki, bir gün sultan Yəhya Babanın kəramətini yoxlamaq  fikrinə düşür. Ona bir ovuc düyü verib saray əhli üçün plov bişirməsini istəyir. Çətin vəziyyətdə qalan Yəhya Baba Allahdan ona İbrahim Xəlil bərəkətinin verməsini arzulayır. Allah da bu gözəl bəndəsinin dualarını eşidir.

 Yəhya Baba bir ovuc düyünü qazana atıb bişirir. Bu bir ovuc düyüdən o qədər plov əmələ gəlir ki, sarayın bütün əyanları yeyir, plov isə bitmir. Yəhya Baba məcbur qalıb plovdan artıq qalanlarla Qara dənizin balıqlarını yemələyir. Sən demə, sultan gizli-gizli onu izləyirmiş. Balıqlara verilən bu ziyafət üstündə Yahya Babanı yaxalayan sultan ondan soruşur:

-Sən necə Allah adamısan ki, dövlətin malını dənizə tökürsən?

Övlyyanın əvəzinə Qara dənizin balıqları dillənir:

-Sultan sağ olsun, sən necə ədalətli hökmdarsan ki, saray əyanlarının artığıyla qidalanmağı belə, bizə çox görürsən?

Yəqin ki, bir çoxlarınız bu cür əhvalatların real olduğuna inanmırsınız. Düzünü desəm, son zamanlara qədər mən də bəzi hadisələrin həddindən artıq şişirdildiyini düşünürdüm. Amma son zamanlar  MTN məsələsiylə bağlı aparılan məhkəmə istintaqından mətbu orqanlara sızan məlumatları oxuyub şəkkə qapıldığım üçün tövbə etdim.

 

Mənə ən çox tövbə etdirən isə bir çoxlarımızın “Metro Tağı” kimi tanıdığımız Tağı Əhmədovun kəraməti oldu. Təsəvvür edin, bu adam elə kəramət sahibidir ki, metroda işlədiyi 44 il ərzində illik 20-22 min manat əmək haqqı ilə 3 milyon toplayıb MTN dələduzlarına verə bilib. Hələ bu da azmış kimi, MTN-çi Akif Covdarovun sözünə inansaq,  Tağı Əhmədov qazandığı həmin halal vəsait hesabına “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzinə sahibdir: “Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib”.

Akif Covdarovun iddiasına görə, bütün bunlar Tağı Əhmədovun varidatının bir qismidir. Onun bütün var-dövləti barədə konkret məlumatı isə MTN-şik yaddan çıxarıbmış.

Məni narahat edən isə Akif Covdarovun Tağı Əhmədovun var-dövlətində hansısa qaranlıq məqamlar axtarmasıdır. Haşa, haşa, bu böyük kəramət sahibi barədə heç bu cür bəd fikirlərə düşmək olar? Tağı müəllimin harası Yəhya Babadan əskikdir ki, bir ovuc düyüdən Osmanlı sarayını, Qara dənizin balıqlarını doyura biləcək qədər plov bişirməsin?  Bəli, Tağı Əhmədov bütün bu keyfiyyətləriylə dövrmüzün ən böyük kəramət sahibi, övliyasıdır, desək yanılmarıq.

 

Şəkildə: Tağı həzrətləri və övladları

Təsadüfi deyil ki, adam bu qədər qənaətlə nəinki çox adamı heyrətə düşürəcək var-dövlətə sahibdir, hətta onun özü kimi bir çox kəramətləri özündə birləşdirən övladları da var. Onlardan biri öz ədalətiylə Azərbaycan məhkəmə sistemini analoqu olmayan orqana çevirib. Digəri isə Azərbaycanın xarici siyasətini müəyyənləşdirən nazirliyin əməkdaşıdır. Adı Ruslan olan bu adam da kəramətində heç atasından geri qalmır. Məhkəmə məlumatlarına inansaq, onun  Akif Covdarova pul verdiyi zaman harda olduğunu göstərən anten məlumatları öz-özünə disklərdən silinib. Yoxsa, siz buna da şübhə edirsiniz?  Sizcə, Allah öz sevimli bəndəsinin dilə-dişə düşməsini istəyərmi? Əlbəttə istəməz.

Yerinizə olsam, bu qədər böyük övliya xarakterli ata-bala barədə bəd gümanlara qapılıb ürəyimi xəbis hislərlə çirkləndirmərəm. Çünki Tağı Əhmədov həqiqətən də dövrümüzün ən böyük övliyasıdır. Onun metroda işləyə-işləyə həm YAP kimi böyük bir təşkilatın Yasamal rayonuna rəhbərlik etməsi, həm elmi araşdırmalarla adını tarixə yazdırması da məhz bu kəramətindən irəli gəlir. Təsadüfi deyil ki, Tağı müəllimun böyük kəramət hesabına aldığı fəxri adların ucu-bucağı görünmür:  Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi “Əməkdar mühəndis”, Texnika elmləri namizədi, “Şöhrət” ordeni laureatı...

Tağı Əhmədovun elmdə açdığı çığırlar son zamanlar – bu böyük övliyanın 68 yaşında öz bəhrəsini verməyə başlayıb. Zarafatınıza gəlməsin, bir çox alimlərin öz fəaliyyətlərini buraxıb pensiyaya çıxdığı bir zamanda Tağı müəllim elmə və iqtisadi inkişafımıza verdiyi töhfələrlə 2012-ci ildə Yusif Məmmədəliyev mükafatına belə layiq görülüb. Gəlin, heç bir şərhə yol vermədən həmin böyük övliya həzrətləri barədə Azərbaycan mətbuatının bu yaxınlarda yazdığı digər məlunmatlarla tanış olaq:

“Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində “Nəqliyyat tikintisi və  Yol hərəkətinin təşkili” kafedrasının müdiridir.

Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva Modern.az saytına bildirib ki, sabiq rəis artıq 20 ilə yaxındır, universitetdə müəllim kimi fəaliyyət göstərir. Lakin  bir ildən az müddətdir ki, kafedra müdiri vəzifəsinə təyin edilib. Amma indiyədək geniş ictimaiyyət bu haqda məlumatlı olmayıb.

Qeyd edək ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır.

“Fəxri Dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları, “Şöhrət” ordeni və “Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı Metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə “Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb”.

Bəli, əziz oxucular, biz öz övliyalarımızı yaxşı tanımalıyıq. Bilməliyik ki, bütün övliyalarda məlamət deyilən bir ibadət növü olur. Onlar özlərini bəzən tamamilə fərqli tərzdə cəmiyyətə təqdim etməkdən xoşlanırlar. Məsələn, biz Ömər Xəyyamı içkiyə meylli, sərxoş birisi kimi tanıyırıq. Amma kim bilir, bəlkə də o, məlamət çəkmək üçün özünü elə göstərirdi? Eynilə biz müasir övliyalarımıza da üzərlərinə çəkməyə çalışdıqları məlamətlərə görə  qiymət verməməliyik. Axı nə olsun, Tağı Əhmədov Azərbaycan ədəbi dilinə “burcutmaq” sözünü gətirib? Bəyəm, ədəbi dilimizi zənginləşdirmək qəbahətdir? Əksinə, mən şəxsən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru hörmətli İsa Həbibbəylinin yerinə olsam, bu böyük övliyamıza ədəbiyyatımız qarşısında etdiyi xidmətə görə adına layiq mükafat verərəm. Hətta Ədəbiyyat İnstutunun adını belə onun xeyrinə dəyişdirmək olar-Tağı Əhmədov adına Ədəbiyyat İnstitutu. Öz aramızdır, ömrünün sonuna qədər Azərbaycanca bir beyt yazmayan Nizami bizim ədəbiyyat üçün çox iş görüb, yoxsa, “burcutmaq” sözüylə ədəbi dilçiliyimiz tarixinə düşən Tağı Əhmədov?




Ana səhifəyə qayıt        Baxış: 2 177          Tarix: 19-07-2017, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma