“ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqla bağlı hesabatda biz yenidən Amerikanın Azərbaycana qarşı qərəzli mövqeyinə şahid oluruq. Bu, əsasən erməni ekstremistlər tərəfindən, Azərbaycanofobiya tərbiyəsi ilə böyümüş Xaçaturyan, Qulyan və digərlərinin maliyyələşdirdikləri, yazdıqları iftiralar üzərində hazırlanmış hesabatdır. Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universiteti göstərilsə də, əslində “Ümumerməni Xeyriyyə İttifaqı”nın maliyyələşdirməsindən söhbət gedir”.
Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili bildirib ki, “Ümumerməni Xeyriyyə İttifaqı” uzun illərdir ekstremist bəyanatlar yayır:
“Azərbaycan, Türkiyə və digər yerlərə ərazi iddiaları irəli sürür. Onun dırnaqarası elmi əsaslarını yaradır. Əsasən terrorçuları milli qəhrəman obrazına çıxartmağa çalışır və onların hesabatlarına istinad edən ABŞ-ın bir sıra institutları ölkəmizlə bağlı iftiralar yağdırmağa davam edirlər. Vəziyyət isə tamamilə əksinədir. Bütün dünya, ABŞ-ın dövlət rəsmiləri də, digər Qərb universitetləri də yaxşı bilirlər ki, Azərbaycan bu sahədə unikal inkişaf edən bir ölkədir. Dini konfessiyalar, dini müxtəliflik, tolerantlıq, multikultural dəyərlər Azərbaycan insanının həyat tərzidir. Bu sahədə dövlət siyasəti öz unikallığı ilə bütün dövlətlərdən, hətta xalqlardan da fərqlənir. Bu gün Azərbaycanda hər hansı bir dinlə bağlı problem mövcud deyil. Azərbaycanda bütün dinlərə məxsus kilsələr, məbədlər, sinaqoqlar, hətta erməni kilsələri də dövlət tərəfindən qorunur, restavrasiya olunur və tarixi abidə kimi saxlanılır. Bütün bunlara göz yummağa çalışan dırnaqarası cəmiyyətlər və bəyanatlar fonunda bu gün Azərbaycan bütün sahələrdə öz inkişaf yolundadır. Qərb universitetlərində çalışan erməni mənşəli, erməni lobbisinin maliyyəsi ilə özünə həyat qazanan bir çox dırnaqarası alimlər, dinşünaslar belə bəyanatlar, yazılar çap edərək Azərbaycanı gözdən salmağa çalışırlar”.
Vüqar İskəndərov qeyd edib ki, ABŞ Dövlət Departamentinin hesabatı tamamilə absurddur, qərəzlidir, selektiv yanaşmadır, Azərbaycanın uğurlarını gözü götürməməkdir:
“Dəfələrlə ölkəmizdə bu sahə ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar keçirilib. BMT-nin dəstəyi ilə “Bakı prosesi” keçirilib. Digər multikultural dəyərlərlə bağlı beynəlxalq konfranslar həm Bakıda, həm Şuşada, həm də digər şəhərlərdə hər il demək olar ki, yüksək səviyyədə keçirilir. Bu tədbirlərdə iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri öz fikirlərində Azərbaycanın bu sahədəki unikal nailiyyətlərini hətta dünya üçün nümunə adlandırırlar. Ona görə də belə qərəzli bəyanatlar, hesabatlar Azərbaycanı getdiyi yoldan döndərə bilməz. Bu, yalnız düşmən dəyirmanına su tökməkdir. Bu, dediyimiz həmin qüvvələrin Azərbaycana qarşı qərəzli bəyanatlarıdır. Hesab edirəm ki, ABŞ Dövlət Departamenti belə hesabatları hazırlayanda daha diqqətli olmalı, bütün mənbələrə istinad etməli və daha rasional, doğru qərarlar qəbul etməlidir”.
Paylaş: