Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan Vaşinqtonda danışıqlar apardığı vaxt Qarabağda separatçılar növbəti dəfə təxribat törətdi.

Müdafiə Nazirliyinin məlumatına əsasən, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanıb.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Ermənistan mediasında iyunun 28-də səhər saatlarında yayılan məlumata görə, Azərbaycan Ordusunun tədbirləri nəticəsində 4 erməni hərbçi məhv edilib.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən insidentlərə görə məsuliyyəti Ermənistan və Rusiya daşıyır.

Düzdür, Ermənistanın Qarabağda açıq qalan məsələlər üzrə tənzimləmə rıçaqları yoxdur, lakin rəsmi İrəvan məsuliyyətdən yayına bilməz.

Rusiya isə üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasına çalışmalıdır. Ancaq Kreml sülhməramlı qüvvələrin regiondakı iştirakını daimi etmək istəyir. Buna görə də insidentlər Rusiyaya regionda qalmaq üçün bəhanə kimi lazımdır.

Belə halda Azərbaycan antiterror əməliyyatları hüququnu özündə saxlayır, lakin hələlik səbrli davranır. Ancaq Azərbaycanın təmkini sonsuz deyil. Çünki ölkə daxilindəki təhdid mənbələri, terrorçu fəaliyyət, separatçılıq Azərbaycan üçün qəbuledilməzdir.

Sülh danışıqlarında isə Qarabağdakı ermənilərin hüquq və azadlıqlarının Azərbaycanın yurisdikasiyası altında olacağı göstərilir. Bu, rəsmi Bakının şərtidir. Əks təqdirdə, mülki ermənilər Azərbaycan ərazisini tərk edib Ermənistan vətəndaşlığını qəbul etməlidirlər.

Çünki qanunsuz silahlı birləşmələrin mövcudluğu təkcə sülh prosesinə yox, Azərbaycanın milli təhlükəsizliyinin strateji əsaslarına da xələl gətirir.

Azərbaycan zəruri və effektiv müdafiə qabiliyyətinin təmini prinsipindən çıxış edərək həmin silahlı dəstələri zərərsizləşdirmək hüququna malikdir. Məhz bu əsasla Azərbaycan Qarabağdakı qanunsuz silahlı dəstələrə qarşı antiterror əməliyyatları keçirə bilər.

Oxu.az

Aqşin Kərimov 




Ana səhifəyə qayıt        Baxış: 2 831          Tarix: 28-06-2023, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma